Məhkəmə qərarları › İş №2-1(122)-78/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-78/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-78/2020 03.11.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əsgərov Elnar Muxtər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə dair vəzifə qoyulması” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında məhkəmənin hazırlıq icraatı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə dair vəzifə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1952-ci il tarixdə Şərur rayonu, Düdəngə kəndində doğulmuşdur. Həmin kənddə orta təhsil almışdır. 1971-1973-cü illərdə sovet qoşunlarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra kəndə qayıtmışdır. 1990-cı ildən 1993-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgələrində döyüşlərdə yaxından iştirak etmişdir. Bu barədə qərargah rəisi tərəfindən verilmiş kiçik bölmə komandiri olmağı barədə 21 nömrəli vəsiqəsi vardır. Həmçinin həmin döyüşlərdə iştirakını onu tanıyan döyüş yoldaşları X4, X2, X1 və X5 təsdiq edərlər. Ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərdiyi ərizəyə xx xxxxxx 2020-ci il tarixdə cavab verilərək "Müharibə Veteranı" adının və vəsiqəsinin müvafiq komissiyanın rəyinə əsasən verilməsi bildirilmişdir. Şərur Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona verilmiş cavabda da "Müharibə Veteranı" adının və vəsiqəsinin müvafıq komissiyanın rəyinə əsasən verilməsi bildirilmişdir. Şərur Rayon Dövlət Arxivindən onun Sədərək döyüşlərində iştirakı barədə heç bir məlumatın olmadığını bildirərək ona arxiv arayışının verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, məhkəmənin hazırlıq icraatı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Əvvələn məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki iddia ərizəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair vəzifə qoyulması tələb edildiyi halda,“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi səlahiyyəti verilməmişdir. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli, 438 nömrəli qərarının 1.1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respub-likası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iş üzrə iddiaçının çatmaq istədiyi məqsədi “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, həmin məsələ barəsində müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 1/Q 3499 nömrəli məktubu ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 438 nömrəli qərarının 1.1.2-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisındə, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxıl olmaqla), Cəbrayıl, Füzuli. Ağdam Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan), Daşkəsən, Göy-göl (keçmiş Xarlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu. Barxudarlı, Yuxarı Əskıpara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyasının rəyinə əsasən verildiyi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaratdığı müvafiq komissiyaya müraciət etməsinin məqsədəuyğun olması bildirilmişdir.. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsi verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublıkasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyaya müraciət etməyi bildirilsə də, iddiaçı Azərbaycan Respublıkasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaratdığı müvafiq komissiyaya müraciət etmədən və imtina cavabı almadan məhkəmədə iddia qaldırmışdır. İş materiallarında olan, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin vətəndaş İddiaçı oğluna ünvanlandığı xx xxxxxx 2016-cı il tarixli, 1041 nömrəli məktubunun surətindən də görünür ki, Azərbaycan Respublikası “Müharibə Veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə Veteranı“ adlarının verilməsi qayda və şərtləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli, 4 №-li əmirinin 1.6-cı maddəsinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə Veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən hərbi hissə komandirinin Nizamı hissə üzrə əmrlərindən çıxarışlar əsasında yaradılmış komissiya tərəfindən verilir. Yuxarıda göstərilən təlimatın tələblərinə uyğun sənədlər təqdim edildiyi halda onun sənədləri tərəflərindən müvafiq komissiyaya göndəriləcəyi bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin qeyd edilən cavab məktubunun məzmunundan da görünür ki, iddiaçıya imtina edilməmiş, məsələnin həlli istiqamətində məktubda qeyd edilən sənədlərin Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinə təqdim edilməsinin zəruriliyi bildirilmişdir. İddiaçı isə tələb edilən sənədləri cavabdeh inzibati orqana təqdim etmək əvəzinə, iddia tələbinə münasibətdə məsələyə aidiyyəti olmayan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldırmışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. İşin yuxarıda şərh edilən hallarına əsaslanaraq iddiaçıya izah edilir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin ona ünvanlanmış cavab məktubunda göstərilən sənədləri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə dair vəzifə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: imza HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar