Məhkəmə qərarları › İş №2-1(122)-745/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-745/2024

24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-745/2024 24.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR MN-in xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin etibarsız hesab olunaraq yeni əmr verilməsini, xəstəlik ilə bağlı olduğu üçün töhmətlərin geri götürülməsi, rütbənin bərpa olunması (1 pillə yuxarı keçirilməsi), hazırda qüvvədə qanunvericiliyə əsasən yeni əmək haqqı tarifinə əsasən aylıq vəzifə rütbə maaşı, ərzaq pulu, kira pulu, maaşa əlavələr (13. ay əmək haqqı), maddi yardımlar, məzuniyyət pulları və 2017-2020-ci illərdə 13. əmək haqlarından əsassız tutulan 25% miqdarındakı ödənişlərin verilməsini qarşı tərəfin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2- 1(122)-745/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-in xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin etibarsız hesab olunaraq yeni əmr verilməsini, xəstəlik ilə bağlı olduğu üçün töhmətlərin geri götürülməsi, rütbənin bərpa olunması (1 pillə yuxarı keçirilməsi), hazırda qüvvədə qanunvericiliyə əsasən yeni əmək haqqı tarifinə əsasən aylıq vəzifə rütbə maaşı, ərzaq pulu, kira pulu, maaşa əlavələr (13. ay əmək haqqı), maddi yardımlar, məzuniyyət pulları və 2017-2020-ci illərdə 13. əmək haqlarından əsassız tutulan 25% miqdarındakı ödənişlərin verilməsinin qarşı tərəfin üzərinə öhdəliyin qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(108)-50/2024 nömrəli qərardadı ilə təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2-1(122)-745/2024 nömrəli qərardadı birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilməməsi səbəbindən ləğv edilərək inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli müvafiq məzmunlu yardım məktubları ünvanlanaraq əsas hüquqi marağının təmin edilməsi məqsədilə iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. 01 noyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə sonuncu dəfə 26 oktyabr 2024-cü il tarixli yeni iddia ərizəsi təqdim edərək AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHKnın 10822 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 24 dekabr 2024-cü il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilmişdir. Həmçinin iddiaçıya yenidən xx.xx.2024-cü il tarixli yardım məktubu ünvanlanaraq iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuş, iddia ərizəsinin surəti iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ona göndərilən hüquqi yardım məktublarından xəbərdar olduğunu, hazırki tələblə bağlı iddia müddətinin buraxdığını, lakin bu müddətin üzrlü səbəbdən buraxıldığını bildirərək qeyd etmişdir ki, onun işdən çıxarılması barədə mübahisələndirdiyi əmrdən xx.xx.2022-ci il tarixdən xəbərdar olmuş, lakin xəstə olması ilə əlaqədar əlində sübutu olmadığından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəmədə iddia qaldırmamışdır. Sözügedən əmrin düzgün verilməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, bu səbəbdən də buraxılan müddətin üzrlü sayılmasını, hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Hazırki iş üzrə iddiaçı AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsini xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Məhkəmə araşdırması zamanı məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrindən çıxarışdan məlum olur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin Maliyyə xidməti rəisi kiçik leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanlanan 27 iyun 2024-cü il tarixli, 3-25-4/2-3897/2024 nömrəli etirazında qeyd olunmuşdur ki, mübahisələndirilən inzibati akt - Azərbaycan Respublikasının müdafiə nazirinin 0698 nömrəli əmridir. Əmr isə xx.xx.2022-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün, yəni xx.xx.2022-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikasının müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni isə 2024-cü ilin yanvar ayının 25-də təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Belə ki, iş materiallarından və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da məlum olur ki, o mübahisələndirilən əmrdən verildiyi xx.xx.2022-ci il tarixdən məlumatlı olmuş, həmin tarixdən artıq işə çıxmamış, sonradan digər iddia tələbi (X1 Hərbi-Həkim Komissiyasına qarşı "X1 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması) ilə Naxçıvan MR İnzibati məhkəməsində iddia qaldırmış, iddiası məhkəmə tərəfindən təmin olunmamış, həmin qərardan Naxçıvan MR Ali Məhkəməsinə apellyasiya şikayəti vermiş və məhkəmə icraatı zamanı iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHHK-sı tərəfindən 18 oktyabr 2023-cü il tarixində şəhadətləndirilməsindən sonra apellyasiya şikayətindən imtina etdiyindən Naxçıvan MR İnzibati Məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. İddiaçı məhkəməyə təqdim etdiyi etirazlarda və məhkəmə iclaslarında verdiyi izahatda qeyd edir ki, X1 Hərbi-Həkim Komissiyasına qarşı "X1 Hərbi-Həkim Komissiyasının 06 noyabr 2022-ci il tarixli arayışı üzrə onun xəstəliyinin hərbi xidmət vəzifələrinin icrası zamanı alınmasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair məhkəmə icraatı zamanı xx.xx.2023-cü il tarixdə yenidən şəhadətləndirilmiş, barəsində “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmiş, sonradan həmin iş üzrə məhkəmə icraatına xitam verildikdən sonra müddət keçməmiş əmrin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etdiyindən iddia müddəti buraxılmamışdır. Məhkəmə iddiaçı tərəfindən yuxarıda göstərilən arquməntə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın dəyişdirilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı olduğu andan başlamış, lakin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı 25 yanvar 2024-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi 30 yanvar 2024-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının başqa iddia tələbi üzrə məhkəmə icraatının aparılması əmrin mübahisələndirilməsi ilə bağlı məhkəməyə müraciət etməyinə mane olmamaqla, iddia müddətinin iddiaçı tərəfindən üzrlü səbəbdən buraxılmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmiş, iddiaçının əsas hüquqi marağı müəyyən edilərək iddia tələbi dəqiqləşdirilmişdir. Lakin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı iddia tələbinə dair məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmrin dəyişdirilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "AR MN-nin xx.xx.2022-ci il tarixli, 0698 nömrəli əmrinin dəyişdirilməsi və AR MN-nin MHHK-nın 10822 nömrəli şəhadətləndirilməsi (AR SQ hərbi tibbi ekspertizasının) qərarına uyğun olaraq verilməsi və müvafiq əmrin qəbulu nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar