Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-779/2024 14.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçı X4 və tərcüməçi X1 iştirakları ilə, iddiaçı X4 cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı "cinayətkarlar haqqında vəzifələrinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan qanunlarına görə cinayət işi açılmasını və ona vurmuş olduqları ziyanının bərpa edilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı X5 cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayətkarlar haqqında vəzifələrinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan qanunlarına görə cinayət işi açılmasını və ona vurmuş olduqları ziyanının bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, yardım məktubu ünvanlanaraq qaldırdığı iddia publik (ümumi) hüquq münasibətlərindən irəli gələn mübahisə olmadığından hazırki tələb üzrə işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı bildirilmiş, iddianın predmet aidiyyəti ilə bağlı məsələyə münasibət bildirilməsi təklif olunmuşdur. Məhkəmə tərəfindən cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə məktub ünvanlanaraq iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məhkəmənin ünvanına xx.xx.2024-cü il tarixli, 3-13-43/2-2831/2024 nömrəli məktub göndərərək bildirmişdir ki, X2 bir ildir müxtəlif dövlət orqanlarına müraciət edərək 2020-ci ildə Cavabdeh sabiq əməkdaşları və hazırda xidmətdə olan vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə məruz qalması barədə əsassız şikayət edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Naxçıvan MR DİN-ə ünvanladığı eyni xarakterli ərizədə ona “vurulmuş ziyanın” ödənilməsini tələb etmişdir. Bununla əlaqədar Nazirliyin Daxili Təhqiqatlar Şöbəsi tərəfindən araşdırma aparılmış və X4 iddiası təsdiq olunmadığı üçün əsassız sayılaraq işə alınmışdır. Bu barədə ona xx.xx.2023-cü il tarixdə yazılı məlumat verilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən X4 Naxçıvan MR DİN-ə qarşı inzibati mübahisəyə dair qaldırdığı iddiasının mümkünsüz hesab olunması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 izahatını iddia ərizəsinə uyğun verərək iddia ərizəsində adları qeyd olunan şəxslərin barəsində cinayət işinin açılması və ona həmin şəxslər tərəfindən edilən qanunsuz hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsini qeyd edərək ona göstərilmiş hüquqi yardımdan imtina etdiyini bildirib, irəli sürdüyü iddia üzrə icraatın davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı inzibati orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıla bilər. Yəni, bilavasitə fiziki şəxslər və ya fiziki şəxslərin təmsil olunduqları hüquqi şəxslər inzibati orqanlarının qərarlarından və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə şikayət etmək hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı faktiki olaraq cinayətkarlar haqqında vəzifələrinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan qanunlarına görə bir neçə fiziki şəxs barəsində cinayət işinin açılmasını və ona vurmuş olduqları ziyanının bərpa edilməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının fiziki şəxslərin hərəkətlərindən olan şikayətinə aidiyyəti üzrə təhqiqat, istintaq orqanları və ya aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmələr (xüsusi ittiham qaydasında) tərəfindən baxıla bilər. Beləliklə, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh qismində göstərilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Hazırki tələb üzrə isə iddiaçının əsas hüquqi marağını ayrı-ayrı fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları təşkil etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda şərh edilən hallara əsaslanaraq, iddiaçıya müvafiq şikayətlə istintaq orqanlarına və ya aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X4 cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı "cinayətkarlar haqqında vəzifələrinin səlahiyyətlərini bilərək və istəyərək aşdıqları üçün və insan hüquqlarını kobud şəkildə pozduqları üçün işlədikləri təşkilat adından Azərbaycan qanunlarına görə cinayət işi açılmasını və ona vurmuş olduqları ziyanının bərpa edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-779/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-779/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver