Məhkəmə qərarları › İş №2-1(122)-85/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-85/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-85/2022 23.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 05 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/C-17 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona 05 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 2022-ci ilin yanvar ayı üçün ona təyin edilmiş pensiya məbləğinin ödənilmədiyini öyrənmiş, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin ünvanladığı 04 fevral 2022-ci il tarixli, 01/C-17 saylı məktubunda ona təyin edilmiş müvafiq pensiyanın kəsilməsinə səbəb olaraq 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində formalaşan pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğinə çatmadığı, buna görə də pensiya işinin ləğv edildiyi göstərilmişdir. Göründüyü kimi cavabdeh orqan təyin edilmiş pensiyanın kəsilməsini 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində formalaşan pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğinə çatmaması ilə əsaslandırmışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən İddiaçı 05 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/C-17 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 30 mart 2022-ci il tarixə təyin edilmişdir. 30 mart 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı İddiaçı 05 aprel 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin inzibati aktının (04 fevral 2022-ci il tarixli, 01/C-17 saylı məktub) ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia qaldırdığını, sonradan 01 mart 2022-ci il tarixdə Fondun Culfa Rayon Şöbəsi tərəfindən 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarın ona təqdim edildiyini, onun pensiyasının həmin qərar əsasında kəsildiyini, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etdi. Həmçinin iddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon şöbəsi ilə əvəz edilməsinə heç bir etirazının olmadığını bildirərək, qeyd olunanlarla bağlı yazdığı 30 mart 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 30 mart 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmiş və cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanılaraq məhkəmənin 30 mart 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən iddiaya dair məhkəməyə ünvanlanan 07 aprel 2022-ci il tarixli, 06/98 nömrəli məktubdan məlum olur ki, xx xxxxx 1963-cü il tarixdə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 28 avqust 2020-ci il tarixli 246 nömrəli qərarına əsasən 05 aprel 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən onun 01 yanvar 2006-cı ilədək stajı 27 il 3 ay 4 gün təşkil etmişdir. Azərbaycan Respublikasının 543-VQD nömrəli Qanununa əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan və "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-ci il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq, 01 avqust 2000-cı il tarixədək hər il altı ay artırılaraq 57 yaş müəyyən olunmuşdur. Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs 01 yanvar 2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün deyil. Qeyd edilir ki, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında da bu nəticəyə gəlinərək qeyd olunub ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Əlavə olaraq nəzərə alınmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq olunmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavə kimi nəzərdə tutulmuş "Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlər Siyahısı"nın 2.4.1-ci bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Vətəndaşın 2020-ci ildə ona pensiya təyin edilməsi üçün təqdim etdiyi sənədlər içərisində güzəştli şərtlərlə işləməsinə dair iş yerindən arayış yoxdur. X6 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı 01 yanvar 2006-cı il tarixədək 27 il 3 ay 4 gün sığorta stajı və 20200,01 manat pensiya kapitalı, 01 yanvar 2006-cı il tarixdən 05 aprel 2020-ci il tarixədək isə 16926,59 manat pensiya kapitalı olmaqla, cəmi 37126,60 manat pensiya kapitalı mövcuddur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 64 yaş 6 ay (2020-ci ilin aprel ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 (güzəştli şərtlərlə pensiya yaşı) = 90 (yaşlar arasındakı ay fərqi) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 234 (gözlənilən pensiya ödənişi aylarınının sayı); Pensiya kapitalı = 37126,60 : 234 = 158,66 < 200 (2020-ci il minumum pensiyanın məbləği). Beləliklə də, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq iddiaçının 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən az olmuşdur. Buna görə də, İddiaçı pensiyası Fondun Culfa rayon şöbəsinin 8 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 27 may 2022-ci il tarixli, 2-1(122)-85/2022 nömrəli sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 iyun 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X2 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi tərəfindən ünvan 3 ünvanında yaşayan İddiaçı ünvanladığı 04 fevral 2022-ci il tarixli, 01/C-17 nömrəli məktudan məlum olur ki, ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 28 avqust 2020-ci il tarixdə hüququnun yarandığı 05 aprel 2020-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə 200,00 manat əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan "fərdi hesabın "sığorta həssində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli şərtlə yaşa görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı, güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsində qeyd olunan pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçı 01 yanvar 2006-cı il tarixədək olan 27 il, 3 ay, 4 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalının 20200,01 manat, 01 yanvar 2006-cı il tarixdən 05 aprel 2020-ci il tarixədək isə 16926,59 manat olmaqla, cəmi 37126,60 manat pensiya kapitalı vardır. Hesablama aşağıdakı qaydada aparılmışdır: 64 yaş 6 ay (2020-ci ilin aprel ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 (güzəştli şərtlərlə pensiya yaşı) = 90 (yaşlar arasındakı ay fərqi) + 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 234 (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalının 37126,60 : 234 = 158,66 < 200 (2020-ci il minimum pensiyanın məbləği). Beləliklə İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə çatmadığından pensiya işi ləğv edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxx 1963-cü ildə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 16 fevral 2022-ci il tarixli, 469 nömrəli arayışdan məlum olur ki, İddiaçı ünvan 3 ünvanında yaşayır və həmin mənzildə qeydiyyatdadır. - 03 avqust 1981-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında İddiaçı 28 iyul 1981-ci il tarixdən 13 may 1982-ci il tarixə kimi dəmir yolunda maşinst köməkçisi işlədiyi, 18 may 1982-ci il tarixdən 09 iyun 1984-cü il tarixə kimi hərbi xidmətdə olduğu, 25 iyun 1984-cü il tarixdən 07 dekabr 1987-ci il tarixə kimi dəmir yolunda maşinst işlədiyi, 07 dekabr 1987-ci il tarixdən 07 iyun 1988-ci il tarixə kimi kursda təhsil aldığı, 07 iyun 1988-ci il tarixdən Culfa Dəmir yolunda maşinist köməkçisi kimi işə qəbul edildiyi göstərilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarından məlum olur ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Audit şöbəsi tərəfindən tərtib edilmiş 25 dekabr 2021-ci il tarixli yoxlama arayışına əsasən pensiya işlərini nəzərdən keçirərək müəyyən etmişdir ki, 28 avqust 2020-ci il tarixdə 246 nömrəli qərara əsasən xx xxxxx 1963-cü il tarixdə anadan olmuş, ünvan 5 ünvanında yaşayan İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 200 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən qanunun 9.1-ci maddəsini 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixinədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığorta stajına daxil edilir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından vətəndaşın güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq komissiya xx xxxxx 1963-cü il tarixində anadan olmuş, ünvan 5 ünvanında yaşayan İddiaçı 28 avqust 2020-ci il tarixdə 246 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsini və 28 avqust 2020-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədək ödənilmiş 4446 manat, 93 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - “Naxçıvan Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa Rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 09 iyun 2022-ci il tarixli, 06/217 nömrəli və 20 iyun 2022-ci il tarixli, 06/238 nömrəli məktubların məzmunundan aydın olur ki, xx xxxxx 1963cü il tarixdə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 28 avqust 2020-ci il tarixli, 246 nömrəli qərarına əsasən 05 aprel 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi 03 avqust 1981-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə və arayışlara əsasən, onun ümumi iş stajı 27 il, 3 ay, 20 gün təşkil etmişdir. Beləliklə İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 27 il, 3 ay, 20 gün ümumi, 21 il, 8 ay xüsusi iş stajı vardır. İddiaçı xüsusi iş stajını təsdiq edən kod aşağıdakıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun tarixli, 320 saylı Qərarının 2 №-li Siyahısının "XXVİİİ Nəqliyyat" bölməsi 23001000-14241 (Teplovoz,elektrovoz maşinistləri və maşinist köməkçiləri). Həmçinin məktublarda İddiaçı 01 yanvar 2006-cı il tarixədək iş stajını əks etdirən cədvəl göstərilmişdir. - Fondun Culfa rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 012662 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, 06/154 nömrəli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı (ssn: **********093) DSMF Culfa rayon şöbəsində 01 yanvar 2006-cı ildən 05 aprel 2020-ci il tarixədək 13 il, 9 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 16917,98 manat pensiya kapitalı vardır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 28 avqust 2020-ci il tarixli, 246 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə 05 aprel 2020-ci il tarixdən 200,0 manat məbləğində müddətsiz pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 28 avqust 2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 17 avqust 2020-ci il tarixli, 512 nömrəli arayışdan görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı 13 may 1982-ci il tarixdən 09 iyun 1984cü il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 19 avqust 2020-ci il tarixli, 13/627 nömrəli arayışda İddiaçı 28 iyul 1981-ci il tarixli, 231 nömrəli əmrlə X7 – X4 maşinist olaraq işə qəbul edilməsinin əmr kitablarında göstərildiyi qeyd edilmişdir. - 15 iyul 1981-ci il tarixli, B seriyalı, 814260 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1978-ci il tarixdən 15 iyul 1981-ci ilə qədər təhsil almışdır. 012662 nömrəli pensiya işinə həmçinin İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları və illər üzrə infilyasiya faizləri də əlavə olunmuşdur. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı əmək kitabçasında göstərilən iş illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini arzu edir. Cavabdeh inzibati orqanın imtina məktubundan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, aparılan audit yoxlamasından sonra iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğu müəyyən edildiyi üçün 28 avqust 2020-ci il tarixli, 246 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Şöbənin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarına əsasən ləğv olunmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə İddiaçı 28 avqust 2020-ci il tarixli, 246 nömrəli qərarına əsasən 05 aprel 2020-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 200 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 27 il, 3 ay, 20 gün ümumi iş stajı, 21 il, 8 ay xüsusi iş stajı mövcud olmuşdur. Lakin inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olunduğu aşkar olunmuş, nəticədə 01 iyul 2017ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurəti yarandığı əsas gətirələrək iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan təyin olunmuş pensiya inzibati orqanın 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. İddia tələbinin birinci, yəni “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, mübahisə 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajı, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il, 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin iddiaçının xüsusi stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında "XXVİİİ Nəqliyyat" bölməsi 23001000-14241 (teplovoz,elektrovoz maşinistləri və maşinist köməkçiləri) vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəruri tələbləri ödənilmiş, onun əmək kitabçasına və arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 25 ildən çox ümumi iş stajının, 21 il, 8 ay xüsusi iş stajının mövcudluğu məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən pensiyanın ləğv edilməsinə səbəb kimi göstərilən yeganə arqument iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmamasıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Həmin Qanunda isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı ilə tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni pensiya hüququ yarandığından 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. Göründüyü kimi inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsində haqlı olmamışdır. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi 23 fevral 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. İddia tələbinin ikinci, yəni təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu hissənin həlli birinci hissənin həllindən asılı olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsinə səbəb olur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamış, inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun olaraq sübutlarla əsaslandırılmamışdır. Qanunun tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 09 nömrəli qərarı ləğv edilsin və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar