Məhkəmə qərarları › İş №2-1(122)-876/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-876/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-876/2024 14.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının X2, X5 və X3 münasibətdə qismən etibarsız hesab edilməsi, iddiaçının valideynləri - mərhum X7 ilə mərhum X1 birgə mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1934 nömrəli vərəqində və 19/35 nömrəli reyestr kitabının 6804 nömrəli vərəqində qeydiyyata alınmış X2, X5 və X3 aid əsassız aparılmış əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının X2, X5 və X3 münasibətdə qismən etibarsız hesab edilməsi, iddiaçının valideynləri - mərhum X7 ilə mərhum X1 birgə mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1934 nömrəli vərəqində və 19/35 nömrəli reyestr kitabının 6804 nömrəli vərəqində qeydiyyata alınmış X2, X5 və X3 aid əsassız aparılmış əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şərur rayon Mahmudkənd kənd sakini İddiaçı valideynləri X7 ilə X4 1957-ci ildə ildə nikaha girərək ailə həyatı qurmuş, onların birgə nikahından dörd övladı1959-cü il tarixdə X8 (vəfat edib); 1960-cı il tarixdə X9; 1962ci il tarixdə X13; 1964-cü il tarixdə İddiaçı doğulmuşdur. Ailənin digər övladları yetkinlik yaşına çataraq ailə həyatı qurmuş və təsərrüfatdan ayrılmışlar ki, İddiaçı 1991-ci ildə Şərur rayon Cəlilkənd xənd sovetində qeydiyyatdan keçməklə öz həmkəndlisi X10 ilə nikah bağlamış və həmin tarixdən də Şərur rayon Mahmudkənd kəndində valideynləri ilə birgə onlara məxsus evdə yaşamışdır. Sonradan yəni, xx.xx.2000-ci ildə onun atası X7, xx.xx.2005-ci ildə isə anası X4 vəfat etmiş və İddiaçı valideyinlərindən qalmış evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir ki, o ailəsi ilə birgə hal-hazırda da həmin evdə rəsmi qeydiyyatda durmaqla yaşamaqdadır. Ötən müddət ərzində İddiaçı valideynlərinin vərəsəsi olaraq onlardan miras qalmış evin ona məxsus olması düşüncəsi ilə miras əmlakla bağlı hər hansı rəsmiləşdirmə aparmamış, buna lüzum olmadığı qənaətində olmuşdur. Lakin sonradan mərhum validevinlərindən qalmış yaşadıqları ev və torpaq sahələrinə dair sənədlərin ümumiyyətlə itdiyi və ya hər hansı səbəbdən yox olması ilə əlaqədar müvafiq orqana müraciət etmiş, nəticədə həmin orqandan verilmiş arayışlardan mərhum X7 ilə mərhum X1 birgə mülkiyyətində olan əmlaklarının başqa payçıları da olduğu məlum olmuşdur. Hansı ki, 1990-cı illərdə aparılmış torpaq islahatı zamanı X20 Komissiyasının yol verdiyi texniki səhvlik nəticəsində mərhum X7 ilə mərhum X1 birgə mülkiyyətində olan əmlaka onların vərəsələri və ya hal-hazırda ailəsi ilə birgə orada yaşayan İddiaçı deyil, həmin vaxt orada qeydiyyatda olmayan kənar şəxslər əmlakın payçıları kimi qeydiyyata alınmışdır. Belə ki, Şərur rayon Mahmudkənd kəndində fəaliyyət göstərmiş H.Aslanov adına kolxozun X20 komissiyasının xx.xx.1998-ci il tarixli 2 saylı protokoluna əsasən Şərur Mahmudkənd kənd sakinləri X7 ilə mərhum X1 birgə mülkiyyətində olan torpaq sahəsi və onun üzərində olan bir mərtəbəli yaşayış evinə X2, X5 və X6 payçı kimi müəyyən edilmiş, bu protokol isə Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli protokolu ilə təsdiq edilmişdir. Hazırda isə İddiaçı valideynlərindən qalmış miras əmlakın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmışdır ki, bu zaman mübahisə yarandığından onun valideynlərinə məxsus əmlakın payçıları kimi qeydə alınmış şəxslərin həmin əmlaka dair hüquqlarının qeydiyyatının ləğv edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 may 2024-cü il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçı tərəfə yardım məktubları ünvanlanaraq, iddia tələbinin və cavabdehin dəqiqləşdirilməsi təklif olunmuş, 06 aprel 2024-cü il tarixə təyin edilmiş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar iddiaçının vəkili və nümayəndəsinin bilavasitə diqqətinə çatdırılmışdır. Lakin nəzərdə tutulan hallarla bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. -16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə olan halda məhkəmə tərəfindən iddiaçının cavabdehə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Həmçinin məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 09 fevral 2024-cü il tarixli, 229-Vİ FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs yaradılmışdır. Qeyd olunan sərəncamla əlaqədar məhkəmə tərəfindən iddiaçı tərəfə cavabdehin dəqiqləşdirilməsi təklif olunmuş, lakin iddiaçı, iddiaçının vəkili və nümayəndəsi tərəfindən müvafiq dəqiqləşdirilmə də aparılmamışdır. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X20 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X20 komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında aparılmış aqrar islahatlar artıq başa çatmışdır və iddiaçı islahatların nəticələrinə dair qərarı və yaxud islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti də ötürmüşlər. Məhkəmə tərəfindən iddiaçı tərəfin ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubları göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının X2, X5 və X3 münasibətdə qismən etibarsız hesab edilməsi, iddiaçının valideynləri - mərhum X7 ilə mərhum X1 birgə mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1934 nömrəli vərəqində və 19/35 nömrəli reyestr kitabının 6804 nömrəli vərəqində qeydiyyata alınmış X2, X5 və X3 aid əsassız aparılmış əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarının X2, X5 və X3 münasibətdə qismən etibarsız hesab edilməsi, iddiaçının valideynləri - mərhum X7 ilə mərhum X1 birgə mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1934 nömrəli vərəqində və 19/35 nömrəli reyestr kitabının 6804 nömrəli vərəqində qeydiyyata alınmış X2, X5 və X3 aid əsassız aparılmış əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar