Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-81/2021 01.06.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin nümayəndələri X3 və X1 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və az hesablanmış məbləğin pensiyasına əlavə edilməsi” tələbinə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanması və az hesablanmış məbləğin pensiyasına əlavə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 01 iyun 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və az hesablanmış məbləğin pensiyasına əlavə edilməsi“ barədə iddia qaldırdığını bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin nümayəndələri X5 və X2 iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə heç bir etirazlarının olmadığını bildirmişdirlər. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Hazırki mübahisədə də iddiaçının ərizəsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçının diqqətinə çatdırılır ki, onun ərizəsi əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması və az hesablanmış məbləğin pensiyasına əlavə edilməsi” tələbi barədə iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət, qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-81/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-81/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver