Məhkəmə qərarları › İş №2-1(122)-74/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-74/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-74/2020 12.08.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, X5liyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X8 onun mülkiyyətində olan Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 onun mülkiyyətində olan Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 iyul 2004-cü il tarixdə X11 ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 övladları vardır. Cavabdehlə ailə münasibətləri uyğun gəlmədiyindən 19 fevral 2020-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Qeyd edir ki, Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanında yerləşən yaşayış sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Evi ailə həyatı qurmamışdan əvvəl, 2002-ci ildə alqı-satqı müqaviləsi ilə almış, lakin indiyə kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirməmişdir. Ailə qurduqlarından bir müddət sonra həyat yoldaşı ilə həmin ünvanda yaşamışlar. Həmin vaxt həyat yoldaşı da onun evinə pasport qeydiyyatına düşmüşdür. Hazırda X2 mənzildə yaşamır və formal olaraq həmin ünvanın pasport qeydiyyatında durur. O, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə keçmiş həyat yoldaşı X8 onun evindən pasport qeydindən çıxarılması barədə müraciət etmişdir. Müraciətinə cavab olaraq Naxçıvan Şəhər Polis İdarəsi xahişini təmin etməkdən imtina edərək ərizə ilə məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən, məhkəmədən keçmiş həyat yoldaşı X8 onun mülkiyyətində olan Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2- 1(122)-74/2020 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 avqust 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının keçiriləcəyi yer və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin, Naxçıvan Şəhər Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, X8 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X1 İsayə İsa qızına məxsusNaxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxmasına, çıxarılmasına etiraz etmədiyini bildirmiş və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, evin əldə olunmasna dair alqı-satqı müqaviləsini, qeydiyyatla bağlı arayışı, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Belə ki, iş materiallarında olan ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı 25 iyun 2020-ci il tarixli, 7/1747-G574 nömrəli məktubundan görünür ki, X8 Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanının qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. İş materiallarında olan 17 aprel 2002-ci il tarixli, 158409 nömrəli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X6 şəhəri, Qoçüstü məhəlləsi, ev 39da yerləşən 2 otaqlı, ümumi sahəsi 46.9 kv.m., yaşayış sahəsi 46.9 kv.m. olan yaşayış evini (mənzilini) İddiaçı satmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25 iyun 2020-ci il tarixli, 01/2168 nömrəli arayışından görünür ki, İddiaçı Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanının qeydiyyatındadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 25 iyun 2020-ci il tarixli, 01/2167 nömrəli arayışından görünür ki, X3 şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanının qeydiyyatındadır. İş materiallarında olan AZ-İ seriyalı, 221411 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 ilə İddiaçı aralarında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19 iyun 2020-ci il tarixinə 59 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş və ünvan 4 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Naxçıvan Bələdiyyəsinin məhkəməyə ünvanlandığı 08 iyul 2020-ci il tarixli, 100 nömrəli və 27 iyul 2020-ci il tarixli, 112 nömrəli məktublarından görünür ki, Naxçıvan Bələdiyyəsinə daxil olmuş məhkəmə sərəncamı, qərardadı və bildirişləri Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanına aparılmış və adı çəkilən vətəndaş olmadığından həmin sənədlərin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarına əlavə olunmuş fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunun surətindən görünür ki, 2 saylı Dövlət Notariat Kontorunun 17 dekabr 2002-ci il tarixli, 47-01/166 saylı evin alqı-satqı müqaviləsinə əsasən Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1 ünvanında yerləşən yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Üçüncü şəxsin iddiaçıya məxsus fərdi yaşayış evində yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı ”İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə, həmçinin qeyd edir ki, vətəndaş qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizəanketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. İş materiallarından görünür ki, üçüncü şəxs X8 həmin fərdi yaşayış evindən istifadə hüququna dair heç bir sübut yoxdur və həmin fərdi yaşayış evində qeydiyyatda qalması üçün əsas olan sənədlər mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin birinci abzasında qeyd edilir ki, şəxsin yaşayış yeri -tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 2-ci abzasında qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi hər bir şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Şəxsin yaşayış yeri yuxarıda qeyd edilən hüquq normalarına görə daimi və ya daha çox yaşadığı ev, mənzil başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, X3 şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanında yerləşən fərdi yaşayış evində yaşamadığına və həmin fərdi yaşayış evi onun yaşayış yeri olmadığına görə sözü gedən evdə qeydiyyatda qalması düzgün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, üçüncü şəxs X8 Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından çıxarılması öhdəliyi Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1, ev 26 ünvanında yerləşən mənzilin pasport qeydiyyatından X8 çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. İş üzrə ödənilmiş 10.40 (on manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN : HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar