Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-747/2025 29.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X9 Heydər oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7rşı “X3, X2, X4, X5 adına verilmiş 0.27 hektar torpaq sahəsi barədə Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu 81 nömrəli qərarının və bunun əsasında aparılmış qeydiyyatın ləğv olunması və 450.46 kv.m torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3, X2, X4, X5 adına verilmiş 0.27 hektar torpaq sahəsi barədə Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu 81 nömrəli qərarının və bunun əsasında aparılmış qeydiyyatın ləğv olunması və 450.46 kv.m torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X11 üzərinə qoyulması xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 29 aprel 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 28 fevral və 01 aprel 2025-ci il tarixli yardım məktubları ünvanlanaraq ona qanunvericiliklə müəyyən olunmuş prosessual müddətin ötürüldüyü bildirilmiş və mübahisələndirilən qərarın ona məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün müddət təyin olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1082/2024 nömrəli Qərardadı. Məhkəmənin əsaslandırması: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarının ləğv olunması;
2. Qeyd olunan qərar əsasında aparılmış qeydiyyatın ləğv olunması və 450.46 kv.m torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarının ləğv olunmasını xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İşin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Əvvəllər də iddiaçının eyni məzmunlu tələblə məhkəməyə müraciət etməsindən məlumdur ki, İddiaçı mübahisələndirilən qərardan xəbərdar olmuşdur. Lakin mübahisələndirilən inzibati aktın qəbul olduğu vaxtdan 26 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüş və prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarın ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də, belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Mübahisələndirmə haqqında iddialar üzrə tələblərin iddia müddətlərinə tabe tutulması əvvəlki məhkəmə aktlarında iddiaçıya izah edilmişdir. Belə ki, İddiaçı eyni cavabdehə qarşı eyni məzmunlu iddia tələbi ilə əvvəllər də məhkəməyə müraciət etmiş, məhkəmənin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin məhkəmə aktından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2-1(108)- 122/2024 nömrəli qərardadı ilə təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(122)-121/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2025-ci il tarixli, 2-1(102)-1221/2025 nömrəli qərardadı ilə Naxçıvan MR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(108)-122/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Məhkəmə hesab edir ki, əhatəli araşdırılma nəticəsində iddiaçının barəsində qəbul edilmiş əvvəlki qərardadlarda hazırkı iddia tələbinə dair mümkünlük şərtlərinin ödənilməməsi ona açıq-aydın izah edilmişdir. Lakin iddiaçı mümkünlük şərtləri ödənilməyən hazırkı iddianı təkrar irəli sürmüşdür. Məhkəmənin qənaətinə görə iddiaçı işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından əsassız iddialar qaldırmaqla, həmin iddiaların qeyri-mümkün sayılması barədə olan qərardadları hər üç məhkəmə instansiyasında mübahisələndirməklə hüququndan sui-istifadə edir. İddiaçının eyni tərəflər arasında, eyni predmet üzrə təkrar iddia qaldırmaqla bağlı bu hərəkəti qonşusu Qarayev Qasım və ailə üzvlərinin adına dövlət reyestrində qeydə alınmış, lakin faktiki olaraq onun istifadəsində olan torpaq sahəsinə qanunsuz sahibliyinin davam etdirilməsinə yönəlmişdir. Vurğulanmalıdır ki, məhkəməyə müraciət hüququndan ardıcıl sui-istifadə edilməsi mülki dövriyyənin sabitliyi və mülki dövriyyə iştirakçıları arasında qarşılıqlı etimad münasibətləri ilə uzlaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1082/2024 nömrəli Qərardadında formalaşdırılan hüquqi mövqeyə görə, sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sisteminin yanlış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq üçün məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi üçün şikayətin mümkün sayılmaması haqqında qərardad və ya bu hüquqdan sui-istifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimələr barədə qərarlar çıxara bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7rşı “X3, X2, X4, X5 adına verilmiş 0.27 hektar torpaq sahəsi barədə Babək rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu 81 nömrəli qərarının və bunun əsasında aparılmış qeydiyyatın ləğv olunması və 450.46 kv.m torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Elnur Hüseynov