Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-803/2025 14.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 1995-ci il tarixli, 433 nömrəli və 23 sentaybr 1997-ci il tarixli, 540 nömrəli sərancamı ilə Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən vulkanizasiya sexinin ona geri qaytarılması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 1995-ci il tarixli, 433 nömrəli və 23 sentaybr 1997-ci il tarixli, 540 nömrəli sərancamı ilə Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən vulkanizasiya sexinin ona geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 may 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı 07 aprel 2025-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmununda Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən vulkanizasiya sexinin ona məxsus olduğunu iddia edərək, həmin qeyri-yaşayış sahəsinin ona geri qaytarılmasını tələb etsə də, həmin sexin onun mülkiyyətində olmasını təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 1995-ci il tarixli, 433 nömrəli və 23 sentyabr 1997-ci il tarixli, 540 nömrəli sərancamlarında sexin tikintisi üçün müvafiq torpaq sahəsi istifadəyə verilmiş və sexin tikintisinə icazə verilmişdir. Bununla da hazırki iş üzrə müvafiq tələb hüququna, həmçinin subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbində qeyd edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəf məhkəmənin yardım məktubunu almasına baxmayaraq, yardım məktubunda qeyd olunan məsələlərin aradan qaldırılması istiqamətində hər hansı bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmənin yardım məktubunu aldığını, məktubda qeyd olunanlarla bağlı hər hansı fikir, mülahizə və sübutunun olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçının mülkiyyət hüquqlarının öz təsdiqini tapmadığını bildirərək, məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dimləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən vulkanizasiya sexinin mülkiyyət hüququ üzrə ona məxsus olduğunu iddia edərək ona geri qaytarılmasını tələb edir. İddiaçı tərəfindən iş materiallarına cavabdehin imtina məktubu, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 1995-ci il tarixli, 433 nömrəli və 23 sentyabr 1997-ci il tarixli, 540 nömrəli sərancamlarını, sxemi və qeydiyyat yeri barədə arayışı əlavə edilmişdir. Həmin sənədlərin hər birinə ayrılıqda baxış keçirilərkən məlum olur ki, onlar iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq etmir. Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 1995-ci il tarixli, 433 nömrəli sərəncamında şəhərin Ə.Əliyev küçəsində yerləşən 4x5 metr ölçüsündə sahədə İddiaçı mağaza tikintisinə icazə verilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 23 sentyabr 1997-ci il tarixli, 540 nömrəli sərəncamında isə Ə.Əliyev küçəsində tikilmiş vulkanizasiya sexinin arxa tərəfində istifadəsiz qalan 3.0x4.0 metr ölçüsündə torpaq sahəsi sexin genişləndirilməsi məqsədi ilə İddiaçı istifadəsinə verilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi sərəncamlarda müvafiq torpaq sahələri onun istifadəsinə verilmiş və mağaza tikintisinə icazə verilmişdir. İddiaçı isə iddia tələbində vulkanizasiya sexinin ona geri qaytarılmasını tələb edir. İş materiallarında iddiaçının həmin sex üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlər mövcud deyil. Bu hal isə özlüyündə iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququnun mövcudluğunu istisna edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə etmədiyi üçün yardım məktubunda bununla bağlı qeyd olunan məsələyə münasibət bildirilməsi tələb edildiyi halda, iddiaçı tərəfindən hər hansı münasibət bildirilmədiyi üçün iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. Həmçinin məhkəmə prosesində də iddiaçıya şifahi qaydada hüquqi yardım edilsə də, iddiaçı hər hansı sübutunun olmadığını bildirərək, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Bununla da, iddiaçının mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 1995-ci il tarixli, 433 nömrəli və 23 sentaybr 1997-ci il tarixli, 540 nömrəli sərancamı ilə Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən vulkanizasiya sexinin ona geri qaytarılması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyətinin 29 avqust 1995-ci il tarixli, 433 nömrəli və 23 sentaybr 1997-ci il tarixli, 540 nömrəli sərancamı ilə Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən vulkanizasiya sexinin ona geri qaytarılması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-803/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-803/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver