Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-773/2025 12.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçı "Tural” kiçik müəssisəsinin nümayəndəsi X6, iddiaçının vəkili Vəkil, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 və tərcüməçi X1 iştirakları ilə, iddiaçı "Tural” kiçik müəssisəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli “Tural” kiçik müəsissəsinin “Polad” otelinin dövlət ehtiyacları üçün alınması barədə sərəncamının ləğv olunması, obyektin "Tural” kiçik müəssisəsinin balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "Tural” kiçik müəssisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli “Tural” kiçik müəsissəsinin “Polad” otelinin dövlət ehtiyacları üçün alınması barədə sərəncamının ləğv olunması, obyektin "Tural” kiçik müəssisəsinin balansına qaytarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan məhəlləsində (dəmir yolu parkı) yerləşmiş ümumi sahəsi 1120.5 kv.m olan “Tural” kiçik müəssəsində yerləşən motel və həyətyanı sahəsində yerləşən çayxana onun mülkiyyətindədir. Həmin motel yerindədir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 154 nömrəli sərəncamında qeyd olunur ki, Naxçıvan Şəhər “Tural” kiçik müəssisəsinin 02/02 nömrəli, xx.xx.1997-ci il tarixli məktubunu nəzərə alıb Şəhər icra hakimiyyətinin İH/510 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı ilə yanacaqdoldurma stansiyası tikinti üçün “Tural” kiçik müəssisəsinin istifadəsinə verilmiş, şəhərin Azərbaycan küçəsində yerləşən mövcud 800 kv.m torpaq sahəsinin yanındakı istifadəsiz qalmış 200 kv.m sahədə genişləndirmə işləri aparmaq məqsədi ilə “Tural” kiçik müəssisəsinin istifadəsinə verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 12 nömrəli Sərəncamında göstərilir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 07 yanvar 2010-cu il tarixli, 04 saylı sərəncamı ilə yaradılmış komissiyanın Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndirilməsi ilə bağlı akt nəzərə alınaraq əlavə olaraq otelin dövlət ehtiyacları üçün götürülməsi məqsədilə ona nağd yolla 54516 manat vəsait ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin sərəncamda qeyd edilir ki, otelin dəyərinin ödənilməsi məqsədilə Naxçıvan şəhər yerli büdcəsində birinci rübb daxilində mədaxilin plandan artıq yığılacaq hissəsindən 64516 manat Naxçıvan Şəhər İcra Hakimiyyətinin tədbirlər hesabının birinci rüb 226200 kod maddəsinə yönəldilmişdir. Tapşırılmışdır ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin baş mühasibinə ayrılmış vəsaitin ona verilməsini təmin etmişdir. 11 yanvar 2010-cu il tarixdə Naxçıvan şəhərində “Polad” otelinin səlahiyyətli nümayəndəsi Əliyev Ürfətin iştirakı ilə tərtib olunmuş aktda deyilir ki, “Yoldaşların iştirakı ilə aktı tərtib edirik ondan ötəri ki, Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 07 yanvar 2010-cu il tarixli, 04 saylı Sərəncamı ilə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndirilməsi aparıldı. Qiymətləndirmə zamanı binanın ümumi dəyəri 161291.47 (bir yüz altmış bir min iki yüz doxsan bir manat qırx yeddi qəpik) manat olmuşdur. Binanın köhnəlməsi (amartizasiya) hesablandıqdan sonra qalan dəyəri 64516.59 (altmış dörd min beş yüz on altı manat əlli doqquz qəpik) manat olmuşdur. Həmin zaman üç il idi ki, ”Polad” oteli bağlı idi. Üç ildən sonra onu Naxçıvan Şəhər İcra Hakimiyyətinə dəvət edərək bildirdilər ki, otelin ərazisi yola düşür. Məhz bu baxımdan da ərazi yola düşdüyündən ona az bir miqdarda pulun veriləcəyini bildirdilər. O da məcburiyyət qarşısında qalıb verilən pulu qəbul etməli olmuşdur. Ondan sonra o, Türkiyə Respublikasına getmişdir. Uzun illər ərzində Naxçıvana gələ bilməmişdir. Həmçinin onu da qeyd etmək istəyir ki, o, təhdidlərə məruz qaldığından pulu qəbul etmişdir. Sonradan ona oturma izni verilmədiyindən Naxçıvan Muxtar Respublikasına gələ bilməmişdir. Həmin işdə etibarnamə əsasında Əliyev Ürfət iştirak etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 saylı sərəncamından isə xəbəri olmamış və ona rəsmi qaydada verilməmişdir. “Polad” oteli Qaraxanbəyli kəndinin yolunun üzərində Azərbaycan küçəsi 25 nömrədə yerləşməklə “Tural” kiçik müəssisəsinin mülkiyyətində olmuşdur. Sərəncamda qeyd olunan Ə.Qəmküsar küçəsi ona məxsus olmuş çayxana və yeməkxana olmuşdur. Qeyd edir ki, xx.xx.2010-cu il tarixində Naxçıvan şəhər, Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinin dövlət ehtiyacı üzrə sökülməsi ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 64516 (altmış dörd min beş yüz on altı) azn manat (79710 ABŞ dolları) almışdır. 1997-ci ildə tikilmiş Azərbaycan küçəsi 25 ünvanında tikinti altı sahəsi 532 kvadratmetr, ümumi sahəsi 1120.05, əsas sahəsi 719.3, köməkçi sahəsi 401.2 kvadratmetr olan "Tural" kiçik müəssisəsinə məxsus motel texniki inventarlaşdırma şöbəsi tərəfindən pasportlaşdırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYTİ Dövlət Yanğın nəzarəti İdarəsinin 03 avqust 2002ci il tarixli göstərişinə əsasən obyekt texniki müayinədən keçirilmiş və sahibinin Saleh Polat olması müəyyən edilmişdir. Motelə Naxçıvan Şəhər İcra hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsi tərəfindən layihə-smeta sənədləri tərtib olunmuş və bu əsasda onun tərəfindən tikinti aparılmışdır. Naxçıvan Muxtar Respublikası Statistika Komitəsi tərəfindən müəssisəyə uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi barədə şəhadətnamə verilmişdir. Naxçıvan Şəhər Bələdiyyəsinin 17 mart 2005-ci il tarixli 28 nömrəli məktubunda otelin rəhbərinin onun olması bilavasitə qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 000106 nömrəli dərəcə sertifikatına əsasən "Tural" kiçik müəssisəsinə ikinci dərəcəli sertifikat verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 dekabr 1999-cu il tarixli, 658 nömrəli sərəncamına əsasən mehmanxana binasının istismara qəbul edilməsi məqsədilə komissiya yaradılmışdır. Həmin komissiyanın üzvü həmçinin müəssisənin müdiri olaraq onun adı göstərilmiş, dekabr 1999-cu il tarixdə dövlət Komissiyasının aktı ilə obyektin istismara verilməsi qəbul edilmişdir. Otelin onun tərəfindən inşa olunması ilə bağlı bütün hüquq müəyyənedici sənədlər mövcuddur. Məhz bu baxımdan da Naxçıvan Şəhər İcra Hakimiyyətinin otelinin dövlət ehtiyacları üçün alınması ilə bağlı sərəncamı ləğv olunmalı və obyekt özümə qaytarılmalıdır. Həmin motel yerindədir. Motelin ərazisi isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli, 33S saylı sərəncamı ilə əvəzsiz olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin balansına, 30 may 2013-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 05/01/-22/0251 saylı sərəncamı əsasında N nömrəli hərbi hissənin balansına verilmişdir. Yəni əmlakı əvəzi ödənilmədən əlindən alınmışdır. Həmin Polad otelinin inşasına ******* (bir milyon) manat pul vəsaiti xərcləmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 12 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq, iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Həmçinin iddia ərizəsinin surəti iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi üçün cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Naxçıvan Şəhər İcra Hakimiyyəti iddiaya dair məhkəməyə ünvanlanan 1 may 2025-ci il tarixli, 5-5/2-691/2025 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İcra Hakimiyyəti tərəfindən iddiaçı “Tural” kiçik müəssisəsinə məxsus olmuş Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndirilməsi aparılaraq 11 yanvar 2010-cu il tarixdə akt tərtib olunduğu müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi iddia edilən əmlakın qiymətləndirməsi və aktın tərtibatı X6 vəkalətli nümayəndəsi X4 iştirakı ilə həyata keçirilmiş və vəkalətli nümayəndə tərəfindən heç bir etiraz edilməmişdir. Otelin qiymətləndirilməsi məqsədilə yaradılmış komissiyanın 11 yanvar 2010-cu il tarixli aktı nəzərə alınaraq otelin sahibi Türkiyə Respublikasının vətəndaşı X7 nağd şəkildə 64516 (altmış dörd min beş yüz on altı) manat vəsait ödənilməsinin təmin edilməsinə dair Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən 22 yanvar 2010-cu il tarixli, 12 №-li Sərəncam verilmiş, həmin sərəncam əsasında xx.xx.2010-cu il tarixdə X13 nağd şəkildə 64516 manat aldığına dair sənəd imzalamışdır. Bu səbəblərdən iddia əsassız hesab edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini nəzərə alaraq iddiaçı “Tural” kiçik müəssisəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli “Tural” kiçik müəssisəsinin “Polad” otelinin dövlət ehtiyacları üçün alınması barədə sərəncamının ləğv olunması, obyektin “Tural” kiçik müəssisəsinin balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi" ilə bağlı iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən tərcüməçi ilə təmin edilmiş iddiaçı "Tural” kiçik müəssisəsinin nümayəndəsi X13 onlara göndərilən yardım məktublarından xəbərdar olduqlarını bildirib, iddianın mümkün sayılmasını, işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil onlara göndərilən yardım məktublarından xəbərdar olduqlarını bildirib, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 ona ünvanlanmış suallları cavablandıraraq iddiaçını 1993-cü ildən tanıdığını, bir yerdə işlədiklərini, otelin qiymətləndirilməsində və akt tərtib ediməsində X6 etibarnamə ilə nümayəndəsi kimi iştirak etdiyini, iddiaçının ona etibarnaməni 2009-cu ildə Türkiyədə verdiyini, “Polad” otelinin dövlət ehtiyacları üçün alınması məqsədilə əmlakın qiymətləndirilməsində və tərtib edilmiş aktın məzmunundan məlumatlı olduğunu, həmin aktı onunda imzaladığını və iddiaçını da akt barədə məlumatlandırdığını, iddiaçının nümayəndəsinə o, Naxçıvana gələndən sonra akt barədə məlumat verdiyini, otelin dövlət ehtiyacları üçün alınması üçün qiymətləndirildiyini və bunun müqabilində Salih Polada pul veriləcəyi barədə məlumat verdiyini, sonra iddiaçıya pul ödənilib-ödənilmədiyindən tam məlumatlı olmadığını, lakin həmin vaxt X12 Şəhər İcra Hakimiyyətinə çağırıldığını, icra hakimiyyətindən qayıdandan sonra isə Türkiyəyə getdiyini, iddiaçını icra hakimiyyətinə hansı məqsədlə çağırmaqları barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: . 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli “Tural” kiçik müəsissəsinin “Polad” otelinin dövlət ehtiyacları üçün alınması barədə sərəncamının ləğv olunmasını xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli sərəncamından aydın olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 07 yanvar 2010-cu il tarixli, 04 saylı sərəncamı ilə yaradılmış komissiyanın Ə. Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndirilməsi ilə bağlı aktı nəzərə alınmışdır. Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelin dövlət ehtiyacları üçün götürülməsi məqsədilə otelin sahibi Türkiyə Respublikasının vətəndaşı X9 nəğd yolla 64516 manat vəsait ödənilməsi, Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinin dəyərinin ödənilməsi məqsədilə Naxçıvan şəhər yerli büdcəsində birinci rüb daxilində mədaxilin plandan artıq yığılacaq hissəsindən 64516 manatın Naxçıvan Şəhər İcra Hakimiyyətinin tədbirlər hesabının birinci rüb 226200 kod maddəsinə yönəldilməsi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin baş mühasibinə ayrılmış vəsaitin Türkiyə Respublikasının vətəndaşı X9 verilməsinin tapşırılması qərara alınmışdır. - 11 yanvar 2010-cu il tarixli “Polad” otelinin səlahiyyətli nümayəndəsi Əliyev Ürfətin iştirakı ilə tərtib edilmiş aktın məzmunundan görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 07 yanvar 2010-cu il tarixli, 04 saylı Sərəncamı ilə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndirilməsi aparılmışdır. Qiymətləndirmə zamanı binanın ümumi dəyəri 161291,47 (bir yüz altmış bir min ikı yüz doxsan bir manat qırx yeddi qəpik) manat olmuşdur. Binanın köhnəlməsi (amartizasiya) hesablandıqdan sonra qalan dəyəri 64516,59 (altmış dörd min beş yüz on altı manat əlli doqquz qəpik) manat olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı "Tural” kiçik müəssisəsi hazırki iş üzrə iddia müddətini ötürmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, "Tural” kiçik müəssisəsi mübahisələndirilən sərəncamdan xəbərdar olmuşdur. Belə ki, 11 yanvar 2010-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə tərtib edilmiş aktın məzmunundan görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 07 yanvar 2010-cu il tarixli, 04 saylı Sərəncamı ilə Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən “Polad” otelinin qiymətləndirilməsi aparılmış, “Polad” otelinin səlahiyyətli nümayəndəsi X10 həmin aktın tərtib edilməsində iştirak edərək aktın düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 bu halı təsdiq edərək, imzaladığı aktın məzmunundan məlumatlı olduğunu və iddiaçını da həmin akt barədə, yəni Polad otelin dövlət ehtiyacları məqsədilə alınması üçün əmlakın qiymətləndirilməsinin həyata keçirilməsi barədə məlumatlandırdığını bildirmişdir. Sonradan "Tural” kiçik müəssisəsinin rəhbəri X16 şəhər, Ə.Qəmküsar küçəsində yerləşən “Polad” otelinin dövlət ehtiyacı üçün alınması ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 25 yanvar 2010-cu il tarixdə 64516 (altmış dörd min beş yüz on altı) AZN manat (79710 ABŞ ) dolları alması barədə səlahiyyətli dövlət orqanlarını məktubla məlumatlandıraraq, bu halı yazılı şəkildə imza edərək təsdiq etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Salih Polad həmin imzanın ona məxsus olduğunu və onun tərəfindən imzalandığını təsdiq etmişdir. Lakin iddiaçı mübahisələndirilən sərəncamın qəbulundan 15 il sonra məhkəməyə müraciət etməklə İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyrihüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələb də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddiaçı "Tural” kiçik müəssisəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli “Tural” kiçik müəsissəsinin “Polad” otelinin dövlət ehtiyacları üçün alınması barədə sərəncamının ləğv olunması, obyektin "Tural” kiçik müəssisəsinin balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "Tural” kiçik müəssisəsinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 yanvar 2010-cu il tarixli, 12 nömrəli “Tural” kiçik müəsissəsinin “Polad” otelinin dövlət ehtiyacları üçün alınması barədə sərəncamının ləğv olunması, obyektin "Tural” kiçik müəssisəsinin balansına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-773/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-773/2025
12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver