Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-841/2025 19.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "ünvan 1 ünvanında olan evin arxasında yerləşən və üzərində 30A qeyd olunan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanındakı fərdi yaşayış evinin yan sahəsində yerləşən, ümumi sahəsi 945.17 m2 olan torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlaklarla birlikdə dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlak üçün texniki pasport və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, onlar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdırlar. 1964-cü ildə hamı kimi onların da evi planına düşmüşdür. Həmin illərdə mərhum atası baytar müalicəxanasında mühasib işləmişdir. Evləri olmadığı üçün baytar müalicəxanasının istifadə olunmayan binasında yaşamışdırlar. Müdiri atama demişdir ki, “mən Kənd Təsərrüfatı Nazirliyinə məsləhət edim, müalicəxananın istifadəsiz torpaqlarını ya hökumətə qaytaraq, ya da torpağı sən götür, maaşınla ödə”. Həmin vaxtlarda yaşadıqları ərazi Sovetabad adlanmış və o ərazidən 1000 kv.m torpaq sahəsi atasının adına yazılmışdır. Daha sonra atası əlavə torpaq sahəsinin ödənişini baytarlıq müalicəxanasının hesabına maaşından ödəmişdir. O vaxtlar təsərrüfatbaşı kitaba 1000 kv.m torpaq sahəsindən artıq salmırdılar. Onlar torpağın qalan hissəsində 2 yerdə ev tikmişlər, ümumilikdə isə cəmi 3 ev var. Onun beş qardaşı olmuş, onların da uşaqları, nəvə-nəticələri var. ünvan 4 fərdi yaşayış evi atası rəhmətə getdikdən sonra anasının adına keçmişdir. 2023-cü ildə anası rəhmətə getdikdən sonra isə o, həmin evi öz adına keçirtmək istəyəndə Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Asan Xidmətdə yerləşən şöbəsi ondan sənədləri istəmişdir. Sonra Xidmətdən əməkdaş gəlib torpaq sahəsini ölçmüş, lakin həyətdə yerləşən 2 evi ölçməmiş və torpağın qalanını ödənişə yazıb, 1000 kv.m torpaq sahəsindən başqa 600 kv.m yeri də yazmışdırlar. Ödənişə 945.17 m2 yazıblar, qanunsuzluq edib yolu da ölçüblər. Onlar vaxtında hökümətə pul ödəyib qaytanlanmış kitaba saldırmışlar, həyətdə 3 ev ola-ola, 2-ni ölçmədilər. Hazırda qeydiyyatında olduğu ünvan 4 ünvanındakı fərdi yaşayış evinin yan sahəsində yerləşən, ümumi sahəsi 945.17 m2 olan torpaq sahəsi və üzərində yerləşən 2 ayrı fərdi yaşayış evini (birinin sadəcə təməli qoyulub) öz adına rəsmiləşdirmək üçün Naxçıvan MR İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə etdiyi 07 mart 2025-ci il tarixli müraciətinə xx.xx.2025-ci il tarixdə, 18 mart 2025-ci il tarixli müraciətinə xx.xx.2025ci il tarixdə müvafiq imtina cavab məktubları göndərildiyindən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş və məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya yardım məktubu ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi və imzalanmış iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək ünvan 1 ünvanında olan evin arxasında yerləşən və üzərində 30A qeyd olunan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 iyul 2025-ci il tarixli iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 19 sentyabr 2025-ci il tarixə təyin edilmiş, məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq subyektiv hüquqa malik olmağını təsdiq edən sənədlərin (sərəncam, akt, qərar və s.) məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu iddiaçı tərəfindən imza edilərək alınmış, lakin iddiaçı ona edilən hüquqi yardımda tələb edilən müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı ona göndərilən yardım məktublarından xəbərdar olduğunu, sözügedən daşınmaz əmlakın əvvəllər mərhum atasının və anasının adına olduğunu, o vaxt pul ödəyərək həmin əmlakları aldıqlarını, heç bir hüquq müəyyyənedici sənədinin, qərar, sərəncamın və iş üzrə əlavə təqdim edəcəyi sübutun olmadığını bildirib, hazırki tələb üzrə işdə olan sübutlar əsasında işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 şəhəri, Xətai məhəlləsi, döngə 17, ev 30 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alındığını bildirib, həmin ünvanda olan əlavə torpağın zəbt torpaq olduğunu və hal-hazırda bələdiyyə mülkiyyətinə aid olduğunu bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-cü bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ünvan 1 ünvanında olan evin arxasında yerləşən və üzərində 30A qeyd olunan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatlarda ünvan 1 ünvanında olan evin arxasında yerləşən və üzərində 30A qeyd olunan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini mərhum atasının o vaxt pul ödəyərək aldığını, həmin əmlakın mərhum atasına məxsus olduğunu bildirsə də, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin əvvəllər mərhum atasının mülkiyyətində olmasını və ya hər hansı inzibati akt və ya müqavilə əsasında mərhum atasına satılmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırılması zamanı da həmin sənədlərin əldə edilməsi mümkün olmamışdır. İddiaçının həmin daşınmaz əmlakın onlara məxsus olduğunu təsdiq edən sübut kimi qaytanlanmış kitablara istinad edir. Bu hala münasibətdə məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Babək rayonu Sovetabad (Xətai) kənd Sovetinin 1980-1990-cı illərə aid təsərrüfatbaşına kitablarında X5 ailə başçısı olmaqla təsərrüfatı barədə, həmçinin 1991- 1995-ci illərə aid təsərrüfatbaşına kitablarında X3 ailə başçısı olmaqla təsərrüfatı barədə məlumatların olduğu sənədlərin təsdiq edilmiş surətlərində iddiaçının valideynlərinin adına cəmi 0.10 ha torpaq sahəsi olduğu göstərilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 avqust 2025-ci il tarixli, 04/1114 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 17, ev 30 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, 13/1669 nömrəli arxiv arayışı əsasında xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tərtib edilmiş Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 17, ev 30 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasporta əlavə edilmiş torpaq sahəsinin planında iddiaçının anası X2 adına 0.10 ha torpaq sahəsi qeydə alındığı göstərilmişdir. Beləliklə iddiaçı tərəfindən onun mərhum anasının adına qeydə alınan 0.10 ha torpaq sahəsindən əlavə həmin ərazidə yerləşən 0.10 ha torpaq sahəsinin də onlara məxsus olduğu qeyd edilsə də, həmin əlavə torpağın onlara (iddiaçının mərhum atasına və ya anasına) məxsus olmasına dair heç bir hüquqmüəyənedici sənəd (sübut) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olduğunu əsaslandıra bilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X11 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Bununla da, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Sadalanan normaların tələbləri və işin yuxarıda qeyd edilən hallarından da müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtləri ödənilmir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "ünvan 1 ünvanında olan evin arxasında yerləşən və üzərində 30A qeyd olunan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "ünvan 1 ünvanında olan evin arxasında yerləşən və üzərində 30A qeyd olunan, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-841/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-841/2025
19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver