Məhkəmə qərarları › İş №2-1(122)-745/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-745/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-745/2023 20.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X2 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, İddiaçı cavabdehlər Şərur Rayon İcra Hakimiyyətinə, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "mülkiyyətində olan, sahəsi 30,0 kv.m. mağaza binasının onun xəbəri olmadan qanunsuz söküldüyü üçün ona vurulmuş zərərə görə 90000 (doxsan min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh təşkilatlar Şərur Rayon İcra Hakimiyyətinin və "X1" MMC-nin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, sahəsi 30,0 kv.m. mağaza binasının onun xəbəri olmadan qanunsuz söküldüyü üçün ona vurulmuş zərərə görə 90000 (doxsan min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh təşkilatlar Şərur Rayon İcra Hakimiyyətinin və "X1" MMC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq məhkəmə iclasları 16 avqust 2023-cü il, 05 oktyabr 2023-cü il və 20 oktyabr 2023-cü il tarixlərə təyin olunmuş, bu barədə iddiaçıya qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, həmçinin 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmanın prosessual nəticələri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddia geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə icraatı gedişində iddianın mümkün sayılmamasına səbəb olan hallar aşkar edildiyindən mübahisənin faktiki və hüquqi hallarının iddiaçı tərəflə müzakirə edilməsi məqsədilə ağlabatan vaxt təyin edilərək məhkəmə iclasları təxirə salınmışdır. Lakin iddiaçı tərəf təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Hazırkı iş üzrə irəli sürülmüş tələb üzrə iddia ərizəsi təmsil olunan tərəfin verdiyi etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyətləri xüsusi olaraq göstərilməmiş şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş və cavabdeh qismində iki fərqli quqrum göstərilmişdir. İddiaçı iddia ərizəsində yol verilmiş nöqsanları məhkəmənin yardım məktublarına uyğun olaraq aradan qaldırmamış, bununla belə nümayəndə vasitəsilə iddiadan imtina edilməsinə dair ərizə göndərmişdir. Məhkəmə qeyd edir ki, iddiadan imtina edilməsi barədə ərizənin hüquqi müqəddəratı bu tələblə bağlı ilkin məhkəmə sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə təqdim edilməsindən asılıdır. Buna görə də iddiaçının nümayəndəsinin iddiadan imtina edilməsi barədə ərizəsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Şərur Rayon İcra Hakimiyyətinə, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "mülkiyyətində olan, sahəsi 30,0 kv.m. mağaza binasının onun xəbəri olmadan qanunsuz söküldüyü üçün ona vurulmuş zərərə görə 90000 (doxsan min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh təşkilatlar Şərur Rayon İcra Hakimiyyəti və "X1" MMC-nin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Ona görə də iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmə qeyd edir ki, iddia geri götürülmüş hesab edildiyindən iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatı gedişinə dair digər məsələlərə baxılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Şərur Rayon İcra Hakimiyyətinə, "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "mülkiyyətində olan, sahəsi 30,0 kv.m. mağaza binasının onun xəbəri olmadan qanunsuz söküldüyü üçün ona vurulmuş zərərə görə 90000 (doxsan min) manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh təşkilatlar Şərur Rayon İcra Hakimiyyəti və "X1" MMC-nin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar