Məhkəmə qərarları › İş №2-1(122)-75/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-75/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-75/2022 12.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı olmadan, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı “25 oktyabr 2021-ci il tarixli ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən ona qarşı törədilən qanunazidd əməllərin araşdırılması üçün Kəngərli Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizəyə hüquqi qiymət verilməsi öhdəliyinin cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 04 aprel 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 04 aprel 2022-ci il tarixli ərizə təqdim edərək, Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırdıqlarını, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “25 oktyabr 2021-ci il tarixli ərizəyə cavab verilməsi öhdəliyinin cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Məhkəmənin 04 aprel 2022-ci il tarixli, 2-1(122)-75/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmənin hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 12 avqust 2022-ci il tarixə təyin olunmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı 25 oktyabr 2021-ci il tarixli ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırıldığını, 25 oktyabr 2021-ci il tarixli ərizəyə cavabdeh inzibati orqan tərəfindən 26 aprel 2022-ci il tarixli, 129 nömrəli məktubla cavab verildiyini, həmin cavab məktubu onları qane etmədiyi üçün cavabdeh tərəfindən növbəti dəfə 16 iyun 2022-ci il tarixli, 165 nömrəli məktubla ərizəyə yenidən cavab verildiyini, hazırki tələbin cavabdeh Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən təmin edildiyini bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 İddiaçı tərəfindən cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı 25 oktyabr 2021-ci il tarixli ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırıldığını, məhkəmə iclasında onun vəsatətinə əsasən müddət verildiyini, iddiaçının 25 oktyabr 2021-ci il tarixli ərizəsinə 26 aprel 2022-ci il tarixli, 129 nömrəli və 16 iyun 2022-ci il tarixli, 165 nömrəli məktublarla cavab verildiyini bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırki işin hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Buna görə də hazırki tələb üzrə artıq heç bir mübahisə mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin edildiyi və hazırki tələb üzrə mübahisənin mövcud olmadığı nəzərə alınmaqla işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 39.3, 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı “25 oktyabr 2021-ci il tarixli ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar