Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-784/2025 02.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "qanunsuz xidmətdən azad olunmağı barədə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, "0678" nömrəli əmrinin, Müdafiə nazirinin müavini X4 Komandanın xx.xx.2022-ci il tarixli, "025r" nömrəli əmrinin ləğv olunması və əvvəlki vəzifəsinə və rütbəsinə bərpa olunması və ödənilməyən ayların əmək haqqısının hesablanıb ödənilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Müdafiə nazirinin "0678" nömrəli əmri, xx.xx.2022-ci il tarixli Müdafiə nazirinin müavini X4 Komandanının "025r" nömrəli əmrin öhdəliklərin ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü il tarixdə Babək rayon Qahab kəndində anadan olmuşdur. 2009-2012-ci illərdə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına hərbi liseydə oxumuşdur. 2012-2016-cı illərdə isə Heydər Əliyev adına Milli Müdafiə İnstitunda oxumuşdur. Məktəbi bitirdikdən sonra təyinatını Naxçıvan MR X2 veriblər orada leytenant rütbəsi ilə xidmətə başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən ehtiyata buraxılmışdır. Naxçıvan MR ərazisində hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə edir. Hərbi rütbəsinin qanunsuz olaraq aşağı endirilməsinin səbəbi Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini X4 Komandanın xx.xx.2022-ci il tarixli, "025r" nömrəli əmri olmuşdur. Xidmətdən qanunsuz olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, “0678” nömrəli əmr ilə azad olunmuşdur. Hərbi xidmətə bərpa olunmağı ilə bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə xx.xx.2025-ci il tarixdə ona imtina cavabı vermişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Müdafiə nazirinin "0678" nömrəli əmri, xx.xx.2022-ci il tarixli Müdafiə nazirinin müavini X4 Komandanının "025r" nömrəli əmrin öhdəliklərin ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 02 sentyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, yardım məktubları ünvanlanaraq iddia tələbinin aydın ifadə olunmadığı, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti buraxılmaqla məhkəmədə iddia qaldırıldığı bildirilmiş, mübahisələndirilən əmrlərin ona məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Həmçinin iddia ərizəsinin surəti iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası müdafiə nazirinin "0678" nömrəli əmrinin, xx.xx.2022-ci il tarixli müdafiə nazirinin müavini - X4 Komandanının "025r" nömrəli əmrinin ləğv edilməsidir. İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının hərbi biletinə və Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli müvafiq əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı iddia ərizəsində hərbi xidmət dövrünün xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə etdiyini bildirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində 2022-ci ilin sentyabr ayından 2024-cü ilin sentyabr aylarına qədər X1 rəhbər komandirlərin hədə-qorxu gəlməsi səbəbindən (bununla əlaqədar iş materiallarına sübut əlavə edilməmişdir) müraciət edə bilmədiyini bildirmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində 2022-ci ilin sentyabr ayından mübahisə predmeti olan inzibati aktdan məlumatı olduğunu etiraf etmişdir. İddiaçı bu yaxınlarda (iddia ərizəsində qeyd edildiyi kimi) yenidən xidmətə qəbulla bağlı müraciət etmişdir. İddiaçının əvvəlcə inzibati orqana müraciəti "inzibati aktın ləğv edilməsi ilə bağlı" olmamış, müraciətinin məzmunu "yenidən həqiqi hərbi xidmətə qəbul olunmaqla" bağlı olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, "0678" nömrəli əmri haqqında məlumat iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən, 2022-ci ilin sentyabr ayı ilə müəyyən olunur və beləliklə iddiaçı aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddəti ötürmüş hesab olunur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək qanunsuz xidmətdən azad olunmağı barədə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, "0678" nömrəli əmrinin, Müdafiə nazirinin müavini X4 Komandanın xx.xx.2022-ci il tarixli, "025r" nömrəli əmrinin ləğv olunması və əvvəlki vəzifəsinə və rütbəsinə bərpa olunması və ödənilməyən ayların əmək haqqısının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 02 sentyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hərbi rütbəsi qanunsuz olaraq baş leytenant rütbəsindən leytenant rütbəsinə endirildikdən sonra ehtiyata buraxılana qədər təxminən 50 gün leytenant rütbəsində xidmət etdiyini, xx.xx.2022-ci il tarixdə ehtiyata buraxıldıqdan bir gün sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsində gedərək hərbi qeydiyyata alındığını bildirərək hər iki əmrdən 2022-ci il tarixindən xəbərdar olduğunu, keçmiş X4 rəhbərliyinin onu əvvəlki vəzifə və rütbəsinə qaytaracağına dair qeyri-rəsmi vədlərinə inandığından və müxtəlif orqanlara bununla bağlı müraciət etdiyindən iddia müddətinin buraxıldığını bildirib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddiaçı qanunsuz xidmətdən azad olunmağı barədə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, "0678" nömrəli əmrinin, Müdafiə nazirinin müavini X4 Komandanın xx.xx.2022-ci il tarixli, "025r " nömrəli əmrinin ləğv olunmasıni xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 03 iyun 2025-ci il tarixli, 210/0779 nömrəli məktubla göndərilmiş: Müdafiə nazirinin müavini-X4 Komandanın xx.xx.2022-ci il tarixli, "025r" nömrəli əmrindən çıxarışdan aydın olur ki, 2153-cü Motoatıcı taborunun (MT-LB) motoatıcı bölüyünün komandiri Baş leytenant İddiaçı hərbi rütbəsi bir pillə aşağı, “leytenant” hərbi rütbəsinə salınmışdır. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli, "0678" nömrəli əmrindən çıxarışdan aydın olur ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 215-ci Mexanikləşdirilmiş briqadanın (215 nömrəli hərbi hissə) 2153-cü motoatıcı taborunun (MT- LB) motoatıcı bölüyünün komandiri leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktların, yəni əmrlərin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti təxminən 2 (iki) il 7 (yeddi) ay ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mübahisələndirilən əmrlərdən xəbərdar olmuşdur. Belə ki, həmin əmrlər barədə məlumatlı olmuş, iddiaçı bu əmrlərlə rütbəsinin aşağı salındığını və işdən azad edildiyini bilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktların ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktlardan məlumatlı olduğu tarixdən başlamış, lakin iddiaçı həmin inzibati aktların mübahisələndirilməsi ilə bağlı 11 mart 2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (iki il yeddi ay sonra) məhkəmədə iddia qaldırdığından qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddiaçının məhkəməyə verdiyi izahatında istinad etdiyi səbəblər, keçmiş X4 rəhbərliyinin onu əvvəlki vəzifə və rütbəsinə qaytaracağına dair qeyri-rəsmi vədlərinə inanması və müxtəlif orqanlara bununla bağlı müraciət etməsi müddətin buraxılmasına haqq qazandıra və mübahisə ilə bağlı işin hazırlıq icraatına keçirilməsi üçün yetərli sayıla bilməz. İddiaçının xx.xx.2025-ci il tarixli prosessual müddətin bərpa edilməsi barədə ərizəsi müddətin buraxılmasından 1 il keçdikdən sonra verildiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinin tələbinə əsasən məhkəmə həmin ərizəyə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Hazırkı iddia tələbinə dair məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əmrlərin ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "qanunsuz xidmətdən azad olunmağı barədə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, "0678" nömrəli əmrinin, Müdafiə nazirinin müavini X4 Komandanın xx.xx.2022-ci il tarixli, "025r" nömrəli əmrinin ləğv olunması və əvvəlki vəzifəsinə və rütbəsinə bərpa olunması və ödənilməyən ayların əmək haqqısının hesablanıb ödənilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "qanunsuz xidmətdən azad olunmağı barədə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, "0678" nömrəli əmrinin, Müdafiə nazirinin müavini X4 Komandanın xx.xx.2022-ci il tarixli, "025r" nömrəli əmrinin ləğv olunması və əvvəlki vəzifəsinə və rütbəsinə bərpa olunması və ödənilməyən ayların əmək haqqısının hesablanıb ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-784/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-784/2025
02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver