Məhkəmə qərarları › İş №2-1(122)-74/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-74/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-74/2024 23.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Culfa rayon Yaycı kəndində yerləşən “parnik”lərin (istixana) və onların yerləşdiyi 2700 m2 torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1996-cı il tarixli Akt əsasında Culfa rayon Yaycı kəndi M. Əsgərov adına sovxozun balansında olan sahəsi 2700 m2, dəyəri ******* (yeddi milyon dörd yüz yetmiş min) olan 2 ədəd parnik (istixana) satın almış, 1999-cü il tarixdə Culfa rayon Yaycı kəndi üzrə Aqrar İslahat Komissiyasının sədri ilə Culfa rayon Yaycı kəndi M. Əsgərov adına sovxozun balansında olan tikililərin kənd sakinlərinə satılmasına dair müqavilə imzalanmışdır. Həmin müqavilə ilə qeyd olunan, sahəsi 2700 m2, dəyəri ******* (yeddi milyon dörd yüz yetmiş min) olan 2 ədəd parnikin (istixana) onlar tərəfindən alınması bir daha təsdiqlənmişdir. Həmin tarixdən də onların istifadələrindədir. 21 aprel 2008-ci il tarixdə isə həmin parniklərin (istixana) yerləşdiyi 2700 m2 torpaq sahəsinin satın alınması üçün Culfa rayon Yaycı kənd Bələdiyyəsinin hesabına 344 (üç yüz qırx dörd) manat pul ödənilmiş və Cülfa rayon Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli, 03 saylı protokoluna əsasən həmin istixanaların yerləşdiyi 2700 m2 torpaq sahəsi İddiaçı satılmışdır. Qeyd olunanlara əsasən həmin pamiklərin (istixana) yerləşdiyi 2700 m2 torpaq sahəsinin onlar tərəfindən alınması ilə bağlı 21 aprel 2008-ci il tarixdə Culfa rayon Yaycı Bələdiyyəsinin hesabına tərəflərindən pulu tam ödəndiyindən və bununla bağlı müvafiq sənədləşmə işləri Yaycı Bələdiyyəsində aparıldığından, həmin parniklərin (istixana) və yerləşdiyi 2700 m2 torpaq sahəsinin İddiaçı adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyata alınması ilə bağlı dəfələrlə müraciət etsələr də, hər dəfə müxtəlif bəhanələrlə əmlakı qeydiyyata alıb çıxarış verilməsindən imtina edilmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Culfa rayon Yaycı kəndində yerləşən “parnik”lərin (istixana) və onların yerləşdiyi 2700 m2 torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 06 iyun 2023-cü il tarixli, 04/381 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərə satılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunmuşdur. Naxçıvan Muxtar Respublikasında bu səlahiyyətlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. İddiaçı iddia etdiyi torpaq sahəsinin alqısatqısı bələdiyyənin səlahiyyətinə aid olmadığından Yaycı bələdiyyəsinin 31 mart 2008-ci tarixli, 03 nömrəli qərarı ilə ona satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasının qanunvericiliyin tələbinə uyğun olmadığı barədə ona 25 aprel 2023-cü il tarixli, 06/Ə-133 nömrəli məktubla məlumat verilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasıına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 etirazda yazılanlara uyğun izahat verərək qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı nümayəndəsi Nümayəndə ünvanlanan 25 aprel 2023-cü il tarixli, 06/4Ə-133 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərə satılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə olunmuşdur. Naxçıvan Muxtar Respublikasında bu səlahiyyətlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. Həmin torpaq sahələrinin alqı-satqısı bələdiyyənin səlahiyyətinə aid olmadığından Yaycı bələdiyyəsinin 31 mart 2008-ci tarixli, 03 nömrəli qərarı ilə satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması qanunvericiliyin tələbinə uyğun deyildir. - Culfa rayonu Yaycı kəndi M.Əsgərov adına sovxoz tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli aktın və Culfa rayonu Yaycı kəndi M.Əsgərov adına sovxozun balansında olan tikilililərin kənd sakinlərinə satılmasına dair 1999-cu il tarixli müqavilənin təsdiq edilmiş surətlərindən görünür ki, təsərrüfatın balansında sahəsi 2700 m2, dəyəri ******* manat olan 2 ədəd parnik (istixana) istifadə edilməsi üçün Yaycı kənd sakini İddiaçı satılmışdır. - Culfa rayon Yaycı bələdiyyəsinin 31 mart 2008-ci tarixli, 03 saylı protokolundan çıxarışdan görünür ki, Yaycı kənd sakini İddiaçı özəlləşdirdiyi istixananın əhatə etdiyi 4025 m2 torpaq sahəsinin dəyəri ödənilməklə ona satılması qərara alınmışdır. - M.H.Əsgərov adına sovxoz tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli arayışdan məlum olur ki, Yaycı kənd sakini İddiaçı parnik (istixana) satılmasından sovxoza heç bir borcu yoxdur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1957ci ildə doğulmuşdur. - Culfa Rayon Notariat Ofisinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 iyul 2023-cü il tarixli, 46 nömrəli məktubdan məlum olur ki, Culfa rayonu Yaycı Bələdiyyəsi tərəfindən İddiaçı satılmış 4025 kv.m.torpaq sahəsinə münasibətdə Culfa rayon notariat ofisində notariat hərəkətləri həyata keçirilməyibdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 avqust 2023-cü il tarixli, 1622/2023 nömrəli məktubdan aydın olur ki, aparılan araşdırma zamanı İddiaçı adına hər hansı bir əmlakın qeydiyyatına rast gəlinməmişdir. - Culfa Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 oktyabr 2023-cü il tarixli, 5-23/2-711/2023 nömrəli məktubdan görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə edilən Culfa rayon Yaycı kənd M.Əsgərov adına sovxozun İslahat Komissiyasının sənədlərinə baxdıqda İddiaçı 2 ədəd parnikin (istixananın) satılması qeyd edilmişdir. - Culfa rayon Yaycı Bələdiyyəsinin 19 iyul 2023-cü il tarixli, 50 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq İddiaçı özəlləşdirdiyi istixananın 4025 m2 torpaq sahəsinin hüquqi sənədlərinin bir nüsxəsi məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 28 iyul 2023-cü il tarixli, 04/463 nömrəli məktubu ilə iddiaçının vəsatəti əsasında Culfa rayon Yaycı kəndində yerində baxış keçirilərək tərtib olunmuş xx.xx.2023cü il tarixli akt, icraat materialları və kəndin yerquruluşu planından çıxarış məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0 və 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0 və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci və 9.1.4-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin: - 3-cü bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satın alınmasının subyektləri (alıcıları) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. - 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. - 6-cı bəndinə əsasən özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi torpaq sahəsinə dair hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İş üzrə materiallarla təsdiq olunur ki, Culfa rayonu Yaycı kəndi M.Əskərov adına sovxozun balansında olan, sahəsi 2700 m2, dəyəri ******* manat olan 2 ədəd parnik (istixana) istifadə edilməsi üçün Yaycı kənd sakini İddiaçı satılmışdır. Sonradan Culfa rayon Yaycı bələdiyyəsinin 31 mart 2008-ci tarixli, 03 saylı qərarı ilə Yaycı kənd sakini İddiaçı özəlləşdirdiyi istixananın əhatə etdiyi 4025 m2 torpaq sahəsinin dəyəri ödənilməklə ona satılması qərara alınmış və tələb olunan məbləğlər İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin mülkiyyətə, icarəyə və ya istifadəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bununla bağlı qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Qeyd edilməlidir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Bununla belə nəzərə alınmalıdır ki, əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi üçün onun verilməsi barədə tərəflərin razılığından başqa, qanunvericilikdə nəzərdə tutulduğu halda belə əşyanın dövlət reyestrində qeydə alınması zəruri şərtdir. (Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli qərarı). Göründüyü kimi mübahisəli torpaq sahəsinə dair İddiaçı adına hüquqların dövlət qeydiyyatına alınmasından inzibati orqan tərəfindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamışdır. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Culfa rayon Yaycı kəndində yerləşən “parnik”lərin (istixana) və onların yerləşdiyi 2700 m2 torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Culfa rayon Yaycı kəndində yerləşən “parnik”lərin (istixana) və onların yerləşdiyi 2700 m2 torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar