Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-846/2024 06.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona məxsus olan doğum haqqında akt qeydində doğum tarixi kimi qeyd olunan 29 noyabr 1959-cu il tarixinin dəyişdirilərək 29 dekabr 1958-ci il kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum aktı qeydində yanlışığa yol verilərək yazılmış olan 29 noyabr 1959-cu il tarixinin dəyişdirilərək 29 dekabr 1958-ci il tarixi ilə dəyişdirilməsi, eyni aktda qeyd edilən doğuma qədər uşaq sayısı olaraq yazılmış 6 (altı) rəqəminin 5 (beş) rəqəmi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hal-hazırda və keçmişdə müxtəlif dövlət orqan, təşkilat və müəssisələrində sənədlərində olan qeyri-müəyyənliyə görə müəyyən problemlərlə qarşılaşmaqdadır. Belə ki, o, 1958-ci ilin 29 dekabr tarixində anadan olsa da, hal-hazırda Azərbaycan Respublikasının ümumvətandaş pasportumnda anadan olduğum tarix olaraq xx.xx.1059-cu il olaraq qeyd olunmuşdur. Buna səbəb isə 8 dekabr 1959-cu il tarixli, 121 №-li doğum aktı qeydində onun doğum tarixi olaraq 29 noyabr 1959-cu il olaraq qeyd edilməsidir. Bundan başqa həmin aktla doğuşa qədər valideynlərinin uşaq sayısı olaraq 6 qeyd edilsə də həmin zaman valideynlərinin uşaq sayısı 5 olmuşdur (yanlış qeyd edilmişdir). Əlavə olaraq qeyd edir ki, hal-hazırda sonradan əldə etdiyi doğum haqqında şəhadətnaməsində doğum tarixi olaraq 29 noyabr 1959-cu il qeyd edilmişdir. Lakin buna baxmayaraq, hərbi biletində və nikah haqqında şəhadətnaməsində isə doğum tarixi olaraq həqiqətən də, anadan olduğu 29 dekabr 1958-ci il qeyd edilmişdir. Məsələ ilə bağlı xx.xx.2024-cü il tarixdə Culfa Rayon Qeydiyya Şöbəsinə ərizə ilə doğum aktı qeydində yanlışığa yol verilərək yazılmış olan 29 noyabr 1959-cu il tarixinin dəyişdirilərək 29 dekabr 1958-ci il tarixi ilə dəyişdirilməsini və eyni aktda qeyd edilən doğuma qədər uşaq sayısı olaraq yazılmış 6 (altı) rəqəmi 5 (beş) rəqəmi ilə əvəz edilməsi ilə bağlı müraciət etmişdir. Lakin adıçəkilən şöbə bu orqanda düzəlişin mümkün olmamasını qeyd edərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyini bildirmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən doğum aktı qeydində yanlışığa yol verilərək yazılmış olan 29 noyabr 1959-cu il tarixinin dəyişdirilərək 29 dekabr 1958-ci il tarixi ilə dəyişdirilməsi, eyni aktda qeyd edilən doğuma qədər uşaq sayısı olaraq yazılmış 6 (altı) rəqəminin 5 (beş) rəqəmi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. 07 may 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək ona məxsus olan doğum haqqında akt qeydində doğum tarixi kimi qeyd olunan 29 noyabr 1959-cu il tarixinin dəyişdirilərək 29 dekabr 1958-ci il kimi yazılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmiş, bundan sonra sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin Cavabdeh iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 06 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə 15 iyul 2024-cü il tarixli, 3-16-5/8-13-125/204 nömrəli məktub göndərərək 06 sentyabr 2024-cü il tarixdə məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar Cavabdeh səlahiyyətli nümayəndəsinin iştirak edə bilməyəcəyini bildirib işə onların iştirakları olmadan baxılaraq qanuni nəticə verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Cavabdeh tərəfindən Culfa rayon Bənəniyar kənd sakini İddiaçı ünvanlanmış 06 fevral 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 nömrəli məktubdan görünür ki, Culfa rayon Əbrəqunus Kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1959-cu il tarixli, 121 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydində vətəndaşın təvəllüdü xx.xx.1959cu il yazılmışdır, lakin digər sənədlərdə təvəllüdü xx.xx.1958-ci il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarına düzəliş kifayət qədər əsaslar olmadıqda məhkəmə tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydində təvəllüdü xx.xx.1959-cu ildən xx.xx.1958-ci ilə düzəliş edilməsi qeydiyyat şöbəsində mümkün olmamışdır. Göstərilənlərə əsasən akt qeydinə düzəliş olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosuna ünvanlanmış 30 yanvar 2024-cü il tarixli, 3-13-43-3/2-40/2024 nömrəli məktubdan görünür ki, Culfa rayonu Bənəniyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Culfa Rayon Polis Şöbəsi tərəfindən ilk dəfə xx.xx.2005-ci il tarixdə soyadı “Abbasov”, ata adı “Hüseyn”, doğulduğu tarix “xx.xx.1958” göstərilməklə “AZE- 02449617” nömrəli, xx.xx.2005-ci il tarixdə soyadı “Abbaszadə” göstərilməklə “ AZE- 02450661” nömrəli, xx.xx.2005-ci il tarixdə ata adı “M.Hüseyn”, doğulduğu tarix “xx.xx.1959” göstərilməklə “AZE-02450785” nömrəli və sonuncu dəfə xx.xx.2010-cu il tarixdə yaş həddinə çatmaqla əlaqədar “AZE-0*******” nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunmuşdur. İddiaçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat Şöbəsi tərəfindən isə ilk dəfə xx.xx.2000-ci il tarixdə soyadı “Abbasov”, ata adı "Hüseyn”, doğulduğu tarix “xx.xx.1958” göstərilməklə “XP0618601” nömrəli, xx.xx.2005-ci il tarixdə soyadı “Abbaszadə”, ata adı “M.Hüseyn”, doğulduğu tarix “xx.xx.1959” göstərilməklə “P1767116” nömrəli, xx.xx.2011-ci il tarixdə pasportunun etibarlılıq müddətinin bitməsi səbəbi ilə “ P4229097” nömrəli və xx.xx.2020-ci il tarixdə pasportun dolması ilə əlaqədar “C02921073” nömrəli ümumvətəndaş pasportları ilə sənədləşdirilmişdir. - Culfa Rayon Polis Şöbəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşenli 507/511, “Altes Plaza” ünvanında yerləşən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Misir Şahquliyevə ünvanlanmış 26 yanvar 2024-cü il tarixli, 3-13-43-10/2-407/2024 nömrəli məktubdan görünür ki, İddiaçı, ilk dəfə xx.xx.2005-ci il tarixdə, “X2” olaraq AZE 02449617 nömrəli şəxsiyyət vəsiqəsi almışdır. Sonradan xx.xx.2005-ci il tarixdə “İddiaçı Hüseyn oğlu” olaraq AZE 02450661 nömrəli şəxsiyyət vəsiqəsi almış və doğum tarixi xx.xx.1958-ci il olaraq qeyd edilmişdir. xx.xx.2005-ci il tarixdə isə “İddiaçı" olaraq AZE 02450785 nömrəli şəxsiyyət vəsiqəsi almış və doğum tarixi xx.xx.1959-cu il olaraq qeyd edilmişdir. Halhazırda “İddiaçı” olaraq 05.11 2010-cu il tarixdə aldığı xx.xx.1959-cu il təvəllüd qeyd olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən istifadə edir. - 23 yanvar 2024-cü il tarixdə verilmiş doğum haqqında akt qeydindən çıxarışdan məlum olur ki, İddiaçı 29 noyabr 1959-cu il tarixdə Culfa rayon Bənəniyar kəndində anadan olmuşdur. Bu barədə Culfa rayon Bənəniyar Kənd İcra Nümayəndəliyində doğum kitabında xx.xx.1959-cu il tarixdə 121 nömrəli qeydiyyat aparılmışdır. Doğum akt qeydində ata adı qrafası boş, ana adı X5, valideynlərinin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - 21 aprel 1977-ci ildə tərtib edilmiş hərbi biletin surətindən görünür ki, iddiaçının doğum tarixi “29 dekabr 1958-ci il” kimi qeyd olunmuşdur. - Culfa rayon Əbrəqunus Kənd İcra Nümayəndəliyi tərəfindən tərəfindən 13 sentyabr 2005-ci il tarixdə tərtib edilmiş AZ-İ seriyalı, 626187 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı M.Hüsen oğlu 29 noyabr 1959-cu il tarixdə Culfa rayon Bənəniyar kəndində doğulmuşdur. Ata adı qrafası boş, ana adı X5 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 08 dekabr 1959-cu il tarixdə 121 nömrə ilə qeyd edilmişdir. - Culfa Rayon Polis Şöbəsi tərəfindən 28 oktyabr 2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayon Bənəniyar kəndində doğulmuş İddiaçı Culfa rayon Bənəniyar kəndində pasport qeydiyyatındadır. - 12 sentyabr 1980-ci il tarixli, İ-ЖГ seriyalı, 493786 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, 29 dekabr 1958-ci il təvəllüdlü X2 ilə 25 iyul 1962-ci il təvəllüdlü X3 12 sentyabr 1980-ci il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 23 nömrə ilə qeyd edilmişdir. - 12 avqust 1981-ci il tarixdə tərtib edilmiş Vİİ-ЖГ seriyalı, 277456 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X1 xx xxxx 1981-ci il tarixdə Culfa rayon Bənəniyar kəndində doğulmuşdur. Ata adı qrafası X2, ana adı X3 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 avqust 1981-ci il tarixdə 67 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 may 2024-cü il tarixli, 3-13-43-13/2-7116/2024 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsində xx.xx.1959-cu il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 iyun 2024-cü il tarixli, 3-43-75/2-511/2024 nömrəli məktubdan aydın olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Culfa rayon bölməsində qeydiyyatda olan İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş və SSRİ Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 13.1-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. - 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: - 13.2.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, xx.xx.1959-cu il tarixli, 121 nömrəli doğum haqqında akt qeydində İddiaçı doğum tarixi qrafasında yanlışlıqla “29 dekabr 1958ci il” əvəzinə “29 noyabr 1959-cu il” yazılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydindən çıxarışda doğum tarixi “xx.xx.1959-cu il” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əsasən Culfa Rayon Polis Şöbəsi tərəfindən ilk dəfə xx.xx.2005-ci tarixdə verilmiş AZE-02449617 nömrəli və xx.xx.2005-ci tarixli, AZE-02450661 nömrəli şəxsiyyət vəsiqələrilərində iddiaçının doğum tarixi xx.xx.1958-ci il kimi göstərilmiş, Abbaszadə Əfzələddin M.Hüseyn oğluna Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə ilk dəfə XP0618601 nömrəli pasportunda, doğum tarixi xx.xx.1958-ci il göstərilməklə pasport verilmiş, İ-ЖГ 493786 saylı nikah haqqında şəhadətnamədə onun doğum tarixi “29 dekabr 1958-ci il” kimi qeyd edilmişdir. HЗ ******* №-li hərbi biletdə doğum tarixi xx.xx.1958-ci il olaraq qeyd edilmişdir. Bir sənəddə iddiaçının doğum tarixinin “29 .11.1959-cu il”, digərlərində isə “xx.xx.1958-ci il” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 10 iyun 2024-cü il tarixli məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Naxçıvan Muxrtar Respublikası Üzrə Baş İdarəsi tərəfindən daxil olmuş məktuba əsasən iddiaçı Abbaszadə Əfzələddin M.Hüseyn oğlu xx.xx.1977-ci tarixdən xx.xx.1979-cu il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş və SSRİ Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxılmışdır. Həmin dövrdə hərbi xidmətə çağırış çağırışçının 18 yaşı tamam olduqdan sonra həyata keçirildiyi nəzərə alınmalıdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçı 12 dekabr 1958-ci il tarixdə doğulub və 18 yaşı tamam olduqdan sonra xx.xx.1977-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı barəsində aparılmış doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum haqqında akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı doğum haqqında akt qeydində düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı Cavabdehnə qarşı “ona məxsus olan doğum haqqında akt qeydində doğum tarixi kimi qeyd olunan 29 noyabr 1959-cu il tarixinin dəyişdirilərək 29 dekabr 1958ci il kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərivə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı məxsus olan doğum haqqında akt qeydində doğum tarixi kimi qeyd olunan 29 noyabr 1959-cu il tarixinin dəyişdirilərək 29 dekabr 1958-ci il kimi yazılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-846/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-846/2024
06.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver