Məhkəmə qərarları › İş №2-1(122)-852/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-852/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-852/2025 30.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Nikah Evinə qarşı "doğum haqqında akt qeydləri kitabında onun barəsində aparılmış xx.xx.1991-ci il tarixli, 52 saylı doğum haqqında akt qeydində düzəliş edilərək “Turanə” adının “Türkanə” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Nikah Evinin akt qeyd kitabında onun adının “Türkanə” kimi qeyd olunmaqla “İddiaçı” qızı kimi yazılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1991-ci il tarixdə Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı İddiaçı qeyd olunmuşdur. Lakin uzun müddətdir ki, o, doğum haqqında şəhadətnaməni itirmişdir. O, Türkiyə Respublikasına getmək istəyərkən onun doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur ki, bununla bağlı o, doğum haqqında şəhadətnamə almaq üçün ərizə ilə Naxçıvan Şəhər Nikah Evinə müraciət etmişdir. Naxçıvan Şəhər Nikah Evinin 16 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-334/2025 nömrəli məktubunda Naxçıvan şəhəri üzrə arxiv məlumatları araşdırılarkən məlum oldu ki, Cavidabad KİN tərəfindən tərtib olunan xx.xx.1991-ci tarixli, 52 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “X5”, doğum tarixi “xx.xx.1991”, doğum yeri "Qaraxanbəyli kəndi”, ata adı “X7”, ana adı “X3”dır. Onun adının “Türkanə” olduğuna dair doğum akt qeydinin üzərində heç bir məlumata rast gəlinmədiyini qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlı vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalara”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəlişin kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılması və doğum akt qeydində düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. O da məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Naxçıvan MR Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər Nikah Evinin akt qeyd kitabında onun adının “Türkanə” kimi qeyd olunmaqla “İddiaçı” qızı kimi yazılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Nikah Evinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Şəhər Nikah Evi iddiaya dair məhkəməyə ünvanlanan 07 may 2025-ci il tarixli, 3-16-5/8-13-413/2025 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Cavidabad KİN tərəfindən tərtib olunan xx.xx.1991-ci il tarixli, 52 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında "X5", doğum tarixi "xx.xx.1991-ci il", doğum yeri "Qaraxanbəyli kəndi", ata adı "X7”, ana adı "X3"dır. Vətəndaşın adının "Türkanə" olduğuna və ya dəyişdirildiyinə dair doğum akt qeydinin üzərində heç bir məlumata rast gəlinmədi. Vətəndaşın şəxsiyyət vəsiqəsində adının hansı əsasla "Türkanə” yazıldığına dair heç bir sənəd təqdim olunmadı və vətəndaş ilkin doğum haqqında şəhadətnaməsini də itirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar"a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən vətəndaşa izah olunmuşdur ki, doğum akt qeydinə düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət etsin. 10 iyul 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Naxçıvan Şəhər Nikah Evinə qarşı iddia tələbini dəqiqləşdirirərək iddia tələbinə "doğum haqqında akt qeydləri kitabında onun barəsində aparılmış xx.xx.1991-ci il tarixli, 52 saylı doğum haqqında akt qeydində düzəliş edilərək “Turanə” adının “Türkanə” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 10 iyul 2025-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 10 iyul 2025-ci il tarixli, 2-1(122)-852/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 30 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Nikah Evi məhkəməyə 10 oktyabr 2025-ci il il tarixli, 3-16- 5/8-11-916/2025 nömrəli məktub göndərərək 30 oktyabr 2025-ci il tarixdə məhkəmə iclasında xidməti işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını və müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Naxçıvan Şəhər Nikah Evi tərəfindən Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayan İddiaçı ünvanlanmış 16 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-334/2025 nömrəli məktubdan görünür ki, Cavidabad KİN tərəfindən tərtib olunan xx.xx.1991-ci il tarixli, 52 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “X5”, doğum tarixi “xx.xx.1991-ci il”, doğum yeri “Qaraxanbəyli kəndi”, ata adı “X7”, ana adı “X3”dır. Onun adının “Türkanə” olduğuna dair doğum akt qeydinin üzərində heç bir məlumata rast gəlinmədi. Eyni zamanda da adın hansı səbədən dəyişdirildiyi məlum deyil və vətəndaş tərəfindən də bu barədə sənəd təqdim olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 Mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərində düzəliş edilməsi kifayət qədər əsas olmadıqda məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən vətəndaşa doğum akt qeydinə düzəliş edilməsi üçün müvafiq məhkəməyə müraciət etməsi izah olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 284 nömrəli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1991-ci il tarixdə doğulmuşdur. - 24 iyun 2009-cu il tarixli, B 602716 nömrəli orta təhsil haqqında attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2009-cu ildə Bakı şəhəri 316 №-li orta məktəbi bitirmişdir. - Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli, 475394 nömrəli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X5 xx.xx.1991-ci il tarixdə Babək rayon Qaraxanbəyli kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1991-ci il tarixdə 52 səhifəsində qeydiyyat aparılmışdır. Doğum akt qeydində ata adı X7, ana adı X3, valideynlərinin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 iyun 2023-cü il tarixli, AZ-İ seriyalı, 458740 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 ilə İddiaçı arasında nikah Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 362 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sona kişiyə Cəbrayılov, qadına Məmmədova soyadı verilmişdir. - Naxçıvan Şəhər Nikah Evi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 07 may 2025-ci il tarixli, 3-16-5/8-13-419/2025 nömrəli məktubla məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 05/69-613 nömrəli X2 doğum arayışından məlum olur ki, X5 xx.xx.1995-ci il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuşdur. Doğum haqqında akt qeydində ata adı X7, ana adı X3, valideynlərinin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. Bu barədə 11 may 1995-ci ildə Babək rayonu Cavidabad KİN tərəfindən doğum haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 may 2025-ci il tarixli, 3-13-43/2-7059/2025 nömrəli məktubdan aydın olur ki, İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və məhkumluğu barədə məlumat yoxdur. - Naxçıvan Şəhər Nikah Evi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 25 iyul 2025-ci il tarixli, 3-16-5/8-13-700/2025 nömrəli məktubla məhkəməyə göndərilmiş xx.xx.1991-ci il tarixli, 52 saylı doğum akt qeydindən çıxarışdan məlum olur ki, X5 xx.xx.1991-ci il tarixdə Babək rayon Qaraxanbəyli kəndində anadan olmuşdur. Bu barədə doğum kitabında xx.xx.1991-ci il tarixdə 52 nömrəli qeydiyyat aparılmışdır. Doğum akt qeydində ata adı X7, ana adı X3, valideynlərinin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 oktyabr 2025-ci il tarixli, 3-13-43/2-14402/2025 nömrəli məktubdan aydın olur ki, xx.xx.1995-ci il təvəllüdlü Abdullayeva (Məmmədova) Turanə Rüfət qızı sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 6 saylı Səyyar “ASAN xidmət" tərəfindən ailə vəziyyəti "evli", soyadı "Abdullayeva" qeyd olunmaqla və yaşayış yeri üzrə qeydiyyatı "ünvan 3 ünvanına dəyişdirilməklə “AA0070595" (FİN: 59KPC06) nömrəli biometrik şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Həmin şəxsiyyət vəsiqəsi xx.xx.2029-cu il tarixinədək etibarlıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 13.1-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. - 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: - 13.2.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, xx.xx.1991-ci il tarixli, 52 nömrəli doğum akt qeydində İddiaçı ad qrafasında yanlışlıqla “Türkanə” əvəzinə “Turanə” yazılmışdır. İş materiallarında olan iddiaçıya məxsus doğum haqqında akt qeydində iddiaçının adı “Turanə” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - şəxsiyyət vəsiqəsində, orta təhsil haqqında attestatda, nikahın pozulması haqqına şəhadətnamədə iddiaçının adı “Türkanə” kimi göstərilmişdir. Müəyyən olunmuşdur ki, doğum haqqında akt qeydində iddiaçının adının “Turanə” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Turanə adında iddiaçının digər bir bacısı mövcuddur. Məmmədova (Abdullayeva) Turanə Rüfət qızı xx.xx.1995-ci il tarixdə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuşdur. Doğum haqqında akt qeydində ata adı X7, ana adı X3, valideynlərinin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. Bu barədə 11 may 1995-ci ildə Babək rayonu Cavidabad KİN tərəfindən doğum haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilmişdir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 6 saylı Səyyar “ASAN xidmət" tərəfindən ailə vəziyyəti "evli", soyadı "Abdullayeva" qeyd olunmaqla və yaşayış yeri üzrə qeydiyyatı "ünvan 3 ünvanına dəyişdirilməklə “AA0070595" (FİN: 59KPC06) nömrəli biometrik şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş və həmin ünvanda yaşamaqdadır. Göründüyü kimi, İddiaçı yaşayış yeri Naxçıvan şəhəri, Qaraxanbəyli kəndi olmaqla ona AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum haqqında akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı doğum haqqında akt qeydində (adına münasibətdə) düzəlişin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Naxçıvan Şəhər Nikah Evi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Nikah Evinə qarşı "doğum haqqında akt qeydləri kitabında onun barəsində aparılmış xx.xx.1991-ci il tarixli, 52 saylı doğum haqqında akt qeydində düzəliş edilərək “Turanə” adının “Türkanə” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Doğum haqqında akt qeydləri kitabında İddiaçı barəsində aparılmış xx.xx.1991-ci il tarixli, 52 saylı doğum haqqında akt qeydində düzəliş edilərək “Turanə” adının “Türkanə” kimi yazılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Nikah Evinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar