Məhkəmə qərarları › İş №2-1(122)-80/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-80/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-80/2022 21.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 20 oktyabr 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/S-25 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 20 oktyabr 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 2022-ci ilin yanvar ayı üçün ona təyin edilmiş pensiya məbləğinin ödənilmədiyini öyrənmiş və bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu”na ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən ünvanlanmış 04 fevral 2022-ci il tarixli, 01/S-25 saylı məktubunda ona təyin edilmiş müvafiq pensiyanın kəsilməsinə səbəb olaraq xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabın sığorta hissəsində formalaşan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığı, buna görə də pensiya işinin ləğv edildiyi göstərilmişdir. Göründüyü kimi, cavabdeh orqan təyin edilmiş pensiyanın kəsilməsini xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabın sığorta hissəsində formalaşan pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğinə çatmaması ilə əsaslandırmışdır. İddiaçı bir sıra maddi hüquq normalarına istinad edərək hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun yaşa görə güzəştli şərtlərlə pensiya hüququ qazanan şəxsə pensiya təyin edilən zaman “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” şərti tətbiq edilmir. Bundan başqa, cavabdeh publik hüquqi şəxsin "Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasını daha öncə yaranan hüquq münasibətlərinə tətbiq etməsi Konstitusion prinsiplərlə ziddiyət təşkil etmişdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək qüvvədə olan hüquqi aktlar əsasında iddiaçının qazandığı yaşa görə güzəştli şərtlərlə pensiya hüququ 11 il sonra qəbul edilmiş- 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının tətbiq edilməsilə əsassız olaraq məhdudlaşdırılmış, eyni zamanda, maddi-sosial vəziyyəti pisləşmişdir. İddiaçı qeyd olunan xüsusatları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci, 70.1 və 70.3-cü maddələrini rəhbər tutaraq, İddiaçı 20 oktyabr 2017ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/S-25 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. 29 mart 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı İddiaçı 20 oktyabr 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/S-25 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia qaldırdığını, sonradan 01 mart 2022-ci il tarixdə Fondun Culfa rayon şöbəsi tərəfindən 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarın ona təqdim edildiyini, onun pensiyasının həmin qərar əsasında kəsildiyini, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Həmçinin iddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsinə heç bir etirazının olmadığını bildirərək, qeyd olunanlarla bağlı yazdığı 29 mart 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2- 1(122)-80/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “İddiaçı 20 oktyabr 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/S-25 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi kimi icraata qəbul edilməsi və İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı hazırki inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra işin hazırlıq icraatı davam etdirilərək məhkəmənin 29 mart 2022-ci il tarixli, 2-1(122)-80/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya qarşı 14 aprel 2022-ci il tarixli, 06/107 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1960-cı il tarixdə anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərarına əsasən 20 oktyabr 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 110,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci tarixindən qüvvədə olan və “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997-cı il tarixdən başlayaraq 01 avqust 2000-ci il tarixədək hər il altı ay artırılaraq 57 yaş müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavəyə əsasən "Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı"nın 2.4.1-ci bəndinə əsasən həmin Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin olunması üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim olunması zəruridir. Vətəndaşın təqdim etdiyi sənədlərin arasında güzəştli şərtlərlə işləməsinə dair iş yerindən arayış yoxdur. İddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 57 yaşdır. Qanunun 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 222 aya (144 ay + 78 ay) bölünməlidir. 78 ay iddiaçının pensiyaya çıxmaq hüququnun yarandığını iddia etdiyi 57 yaşla Qanunun 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı olan 63 il 6 ay arasındakı fərqdir (63 il 6 ay - 57 il = 06 il 6 ay). Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 25 il 4 ay 17 gün sığorta stajına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16812,46 manat olmuş, 01 yanvar 2006-cı il tarixdən 20 oktyabr 2017-ci il tarixədək isə 6721,39 manat olmaqla, cəmi 23533,85 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablaması aşağıdakı qaydada aparılmışdır: 63 yaş 6 ay (2017-ci ilin oktyabr ayında Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) — 57 yaş (güzəştli şərtlərlə yaş həddi) — 78 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 222 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); Pensiya kapitalı 23533,85 : 222 = 106,00 < 110,0 (2017-ci il minimum pensiya məbləği). X7 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə təminat verən kapitaldan az olmuşdur. Buna görə də, İddiaçı pensiyası Fondun Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Cuifa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 31 may 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 2019-cu il tarixdən bu ilin əvvəlinədək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin müdiri vəzifəsində işlədiyini, İddiaçı müraciəti əsasında ona pensiya komissiya tərəfindən pensiya təyin edildiyini, təyin edilmiş pensiyanı şəxsən özünün yoxladığını, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyini, ona pensiya təyin edilərkən qanunvericiliyin tələblərinin pozulmadığını bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 31 may 2022-ci il tarixli, 2-1(122)-80/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 21 iyun 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, uzun illər əmək fəaliyyəti ilə məşğul olduğunu, zərərli işlərdə işlədiyini, 57 yaşının tamam olduğu 2017-ci ilin oktyabr ayından ona pensiya təyin olunduğunu, sonradan yanvar ayından onun pensiyasının dayandırıldığını, fond tərəfindən çağırılaraq hər hansı icraat aparılmadığını, fonda müraciət etdiyini, bundan sonra 08 fevral 2022-ci il tarixli qərarın ona təqdim edildiyini, həmin qərarı 01 mart 2022-ci il tarixdə aldığını, pesiyasının minimum pensiya təminatına imkan verən pensiya kapitalı olmadığına görə kəsildiyini, qərarda cavabdeh inzibati orqan tərəfindən istinad edilən pensiya kapitalı məsələsinin ona şamil edilmədiyini, onun pensiya hüququnu 2006-cı ilin 1 yanvar tarixinədək qazandığını, ümumi və xüsusi stajının tamamlandığını, sonradan 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş qanunvericilik normasının ona tətbiq edilməməli olduğunu, bu halın hüquqlarını və qanunla qorunan maraqlarını pozduğunu, fond tərəfindən ona ötən illər ərzində ödənilmiş pul vəsaitinin geri tələb edildiyini, həmin pul vəsaitinin onun təqsiri üzündən ödənilmədiyini, həmin pul vəsaitinin geri qaytarılması barədə hər hansı bir razılığının olmadığını bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, fondun audit şöbəsi tərəfindən yoxlama aparıldığını, həmin yoxlama nəticəsində iddiaçının yaşının 2017-ci ilin oktyabr ayında tamamlandığının, ona görə də 2017-ci ilin iyul ayının 1dən qüvvəyə minmiş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının ona tətbiq edilməli olduğunun müəyyən edildiyini, pensiya kapitalının hesablanması zamanı pensiyanın minimum pensiya təminatına imkan vermədiyinin aşkarlandığını, bundan sonra müvafiq audit yoxlaması əsasında şöbə tərəfindən müvafiq qərar qəbul edildiyini, iddiaçının pensiyasının ləğv edildiyini bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına fondun məktubunun surətini, əmək kitabçasının təsdiq edilmiş surətini, qeydiyyat yeri barədə arayışı və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanan 04 fevral 2022-ci il tarixli, 01/S-25 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 30 aprel 2021-ci il tarixdə hüququnun yarandığı 20 oktyabr 2017-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə 110,00 manat əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçı xx.xx.2006-cı il tarixədək olan 25 il 4 ay 17 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı 16812,46 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək isə 6721,39 manat olmaqla, cəmi 23533,85 manat pensiya kapitalı olmuşdur. Hesablama aşağıdakı qaydada arparılmışdır: 63 yaş 6 ay (2017-ci ilin oktyabr ayı Qanunun 7-cı maddəsinə əsasən kişilərin yaş həddi) – 57 (güzəştli şərtlərlə pensiya yaşı) = 78 (yaşlar arasındakı ay fərqi) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 222 (gözlənilən pensiya ödənişi aylarının sayı); pensiya kapitalı 23533,85 : 222 = 106,00 < 110,00 (2017-ci il minimum pensiyanın məbləği). Fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. Əlavə olaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ onun 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə yaranmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə İddiaçı xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyil. - 05 iyul 1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05 iyun 1981-ci ildən 24 avqust 1981-ci ilədək Culfa stansiyası texniki kantora üzrə operator, 27 dekabr 1982-ci ildən 03 fevral 1983-cü ilədək Culfa stansiyası texniki kantora üzrə operator, 23 sentyabr 1983-cü il tarixdən 05 avqust 1985-ci il tarixədək Culfa stansiyası stansiya növbətçisi yanında operator, 03 may 1990-cı il tarixdən 01 yanvar 1998-ci il tarixədək Culfa stansiyası vaqonların texniki xidmət məntəqəsində çilingər, 04 yanvar 1998-ci il tarixdən 14 fevral 2002-ci il tarixədək X12 Məntəqəsində işlək hissələr üzrə çilingər, 14 fevral 2002-ci il tarixdən 17 may 2018-ci il tarixədək “X9” MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsində vaqon bələdçisi, 24 may 2018-ci il tarixdən 12 iyul 2018-ci il tarixədək “X9” MMC-nin İnfranstuktur İdarəsinin Rabitə və X5 XAZ-ATS-də İ ixtisas dərəcəli elektrik mantyoru, 15 avqust 2018-ci il tarixdən 18 avqust 2021-ci il tarixədək “X9” MMC-nin İnfranstuktur İdarəsinin Ordubad Yol Sahəsi 7 saylı Culfa məntəqəsində İİ ixtisas dərəcəli yol montyoru vəzifəsində işəmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20 oktyabr 1690-cı il tarixdə ünvan 2 ünvanında yaşayır. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli, 420 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında yaşayır və qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - İlkin olaraq cavabdeh qismində məhkəmənin sərəncamına cavab olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan etirazla eyni məzmunlu 17 mart 2022-ci il tarixli, 01/151 nömrəli məktubdan görünür ki, iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən qəbul edilmiş 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının əsli ilə düz surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş, ünvan 5 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə 49 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4253 manat 97 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 28 aprel 2022-ci il tarixli, 06/138 nömrəli məktubla məhkəməyə ünvanlanan 21 aprel 2022-ci il tarixli, 06/124 nömrəli izahlı məktubdan görünür ki, xx xxxxxxx 1960-cı il tarixdə anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərarına əsasən 20 oktyabr 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 110,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, onun 2006-cı il yanvar ayının 1dək 25 il 4 ay 17 gün sığorta stajı vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 aya deyil, 222 aya (144 ay + 78 ay) bölünməlidir. 78 ay iddiaçının pensiyaya çıxmaq hüququnun yarandığını 57 yaşla Qanunun 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı olan 63 il 6 ay arasındakı fərqdir (63 il 6 ay - 57 il = 06 il 6 ay). İddiaçının pensiya yaşı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra tamam olduğu üçün, ona 2017-ci il iyulun 1-dən sonra həm də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 25 il 4 ay 17 gün sığorta stajına əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16812,46 manat olmuş, 01 yanvar 2006-cı il tarixdən 20 oktyabr 2017-ci il tarixədək isə 6721,39 manat olmaqla, cəmi 23533,85 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 63 yaş 6 ay (2017-ci ilin oktyabr ayında Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə yaş həddi) = 78 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 222 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); Pensiya kapitalı 23533,85 : 222 = 106,00 < 110,0 (2017-ci il minimum pensiya məbləği). Göründüyü kimi, İddiaçı 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə təminat verən kapitaldan az olduğu üçün onun pensiyası Fondun Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarına əsasən ləğv edilmişdir. - Fondun Culfa rayon şöbəsinin müvafiq məktubu ilə məhkəməyə ünvanlanan 012692 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2017-xx.xx.2018 aralığında 110, xx.xx.2018-xx.xx.2019 aralığında 116,27, xx.xx.2019-xx.xx.2019 aralığında 119,76, xx.xx.2019-xx.xx.2019 aralığında 160, xx.xx.2019-xx.xx.2020 aralığında 200, xx.xx.2020-xx.xx.2021 aralığında isə 233,20, xx.xx.2021-ci il tarixdən hər ay 259,78 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. - İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 30 aprel 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 04 fevral 2021-ci il tarixli, 103 nömrəli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü istefada olan gizir İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək isə gizir qismində həqiqi hərbi xidmət keçmişdir. - 19 iyul 1978-ci il tarixli, 4729 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 01 sentyabr 1977-ci ildən 18 iyul 1978-ci ilə qədər təhsil almışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, 06/135 nömrəli arayışdan görünür ki, İddiaçı ssn **********218 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 10 il 6 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 6721.39 manat pensiya kapitalı vardır. - X1 Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq ünvanlanmış 05 may 2022-ci il tarixli, 02/60 nömrəli məktubla İddiaçı işləməsi haqqında arxiv arayışları məhkəməyə göndərilmişdir. Həmin məktubla məhkəmə ünvanlanmış 05 may 2022-ci il tarixli, 13/638 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X13 Hissəsi - VÇD-9 saylı X10 Deposunun sənədlərinə baxdıqda müəyyən olmuşdur ki, İddiaçı xx.xx.1981-ci il tarixli, 103 nömrəli əmrlə operator qəbul edilməsi, xx.xx.1981-ci il tarixli, 201 nömrəli əmrlə işdən azad edilməsi, xx.xx.1982ci il tarixli, 369 nömrəli əmrlə həmin depoya yenidən operator qəbul edilməsi, xx.xx.1983cü il tarixli, 238 nömrəli əmrlə həmin depoya qəbul edilməsi, xx.xx.1985-ci il tarixli, 54 nömrəli əmrlə işdən azad edilməsi, xx.xx.1990-cı il tarixli, 154 nömrəli əmrlə Dəmir Yolu NOD-3 Hissəsinə çilingər qəbul edilməsi əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində VÇD-9 saylı X10 Deposunun 1983-cü ilə dair əmr kitabında işdən azad edilməsi haqqında əmrlərdə adına rast gəlinmədiyi göstərilmişdir. 05 may 2022-ci il tarixli, 13/638 nömrəli digər arayışdan görünür ki, İddiaçı 1992-1997-ci illər ərzində X13 - NOD-3 Hissəsində işləmiş və aylar üzrə müvafiq əmək haqqı almışdır. 05 may 2022-ci il tarixli, 13/638 nömrəli digər arayışdan görünür ki, İddiaçı 1998-2006-cı illər ərzində X13 Hissəsi - VÇD-9 saylı X10 Deposunda işləmiş və aylar üzrə müvafiq əmək haqqı almışdır. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası “X9” MMC tərəfindən məhkəməyə ünvanlanmış 21 iyun 2022-ci il tarixli, D/153 nömrəli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının İİ əlavəsinin 23001000-21250 bəndinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Culfa stansiyası texniki kantora üzrə operator, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Culfa stansiyası texniki kantora üzrə operator, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Culfa stansiyası stansiya növbətçisi yanında operator, həmin qərarın 23001000-18540 bəndinə əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Culfa stansiyasında vaqonların texniki xidmət məntəqəsində çilingər, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X12 Məntəqəsində işlək hissələr üzrə çilingər vəzifəsində işləyərək, ümumilikdə, güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 13 il 11 ay 15 gün staja sahibdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4-cü bəndinə uyğundur. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən minimum pensiya təminatına imkan verən pensiya kapitalının ona şamil olunmadığını bildirərək, həmin qərarın ləğv olunmasını və pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, aparılan audit yoxlamasından sonra iddiaçıya minimum pensiya təminatına imkan verən pensiya kapitalının şamil olunduğunu, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum pensiya təminatına imkan vermədiyindən pensiyasının ləğv edilməsi qərara alınmış, bu məqsədlə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxxx 1960-cı ildə anadan olmuş, 01 sentyabr 1977-ci ildən 18 iyul 1978-ci ilə qədər təhsil almış, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, 1981-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. 20 oktyabr 2017-ci il tarixdə iddiaçının 57 yaşının tamam olmasını nəzərə alaraq ona 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərara əsasən 20 oktyabr 2017-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının olması müəyyən edilmişdir. Sonradan 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərar qəbul edilərək iddiaçının pensiyası ləğv edilmişdir. Qərarın qəbul edilməsinə səbəb iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olması və buna görə də ona həmin tarixdən qüvvədə minmiş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının şamil edilməsidir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Qeyd olunan müddəanın tələbləri iddiaçıya münaibətdə tətbiq edilmiş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən onun pensiya işi ləğv edilmişdir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi;

2. təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı ona xx.xx.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə səbəb olan 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarın ləğv edilməsidir. Bu baxımdan hazırki mübahisə xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə təyin edilir. Başqa sözlə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi, həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il 4 ay 17 gün ümumi və 13 il 11 ay 15 gün xüsusi iş stajı mövcuddur. Belə ki, araşdırma zamanı iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında XXVİİİ hissədə “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adı altında 23001000—21250 koda əsasən birinci dərəcəli və dərəcədənkənar stansiyalarda tərtibat təpələrinin operatorları və növbətciləri, 23001000—18540 koda əsasən hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il 4 ay 17 gün ümumi və 13 il 11 ay 15 gün güzəştli iş stajının olduğu öz təsdiqini tapmışdır. İddiaçının ümumi və xüsusi iş stajı ilə bağlı məsələ cavabdeh inzibati orqan tərəfindən də münahisələndirilməmişdir. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələ iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması ilə bağlıdır. İddiaçının ümumi və xüsusi iş stajını mübahisələndirməyən cavabdehin qənaətinə görə, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi müəyyən olunur və odur ki, iddiaçının pensiya işi ləğv olmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, əvəllər qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən hazırki mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Cavabdehin imtinasında istinad etdiyi tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı ona həmin Qanunun 9.8-ci maddəsinə istinadən xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaranmış və həmin Qanunda minimum pensiya təminatına imkan verən pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı barədə mövcud qanunvericiliyin tələbi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələbi əsassızdır və iddiaçıya qarşı həmin tələbi irəli sürməklə onun pensiyasının ləğv edilməsi barədə qərar qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz və iddiaçı cavabdeh inzibati orqanın 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi birinci hissəsinə əsasən həll edildiyindən bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarın ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsi deməkdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya 30 aprel 2021-ci il tarixli, 49 nömrəli qərar əsasında təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsada, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarının ləğv edilməli və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməlidir.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 08 nömrəli qərarı ləğv edilir. İddiaçı təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar