Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-739/2025 24.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinə qarşı "Müharibə veteranı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müharibə veteranı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, erməni işğalçılarının vətənimizə hücumu vaxtı hamı kimi silaha sarılaraq erməni işğalçılarına qarşı vətənimizin müdafiəsi uğrunda vuruşmuşdur. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 1990-1993-cü illərdə Naxçıvan MR Dövlət İdman Komitəsinin sədri təyin edilmişdir. Təyin edildikdən sonra idmançılardan ibarət könüllü batalyon yaradaraq onlara rəhbərlik etmişdir. Onların batalyonu Naxçıvan Muxtar Respublikasının Ermənistan Respublikası ilə olan sərhədboyu bütün döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may-iyun aylarında Sədərək rayonunun Mil yüksəkliyi uğrunda gedən döyüşlərdə OMON, Milis, Dövlət Müdafiə Komitəsi və Könüllülərdən ibarət birləşmiş qoşunlara rəhbərlik etmişdir. (döyüş yolu Sədərək, Aşağı Buzqov, Yuxarı Buzqov, Kərməçatax, Yaycı, Xaçik, Cağazir, Şada, Kükü, Böyük Soyuq, Kiçik Soyuq, Kotan, Kilid). Bu döyüşlərdə onunla birlikdə döyüşən döyüş yoldaşlarından onlarla döyüşçü onun qucağında qəhrəmancasına şəhid olmuşdur. Dayısı oğlu və qaynı Azərbaycanın Milli Qəhrəmanı, X7 ən cəsur döyüşçülərindən olmuşdur. O, Yuxarı Buzqov kəndində döyüş yoldaşlarını xilas edərkən qəhramancasına şəhid olmuşdur. Onun X19un komandiri olduğunu təsdiq edən, "C.Cabbarlı adına Azərbaycan Kinostudiyası"nın Mirəsgər Seyidov haqqında çəkdiyi sənədli filimdə də öz əksini tapır. Sağ qalan döyüş yoldaşlarının böyük əksəriyyəti orden, medallarla təltif edilmiş, müharibə veteranıdırlar (X9, X12, X10, X16, X5, X13, X11 və başqaları). Vəsiqələri təqdim edilmiş döyüşçülərlə birlikdə döyüşdüyü zaman Sədərək rayonunda çəkilmiş şəkili də təqdim edilmişdir. Təqdim edilmiş videoda isə, Fransadan gəlmiş X20 Cəmiyyətinin rəhbəri ilə Şəhid olmuş və neyteral ərazidə qalmış Şəhidlərimizin cənazələrini götürmək üçün komandir kimi danışıqlar aparmışdır. Ona yaxınlaşan isə o vaxt Naxçıvan MR DİN-nin müavini olmuş, sonralar Naxçıvan MR Ali Məclisinin sədri olmuş Namiq Həsənovdur. Bütün rəsmi və qeyri-rəsmi sənədlərdə, KİV-lərdə, döyüş dostlarının xatirələrində döyüş fəaliyyəti haqqında məlumatlar olsa da, o, bu günədək "Müharibə Veteranı" adını almamışdır. Şanlı ordumuzun böyük Zəfərindən sonra ona da bu ad verilərsə qürur duyar. 1990-cı illərdə Naxçıvan MR X21 müavini olmuşdur və bu dövrdə ermənilərin qarşısını almaq üçün dəfələrlə döyüşlərə rəhbərlik etmişdir. Azərbaycan Respublikasının sabiq Prezidenti, mərhum Əbülfəz Elçibəyin 04 aprel 1993-cü il tarixli, 363 saylı sərəncamı ilə Azərbaycan Republikasında fövqəladə vəziyyət elan olunduqda o, Naxçıvan Muxtar Respublikasının Komendantı təyin olunmuşdur. O, dəfələrlə Daxili İşlər Nazirliyi X30 İdarəsinə “Müharibə Veteranı və müvafiq vəsiqənin verilməsi" ilə bağlı müraciət etsə də, onlar müvafiq araşdırmalar aparmadan ona imtinalar vermişdirlər. İddiaçı göstərilənləri və Azərbaycan Respublikası AR İPM-nin 33.1, 33.2 və “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.2-ci maddələrinin nəzərə alaraq, məhkəmədən Müharibə veteranı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 11 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11 mart 2025-ci il tarixli, 3-13-23/2-680/2025 nömrəli məktubdan görünür ki, İddiaçı eyni məzmunlu müraciətlərinə Daxili İşlər Nazirliyinin X30 İdarəsində baxılmış və nəticəsi barədə sonuncu dəfə xx.xx.2024-cü il tarixli, 3-13-23/2-M- 106xx/xx/2024-3 nömrəli məktubla müəllifə məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Aparılmış araşdırma nəticəsində vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını və yaralanmasını təsdiq edən məlumat aşkar olunmadığından ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alınması xahiş edilmişdir. 04 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X6 1991-1992-ci illərdə NMR DİN-in xüsusi təyinatlı polis dəstəsinin taqım komandiri olduğunu. ermənilər hücum edəndə ordunun, nizamın olmadığını, polisin olduğunu, Naxçıvanın bölgələrində ermənilərin hücumlarının qarşısının alınması və torpaqlarımızın qorunması üçün döyüşdə olduğunu, Səyavuş müəllimin DİN-in müavini olduğunu, DİN-də olanda da, olmadan öncə də ermənilərə qarşı səngərlərdə, döyüşdə olmasını gördüyünü, sonradan nazir müavini olanda da ora gələrək döyüşlərə nəzarət etdiyini, döyüşçülərə rəhbərlik etdiyini gördüyünü, Sədərəkdə olan zaman onların şəkillərinin də qəzetdə çıxdığını, dəfələrlə Səyavuş müəllimin döyüşlərdə iştirak etdiyini gördüyünü, əmrlə döyüşlərdə iştirak etməsi barədə sənədin NMR DİN-in arxivində olduğunu, özünün icraçı olduğunu, özünün də döyüşdüyünü, onların 100 nəfər olduqlarını, onun haradasa, 10-12 nəfərinin döyüşdən qorxuqlarını, onları kazarmaya göndərdiklərini. onların əmrlərinin olduğunu, onlar olmadan gedə bilmədiklərini, NMR DİN-in əmrinə əsasən getdiklərini, Səyavuşun hansı əmrlə gəldiyini bilmədiyini, onun əmrini oxumadığını, Prezidentin fərmanı ilə komendant təyin olunduğunu, bütün bunların əsas olduğunu bildirmişdir. 04 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X2 müəllimi döyüşlərdən tanıdığını, döyüşlərdə onunla bərabər iştirak etdiyini, müharibədə onun polis nəfəri olduğunu, həm veteran, həm də əlil olduğunu, əsasən Sədərək rayonunda DİN-in əmri ilə iştirak etdiyini, əmri göstərmədiklərini, Səyavuş müəllimin adının olub-olmadığını bilmədiyini, sadəcə olaraq komandan verdiklərini, Səyavuş müəllimin döyüşməsi ilə bağlı əmrin olmasını deyə bilmədiyini, döyüşlərdə iştirak etdiyini bildirmişdir. 04 iyun 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X17 1976-ci ildən 1996-ci ilə kimi daxili işlər orqanlarında işlədiyini, 1992-ci ildə telestudioda yaralanan polis əməkdaşı olduğunu, işlədiyi müddətdə Səyavuş müəllim ilə DİN-də görüşdüyünü, müharibə başlayan müddətdə onun Sədərəkdə döyüşlərdə fəaliyyətini, iştirakını, yaralı əsgərlərimizə kömək etməyinin şahidi olduğunu, onun həmin zaman starşina olduğunu, 1991-ci ildən 1993-cü ilə kimi Səyavuş müəllimin döyüşlərdə iştirakını dəfələrlə gördüyünü, onun 3-4 ay döyüşlərdə iştirak etdiyini, 1992-ci ildə yaralandığını, 1993-cü ilin yanvar ayından yenidən iştirak etdiyini bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 11 sentyabr 2025-ci il tarixli, 2-1(122)-739/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 24 noyabr 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh inzibati orqan heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, fərmanı, sərəncamı, vəsiqələrin və əmək kitabçasının surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassızdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasında fövqəladə vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 02 aprel 1993-cü il tarixli, 503 nömrəli Fərmanı iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikasının şəhərlərində və rayonlarında hərbi komendantların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1993-cü il tarixli, 363 nömrəli Sərəncamından görünür ki, "Azərbaycan Respublikasında fövqəladə vəziyyət elan edilməsi haqqında" 1993-cü il 2 aprel tarixli, 503 nömrəli Fərmanının 4-cü bəndinə uyğun olaraq X4-Naxçıvan Muxtar Respublikası X21 müavini Naxçıvan Muxtar Respublikasının komendantı təyin edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinin 02 sentyabr 2024cü il tarixli, 3-13-23/2-M-106xx/xx/2024 nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin arxivinə, Tibb İdarəsinə və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə verilmiş sorğulara əsasən təqdim olunmuş sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını və yaralanmasını təsdiq edən məlumat aşkar olunmadığından qaldırılmış məsələnin müsbət həlli mümkün olmamış, müraciətə baxılması dayandırılmışdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1966-cı ildə doğulmuşdur. - İş materiallarına müxtəlif şəxslərə aid vəsiqələrin surətləri və fotoşəkil əlavə edilmişdir. - 24 may 1986-cı ildə tərtib edilmiş ИT-İ ******* nömrəli əmək kitabçası iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 23 aprel 2025-ci il tarixli, 3-13-43/2-5782/2025 nömrəli məktubdan görünür ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Arxiv-uçot bölməsində İddiaçı daxili işlər orqanlarında xidməti və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə heç bir məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 25 aprel 2025-ci il tarixli, 3-13-23/2-1013/2025 nömrəli, 15 may 2025-ci il tarixli, 3-13-23/2-1185/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli, 3-13-23/2- 2023/2025 nömrəli və 26 sentyabr 2025-ci il tarixli, 3-13-23/2-2305/2025 nömrəli eyni məzmunlu məktublardan görünür ki, İddiaçı eyni məzmunlu müraciətlərinə Daxili İşlər Nazirliyinin X30 İdarəsində baxılmış və nəticəsi barədə sonuncu dəfə xx.xx.2025-ci il tarixli, 3-13-23/2-M-46xx/xx/2025-3 nömrəli məktubla müəllifə məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Araşdırmanın nəticələri üzrə vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən arxiv məlumatları müəyyən olunmadığından ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 25 iyun 2025-ci il tarixli, 3-13-43/2-9084/2025 nömrəli məktubdan görünür ki, İddiaçı arxiv şəxsi işi Naxçıvan MR DİN-in Arxiv-uçot bölməsinin uçot və qeydiyyatlarında olmadığından, eləcə də Naxçıvan MR DİN tərəfindən onun barəsində heç bir əmr verilmədiyindən bu barədə məlumat vermək imkan xaricindədir. Həmçinin Naxçıvan MR DİN-də İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat mövcud deyil. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 16 iyul 2025-ci il tarixli, 3-13-23/2-1746/2025 nömrəli və 04 sentyabr 2025-ci il tarixli, 3-13-23/2-2157/2025 nömrəli eyni məzmunlu məktublardan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, sıravi və rəis heyəti adına xələl gətirən hərəkətlərinə görə xx.xx.1993-cü il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1993-cü il tarixdən sonra yenidən DİN-in sərəncamında olmuşdur. İddiaçı barəsində sorğu edilən digər məlumatlar müəyyən olunmamışdır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 09 sentyabr 2025-ci il tarixli, 3-13-43/2-12698/2025 nömrəli məktubdan görünür ki, İddiaçı daxili işlər orqanlarında xidməti barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Arxiv-uçot bölməsində heç bir məlumat aşkar edilməmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 1990-1993-cü illərdə Sədərək rayonunun Mil yüksəkliyi uğrunda gedən döyüşlərdə, OMON, Milis, Dövlət Müdafiə Komitəsi və Könüllülərdən ibarət birləşmiş qoşunlara rəhbərlik edərək, Sədərək, Aşağı Buzqov, Yuxarı Buzqov, Kərməçatax, Yaycı, Xaçik, Cağazir, Şada, Kükü, Böyük Soyuq, Kiçik Soyuq, Kotan, Kilid istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Bu səbəbdən də iddiaçı həmin faktarı əsas gətirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini istəyir. Cavabdeh inzibati orqan isə qanunvericiliyin tələbini əsas gətirməklə iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını və yaralanmasını təsdiq edən məlumat aşkar olunmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkün olmadığını bildirir. Məhkəmə iddiaçının tələbinə, cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, hazırkı mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı 1990-1993-cü illərdə Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Sədərək, Aşağı Buzqov, Yuxarı Buzqov, Kərməçatax, Yaycı, Xaçik, Cağazir, Şada, Kükü, Böyük Soyuq, Kiçik Soyuq, Kotan, Kilid istiqamətində erməni separatçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etdiyini qeyd edib, bu barədə müvafiq sübutlar təqdim etsə də, həmin sübutlar mötəbər hesab olunmur, qanunvericiliyin tələblərini ödəmir və buna görə də həmin sənədlər əsasında iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsinə əsasən hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. - 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə əks etdirilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənəd kimi yalnız Sərəncama, əmək kitabçasına və müvafiq foto, video çəkilişlərinə istinad edilməsi yetərli deyildir. Qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün tələb edilən sənədlərin siyahısı qanunverici tərəfindən dəqiq müəyyən edilmişdir. Yalnız həmin sənədlərdən hər hansı biri təqdim edildiyi halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilə bilər. İstər iş materriallarına iddiaçı tərəfindən əlavə edilmiş sənədlər, istərdə də məhkəmə araşdırması zamanı toplanmış sübutlar qanunvericilikdə müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün əsas olan sənədlərdən hesab edilə bilməz. Bu səbəbdən də cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının tələbinin icrasından imtina edilmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda sadalanan hüquq normalarının müddəalarına görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd edilənlər onu deməyə əsas verir ki, müharibə veteranı adının verilə bilməsi üçün şəxsin döyüş əməliyyatlarında iştirak etməsi faktı tam sübuta yetirilməlidir. Baxılan mübahisəyə münasibətdə iddiaçı əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Lakin iş üzrə materiallardan iddiaçı tərəfindən bu halları təsdiq edən müvafiq sübutların təqdim edildiyi müəyyən olunmamışdır. Hazırkı mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübutetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür. İddiaçının öz tələbini əsaslandırdığı əsas sübutlar Azərbaycan Respublikasının şəhərlərində və rayonlarında hərbi komendantların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1993-cü il tarixli, 363 nömrəli Sərəncamı, əmək kitabçası, döyüşlərdə iştirakını sübut edən foto və video görüntülərdir. Azərbaycan Respublikasının şəhərlərində və rayonlarında hərbi komendantların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1993-cü il tarixli, 363 nömrəli X1-Naxçıvan Muxtar Respublikası X21 müavini Naxçıvan Muxtar Respublikasının komendantı təyin edilmişdir. Lakin bu hal iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını sübut etmir. Belə ki, qanunverici müharibə veteran adı və vəsiqəsinin verilməsi ilə bağlı şərtləri konkret olaraq müəyyənləşdirdiyindən, yalnız həmin şərtlər ödənildiyi təqdirdə iddiaçının tələbi təmin oluna bilər. Həmçinin məhkəmə tərəfindən də iddiaçının döyüşlərdə iştirakını təsdiq edilməsi istiqamətində aparılan araşdırma müsbət nəticə verməmişdir. Belə ki, istər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, istərsə də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktublarda iddiaçının döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçının istinad etdiyi sübutların heç biri qanunvericiliyin tələb etdiyi iddiaçının döyüş əməliyyatlarına cəlb edilməsi, döyüşlərdə iştirak etməsi və tərxis edilməsi halını təsdiq etmədiyindən mötəbər sübut kimi hüquqi əhəmiyyətə malik deyil. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq vəsiqə döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Lakin iş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarına cəlb edilməsi əmrlər əsasında, onun döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması arayışlar əsasında öz təsdiqini tapmamışdır. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinə qarşı "Müharibə veteranı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 14, 33, 58, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X30 İdarəsinə qarşı "Müharibə veteranı və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-739/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-739/2025
24.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver