Məhkəmə qərarları › İş №2-1(122)-807/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-807/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-807/2025 27.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "1994-cü ilin may ayından 2019-cu ilin aprel ayınadək müharibə veteranları üçün verilən müavinətin və 2019-cu ilin aprel ayından 2024-cü ilin oktyabr ayınadək təsis edilmiş Prezident təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdehlər Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1994-cü ilin may ayından- 2024-cü ilin oktyabr ayınadək müharibə veteranı üçün nəzərdə tutulan müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyininin AR Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan müharibələrdə iştirak etmişdir. Lakin Vətən uğrunda göstərdiyi şücaətə görə İddiaçı Azərbaycan Respublikasının “müharibə veteran” vəsiqəsi 30 il sonra, xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçı müharibə veteranı almış şəxs kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü xx.xx.2024-cü il tarixindən almağa başlamışdır. İddiaçı xx.xx.2024-cü il tarixindən əvvəlki dövr (30 il üçün) müavinətin hesablanaraq ona ödənilməsi məqsədilə AR Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra DSMF) müraciət etmişdir. DSMF 3-17-9-1/2-M-1541/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ünvanlayaraq vəsiqənin verildiyi tarixdən əvvəl Prezident təqaüdünün təyin edilməsinin mümkün olmadığını bildirmişdir. AR Müdafiə Nazirliyi AR “Veteranlar haqqında” qanunun 7-ci maddəsindən irəli gələn vəzifəsinin icrasını gecikdirərək tam 30 il sonra müharibə veteranı vəsiqəsini iddiaçıya təqdim etmişdir. Halbuki AR Müdafiə Nazirliyi öz vəzifəsini vaxtında icra edib 1995-ci ildə İddiaçı müharibə veteranı vəsiqəsini təqdim etsəydi, 1994-cü ilin may ayından etibarən iddiaçı müharibə veteranları üçün müəyyən edilən müavinəti əldə edəcəkdi. Belə ki, iddiaçı 30 il üçün müavinətin hesablanaraq ona ödənilməsi üçün müraciətinə AR “Veteranlar haqqında” qanunun 7-ci maddəsinin “Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir” müddəasına istinad edilməklə imtina edilmişdir. Birincisi, qanunun 7-ci maddəsinin bu bəndinə istinad edilməklə müavinətin verilməsindən imtina AR Konstitusiyasının 38-ci maddəsilə nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəbdir. Çünki iddiaçı 1993-1995-ci illərdə müharibədə iştirak edərək, faktiki olaraq müharibə veteranı statusunu əldə etmiş və buna görə də müharibə başa çatdğı gündən - 1994-cü ilin may ayından etibarən müharibə veteranlarına verilən güzəştlərdən yararlanmaq hüququ yaranmışdır. Veteran vəsiqəsi isə bu hüququ yaradan deyil, sadəcə olaraq onu göstərən sənəddir. Göründüyü kimi şəxsin müharibə veteranı sayılması üçün vəsiqənin verildiyi tarixin heç bir önəmi yoxdur. Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və müharibə başa çatdığı tarixdən etibarən müharibə veteranı sayılır və həmin tarixdən etibarən müharibə veteranına görə müavinət hesablanaraq şəxsə ödənilməlidir. Beləliklə, 1994-cü ilin may ayından-2024-cü ilin oktyabr ayınadək müharibə veteranı üçün nəzərdə tutulan müavinətin hesablanaraq İddiaçı ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən cavabdehlər Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 1994-cü ilin may ayından-2024-cü ilin oktyabr ayınadək müharibə veteranı üçün nəzərdə tutulan müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyininin AR Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. İddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək 1994-cü ilin may ayından 2024cü ilin oktyabr ayınadək müharibə veteranı üçün nəzərdə tutulan müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 15 may 2025-ci il tarixli məhkəmə iclasında protokol qərardadı ilə təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Bundan sonra məhkəmənin müvafiq sərəncam ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 15 iyul 2025-ci il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il tarixdə Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan İddiaçı xx.xx.2024-cü il tarixindən əvvəlki dövr (30 il) üçün müavinətin hesablanaraq ona ödənilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Fondun xx.xx.2025-ci il tarixli, 3-17-9-1/2-M-1541/2025 saylı cavab məktubunda İddiaçı vəsiqənin verildiyi xx.xx.2024-cü il tarixdən əvvəl Prezident təqaüdünün təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Sosial müavinət və təqaüdlərin təyinatı şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-9-1/1-M-566/2025 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi, "Veteranlar haqqında” Azərbaycan Respublikasının 28 iyun 1994-cü il tarixli, 841 nömrəli Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirildiyi göstərilmişdir. Qərarda İddiaçı veteran vəsiqəsi verilən xx.xx.2024-cü il tarixdən təqaüd təyin olunduğu bildirilmişdir. Bundan narazı qalan A.Mehdiyev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1994-cü ilin may ayından 2024-cü ilin oktyabr ayınadək müharibə veteranı üçün nəzərdə tutulan müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-1995-ci illərdə aparılan əməliyyatlarda işitrak edərək müharibə veteranı adını və bu ada görə müavinət almaq hüququnu 1994-cü ilin may ayında (yəni X2 başa çatdığı dövrdə) qazansa da, müharibə veteranı adı və vəsiqəsi ona 2024-cü ildə verilmişdir. Dolayısı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikası "Veteranlar haqqında" Qanunun 7-ci maddəsindən irəli gələn vəzifəsinin icrasını gecikdirərək tam 30 il sonra müharibə veteranı vəsiqəsini iddiaçıya təqdim etmişdir. Halbuki Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz vəzifəsini vaxtında icra edib 1995-ci ildə ona müharibə veteranı vəsiqəsini təqdim etsəydi 1994-cü ilin may ayından etibarən iddiaçı müharibə veteranları üçün müəyyən edilən müavinəti əldə edəcəkdi. İddiaçı hesab edir ki, 1994-cü ilin may ayından - 2024-cü ilin oktyabr ayınadək müharibə veteranı üçün nəzərdə tutulan müavinət hesablanaraq ona ödənilməlidir. Qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. Müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə 2019-cu ilin aprel ayından təqaüdlə əvəz olunmuşdur. İddiaçının veteran statusu xx.xx.2024-cü ildə yarandığı üçün ona həmin tarixdən Prezident təqaüdü təyin edilmişdir. Bu baxımdan da 01 aprel 2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə "Sosial müavinətlər haqqında" Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki illər üçün ödəmələrin aparılması yolverilməzdir. İddiaçı xx.xx.2024-cü il tarixindən "müharibə veteranı" adı və vəsiqəsi verildiyi üçün ona həmin tarixdən müharibə veteranları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "1994-cü ilin may ayından 2024-cü ilin oktyabr ayınadək müharibə veteranı üçün nəzərdə tutulan müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması” tələbi əsassız olduğundan rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 noyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 27 noyabr 2025-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini dəqiqləşdirirərək iddia tələbinin 1994-cü ilin may ayından 2019-cu ilin aprel ayınadək müharibə veteranları üçün verilən müavinətin və 2019-cu ilin aprel ayından 2024-cü ilin oktyabr ayınadək təsis edilmiş Prezident təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Sosial müavinət və təqaüdlərin təyinatı şöbəsinin 03 fevral 2025-ci il tarixli, 3-17-9-1/1-M-566/2025 nömrəli qərarından aydın olur ki, Azərbaycan Respublikasının “Veteranlar haqqında” 28 iyun 1994-cü il tarixli, 841 nömrəli qanununun 7ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçı veteran vəsiqəsi 29 oktyabr 2024-cü il tarixindən verildiyindən vəsiqə verilən müddətdən veteran hesab olunur və həmin müddətdən təqaüd təyin olunur. Bu səbəbdən İddiaçı 29 oktyabr 2024-cü il tarixindən əvvələ təqaüdün təyin edilməsi qanunamüvafiq deyildir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanladığı 11 fevral 2025ci il tarixli, 3-17-9-1/2-M-1541/2025 nömrəli məktubdan aydın olur ki, ona müharibə veteranı vəsiqəsi verildiyi 29 oktyabr 2024-cü il tarixdən müddətsiz olaraq aylıq 80 manat məbləğində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxs kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir.Vəsiqənin verildiyi tarixdən əvvəl Prezident təqaüdünün təyin edilməsi qanunamüvafiq deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 091202 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan iştifadə etmək hüququna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. - Babək Rayon Polis Şöbəsi tərəfindən 30 noyabr 2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1975-ci il tarixdə Naxçıvan rayonu, Nehrəm kəndində doğulmuş İddiaçı Babək rayonu, Nehrəm kəndində pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 iyul 2025-ci il tarixli, 3-17-9-1/2-9123/2025 nömrəli məktubdan aydın olur ki, İddiaçı 29 oktyabr 2024-cü il tarixindən müddətsiz olaraq Müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilərək ödənilir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 avqust 2025-ci il tarixli, 14/2- 4622/2025 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün göndərilən sənədlərə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxılmış, 1083 nömrəli protokol ilə ona "müharibə veteranı" adı verilmiş və M/V- 091202 nömrəli vəsiqə ayrılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 9.1-ci maddəsinə əsasən Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. - 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir... “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının: 2.1.1-ci bəndinə əsasən 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. 2.1.2-ci bəndinə əsasən dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı 1994-cü ilin may ayından 2019-cu ilin aprel ayınadək müharibə veteranları üçün verilən müavinətin və 2019-cu ilin aprel ayından 2024-cü ilin oktyabr ayınadək təsis edilmiş Prezident təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarına əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdə "müharibə veteranı" adı verilmiş və M/V-091202 nömrəli vəsiqə ayrılmışdır. Eyni zamanda həmin tarixdən, yəni 29 oktyabr 2024-cü il tarixindən İddiaçı “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilir. Hazırkı mübahisə isə iddiaçıya 1994-cü il tarixdən 2019-cu ilin aprel ayınadək müharibə veteranları üçün verilən müavinətin və 2019-cu ilin aprel ayından 2024-cü ilin oktyabr ayınadək təsis edilmiş Prezident təqaüdünün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019cu il tarixli, 641 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmiş, beləliklə, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Qanunvericilikdə həmin güzəştlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edildiyindən, vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yəni həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Beləliklə, 1 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunması yolverilməzdir. Qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 1 aprel 2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə hesab edir ki, 1 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən də hazırki iş üzrə cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "1994-cü ilin may ayından 2019-cu ilin aprel ayınadək müharibə veteranları üçün verilən müavinətin və 2019-cu ilin aprel ayından 2024-cü ilin oktyabr ayınadək təsis edilmiş Prezident təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "1994-cü ilin may ayından 2019-cu ilin aprel ayınadək müharibə veteranları üçün verilən müavinətin və 2019-cu ilin aprel ayından 2024-cü ilin oktyabr ayınadək təsis edilmiş Prezident təqaüdünün hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar