Məhkəmə qərarları › İş №2-1(122)-794/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-794/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-794/2023 19.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X17 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "doğum haqqında akt qeydləri kitabında doğum faktı qeydə alınarkən aparılmış yanlışlığın düzəldilməsi ad qrafasında “Qəzənfər” adının “Malik” adına düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydləri kitabında” doğum faktı qeydə alınarkən aparılmış yanlışlığın düzəldilməsi ad qrafasında “Qəzənfər” adının “Malik” adına düzəldilməsi öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Şərur rayon Qışlaqabbas kəndində anadan olmuş, həmin vaxt valideynləri tərəfindən müvafiq qeydiyyat üzrə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə müraciət olunmuş və doğum dövlət qurumu tərəfindən qeydə alınaraq doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı bildirir ki, anası X1 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış əmlak üzrə vərəsəliyin açılması məqsədi ilə doğum aktı qeydi kitabından çıxarış alınmasına zərurət yaranmışdır. 12 iyul 2023-cü il tarixdə Şərur rayon Nikah Evindən alınmış doğum aktı qeydi kitabından çıxarışda yanlışlıqla ad qrafasında adı “Qəzənfər” olaraq qeyd edilmişdir. O, doğum aktı qeydi kitabında olan yanlışlığın aradan qaldırılması üçün Şərur Rayon Nikah Evinə ərizə ilə müraciət etmiş, Şərur Rayon Nikah Evindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-326/2023 saylı məktubda doğum haqqında akt qeydində adının “Qəzənfər” olaraq yazıldığı üçün düzəliş etmək mümkün olmadığından vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsinin məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Onun şəxsiyyət vəsiqəsində, milli pasportunda və o cümlədən nikah aktı qeydi kitabında ad qrafasında adı “Malik” kimi, doğum tarixi isə xx.xx.1955-ci il olaraq qeyd edilmişdir. O cümlədən, övladlarının doğum haqqında şəhadətnamələrində də ata adı qrafasında adı “Malik” kimi qeyd olunmuşdur. Ona görə də 1955-ci ildə doğum faktı qeydə alınarkən doğum haqqında akt qeydində aparılan yanlışlığın-ad qrafasında “Qəzənfər” kimi qeyd olunmuş adının “Malik” olaraq düzəldilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı göstərilənlərə əsasən məhkəmədən doğum haqqında akt qeydləri kitabında doğum faktı qeydə alınarkən aparılmış yanlışlığın düzəldilməsi ad qrafasında “Qəzənfər” adının “Malik” adına düzəldilməsi öhdəliyinin cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Şərur Rayon Nikah Evi iddiaya dair məhkəməyə ünvanlanan 29 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-13-492/2023 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Şərur Rayon Nikah Evi İddiaçı müraciətinə əsasən doğum haqqında akt qeydində uşaq məlumat qrafasında adının “Qəzənfər” adından “Malik ” adına düzəliş etmək mümkün olmadıqda Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etməsini məsləhət görmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyət aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəlar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərinin düzəldilməsi və ona dəyişilik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir . İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 19 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Şərur Rayon Nikah Evi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: - Şərur Rayon Nikah Evi tərəfindən Şərur rayon Qışlaqabbas kənd sakini İddiaçı ünvanlanmış 10 iyul 2023-cü il tarixli, 3-16-5/8-15326/2023 nömrəli məktubdan məlum olur ki, doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olduqda yaşadıqları ərazi üzrə Nikah Evi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Məktubda İddiaçı doğum haqqında akt qeydində adının “Qəzənfər” yazıldığı üçün düzəliş etmək mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına düzəliş edilməsinin məhkəmə qaydasında müəyyən edildiyi bildirilib, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - Şərur Rayon Polis Şöbəsi tərəfindən 16 sentyabr 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 01 avqust 1955-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qışlaqabbas kəndində doğulmuş, Şərur rayonu, Qışlaqabbas kəndində pasport qeydiyyatındadır. - 05 avqust 1955-ci il tarixdə verilmiş ИЖ seriyalı, 264355 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, 01 avqust 1955-ci il tarixdə Şərur rayonu, Qışlaqabbas kəndində doğulmuş X2 ata adı qrafasında X9, ana adı qrafasında isə X4 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 05 avqust 1955-ci il tarixdə 68 nömrə ilə qeyd edilmişdir. - 15 avqust 1979-cu il tarixdə verilmiş ИЖ seriyalı, 441361 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, 07 avqust 1979-cu il tarixdə İliç rayonu, Qışlaqabbas kəndində doğulmuş X6 ata adı qrafasında İddiaçı, ana adı qrafasında isə X11 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 avqust 1979-cu il tarixdə 72 nömrə ilə qeyd edilmişdir. - XİV-ЖГ seriyalı, 257958 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, 30 iyun 1982-ci il tarixdə İliç rayonu, Qışlaqabbas kəndində doğulmuş X5 ata adı qrafasında İddiaçı, ana adı qrafasında isə X11 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 iyul 1982-ci il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. - 20 iyun 1977-ci il tarixli, İ-ЖГ seriyalı, 332190 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, 01 avqust 1955-ci il təvəllüdlü İddiaçı ilə 02 iyun 1959-cu il təvəllüdlü X10 20 iyun 1977-ci il tarixdə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 iyun 1977-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin Qışlaqabbas kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli, 212 nömrəli arayışdan aydın olur ki, İddiaçı Şərur rayonu, Qışlaqabbas kəndində qeydiyyata durur və yaşayır. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli doğum akt qeydindən çıxarışdan məlum olur ki, İddiaçı 01 avqust 1955-ci il tarixdə Şərur rayonu, Qışlaqabbas kəndində doğulmuşdur. Bu barədə İbadulla kənd İcra Nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında 1955-ci il tarixdə 68-ci səhifədə qeydiyyat aparılmış, atası X9, anası X4, valideynlərinin milliyəti azərbaycanlı kimi qeyd olunmuşdur. - Şərur Rayon İcra Hakimiyyətinin Qışlaqabbas kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 299 nömrəli arayışdan aydın olur ki, İddiaçı aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır: 1) arvadı- X11, 2) qızı- Cəfərova (Hüseynova) Zəhra Malik qızı, 3) oğlu-X12, 4) qızı-Cəfərova (Seyidova) Rəqsanə Malik qızı, 5) oğlu-X7 - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 sentyabr 2023-cü il tarixli, 3-13-43/2-10469/2023 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında xx.xx.1955-ci il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya məhkumluğu barədə məlumat yoxdur. İddiaçının məhkəmə təqdim etdiyi pasportun, orta təhsil haqqında attestatın, sürücülük vəsiqəsinin və hərbi biletin surətlərindən aydın olur ki, bütün sənədlərdə iddiaçının adı “Malik” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 13.1-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: 13.2.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, xx.xx.1955-ci il tarixli, 68 nömrəli doğum haqqında akt qeydində İddiaçı ad qrafasında yanlışlıqla “Malik” əvəzinə “Qəzənfər” yazılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.1955-ci il tarixli, 68 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Həmçinin doğumun qeydiyyatı barədə yuxarıda göstərilən qanun müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericilikdə dəqiq təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı doğum akt qeydində düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şərur Rayon Nikah Evi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "doğum haqqında akt qeydləri kitabında doğum faktı qeydə alınarkən aparılmış yanlışlığın düzəldilməsi ad qrafasında “Qəzənfər” adının “Malik” adına düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Doğum haqqında akt qeydləri kitabında İddiaçı doğum faktı qeydə alınarkən aparılmış yanlışlığın düzəldilməsi, ad qrafasında “Qəzənfər” adının “Malik” adına düzəldilməsi öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar