Məhkəmə qərarları › İş №2-1(122)-829/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-829/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-829/2024 04.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunaraq ödənməyən aylarda məvacibə hesablanmaqla işə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunaraq ödənməyən aylarda məvacibə hesablanmaqla işə bərpa olunmağı öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 29 avqust 2018-ci il tarixdən işdən azad olunanadək Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnazlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, heç bir intizam məsuliyyətinə cəlb olunmamışdır. Bütün bunlara baxmayaraq, heç bir səbəb olmadan 2023-cü ilin sonlarında icra başçısı onu yeni işlə təyin edəcəyini bildirdiyi üçün onun xidməti otağını boşaltmağını istəmişdir. O da yeni işlə əvəz olunacağını düşünərək xidməti otağında olan şəxsi əşyalarını boşaltmış və yeni bir işlə təyin olunacağını gözləmişdir. O, işdən azad olunmağı barədə heç bir ərizə ilə müraciət etməmiş, ona hər hansı ərizə yazmağı bildirilməmişdir. Bu müddət ərzində dəfələrlə icra başçısının qəbuluna girmək istəsə də, onu qəbul etməmişdir. Daha sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Sonuncu müraciətinə 08 fevral 2024-cü il tarixdə yazılı cavab olaraq onun işdən azad olunmağı barədə sərəncam göndərilmişdir. Lakin həmin vaxtadək onun işdən azad olunmağı barədə ona heç bir yazılı məlumat verilməmişdir. Sərəncamda öz ərizəsi əsasında işdən azad olunmağı qeyd olunmuşdur. Bu isə tamamilə əsassız və qanunsuzdur. O, işdən ayrılan zaman işdən azad olunmağı barədə icra başçısına heç bir ərizə təqdim etməmişdir. Yazılan ərizə və imza ona aid deyildir. İddiaçı qeyd edir ki, o, 22 il fasiləsiz olaraq dövlət qulluğunda fəaliyyət göstərmişdir. 5 ildir ki, Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyəti başçısının müavini işləməyinə və hər il dövlət qulluqçusunun fəaliyyətinin xidmətinin qiymətləndirilməsini müvəffəqiyyətlə keçməyinə baxmayaraq, onun birbaşa işdən azad olunmağı qanunsuz və əsassızdır. Nəticə etibarı ilə Azərbaycan Respublikası Konstitusiyası və qanunlarında nəzərdə tutulan hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 04 aprel 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 21 fevral 2024-cü il tarixdə yardım məktubu ünvanlanaraq Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ona məlum olduğu anı müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı işdən azad olunmağından xəbəri olmadığını, ona yeni işlə təmin olunacağı barədə vəd verildiyi səbəbindən bu müddət ərzində məhkəmədə iddia qaldırmadığını, 01 avqust 2023-cü il tarixindən işə çıxmayaraq əmək haqqı almadığını, əmək kitabçasını aldıqdan sonra mübahisələndirilən sərəncamdan xəbərdar olduğunu bildirib iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının işdən azad olunması haqqında mübahisələndirilən sərəncamdan xəbərdar olduğunu və iddiaçı tərəfindən iddia müddətinin buraxılması səbəbindən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edərək iddiaya dair yazılmış 04 aprel 2024-cü il tarixli etiraz məktubunu və ona əlavə edilmiş sübutları məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: . 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. 6.2-ci bəndinə əsasən işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. 6.3-cü bəndinə əsasən işçi vəfat etdikdə əmək kitabçası onun ailə üzvlərinə verilir və yaxud onların tələbi ilə poçt vasitəsilə göndərilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında əks olunan hüquqi mövqe aşağıdakı kimidir: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. İddiaçı Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunmasını xahiş etməklə mübahisələndirmə haqqında iddia qaldırmışdır. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İş materiallarında olan Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının surətindən aydın olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İddiaçı 01 avqust 2023-cü il tarixli ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 04 aprel 2024-cü il tarixli, 5-5/2-454/2024 nömrəli məktubuna əlavə edilmiş əmək kitabçalarının qeydiyyat kitabından çıxarışdan aydın olur ki, İddiaçı əmək kitabçasını xx.xx.2023-cü il tarixdə imzalayaraq götürmüşdür. İşin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın, yəni sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Hazırki işin faktiki hallarından görünür ki, mübahisələndirilən sərəncamın rəsmi daşıyıcı vasitəsi ilə iddiaçıya hansı tarixdə təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Lakin, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı həmin sərəncamdan qəbul edildiyi vaxtdan xəbərdar olmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, 2023-cü ilin sonlarında Naxçıvan şəhər İcra Başçısı onu yeni işlə təmin edəcəyini bildirərək xidməti otağını boşaltmasını istəmişdir. 01 avqust 2023-cü il tarixindən iddiaçı işə çıxmamış və bu müddət ərzində əmək haqqı almamışdır. Bununlada iddiaçı barəsində qəbul edilmiş 01 avqust 2023-cü il tarixli sərəncam onun xidmətdən xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü (altı ay iyrmi gün) ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (pul mükafatları), onun həmin sərəncamdan xəbərdar olmasını təsdiq edir. İddiaçının əmək kitabçasını sonradan alması ilə bağlı arqumentə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçalarının qeydiyyat kitabından çıxarışdan aydın olur ki, İddiaçı əmək kitabçasını xx.xx.2023-cü il tarixdə əmək kitabçalarının qeydiyyatı kitabına imza edərək götürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı iddiaçının inzibati aktdan məlumatlı vaxtdan olduğu müddətdə başlamış, lakin iddiaçı həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı 21 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir ki, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırkı iddia tələbinə dair məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sərəncamın ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələblər də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunaraq ödənməyən aylarda məvacibə hesablanmaqla işə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunaraq ödənməyən aylarda məvacibə hesablanmaqla işə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar