Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-83/2024 11.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X12 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Babək rayonunda anadan olmuşdur. xx.xx.1976-cı il tarixdən-xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuş, 1983, 1986-cı illərdə Babək rayonu, Pravda sovxozunda daha sonra 1985-2002-ci illərdə Qoşadizə kəndinə müəllim, 2018-ci ilin yanvar ayından sentyabr ayınadək Babək rayonu X14 məktəbində dərnək rəhbəri vəzifəsində işləmişdir. Əmək pensiyası təyin olunması ilə bağlı Naxçıvan MR Dövlət Sosial Müdafiə X13 şəxsin Babək rayon idarəsinə müraciət etmiş, lakin Naxçıvan MR Dövlət Sosial Müdafiə X13 şəxsin Babək rayon idarəsi onun xx.xx.2006-cı il tarixədək 23 il 5 ay 3 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 3 ay sığorta stajı olduğu və xx.xx.2006-cı il tarixdən, xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 25 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 25 oktyabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-654/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Nizamnaməsinə uyğun olaraq, cavabdeh Naxçıvan MR DSMF publik hüquqi şəxsin Babək Rayon İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmiş, eyni zamanda iddia tələbinə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 oktyabr 2023-cü il tarixli, 2-1(122)-654/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon Şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin iddiaya dair məhkəməyə ünvanladığı 05 iyul 2023-cü il tarixli, 05/269 nömrəli yazılı münasibətini Fondun iddiaya dair etirazı kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin iddiaya dair məhkəməyə ünvanlanan 05 iyul 2023-cü il tarixli, 05/269 nömrəli yazılı münasibəti onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-43-67-/3-2-25 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək (2 il 5 gün) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçdikdən sonra xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ( 3 il 10 ay ) X10 İnstituna “riyaziyyat” ixtisasına qəbul olunması və əyani təhsil alması, Babək rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 26 nömrəli arayışla xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək (5 ay) Babək rayon Pravda sovxozunda işləməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il 13/1128 nömrəli arayışla xx.xx.1985-ci il tarixli 407 nömrəli əmrlə Babək rayon Qoşadizə kənd məktəbinə müəllim qəbul edilməsi, xx.xx.2002-ci il tarixli 42 nömrəli əmrlə işdən azad olunması (17 il 1 ay 28 gün ) əmr kitablarında qeyd olunmuşdur. İddiaçı tərəfindən Fondun Babək Rayon İdarəsinə təqdim edilmiş ******* nömrəli əmək kitabçasındakı qeydə əsasən onun xx.xx.2018-ci il tarixli 405 nömrəli əmrlə Babək rayon Uşaq Gənclər məktəbinə dərnək rəhbəri təyin edilməsi, xx.xx.2018-ci il tarixli 417 nömrəli əmrlə işdən azad edilməsi göstərilmişdir. Beləliklə, İddiaçı xx.xx.2006-cı il tarixədək 23 il 5 ay 3 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 3 ay sığorta stajı ilə birgə cəmi 23 il 8 ay 3 gün sığorta stajı var. İddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sosial siğorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində (xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək) qeydə alınmış pensiya kapitalı olmadığı üçün iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 11 iyun 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: 11 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1957-ci il tarixdə Babək rayonu, Qoşadizə kəndində doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 30 may 2023-cü il tarixli, 1100 nömrəli arayışından məlum olur ki, İddiaçı Babək şəhər Qoşadizə məhəlləsində yaşayır. - 25 avqust 1982-ci il tarixli, ИВ-İ seriyalı, 033688 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 02 iyul 1982-ci il tarixdə X10 İnstitunda “riyaziyyat” ixtisası üzrə tam kursu bitirmişdir. - ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli 405 nömrəli əmrlə Babək rayon Uşaq Gənclər məktəbinə dərnək rəhbəri təyin edilmiş, xx.xx.2018-ci il tarixli 417 nömrəli əmrlə məktəbin müəllimləri sırasından azad edilməsi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 12 dekabr 2018-ci il tarixli, 13/1128 nömrəli arayışından məlum olur ki, İddiaçı Davud oğlu xx.xx.1985-ci il tarixli 407 №-li əmrlə müəllim qəbul edilməsi, xx.xx.2002-ci il tarixli 42 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsinin 12 yanvar 2023-cü il tarixli, 16 nömrəli əmək haqqı və gəlirlər haqqında arayışından məlum olur ki, İddiaçı 2018-ci il tarixdə oktyabr, noyabr və dekabr ayları üzrə cəmi 808 manat, 50 qəpik məbləğində əmək haqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xİdmətə çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin 12 yanvar 2023-cü il tarixli, 3-43-67/3-2-25 nömrəli arayışından məlum olur ki, 1957-ci il təvəllüdlü istefada olan əsgər İddiaçı 08 may 1976-cı il tarixdən 13 may 1978-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Babək Rayon Dövlət Arxivinin 03 fevral 2023-cü il tarixli, 26 nömrəli arayışında İddiaçı Babək rayon “Pravda” sovxozunda işlədiyi dövrdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. (1983-cü ildə 5 ay, 1986-cı ildə 6 ay) - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 03 fevral 2023-cü il tarixli, 13/260 nömrəli arayışından məlum olur ki, İddiaçı Davud oğlunun xx.xx.1992-ci il tarixli 45 №-li əmrlə əmək məzuniyyətinə buraxılması, xx.xx.1992-ci il tarixli 50 №-li əmrlə əmək məzuniyyətinin müddəti başa çatdığı üçün işdə hesab olunması, xx.xx.1994- cü il tarixli 175 №-li əmrlə əmək məzuniyyətinə buraxılması, xx.xx.1994- cü il tarixli 179 №-li əmrlə əmək məzuniyyətinin müddəti başa çatdığı üçün işdə hesab olunması, xx.xx.1995-ci il tarixli 281 №-li əmrlə əmək məzuniyyətinə buraxılması, xx.xx.1995-ci il tarixli 287 №-li əmrlə əmək məzuniyyətinin müddəti başa çatdığı üçün işdə hesab olunması, xx.xx.1996-cı il tarixli 15 №-li əmrlə əmək məzuniyyətinə buraxılması, xx.xx.1996-cı il tarixli 22 №-li əmrlə əmək məzuniyyətinin müddəti başa çatdığı üçün işdə hesab olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 03 fevral 2023-cü il tarixli, 13/260 nömrəli arayışından məlum olur ki, İddiaçı Babək rayon Təhsil Şöbəsi-Qoşadizə kənd orta məktəbində işləmiş və müvafiq aylar üzrə əməkhaqqı alması cədvəldə göstərilmişdir. 1993-cü ilin avqust ayından 1996-cı ilin iyun ayına qədər olan əməkhaqqı cədvəlləri Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmiş və 1996-cı ilin avqust ayından 1997-ci ilin sentyabr ayına qədər olan əməkhaqqı cədvəllərində adına rast gəlinməmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 23 may 2023-cü il tarixli, 07 nömrəli qərarından məlum olur ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Babək rayon “X5 Kompleksi” MMC-in məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 iyul 2023-cü il tarixli, 01/09 nömrəli məktubundan aydın olur ki, İddiaçı ilə “X5 Kompleksi” MMC arasında heç vaxt əmək müqaviləsi bağlanmamışdır. Onun adına işlənən DSMF-də qeyd olunan əmək haqqı əməliyyatı aparılmamış və digər bir orqan tərəfindən aparılması barədə məlumat yoxdur. “X5 Kompleksi” MMC-də Sirab kənd sakini İddiaçı Nuvadin oğlu xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixdək işləmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 iyul 2023-cü il tarixli, 02/396 nömrəli məktubdan aydın olur ki, Babək Rayon Dövlət Arxivində mühafizə edilən Babək rayon “Pravda” sovxozunun 1984- 1985-ci illərə dair əmək haqqı kitablarında İddiaçı adına rast gəlinmədi. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 sentyabr 2023-cü il tarixli, 3-17-9-1/2-170/2023 nömrəli məktubundan aydın olur ki, 2006-cı ildən sonra siğortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial siğorta haqları ilə bağlı məlumatlar X1 Sistemində əks olunur. Sistemdə İddiaçı Davud oğlu tərəfindən kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi siğorta haqqının ödənilməsini təsdiq edən heç bir məlumata rast gəlinmədi. Bundan əvvəlki dövrdə də İddiaçı kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi siğorta haqqının ödənməsi ilə bağlı Fonda heç bir hesabat təqdim etməmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 oktyabr 2023-cü il tarixli, 3/209 nömrəli məktubundan aydın olur ki, iddiaçı Seyidov X7 Rayon X14 Məktəbində xx.xx.2018-ci il tarixdə məşqçi müəllim kimi fəaliyyətə başlayıb. 30 dekabr 2018-ci il tarixdə isə işdən azad edilib. Lakin əmr kitabı və əmək kitabçası səhvən xx.xx.2018-ci il əvəzinə xx.xx.2018-ci il kimi yazılmışdır. Bunu Babək Rayon Təhsil Şöbəsində saxlanılan əməkhaqqı cədvəllərinə baxdıqda görmək mümkündür. Ona görə ki, onun məşqçi müəllim kimi adına 01 oktyabr 2018-ci ildən 30 dekabr 2018-ci ilədək əməkhaqqı hesablanmışdır. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 noyabr 2023-cü il tarixli, 3/242 nömrəli məktubundan aydın olur ki, İddiaçı Davud oğlunun işə qəbul olmaq üçün yazdığı ərizə onun şəxsi işində saxlanılmışdır. Bir müddət sonra İddiaçı Davud oğlu başqa işə keçməsi ilə əlaqədar məktəb rəhbərliyinə müraciət edərək ona məxsus olan şəxsi işləri tələb etmişdir. Həmin zaman vətəndaşın şəxsi işi özünə qaytarılmış və işə girməsi haqqında ərizəsi həmin şəxsi işin içində olmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 noyabr 2023-cü il tarixli, 02/666 nömrəli məktubu ilə arxiv arayışından aydın olur ki, İddiaçı xx.xx.1983-cü il tarixli 107 №-li əmrlə 11 mart 1983-cü il tarixdən etibarən sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1983-cü il tarixli 317 №-li əmrlə ali təhsilli olduğu üçün fəhləlikdən azad edilmiş, son hesabı kəsilmiş, xx.xx.1985-ci il tarixli 57 №-li əmrlə sovxoza fəhlə qəbul edilmiş, məhsuldar bağdan ona 1 hektar üzüm bağı təhkim edilmişdir. xx.xx.1986-cı il tarixli 86 №-li əmrlə işdən azad edilmiş və üzüm bağı X2 adına keçirilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 yanvar 2024-cü il tarixli, 02/71 nömrəli məktubdan aydın olur ki, Babək Rayon Dövlət Arxivində mühafizə edilən Babək rayon “Pravda” sovxozunun 1982-ci ilə dair əmək haqqı kitablarında İddiaçı adına rast gəlinmədi. - Babək Rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 may 2024-cü il tarixli, 18 nömrəli məktubdan aydın olur ki, Babək rayon Uşaq Gənclər məktəbinin sənədləri Babək Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı 2018-ci ildə işləməsi haqqında Babək Rayon Dövlət Arxivində məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 may 2024-cü il tarixli, 02/406 nömrəli məktubdan aydın olur ki, Babək rayon Uşaq Gənclər məktəbinin 2018-ci ilə dair sənəd materialları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə və Babək rayon Dövlət Arxivinə təhvil verilmədiyinə görə İddiaçı Davud oğlunun işləməsi barədə məlumat vermək mümkün deyil. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 iyun 2024-cü il tarixli, 3/171 nömrəli məktubda qeyd olunur ki, vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixdə Babək Rayon X14 məktəbinə müəllim təyin edilmiş, xx.xx.2018-ci il tarixdə işdən azad olunmuşdur. İşə girmə və işdən azad olunma ilə bağlı əmr işəgötürən tərəfdən həyata keçirilir. Babək Rayon Təhsil Şöbəsinin mühasibatlığında olan sənədlərə təkrar baxış keçirilərkən məlum oldu ki, İddiaçı həqiqətən də Babək Rayon Təhsil Şöbəsində üç ay işləmiş, 2018-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün əməkhaqqı almışdır. Vətəndaşa digər aylar və illər üçün əməkhaqqı ödənilməsinin təsdiqi ilə bağlı heç bir sənəd Babək Rayon Təhsil Şöbəsinin mühasibatlığında mövcud deyil. Vətəndaşın işə qəbul və işdən azad olunma ilə bağlı verilən 01 oktyabr (əmrdə səhvən 10 yanvar göstərilmişdir) 2018-ci il tarixli 405 nömrəli əmri və 30 dekabr 2018-ci il tarixli 417 nömrəli əmri İddiaçı həmin müəssisədə işlədiyi dövrü əks etdirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. ... -14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. - 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ona əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarın ləğv edilməsi və ona pensiya təyin edilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Y.Məmmədəliyev adına X11 İnstitutunda təhsil almışdır. İddiaçı əmək fəaliyyətinə xx.xx.1983-cü il tarixdə fəhlə kimi başlamış, həmin tarixdən xx.xx.1983-cü il tarixədək Pravda soxvozunda fəhlə işləmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək yenidən Pravda soxvozunda fəhlə işləmiş, eyni zamanda xx.xx.1985-ci il tarixli 407 nömrəli əmrlə Babək rayon Qoşadizə kənd məktəbinə müəllim qəbul edilmişdir. xx.xx.2002-ci il tarixədək həmin məktəbdə müəllim kimi işləmişdir. xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Babək rayon X14 məktəbində müəllim işləmişdir. İş üzrə mübahisələndirilən digər məsələ İddiaçı hansı müddət ərzində Babək Rayon X14 məktəbində dərnək rəhbəri kimi fəaliyyət göstərməsi ilə bağlıdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.2018-ci il tarixli 405 nömrəli əmrlə Babək rayon Uşaq Gənclər məktəbinə dərnək rəhbəri təyin edilməsi, xx.xx.2018-ci il tarixli 417 nömrəli əmrlə məktəbin müəllimləri sırasından azad edilməsi göstərilmişdir. Məhkəmə icraatı gedişində iddiaçı 10 yanvar 2018-ci il tarixdən, 30 dekabr 2018-ci il tarixədək həmin müəssisədə işləməsini təkidlə bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Naxçıvan MR Təhsil Nazirliyi Babək Rayon Təhsil Şöbəsinin məktubunda iddiaçının Babək Rayon X14 Məktəbində məşqçi müəllim kimi işləməsi dövrü əmr kitabı və əmək kitabçasında səhvən xx.xx.2018-ci il əvəzinə xx.xx.2018-ci il kimi yazılması qeyd edilmiş, bundan əlavə iddiaçıya 01 oktyabr 2018-ci ildən 30 dekabr 2018-ci ilədək, cəmi 3 ay əməkhaqqı hesablanmışdır. Həmçinin məhkəmənin qənaətinə görə, ştat vahidi az olan, kiçik və orta müəssisələrdə, əmək ilinin əvvəlində, yəni yanvar ayının ilk on günlüyündə (qeyri iş günləri də nəzərə alınmaqla) 405-ci əmrin verilməsi ağlabatan hesab edilə bilməz çünki, iddiaçı həmin ilin dekabr ayında 417-ci əmrlə işdən azad edilmişdir. Müəyyən olunmuşdur ki, Babək Rayon X14 məktəbində işləmədiyi halda əmək kitabçasında səhvən aparılmış qeyd nəticəsində iddiaçıya əlavə olaraq 8 ay 21 gün iş stajı yazılmışdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Babək rayon “X5 Kompleksi” MMC-də işlədiyini bildirsə də, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, o həmin müəssisədə ümumiyyətlə işləməmiş, qeyd olunan sosial siğorta stajı MEİS-də səhvən iddiaçının hesabına işlənmişdir. Beləliklə, iddiaçının tam əmək stajı üzrə ümumilikdə 24 il, 5 ay, 10 gün sosial siğorta stajı təsdiq edilir. Göründüyü kimi, iddiaçının hazırki siğorta stajı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində qeyd olunan tələbin (fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda) şərti ödənilmir. Həmçinin müvafiq dövrlər üzrə sosial sığorta stajına malik olmadığından iddiaçıya Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsi ilə avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün deyil. Odur ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-83/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-83/2024
11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver