Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-831/2025 05.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X7 Heydər oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-un Pensiya təyinatı şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-9-1/2-Ə-2321/2025 №-li Qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən hesablanılmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Naxçıvan MRnın Şərur rayon Yengicə kəndində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci il tarixdən İliç (Şərur) rayon X1 operator vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Bu müddət ərzində müxtəlif idarə və müəsisələrdə müxtəlif işlərdə işləmişdir. O, xx.xx.2024-cü il tarixdən etibarən tələb olunan yaş (65 yaş) həddinə çatmağı ilə əlaqədar müvafiq sənədləri toplayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-na müraciət etmiş, lakin Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-9-1/2Ə-2321/2025 sayı Qərarı ilə ona yaşa görə əmək pensiyası verilməsindən imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Pensiya təyinatı şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-9-1/2-Ə-2321/2025 №-li Qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən hesablanılmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 13 may 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1994cü il tarixdən xx.xx.2004-cü il tarixədək, yəni 09 il 09 ay 05 gün Şərur rayon çörək kombinatında çörəkbişirən vəzifəsində işlədiyi əmək kitabçasında qeyd edilsə də, Şərur rayon Dövlət Arxivindən verilmiş arayışda keçmiş Çörək Zavodunun sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirildiyindən həmin illər onun əmək stajına əlavə edilməmişdir. Əgər həmin illər onun əmək stajına əlavə edilsəydi onun cəmi 27 il 03 ay 06 gün sığorta stajı olardı, əlavə olaraq o, xx.xx.2017-ci il tarixdən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda duraraq xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1257.85 (bir min iki yüz əli yeddi manat 85 qəpik) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İddiaçıya məxsus MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Şərur rayon dövlət arxivi tərəfindən təqdim edilmiş 156 nömrəli, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunan məlumatlara əsasən, xx.xx.1980-ci il tarixdə Şərur rayon Kommunal Müəsissələr Kombinatına işə təyin edilmiş və xx.xx.1981-ci il tarixdə işdən azad olunmuşdur (10 ay 24 gün). Həmçinin arayışda xx.xx.1981-ci il tarixdə X6 işə təyin edilməsi və xx.xx.1994-cü il tarixdə işdən azad olunması qeyd edilmişdir (13 il 1 ay 23 gün). Həmçinin eyni nömrəli, eyni tarixli digər arxiv arayışında Şərur rayon Çörək zavodunun sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. İddiaçının Şərur rayon çörək kombinatından işdən azad edilməsi barədə qeydlər əmək kitabçasında latın qrafikası ilə doldurulmuşdur. Həmçinin çörək kombinatında işləməsi arxiv arayışları ilə təsdiq olunmamışdır. Beləliklə həmin illər staj kimi nəzərə alınmamışdır. İddiaçının hərbi xidmətdə olduğu və işlədiyi müddətlər nəzərə alınmaqla əmək stajı 18 il təşkil edir ki, bu da qanunvericiliklə tələb edilən 25 il sosial sığorta stajından azdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı “Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-un Pensiya təyinatı şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-9-1/2-Ə-2321/2025 №-li Qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən hesablanılmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 dekabr 2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 26 fevral 2025-ci il tarixli, 3-17-9-1/2-Ə-2321/2025 nömrəli qərarından görünür ki, İddiaçı ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən hüququnun yarandığı tarixə tələb olunan 25 il sığorta stajının və tələb olunan 40320 manat pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Şərur rayonu, Yengicə kəndində yaşayan İddiaçı ünvanlanmış 26 fevral 2025-ci il tarixli, 3-17-9-1/2-Ə-2321/2025 nömrəli məktubdan məlum olur ki, vətəndaşın sığorta stajına aid təqdim edilən müvafiq sənədlərə əsasən ümumilikdə 17 il 6 ay 1 gün sığorta stajı və xx.xx.2006-cı il tarixinədək 15704,50 manat pensiya kapitalı mövcuddur. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 01 oktyabr 2022-ci il tarixindən hüququnun yarandığı 21 sentyabr 2024-cü il tarixinədək 855,30 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur rayon Bölməsi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli, 384 nömrəli arayışdan məlum olur ki, xx.xx.1959-cu il təvəllüdlü istefada olan əsgər İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli, 3-21-2-24-2/2-Əxx-xx/2025 nömrəli arayışdan məlum olur ki, Şərur rayon Yengicə kənd sakini İddiaçı (VÖEN **********) xx.xx.2017-ci il tarixdən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Naziriiyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda durur və xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1257.85 (bir min iki yüz əlli yeddi manat 85 qəpik) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. - Şərur rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 11 oktyabr 2024-cü il tarixli, 155 nömrəli arayışdan məlum olur ki, Şərur rayon keçmiş Çörək Zavodunun sənədləri Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvanpoçt” X8 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 may 2025-ci il tarixli, 3-27-100-11/2-333/2025 nömrəli məktubdan məlum olur ki, Şərur rayon Yengicə kənd sakini İddiaçı adına 2017- 2018-ci il tarixədək “Torpağın məcburi sosial siğorta haqqı” üzrə hər hansı bir ödənişin edilmədiyi müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası “Naxçıvanpoçt” X9 Şərur rayon Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 may 2025-ci il tarixli, 41 nömrəli məktubdan məlum olur ki, məcburi dövlət sosial sığorta haqqları, Şərur rayon poçt filialı tərəfindən Şərur rayon poçt 01 yanvar 2015-ci il tarixdən qəbul olunmağa başlanılmışdır. Filialının 01 yanvar 2015-ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək dövrü üçün qəbul etdiyi məcburi dövlət sosial sığorta haqqlarının hesabatlarında İddiaçı adına hər hansı bir ödənişin olmadığı müəyyən olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 iyul 2025-ci il tarixli, 3-17-9-1/2-8875/2025 nömrəli məktubdan məlum olur ki, Şərur rayonu üzrə 2017-2018-ci illərə aid Fondun arxivində saxlanılan fiziki şəxslər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş qəbzləri araşdırılarkən Şərur rayon Yengicə kənd sakini İddiaçı adına olan ödəniş qəbzlərinə rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 avqust 2025-ci il tarixli, 3-48-NDA/1-2-1273/2025 nömrəli məktubdan məlum olur ki, Şərur rayon Çörək Kombinatının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası “X10 Zavodu” MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 sentyabr 2025-ci il tarixli məktubdan məlum olur ki, X10 Zavodu" MMC əvvəlcə müəssisə kimi fəaliyyət göstərmiş, 2007-ci ildən isə özəlləşdirilərək məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyətini davam etdirir. xx.xx.1994-cü il tarixdən xx.xx.2024-cü il tarixədək” zavodda işləmiş şəxslərin, o cümlədən İddiaçı zavodda işləməsini təsdiq edən sənədlər özəlləşdirmə prosesi zamanı və sonra müəssisəyə təqdim olunmamışdır. Hazırda müəssisənin arxivində yalnız 2007-ci ildən sonrakı dövrə aid sənədlər mövcuddur. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 oktyabr 2025-ci il tarixli, 3-21-2-24/2-34096/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı (VÖEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 50.00 (əlli) manat sadələşdirilmiş vergi üzrə sabit məbləğ ödənilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki İddiaçı xx xxxxxxxx 1959-cu il tarixdə doğulmuşdur. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır; - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.5. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) ... müddəti – hərbi biletə və ya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-9-1/2-Ə-2321/2025 №-li qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən hesablanılmaqla yaşa görə əmək pensiyası təyin edilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir. İddiaçıya məxsus ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasından və sığorta stajı barədə məlumat vərəqəsindən məlum olur ki, iddiaçı xx.xx.1978-ci il tarixdən 06 may 1980-ci il tarixədək yəni (1 il, 11 ay, 24 gün) hərbi xidmətdə olmuş, 10 iyun 1980-ci il tarixdən 04 may 1981-ci il tarixədək isə (10 ay, 24 gün) İliç rayon Kommunal Müəssisələr Kombinatında operator vəzifəsində işləmişdir. Daha sonra 29 may 1981-ci il tarixdə İliç rayon DİN yanında Mühafizə Bölməsində gözətçi vəzifəsinə qəbul edilmiş, 01 sentyabr 1982-ci ildə isə tutduğu vəzifədən azad edilmişdir. 19 avqust 1981-ci il tarixdən 01 iyun 1994-cü il tarixədək isə X5 aşpaz vəzifəsində işləmişdir. Qeyd edilməlidir ki, iddiaçının İliç rayon DİN yanında Mühafizə Bölməsində gözətçi vəzifəsində işlədiyi dövr üzrə əmək stajı X5 işlədiyi aşpaz vəzifəsi əmək stajı ilə üst-üstə düşdüyünə görə həmin vəzifə üzrə ümumi əmək stajı 2 ay, 20 gün hesablanmalıdır. Qeyd olunanlara əsasən iddiaçının cəmi 17 il 8 ay 21 gün ümumi stajının olması müəyyən olunmuşdur. İddiaçının xx.xx.1994-cü il tarixdən 08 sentyabr 2004-cü il tarixədək Şərur rayon Çörək Kombinatında işləməsi barədə aparılmış qeydlər üzrə ətraflı araşdırma aparılmış, lakin əldə olunmuş Dövlət arxivinin arayışlarından həmin qeydlərin mötəbərliyi öz təsdiqini tapmamışdır. Beləliklə, qanunla tələb olunan bütün şərtlər üzrə təkcə yaş şərtinin ödənilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərli deyil. Bundan əlavə məhkəmə tərəfindən iddiaçıya mənsub sosial hüququnun müdafiəsi baxımından əhəmiyyətli hal kimi həmçinin ona avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı istiqamətində araşdırma aparılmış, lakin vergi orqanından alınmış sənədlərdən iddiaçının 2018-ci ilin iyul ayınadək vergi ödəməsi barədə məlumat aşkar olunsa da, məcburi dövlət sosial sığorta haqqları ödəməsi barədə məlumatı əldə etmək mümkün olmamışdır. Bu səbəbdən iddiaçıya AR “Əmək pensiyaları haqqında” Qanununun 22-1-ci maddəsinin müvafiq bəndinə əsasən avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin olunması da mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd hesab edilə və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-un Pensiya təyinatı şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-9-1/2-Ə-2321/2025 №-li Qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən hesablanılmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Pensiya təyinatı şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-9-1/2-Ə-2321/2025 №-li Qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən hesablanılmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov