Məhkəmə qərarları › İş №2-1(122)-793/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-793/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-793/2025 24.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X5 Heydər oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Naxçıvan MR Nazirlər Kabinetinə qarşı "Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarın ləğv olunması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarın ləğv olunmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 24 iyun 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçılar və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçılara yardım məktubları ünvanlanaraq onlara qanunvericiliklə müəyyən olunmuş prosessual müddətin ötürüldüyü, eləcə də hazırkı tələb üzrə iddia qaldırmaq üçün subyektiv hüquqlarının mövcudluğunun müəyyən edilmədiyi bildirilmiş və mübahisələndirilən qərarın onlara məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün müddət təyin olunmuşdur. Məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Məhkəmənin əsaslandırması: İddiaçıların əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarın ləğv olunmasına yönəlmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarından məlum olur ki, müəyyən olunmuş fəaliyyət sahələri ilə məşğul olmadığı üçün Naxçıvan "xxxx" X7 Cəmiyyəti ləğv olunması, Cəmiyyətin balansında olan Naxçıvan şəhəri, Nizami küçəsi 41 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi binaları dövlət ehtiyaclarının ödənilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçılar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarının ləğv olunmasını xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İşin hallarından məlum olur ki, iddiaçılar hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdirlər. Belə ki, iddiaçılar mübahisələndirilən inzibati aktın qəbul olduğu vaxtdan 17 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmış, bununla da qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürmüş və prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı mümkün və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İkincisi və ən əsası isə iddiaçıların həmin iddia tələbi üzrə subyektiv hüquqlarının olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. İddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Belə ki, Naxçıvan MR Dövlət Əmlak Komitəsinin 02 oktyabr 1997-ci il tarixli, 214 nömrəli sərəncamından görünür ki, "xxxx" səhmdar cəmiyyətinin dövlət qeydiyyatından keçdiyi nəzərə alınaraq, səhmdarların ümumi yığıncağı keçirilənədək X1 MR "xxxx" Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsinə təyin edilmişdir. "xxxx" Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 2-ci bəndindən görünür ki, cəmiyyətin təsisçisi Naxçıvan MR Dövlət Əmlak Komitəsidir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 17 aprel 2008-ci il tarixli, 74 nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetin 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarının icrası rəhbərliyə alınmış, Naxçıvan "xxxx" X7 Cəmiyyətinə məxsus, Naxçıvan şəhəri, Nizami küçəsi 41 ünvanında yerləşən məişət evi və Xətai küçəsində yerləşən kimyəvi təmizləmə məntəqəsi binaları dövlət ehtiyaclarının ödənilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. İşdə olan 18 aprel 2008-ci il tarixli aktın surətindən məlum olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 17 aprel 2008-ci il tarixli, 74 nömrəli sərəncamına əsasən "xxxx" X7 Cəmiyyətinə məxsus Nizami küçəsi 41 ünvanında yerləşən balans dəyəri 598924,0 manat olan iki mərtəbəli məişət evini, Xətai küçəsində yerləşən balans dəyəri 38224,0 manat olan birmərtəbəli idarə binasını və kimyəvi təmizləmə sexi İddiaçı1 da bilavasitə iştirakı ilə komissiya üzvlərinin imzası ilə təhvil götürülmüşdür. Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 19 may 2008-ci il tarixli, 01/443 nömrəli məktubu isə Naxçıvan Muxtar Respublikasının büdcəsinə “Dövlət əmlakının özəlləşdirilməsindən” daxil olan vəsaitdən əmlakın bazar qiymətini təşkil edən 41000.0 manat vəsaitin səhmdarlara ödənilməsi məqsədilə cəmiyyətin hesabına köçürülməsini təsdiq edir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçılar 17 ilə yaxın müddət keçdikdən sonra ləğv olunmuş və həmin hüquqi şəxsin müqəddəratını həll etmiş sərəncamın mübahisələndirilməsi barədə subyektiv hüququn sahibi kimi də qəbul edilə bilməz. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı2 və İddiaçı1 Naxçıvan MR Nazirlər Kabinetinə qarşı "Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi 08 aprel 2008-ci il tarixli, 41 saylı qərarın ləğv olunması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar