Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-758/2024 04.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus yarım tikilinin əl evin sökülməsini və əlindən alınmış 150 km2 həyətyanı torpaq sahəsinin qanunsuz hesab edilməsi, həmin ərazidən ona torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində evin yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasını, təsir göstərən maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi, bunlar edilmədiyi təqdirdə qanunsuz yarım tikili əl evin söküntüsü və əlindən alınmış 150 km2 torpaq sahəsi görə ona dəymiş zərərə görə kompensasiyanın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus yarım tikilinin əl evin sökülməsini və əlindən alınmış 150 km2 həyətyanı torpaq sahəsinin qanunsuz hesab edilməsi, həmin ərazidən ona torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində evin yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasını, təsir göstərən maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi, bunlar edilmədiyi təqdirdə qanunsuz yarım tikili əl evin söküntüsü və əlindən alınmış 150 km2 torpaq sahəsi görə ona dəymiş zərərə görə kompensasiyanın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Culfa Rayon İcra Hakimiyyətinin 27 sentyabr 2000-ci il tarixli, 39 saylı sərəncamına əsasən Culfa şəhəri, M.Ə.Rəsulzadə küçəsində 150 km2 həyətyanı torpaq sahəsinin ona ayrılması barədə sərəncam verilmişdir. Həmin sərəncama əsasən baş memarın hazırladığı sxematik plan təsdiq edilmişdir. M.Ə.Rəsulzadə küçəsində verilmiş torpaq sahəsində ümumi sahəsi 150 km2 olan torpaq sahəsində yarım tikili ev tikilmişdir. Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus torpaq sahəsində yarım tikili sökülmüş və torpaq sahəsi də əlindən alınmışdır. Həmin vaxt ona məxsus tikilmiş evin söküntüsü və əlindən alınmış 150 km2 torpaq sahəsi ilə əlaqədar olaraq ona kompensasiya ödənilməmişdir. Müvafiq kompensasiya ödənilməsi üçün Culfa Rayon İcra Hakimiyyətinə müraciət olunmuş, lakin bununla bağlı iddiaçının Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etməyi bildirilmişdir.İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus yarım tikilinin əl evin sökülməsini və əlindən alınmış 150 km2 həyətyanı torpaq sahəsinin qanunsuz hesab edilməsi, həmin ərazidən ona torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində evin yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasını, təsir göstərən maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi, bunlar edilmədiyi təqdirdə qanunsuz yarım tikili əl evin söküntüsü və əlindən alınmış 150 km2 torpaq sahəsi görə ona dəymiş zərərə görə kompensasiyanın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 04 mart 2024-cü il tarixə təyin edilmişdir və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı 01 fevral 2024-cü il tarixli yardım məktubu ünvanlanaraq, iddia tələbinin dəqiq və aydın ifadə olunmadığı və iddia ərizəsinin məzmununda Culfa şəhərində yerləşən torpaq sahəsinin və üzərində tikilmiş yarım tikilinin ona məxsus olduğunu iddia etsə də, bu halı təsdiq edən sübutların iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında öz təsdiqini tapmadığı və iddia tələbinin dəqiqləşdirilməsi və hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün müddət (məktubu aldıqdan sonra) təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmənin yardım məktubunu 13 fevral 2024-cü il tarixdə almasına baxmayaraq, yardım məktubunda qeyd olunan məsələlərə hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iddiaçının iddia tələbində qeyd edilən torpaq sahəsi və tikiliyə mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədinin olmadığını bildirmiş və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - Culfa Rayon İcra Hakimiyyətinin Culfa şəhəri, M.Hüseynzadə küçəsi, ev 28/13 İddiaçı ünvanlanmış 08 yanvar 2024-cü il tarixli, 5-23/2-H-42/8/2023 nömrəli məktubdan görünür ki, iddiaçının mülkiyyət hüququnun pozulması ilə bağlı təqdim etdiyi sənədlərə baxış zamanı torpaq sahəsinin onun mülkiyyətində olduğunu təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin iddiaçının əlindən alınması ilə bağlı Culfa Rayon İcra Hakimiyyəti tərəfindən heç bir sərəncam və ya inzibati akt qəbul edilməmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada heç bir bildiriş göndərilməmişdir. - Culfa Rayon İcra Hakimiyyətinin 27 sentyabr 2000-ci il tarixli, 89 saylı sərəncamından çıxarışın surətindən görünür ki, 27 sentyabr 2000-ci il tarixli, 89 saylı məktub nəzərə alınaraq, İddiaçı torpaq sahəsi verilmişdir. - Culfa Rayon İcra Hakimiyyəti Culfa şəhər Mənzil İstismar Sahəsinin 19 yanvar 2024-cü il tarixli, 200 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 13 mart 1956-cı ildə doğulmuşdur. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi tikilinin sökülməsi nəticəsində ona dəymiş zərərə görə kompensasiya tələb edir. İddiaçı tərəfindən iş materiallarına cavabdehin imtina məktubunu, Culfa Rayon İcra Hakimiyyətinin 27 sentyabr 2000-ci il tarixli, 89 saylı sərəncamından çıxarışı, qeydiyyatla bağlı arayışı və şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini əlavə edilmişdir. Həmin sənədlərin hər birinə ayrılıqda baxış keçirilərkən məlum olur ki, onlar iddiaçının qeyd edilən torpaq sahəsinə və yarım tikiliyə mülkiyyət hüququnu təsdiq etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçının həmin daşınmaz əmlak üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə etmədiyi və yardım məktubunda bununla bağlı qeyd olunan məsələyə münasibət bildirməyi üçün iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçının mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı məhkəmə tərəfindən yardım edilmiş, söküldüyünü iddia etdiyi yarım tikilinin mülkiyyətində olmasını sübut edən müvafiq sənədlərin məhkəməyə təqdim etməsi təklif olunmuş lakin buna baxmayaraq, iddiaçı mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus yarım tikilinin əl evin sökülməsini və əlindən alınmış 150 km2 həyətyanı torpaq sahəsinin qanunsuz hesab edilməsi, həmin ərazidən ona torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində evin yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasını, təsir göstərən maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi, bunlar edilmədiyi təqdirdə qanunsuz yarım tikili əl evin söküntüsü və əlindən alınmış 150 km2 torpaq sahəsi görə ona dəymiş zərərə görə kompensasiyanın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinə qarşı “Culfa Rayon İcra Hakimiyyətinin tələbi ilə ona məxsus yarım tikilinin əl evin sökülməsini və əlindən alınmış 150 km2 həyətyanı torpaq sahəsinin qanunsuz hesab edilməsi, həmin ərazidən ona torpaq sahəsinin ayrılması, həmin torpaq sahəsində evin yenidən tikilməsinə və qanuni istifadəsinə qaytarılmasını, təsir göstərən maneələr törədən hərəkətlərin cavabdehə qadağan edilməsi, bunlar edilmədiyi təqdirdə qanunsuz yarım tikili əl evin söküntüsü və əlindən alınmış 150 km2 torpaq sahəsi görə ona dəymiş zərərə görə kompensasiyanın cavabdehdən alınıb onun xeyrinə ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-758/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-758/2024
04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver