Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-783/2025 10.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X13 Heydər oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "X3 mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək rayonu, Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan MR, Babək rayonu, Xəlili kəndində yerləşən 0.0698 ha torpaq sahəsi üzərində inşa olunmuş 37.23 kv.m ölçüsündə olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. O həmin fərdi yaşayış evini 30 aprel 2024-cü il tarixdə **********28-10301 reyestr və ********** qeydiyyat nömrəsi ilə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 adına rəsmiləşdirib hüquqların dövlət qeydiyyatı haqqında darınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. X2 da həmin evdə onunla birlikdə yaşayır. X2 onun evində yaşadığı müddətdə X7 ilə ailə qurmuş və onun mülkiyyətində olan fərdi yaşayış evinə gətirib pasport qeydiyyatına saldırmışdır. Lakin atası ilə X7 arasında olan nikah Naxçıvan MR Babək rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, 30 yanvar 2025-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. X7 hal-hazırda Bakı şəhərində qardaşı evində yaşayır. Lakin buna baxmayaraq ona məxsus olan evdən qeydiyyatdan çıxmaq istəmir. X3 onun evinin qeydiyyatında olması onun mülkiyyəti üzərində öz qanuni hüquqlarını həyata keçirməyə artıq maneə olur, o öz əmlakı üzərində mülkiyyət hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən X3 mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək rayonu, Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, məhkəmənin 12 mart 2025-ci il tarixli, 2-1(122)-783/2025 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, qərardadın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla Cavabdehnə göndərilmişdir. Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 iyun 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Cavabdeh Babək rayon Xəlilli kənd sakini İddiaçı ünvanladığı 26 fevral 2025-ci il tarixli, 3-13-43-7/2-A-15xx/xx/2025 nömrəli məktubdan görünür ki, X3 mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək rayonu, Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyatından çıxarılması tələbindən imtina edilmiş, vətəndaşın İnzibati məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - 05 avqust 2024-cü il tarixli, 2792 inventar nömrəli texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, Babək rayonu, Xəlilli kəndində yerləşən fərdi yaşayış evi **********28-10301 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. - 30 aprel 2024-cü il tarixli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi:**********28- 10301) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Babək rayonu, Xəlilli kəndində yerləşən ümumi sahəsi 37.23 kvm olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 23/16 nömrəli reyestr kitabının 2997 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Babək Rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 mart 2025-ci il tarixli, 5-85/2-73/2025 nömrəli məktubdan məlum olur ki, X4 X5 qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Babək Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-(079)-488/2024 nömrəli qətnaməsi 30 yanvar 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 08 aprel 2025-ci il tarixli, 04/182 nömrəli məktubdan məlum olur ki, Babək rayonu, Xəlilli kəndində 0.0698 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 37.23 m² olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmış, yaşayış evi üzərində məhdudiyyət (yüklülük) qeydiyyata alınmamışdır. - Babək Rayon İcra Hakimiyyəti Şıxmahmud Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli, 356 nömrəli arayışdan məlum olur ki, İddiaçı Babək rayonu, Xəlilli kəndində yaşayır və qeydiyyatdadır. - Babək Rayon İcra Hakimiyyəti Şıxmahmud Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli, 357 nömrəli arayışdan məlum olur ki, X1 rayonu, Xəlilli kəndində qeydiyyatdadır və haliyədə ərazidə yaşamır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 01 avqust 1978-ci il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (İ-İİİ) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.4-cü maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı X3 Babək rayonu, Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyatından çıxarılmasına yönəlmişdir. İşin məhkəmə tərəfindən işin araşdırılmış hallarından müəyyən olundu ki, üçüncü şəxs həmin ünvanda yaşamır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə: şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. “... mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla həmçinin müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Avropa İnsan hüquqları məhkəməsinin hüquqi mövqeyi baxımından, mülkiyyət hüququna müdaxilə “İnsan hüquqları və əsas azadlıqları haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından da, hər bir fiziki və ya hüquqi şəxs onun mülkiyyətinə hörmət hüququna malikdir. Heç kəs ictimai maraqlardan və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlələrdən kənar əmlakından məhrum edilə bilməz. Konvensiyanın bu müddəası mahiyyətcə mülkiyyət hüququnun təminat altına alınması məqsədlərinə xidmət edir (Avropa İnsan hüquqları Məhkəməsinin “Belane Macarıstana qarşı” iş üzrə qərarı, 53080/131nömrəli şikayət, ECHR 2016, “İatridis Yunanıstana qarşı” iş üzrə və “Veçerok Polşaya qarşı” iş üzrə qərarları) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, üçüncü şəxs X3 İddiaçı mülkiyyyətində olan Babək rayonu, Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin pasport qeydiyatından çıxarılmaması qanunazidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X7 hazırda həmin evdə yaşamadığından həmin evin pasport qeydiyyatında olması formal xarakter daşımaqla, mülkiyyətçinin öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Həmçinin üçüncü şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddiaçının tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "X3 mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası Babək rayonu, Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X3 İddiaçı mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Xəlilli kəndində yerləşən fərdi yaşayış evinin qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-783/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-783/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver