Məhkəmə qərarları › İş №2-1(122)-845/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-845/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-845/2025 19.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X4 Heydər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əmək pensiyasının kəsildiyi tarixdən bərpa olunduğu tarixədək keçən 6 aylıq müddətdə ona ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasının kəsildiyi tarixdən bərpa olunduğu tarixədək keçən 6 (altı) aylıq müddətdə ona ödənilməmiş pensiya məbləğinin hesablanıb verilməsi öhdəliyinin cavabdehlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə 06 iyul 2025-ci il tarixli iddia ərizəsi göndərərək, iddia tələbinə “əmək pensiyasının kəsildiyi tarixdən bərpa olunduğu tarixədək keçən 6 aylıq müddətdə ona ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 09 iyul 2025-ci il tarixli, 2-1(122)-845/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi qeyd edilən məzmunda icraata qəbul edilmiş, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdeh qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq iddia tələbinin dəqiq və aydın ifadə edilmədiyi bildirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi üçün müddət təyin olunmuşdur. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 19 avqust 2025-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçıya Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3-cü dərəcə əlil olması ilə əlaqədar müavinət təyin olunmuşdur. 2024-cü ilin sentyabr ayında müavinət dayandırılmış, lakin 01 mart 2025-ci il tarixindən bərpa olunmuşdur. 2024-cü ilin sentyabr ayından 2025-ci ilin mart ayınadək keçən müddətdə iddiaçı müavinət ala bilməmiş, bununla da hazırkı iddia tələbini irəli sürmüşdür. İşin hallarından müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ümumi xəstəlik səbəbindən 5 il müddətinə, yəni 31 avqust 2024-cü il tarixədək İİİ dərəcə əlillik təyin edilmişdir. 06 avqust və 13 sentyabr 2024-cü il tarixlərdə göndərişin natamam doldurulması səbəbi ilə göndərişlər tibb müəssisəsinə geri qaytarılmışdır. 11 oktyabr 2024cü il tarixdə isə iddiaçının əyani müayinəsi aparılmış, müayinə zamanı ona qoyulmuş “Sol aşağı ətrafın monoparezi” diaqnozu öz təsdiqini tapmadığından Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının 25 noyabr 2024-cü il tarixli qərarı ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. 01 mart 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya ümumi xəstəlik səbəbindən 1 il müddətinə, yəni 31 mart 2026-cı il tarixədək əlillik təyin edilmişdir. İddiaçının əsas hüquqi marağı əmək pensiyasının kəsildiyi tarixdən bərpa olunduğu tarixədək keçən 6 aylıq müddətdə ona ödənilməmiş pensiya məbləğinin ona ödənilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmalında qeyd edilir ki, Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.” (51,52,53) İddiaçı əvvəl də “əlilliyin təyin və bərpa olunması” tələbi ilə bağlı Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmişdir. Naxçıvan MR TSEK-nın xx.xx.2025-ci il tarixli Qərarı ilə S. Zeynalovaya “Ümumi xəstəlik” diaqnozu ilə əlillik təyin edilmişdir. Bundan sonra Məhkəmənin 09 aprel 2025-ci il tarixli, 2-1(122)-592/2025 nömrəli qərardadı ilə İPMin 67.3-maddəsi (Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir) tətbiq edilərək həmin işin icraatına xitam verilmişdir. İddiaçı həmin halla razılaşaraq Naxçıvan MR İnzibati Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 2-1(122)-592/2025 nömrəli qərardadını və TSEK-nın sözügedən qərarını mübahisələndirməmişdir. Digər yandan məhkəmə qeyd edir ki, Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. ... Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. (10.1, 10.1-1) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli, 373 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən həmin Qanunun 10.1-ci, 10.1-1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamədə nəzərdə tutulur ki, MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması təmin edilir. (2.3, 2.3.5) Göründüyü kimi, iddiaçı həmçinin hazırkı iddia tələbini həmin iddiaya cavab verməli olmayan orqana qarşı irəli sürülmüşdür. Belə ki, əlilliyi təyin edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olsa da, əlilliyə görə müavinətin ödənilməsi həmin orqanın səlahiyyət sferasına aid deyildir. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əmək pensiyasının kəsildiyi tarixdən bərpa olunduğu tarixədək keçən 6 aylıq müddətdə ona ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar