Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-81/2024 10.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri (Babək rayon) Tumbul kəndində mülkiyyətində olan 1724.40 kv.m torpaq sahəsində faktiki vəziyyətə uyğun olaraq yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2007-ci il tarixində, seriya MH, ******* nömrəli Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 reyestr nömrəsi, 3142 saylı qeydiyyat nömrəsi əsasında Çıxarış verilmişdir. Çıxarışa əsasən onun adına 1724.40 kv.m torpaq sahəsi qeydə alınmışdır. İddiaçı torpaq sahəsinin dəqiqləşdirilmə aparılması ilə bağlı Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Naxçıvan Şəhər idarəsinə müraciət etmişdir. Ona məxsus həyətyanı torpaq sahəsi yerində olan vəziyyətdə ölçülmüş, faktiki torpaq sahəsinin 1474.51 kv.m olduğu, yəni 249.89 kv.m torpaq sahəsinin az olduğu müşahidə olunmuşdur. Bu barədə xx.xx.2021-ci il tarixində akt tərtib olunmuşdur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan şəhər (Babək rayon) Tumbul kəndində mülkiyyətində olan 1724.40 kv.m torpaq sahəsinə 19 mart 2007ci il tarixli, seriya MH, ******* nömrəli Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 reyestr nömrəsi, 3142 saylı qeydiyyat nömrəsi əsasında Çıxarış verilmiş, torpaq sahəsinə yerində dəqiqləşdirmə aparmaqla yerində müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 11 sentyabr 2023-cü il tarixli ərizə göndərərək, məhkəmədən Naxçıvan şəhər (Babək rayon) Tumbul kəndində mülkiyyətində olan 1724.40 kv.m torpaq sahəsinə faktiki vəziyyətə uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məhkəməyə təqdim etdiyi, 2023-cü il Naxçıvan şəhər Tumbul kəndinin yerquruluşu planından çıxarışa istinadən orada göstərilən bələdiyyə ərazisi də daxil olmaqla yenidən qeydiyyata alınaraq çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli, 2-1(122)-636/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Sonradan 13 fevral 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 13 fevral 2024-cü il tarixli ərizə təqdim edərək, məhkəmədən Naxçıvan şəhəri (Babək rayon) Tumbul kəndində mülkiyyətində olan 1724.40 kv.m torpaq sahəsində faktiki vəziyyətə uyğun olaraq yeni texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmənin 13 fevral 2024-cü il tarixli, 2-1(122)-81/2024 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 09 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil məhkəməyə 09 aprel 2024-cü il tarixli ərizə təqdim edərək, cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz olunmasına razılıqlarının bildirilməsinə dair ərizə təqdim etdilər. Məhkəmənin 09 aprel 2024-cü il tarixli, 2-1(122)-81/2024 nömrəli qərardadı ilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 22 iyun 2023-cü il tarixli, 04/396 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Tumbul kənd sakini İddiaçı Babək rayon DNK-nın xx.xx.2007-ci il tarixli 4Ə/-77 nömrəli bağışlama müqaviləsi əsasında kənd sakini X8 mülkiyyətində olmuş 155B kadastr nömrəli həyətyanı torpaq sahəsini əldə etmişdir. Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə JN-155B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X8 mülkiyyətinə verilmiş torpaq sahəsi 1724,36 m2 olmuşdur. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli ******* nömrəli çıxarışda həyətyanı torpaq sahəsi 1724,40 m2 göstərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə həyətyanı torpaq sahəsinin ölçülməsi üçün Xidmətin Naxçıvan Şəhər İdarəsinə müraciət etmiş, həmin tarixdə aparılmış ölçmə işləri nəticəsində müəyyən olunmuşdur ki, mövcud sərhədlər daxilində həyətin faktiki sahəsi 1474,51 m2-dir. Torpaq sahəsinin 249,89 m2 azalması qonşu X3 mülkiyyətində olan JN-156A kadastr nömrəli həyətyanı torpaq sahəsi ilə JN-155B kadastr nömrəli həyətyanı torpaq sahəsi arasında olan sərhədin dəyişməsi nəticəsində baş vermişdir. Tərəflər arasında razılıq olmadığından uyğunsuzluğun aradan qaldırılması mümkün olmamış və tərəflərə aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 may 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - 19 mart 2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Babək rayon Tumbul kəndində yerləşən sahəsi 1724.40 kv.m olan fərdi ev tikintisi məqsədli torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 639 nömrəli vərəqində qeydiyyata alınmışdır. (reyestr nömrəsi **********75; qeydiyyat nömrəsi 3142). - 16 mart 2007-ci il tarixli, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Pasportunun surətindən görünür ki, Babək rayon Tumbul kəndində yerləşən **********75 reyestr nömrəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - 12 yanvar 2021-ci il tarixli aktın surətindən görünür ki, Naxçıvan şəhərinin Tumbul kəndində İddiaçı həyətyanı torpaq sahəsinə naturada baxış keçirilmiş və faktiki torpaq sahəsinin 1474.51 m2 olduğu müəyyən olunmuşdur. Həyətyanı torpaq sahəsi Naxçıvan MR DƏDRX-in xx.xx.2007-ci il tarixli 000639 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsündə 1724.40 m2 olduğu halda 249.89 m2 az olduğu müşahidə olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 487 nömrəli arayışdan görünür ki, Abbasov X4 şəhər Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində qeydiyyatda durur. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 28 iyul 2023-cü il tarixli 04/464 nömrəli məktubundan məlum olur ki, iddiaçının vəsatəti əsasında Naxçıvan şəhər Tumbul kəndində yerində baxış keçirilmiş və akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli akt, icraat materialları və kəndin yerquruluşu planından çıxarış məhkəməyə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 9.1-ci və 9.1.4-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi qaydasında aparılır. - 9.5-ci maddəsinə əsasən hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi ona Naxçıvan şəhəri Tumbul kəndində yerləşən 1724.40 kv.m torpaq sahəsinin faktiki vəziyyətinə uyğun yeni texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir. Mülki Məcəllənin 14.1-ci maddəsində deyilir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin mülkiyyətə, icarəyə və ya istifadəyə ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Xüsusilə qeyd olunmalıdır ki, inzibati akt sayılan hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, cavabdeh hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. İş üzrə materiallarla təsdiq olunur ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Babək rayon Tumbul kəndində yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmaqla ona hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən 19 mart 2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının adına qeydiyyata alınan mövcud torpaq sahəsinin ölçüsündə səhvə yol verilmişdir. Bu hal 12 yanvar 2021-ci il tarixli və iddiaçının vəsatəti əsasında yenidən baxış keçirilərək tərtib olunmuş 25 iyul 2023-cü il tarixli aktlarla təsdiq olunmuşdur. Məlumdur ki, Konstitusiyanın 13 və 29-cu maddələrində göstərilənlərə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlakı ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ əsas insan hüquqlarından biridir. Digər konstitusiya hüquqları ilə yanaşı mülkiyyət hüququnu gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda da əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi və s.). İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunmalıdır ki, göstərilən beynəlxalq aktlar, o cümlədən İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə Protokol hər bir şəxsin mülkiyyətinə hörmətlə yanaşılması hüququnu, yəni məhz həqiqi əmlak hüququnu təmin edir. Heç kəs mülkiyyət hüququna verilən təminatlara özbaşına müdaxilə edə bilməz. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitutusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə artıq qeyd etmişdir ki: Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il Qərarı) Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə ilkin qeydiyyat zamanı müəyyən edilmiş 1724.40 kv.m torpaq sahəsinə dair qeydiyyatın aparılması üçün bu qərarda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunur. Həmçinin, məhkəmə icraatı gedişində müəyyən olundu ki, ilkin qeydiyyat zamanı müəyyən edilmiş 1724.40 kv.m torpaq torpaq sahəsinin faktiki vəziyyətinə uyğun olaraq iddiaçıya yeni texniki sənədlərin verilməsi üçüncü səxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmur. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verildiyi müəyyən olunmuşdur. Buna görə də, cavabdeh inzibati orqanın iddiaçı qarşısında qanundan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmışdır. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri (Babək rayon) Tumbul kəndində mülkiyyətində olan 1724.40 kv.m torpaq sahəsində faktiki vəziyyətə uyğun olaraq yeni texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan şəhəri (Babək rayon) Tumbul kəndində mülkiyyətində olan 1724.40 kv.m torpaq sahəsində faktiki vəziyyətə uyğun olaraq yeni texniki pasportun verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-81/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-81/2024
10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver