Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-767/2025 19.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyinə qarşı "Naxçıvan şəhəri, indiki Həsən Əliyev küçəsində yerləşən sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, indiki Həsən Əliyev küçəsində yerləşən sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin dəyərinin ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyinin üzərinə qoyulması tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri, indiki Həsən Əliyev küçəsində yerləşən sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyekti 2002-ci ildə hal-hazırkı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin tikintisi zamanı onların qanuni sahibliyindən alınaraq Nazirliyin infrastruktruna əlavə edilmiş, ancaq buna görə ədalətli kompensasiya ödənilməli olduğu halda, hələ də bu vaxta qədər ödənməmişdir və əvəzində alternativ ərazidən torpaq sahəsi verilməmişdir. Məsələ ilə əlaqədar adiyyəti üzrə müraciət etmiş və zəruri olan bütün sənədləri müraciətinin qoşmasına əlavə etmişdir. İlkin müraciətinə cavab verilməmiş və yenidən bir daha rəsmi qaydada müraciət etmişdir. Azərbaycan Respublikası Naxçıvan MR-nın Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-13-43/2-C-14xx/xx/2025 saylı məktubu ilə ona tamamən absurd bir cavab verilmiş və bununla da haqlı tələbinin təmin edilməsindən imtina edilərək onun Konstitusiya ilə qorunun hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Naxçıvan şəhəri, indiki Həsən Əliyev küçəsində yerləşən sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin dəyərinin ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 19 sentyabr 2025-ci il tarixə təyin edilmişdir Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq Naxçıvan şəhəri, indiki Həsən Əliyev küçəsində yerləşən sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin onun və ya "Dönüş" kooperativinin mülkiyyətində olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu iddiaçı tərəfindən imza edilərək alınmış, lakin iddiaçı müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Həmçinin iddia ərizəsinin surəti iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi üçün cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyinə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 19 mart 2025-ci il tarixli, 3-13-43/2-4201/2025 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı Cəfərova X3 şəhər Həsən Əliyev küçəsində yerləşən, sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin dəyərinin ödənilməsi ilə bağlı xx.xx.2024-cü il il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, eyni məzmunlu ərizə ilə xx.xx.2025-ci il tarixdə Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Həmin müraciətlə bağlı Naxçıvan MR DİN-də müvafiq araşdırma aparılmış və araşdırma əsasında vətəndaş İddiaçı DİN-ə dəvət edilərək izahatı alınmışdır. İddiaçı izahatında mərhum həyat yoldaşı X2 1993-cü ildə DİN-in arxa tərəfində, Maliyyə Nazirliyinin yanında çayçısı olduğunu, 2003-cü ildə söküldüyünü və heç bir kompensasiya ödənilmədiyini qeyd etmişdir. O, Naxçıvan şəhər XDM İcraiyyə Komitəsinin 6 avqust 1993cü ildə heç bir hüquqi ünvan göstərilməyən, qeyri-müəyyən yerdə mağaza tikintisinə icazə üçün verdiyi sərəncamı əsas gətirərək, həmin ünvanın DİN-in həyətinə düşdüyünü sübut etməyə çalışmış, lakin iddia etdiyi daşınmaz əmlakın mövcudluğunu, layihəsini, sxemini, texniki pasportunu və ya üzərində hüquqlarını təsdiq edən hər hansı dövlət sənədini təqdim edə bilməmiş və belə bir sənədin olmasından məlumatsız olduğunu qeyd etmişdir. Vətəndaş İddiaçı aparılmış araşdırmanın nəticəsi əsasında göndərilmiş cavab məktubunda iddia etdiyi daşınmaz əmlakın harada yerləşməsi və onun mülkiyyətində olması ilə bağlı hər hansı sübut təqdim edə bilmədiyindən ərizəsinin əsassız hesab olunması barədə müvafiq cavab verilmişdir. Naxçıvan şəhər Nizami küçəsində yerləşən Naxçıvan MR DİN-in inzibati binasının dövlət qeydiyyatına alınmış baş planında hər hansı əlavə tikili və ya torpaq sahəsinin mövcud olmadığını, eləcə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, iddia etdiyi daşınmaz əmlak üzərində hüquqlarını təsdiq edən heç bir dövlət sənədi təqdim edə bilmədiyini nəzərə alaraq vətəndaş İddiaçı iddiası əsassız hesab olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirib, ona göndərilən yardım məktublarından xəbərdar olduğunu, hazırki tələb üzrə subyektiv hüququnun olduğunu hesab etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-cü bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçının hüquqi marağı Naxçıvan şəhəri, indiki Həsən Əliyev küçəsində yerləşən sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarında olan: - Naxçıvan şəhər XDS İK-nın xx.xx.1993-cü il tarixli, 527 nömrəli sərəncamının surətindən görünür ki, Naxçıvan şəhər "Dönüş" kooperativinin 15 №-li, xx.xx.1993-cü il tarixli məktubu nəzərə alınaraq, şəhərin Maliyyə Nazirliyi yerləşən binanın qərb tərəfindəki, istifadəsiz sahədə "Dönüş" kooperativinin 8x12 metr ölçüsündə idarə və mağaza tikintisinə icazə verilmiş, Naxçıvan şəhər XDM İK-nın Şəhərsalma və memarlıq şöbəsinə lazımı sənədlərin hazırlanması işinin təmin edilməsi, Naxçıvan şəhər "Dönüş" kooperativinin rəhbərliyinə layihə-smeta sənədlərinin hazırladıb şəhərin baş memarı ilə razılaşdıraraq sonra tikinti işlərinə başlanması tapşırılmışdır. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 iyul 2025-ci il tarixli, 04/916 nömrəli məktubdan məlum olur ki, Xidmətin informasiya bazasında “Dönüş” kooperativinə mağaza tikintisi üçün ayrılmış 96 m2 torpaq sahəsinin və üzərində tikilmiş iaşə obyektinin yerini müəyyən etməyə imkan verən hər hansı sənəd mövcud deyildir. - xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, verilən miras əmlak Naxçıvan MR, DƏTMDX tərəfindən xx.xx.2022 tarixdə həyat yoldaşı X5 ogluna verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında ümumi sahəsi 0.0285 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 159.39 kv/m olan fərdi yaşayış evindən ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsində Naxçıvan şəhəri, indiki Həsən Əliyev küçəsində yerləşən sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürsə də, Naxçıvan şəhər XDS İK-nın xx.xx.1993-cü il tarixli, 527 nömrəli sərəncamla ilə tikintisinə icazə verilmiş idarə və mağazanın tikildiyini, həmçinin tikinti həyata keçirilsə belə, həmin əmlakların iddiaçının mərhum əri X2 və ya onun sədri olduğu “Dönüş” kooperativinin mülkiyyətində olmasını təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da həmin sənədlərin əldə edilməsi mümkün olmamışdır. Həmçinin Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədə də həmin əmlak iddiaçının mərhum əri X1 qalan miras əmlak kimi qeyd edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində Naxçıvan şəhər XDS İK-nın xx.xx.1993-cü il tarixli, 527 nömrəli sərəncamına əsaslanaraq 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin mərhum ərinin sədri olduğu “Dönüş” kooperativinin mülkiyyətində olmasını qeyd etsə də, həmin əmlak müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ ilə iddiaçının mərhum ərinin sədri olduğu “Dönüş” kooperativinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Diqqətə alınmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Məhkəmə qeyd edir ki, mülkiyyətin rəsmiləşdirilməsi ilə bağlı vətəndaşın məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri hər hansı orqanın üzərinə qoyula bilməz. Xüsusilə diqqətə alınmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ formal mülahizələr və əsassız ehtimallarla deyil, onun qanunla müəyyən olunmuş qaydada mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X4 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddia mümkünlük tələblərinə cavab vermir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyinə qarşı "Naxçıvan şəhəri, indiki Həsən Əliyev küçəsində yerləşən sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyinə qarşı "Naxçıvan şəhəri, indiki Həsən Əliyev küçəsində yerləşən sahəsi 96 kv/m olan torpaq sahəsi və üzərində tikilmiş iaşə obyektinin dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-767/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-767/2025
19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver