Məhkəmə qərarları › İş №2-1(122)-78/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-78/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-78/2021 06.10.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinin nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinə qarşı “əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən Bakı şəhərində yaşayır. 2017-ci ildə ağır xəstəlik keçirərək beyin qansızması ilə Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilmiş, 20 gün stasionar şəraitdə, daha sonra ambulator müalicə almışdır. Respublika Klinik Xəstəxanasının ona verdiyi 24.06.2017-ci il tarixli epikrizlə təsdiq olunur ki, varoli körpüsündə, İV mədəciyi minimal kompressiya edən 2.0*2.3*1.8 sm ölçülərində inrtaparenximal hematoma aşkar edilir. İV, İİİ və yan mədəciklərdə qan yığıntısı müşahidə olunur (ventrikulyar qansızma). İİİ və yan mədəciklərdə minimal kompression genişlənmə izlənilir. Subaraxnoidal qansızma müəyyən olunur. Beyin yarımkürələrində ödəm mövcuddur. Üç il yarımdır ki, yataq xəstəsidir. Digər şəxslərin müdaxiləsi olmadan hərəkət edə bilmir. İki azyaşlı övladı var, heç bir yerdə işləyə bilmir. İnzibati orqanların da əsassız imtinaları nəticəsində 3 ilə yaxındır ki, əlillik dərəcəsi təyin edilməmiş, maddi ziyana məruz qalmış və mənəvi iztirab keçirmişdir. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və yaşadığı ərazidə Abşeron Rayon Mərkəzi Xəstəxanasının tövsiyəsi ilə ayrı-ayrılıqda hər birində 6 aydan çox müalicə almışdır. Müalicələr nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunması mümkün olmasa da, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən forma 88 arayışı verilməmişdir. Əlilliklə bağlı müraciətinin cavabı olaraq göstərilmişdir ki, qeydiyyatı Naxçıvan Muxtar Respublikasında olduğuna görə əlilliyin təyini ilə bağlı tibbi sənədlər “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən göndərilə bilər. Abşeron Rayon Məhkəməsinə müraciətdən sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının forma 27/U arayışı əsasında tibbi kartdan çıxarışı Naxçıvan Muxtar Respublikasının Xəstəxanasına göndərmiş, bundan sonra tibbi sosial ekspertiza müayinəsinə göndəriş doldurularaq, TSEK-ə göndərilmişdir. Naxçıvan TSEK (SER RX-01 № 001559) müayinə aktına əsasən 1-ci dərəcəli əlillik müəyyən olunmuş, lakin inzibati orqan tərəfindən əmək stajı nəzərə alınmadığından əlilliklə bağlı müavinət təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinə müraciət edərək pensiya qanunvericiliyinin tələblərini nəzərə alaraq əlilliklə bağlı əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı bildirir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinin 19.02.2021-ci il tarixli, 02/195 nömrəli formal imtina məktubunda onun Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinə İ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı 12.02.2021-ci il tarixdə daxil olmuş ərizəsinə Şöbənin pensiya təyin edən komissiyası tərəfindən təqdim etdiyi sənədlərə əsasən nəzarət qaydasında araşdırıldığı və cavab olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edildiyi göstərilmişdir. İddiaçı hesab edir ki, inzibati orqanın imtina məktubu açıq-aşkar əsassız olmaqla yanaşı, qanunvericiliyin normasını bilə-bilə təhrif etməklə vətəndaşın haqlı hüququnun pozulması məqsədi daşıyır. 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsində iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi kimi müddəa yoxdur. Qeyd olunan norma əmək pensiyasının təyin olunması üçün müraciət və əmək pensiyası təyinatı üçün sənədlərə baxılması müddətləri ilə bağlıdır və arxiv arayışının pensiya təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilməsini tənzimləyir. 2. Onun 1992-1999-cu illərdə işlədiyi vaxt 01.01.1992-ci ildən 07.02.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Mübahisə olunan dövrlə bağlı iş stajı qanunvericiliyin tələb etdiyi kimi əmək kitabçası ilə təsdiq edildiyindən və əmək kitabçasında olan məlumatların inzibati orqanda şübhə doğurması barədə imtina məktubunda hər hansı mötəbər sübut təqdim edilmədiyindən həmin dövr sığorta stajına daxil edilməlidir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarın 11-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. İddiaçı bildirir ki, 2020-ci ildə (50 yaşında) 1-ci dərəcəli əlillik müəyyən edildiyindən və əmək qabiliyyətli yaş dövrünün (35 yaşın) hər tam ili üçün 4 ay sığorta stajı tələb edildiyindən ona 11 il 6 ay sığorta stajı tələb olunur (50-15=35*4=140/12=11.6). Hazırki halda 01.09.1987-03.11.1988-ci illərdə Naxçıvan Elektrotexnika zavodunda, 01.02.1991- 09.07.1991-ci illərdə Naxçıvan şəhər telefon şəbəkəsi 4 nömrəli ATS-də, 09.07.1991- 01.08.1991-ci illərdə X2, 04.01.1992-03.09.1999-cu illərdə Kooperativ Komission Ticarət İdarəsində, 11.11.1999-05.07.2004-cü illərdə X2, 27.10.2006-05.03.2007-ci illərdə X4, 12.06.2007-08.09.2008-ci illərdə Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində işlədiyi dövr və 1988-1990-cı illərdə hərbi xidmətdə olduğu 2 il nəzərə alınmaqla 17 il 7 ay stajı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Bundan başqa, iddiaçı bildirir ki, əlilliyin baş vermə vaxtı - 24.06.2017-ci il inzibati orqana məlumdur. Əmək pensiyası sığortaolunanın aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə ödənilən aylıq pul ödənişi olduğundan pensiya şəxsin əmək qabiliyyətinin məhdudlaşdığı vaxtdan hesablanıb ödənilməlidir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22.01.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməsinə əsasən TSEK həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı məlumat üçün onu da bildirir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 Hüquqi Şəxsinə əlilliklə bağlı əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə cavab olaraq 15.09.2020-ci il tarixli, 01/R-36/2 №-li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyası təyin edilir. Eyni zamanda bu Qanunun 21.2.2-ci maddəsinə əsasən 1991-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ödənilən müdddətlər sığorta stajı hesab olunur. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı o vaxt nəzərə alınır ki, iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərdə əməkhaqqından və digər gəlirlərindən sosial sığorta haqqı ödənmiş olsun. X8 Ticarət İdarəsində inspektor vəzifəsində işlədiyi 1992-1999-cu illərdə əməkhaqqı almağı və əməkhaqqından məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə heç bir məlumat olmadığından həmin illərin ona sığorta stajı hesablanması qanunauyğun deyil. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, ona tələb olunan 11 il 8 ay sığorta stajı olmadığından birinci dərəcə əlilliyə görə əmək pensiyası təyin olunması qanun xaricindədir. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək, yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmədən əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinə göndərilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 16 may 2021-ci il tarixli, 02/525 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 3 ünvanında faktiki olaraq yaşayan İddiaçı 12 fevral 2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, İ qrup əlil olduğunu və əlilliyə görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi tərəfindən İddiaçı müraciətinə baxılmış, onun ərizəsinə əlavə etdiyi şəxsiyyət vəsiqəsinin surəti və əmək kitabçasının surəti araşdırılmışdır. İddiaçı 19 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi tərəfindən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı əmək kitabçasında qeyd edilən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajlarına dair arxiv arayışlarını təqdim etmədiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinin tələbləri pozulmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. İddiaçı faktiki olaraq 1992-ci ildən Bakı şəhərində yaşamasına baxmayaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı əmək kitabçasında qeyd olunan 2006-cı il 1 yanvar tarixədək olan dövrlərə dair arxiv arayışları təqdim etmədiyindən həmin dövrlər sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı iddia ərizəsində əmək kitabçasında qeyd edilən 1992-1999-cu illərdə Kooperativ Komission Ticarət İdarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsini tələb etmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasında 04.01.1992-ci il tarixdən Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsinə inspektor vəzifəsinə təyin olunması və 03.09.1999-cu il tarixdə vəzifədən azad olunması qeyd olunmuşdur. İddiaçı iddia ərizəsinin əvvəlində 1992-ci ildən faktiki olaraq Bakı şəhərində yaşadığını qeyd etmişdir. Lakin İddiaçı faktiki olaraq Bakı şəhərində yaşadığı halda onun Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində işləməsi mümkünsüzdür. Belə ki, araşdırma zamanı məlum olmuşdur ki, Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən 22 noyabr 1999-cu il tarixli, 110-99/D nömrəli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Buradan da belə nəticəyə gəlmək olar ki, Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsinin 1999-cu il tarixdə yaradılmış olduğunu, İddiaçı 1992-ci ildən faktiki olaraq Bakı şəhərində yaşadığını nəzərə alaraq onun əmək kitabçasında qeyd edilən 1992-1999-cu illərdə əmək fəaliyyəti ilə məşğul olması əsasssızdır. Buna görə də yuxarıda qeyd edilən illərdə Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Azərbaycan Respublikasının Hüquqi aktların Dövlət Reyestrində 21 dekabr 2017-ci ildə **********0017 nömrə ilə qeydiyyata alınmış normativ hüquqi akt olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həmin dövrlər sosial sığorta stajına daxil edilir. Belə ki, İddiaçı sığorta stajı ilə bağlı yuxarıda sadalanan hallar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddiaçı iddia ərizəsində 1988-1990-cı illərdə hərbi xidmətdə olduğu dövrün Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi tərəfindən sosial sığorta stajına daxil edilmədiyini bildirmişdir. E.X9 Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinə 12 fevral 2021-ci il tarixli ərizə ilə müraciət edən zaman şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının surətini göndərmişdir. İddiaçı 1988-1990-cı illərdə hərbi xidmətdə olması barədə arayış təqdim etməmiş, hərbi biletin surətini ərizəsinə əlavə etməmişdir. Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən 22 noyabr 1999-cu il tarixli, 110-99/D nömrəli Şəhadətnamə ilə dövlət qeydiyyatına alındığından İddiaçı əmək kitabçasında qeyd edilən 1992-1999-cu illərdə həmin təşkilatda işləyib əməkhaqqı alması və bu əməkhaqqından məcburi dövlət sosial sığorta haqqı ödəməsi sübut edilmədiyi üçün bu dövr əmək stajına daxil edilə bilməz. İddiaçı əlilliyə görə əmək pensiyası təyin olunarkən həmin dövrün sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa ziddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi xahiş olunmuşdur. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi tərəfindən etiraz məktubuna əlavə olunmuş Dövlət qeydiyyatı haqqında 110-99/D nömrəli Şəhadətnamənin surətindən görünür ki, Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsi 22 noyabr 1999-cu il tarixdə ******* identifikasiya kodu ilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 06 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinin nümayəndəsi X10 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək, iddiaçının əlilliyə görə əmək pensiyasının təyin olunması üçün inzibati orqana müraciət etdiyini, inzibati orqan tərəfindən müvafiq araşdırma aparıldığını, iddiaçı müraciət edən zaman hərbi biletini təqdim etmədiyindən onun hərbi xidmət illərinin sosial sığorta stajına daxil edilmədiyini, sonradan məhkəmə araşdırması zamanı hərbi biletin təqdim edildiyini və orqan tərəfindən sosial sığorta stajının yenidən hesablandığını, iddiaçının əmək kitabçasında göstərilən Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində işlədiyi 1992-1999-cu illərə dair arxiv arayışları olmadığından həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasının mümkün olmadığını, əmək kitabçasında göstərilən digər illər və hərbi xidmət illəri ilə birlikdə iddiaçının sığorta stajının 9 il 10 ay təşkil etdiyini, qanunvericiliyin tələbinə görə isə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 11 il 4 ay sığorta stajı tələb olunduğunu, buna görə də sığorta stajı ilə bağlı mübahisə yarandığını, iddiaçı qanunvericiliyin tələb etdiyi sığorta stajına malik olmadığından ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinin nümayəndəsi X6 digər nümayəndənin dediklərini təsdiq edərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi tərəfindən İddiaçı ünvanlanan 19 fevral 2021-ci il tarixli, 02/195 nömrəli məktubdan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 Hüquqi Şəxsi tərəfindən İddiaçı ünvanlanan 15 sentyabr 2020-ci il tarixli, 01/R-36/2 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyası təyin edilir. Eyni zamanda bu Qanunun 21.2.2-ci maddəsinə əsasən 1991-ci il yanvarın 1-dən etibarən Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ödənilən müdddətlər sığorta stajı hesab olunur. Bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı o vaxt nəzərə alınır ki, iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərdə əməkhaqqından və digər gəlirlərindən sosial sığorta haqqı ödənmiş olsun. İddiaçı Kooperativ Komission Ticarət İdarəsində inspektor vəzifəsində işlədiyi 1992-1999cu illərdə əməkhaqqı almağı və əməkhaqqından məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə heç bir məlumat olmadığından həmin illərin ona sığorta stajı hesablanması qanunauyğun deyil. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, ona tələb olunan 11 il 08 ay sığorta stajı olmadığından İ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunması qanun xaricindədir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 24 sentyabr 2020-ci il tarixli, 12/421 nömrəli məktubdan aydın olur ki, 14 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş 3532 nömrəli forma 88 əsasında Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 19 fevral 2020-ci il tarixdə əlilliyi qiymətləndirilmiş və ona müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Əmək pensiyasının təyin edilməsi ilə bağlı qeydiyyatda olduğu ərazi üzrə aidiyyəti qurumlara müraciət edilməsinin məqsədəuyğun olduğu qeyd edilmişdir. - 25 sentyabr 1987-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1987-ci il tarixdən 03.11.1988-ci il tarixədək Naxçıvan Elektrotexnika zavodunda işləmiş, 01.02.1991-ci il tarixdən 4 №-li ATS şöbəsinə 3-cü (üçüncü) dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olunmuş, 09.07.1991-ci il tarixdən öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuş, 09.07.1991-ci il tarixdən X2 usta köməkçisi vəzifəsinə qəbul olunmuş, 01.08.1991-ci il tarixdən öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuş, 04.01.1992-ci il tarixdən Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində kadrlar şöbəsinə inspektor vəzifəsinə təyin edilmiş, 03.09.1999-cu il tarixdə tutduğu vəzifədən azad edilmiş, 11.11.1999-cu il tarixdən X2 kütləvi-mədəni tədbirlər üzrə müfəttiş vəzifəsinə qəbul olunmuş, 05.07.2004-cü il tarixdən öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunmuş, 27.10.2006-cı il tarixdən X4 EATS- 450/451 xətt sexinə 6-cı dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 05.03.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, 12.06.2007-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsində onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 25 saylı komandaya atıcı peşəsinə qəbul edilmiş, 11.07.2008-ci il tarixdən 32 saylı komandaya atıcı peşəsinə qəbul edilmiş, 16.07.2008-ci il tarixdən 25 saylı komandaya atıcı peşəsinə keçirilmiş, 08.09.2008-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - AON seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən aydın olur ki, xx xxxxxxxx 1970-ci il tarixdə anadan olmuş Rüstəmov X7 Muxtar Respublikası Hərbi Komissarlığı nəzdində çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N noyabr 1988-ci ildə hərbi hissəyə göndərilmişdir. N sentyabr 1990-cı ildə SSRİ Nazirlər Kabinetinin 961 saylı qərarı əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və Naxçıvan Muxtar Respublikası Hərbi Kommissarlığına göndərilmişdir. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 07 avqust 2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş Rüstəmov X7 şəhəri, Nizami küçəsi, ev 53, mənzil 40 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan 01 iyun 2021-ci il tarixli, **********801300 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 22 noyabr 1999-cu il tarixdə 110-99/D nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına və 7 iyul 2005-ci il tarixdə Naxçıvan Şəhər Vergilər İdarəsi tərəfindən (VÖEN **********) vergi uçotuna alınmışdır. Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsi 01 iyul 2015-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 23 avqust 2021-ci il tarixli, 02/87 nömrəli məktubdan aydın olur ki, İddiaçı işləməsi haqqında göstərilən illərdə heç bir məlumat çıxmadı. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 03 sentyabr 2021-ci il tarixli, 02/92 nömrəli məktubla İddiaçı işləməsi haqqında arxiv arayışları məhkəmənin ünvanına göndərilmiş və qeyd hissədə Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsinin sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli, 13/1017 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Naxçıvan Elektrotexnika zavoduna 01.09.1987-ci il tarixli, 164 “k” nömrəli əmrlə “ştanov” qəbul edilməsi, 03.11.1988-ci il tarixli, 177 “k” nömrəli əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. X5 25.11.1999-cu il tarixli, 41 nömrəli əmrlə müfəttiş qəbul edilməsi əmr kitabında göstərilmişdir. İddiaçı X2 işləmiş və 1999-cu ilin noyabr ayı üçün 52620 manat əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan 06 sentyabr 2021-ci il tarixli, 01/990 nömrəli məktubdan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq “Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir”. İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuş, 30.03.2020-ci il tarixdə İ qrup əlilliyə görə qeydiyyata alınmışdır. İddiaçı İ qrup əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün ümumilikdə 11 il 4 ay sığorta stajı tələb olunduğu halda, onun 9 il 10 ay sığorta stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı əmək kitabçasında qeyd edilən 1992-1999-cu illərdə Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində işlədiyi dövrlərə dair arxiv arayışları təqdim edilmədiyindən sığorta stajına hesablanmır. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı əmək kitabçası və hərbi biletində göstəilən iş və xidmət illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsini arzu edir. Cavabdeh inzibati orqanın imtina məktubundan və nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, iddiaçının stajı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbinə görə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərt müəyyən olunmuşdur:

1. 5 ildən az olmayaraq sosial sığorta stajının olması;

2. əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması. Hazırki işin hallarından görünür ki, iddiaçı tərəfindən qanunvericiliyin tələb etdiyi İ şərt ödənilmişdir. Onun 5 ildən az olmayaraq sosial sığorta stajına malik olması işin mübahisə olunmayan halıdır. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı ümumilikdə 9 il 10 ay sosial sığorta stajına malikdir. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi tərəfindən İddiaçı müraciəti əsasında araşdırma aparılarkən ona əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş İİ şərt ilə - onun əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması ilə bağlı mübahisə yaranmışdır. İddiaçı inzibati orqana müraciət edərkən qanunvericiliyin tələb etdiyi sığorta stajına malik olmasını təsdiq edən sənədləri (hərbi bilet, müvafiq arayışlar və s.) təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən hərbi biletin təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının İ qrup əlil olması və 1988-1990-cı illərdə hərbi xidmətdə olması işin mübahisə doğurmayan hallarına aiddir. Hazırki tələblə bağlı mübahisə olunan məsələ iddiaçının əmək kitabçasında göstərilən işlədiyi dövrlərə dair sosial sığorta stajına malik olub-olmamasıdır. Bu məsələ ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 11 il 4 ay sığorta stajına malik olmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçının 9 il 10 ay sığorta stajına malik olduğu müəyyən edilmişdir. Belə ki, cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi tərəfindən İddiaçı tələbi araşdırılarkən onun Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində inspektor vəzifəsində işlədiyi 1992-1999-cu illər sığorta stajına daxil edilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən araşdırmalar aparılmış və müvafiq orqanlara sorğular verilmişdir. İddiaçı iddia etdiyi Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində işlədiyi dövrlə bağlı aparılan araşdırmalar nəticəsində bir sıra ziddiyyətli məqamlar ortaya çıxmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsi tərəfindən məhkəməyə göndərilən Dövlət qeydiyyatı haqqında Şəhadətnamədən və məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan məktubdan aydın olur ki, Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsi 22 noyabr 1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçının əmək kitabçasında isə onun 1992-1999-cu illərdə həmin təşkilatda inspektor vəzisində işlədiyi qeyd edilmişdir. Məsələ ilə bağlı digər ziddiyyətli məqam isə ondan ibarətdir ki, İddiaçı iddia ərizəsinin əvvəlində 1992-ci ildən faktiki olaraq Bakı şəhərində yaşadığını qeyd etməsinə baxmayaraq, iddia ərizəsinin digər hissələrində 1992-1999-cu illərdə Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. İddiaçının həmin idarədə işləməsi və həmin illərdə əməkhaqqı alaraq dövlət sosial sığorta haqqı ödəməsi faktı arxiv arayışları ilə təsdiqlənmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçının Naxçıvan Şəhər Kooperativ Komission Ticarət İdarəsində inspektor vəzifəsində işlədiyini iddia etdiyi 1992- 1999-cu illər sığorta stajı kimi nəzərə alına bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçı qanunvericiliyin tələb etdiyi sosial sığorta stajına malik olmadığından ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinə qarşı “əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial X13 X11 Şəhər Şöbəsinə qarşı “əmək kitabçası və hərbi biletdə göstərilən iş və xidmət stajlarının sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 24 iyun 2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar