Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-876/2025 27.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək müharibədə iştirak etməyi ilə bağlı faktın təsdiq edilməsi, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958- ci ildə Şərur rayon Yengicə kəndində anadan olmuş və haliyədə orada yaşayır. O, sovetlər dönəmində N saylı hərbi hissədə xidmət edib və ordan da ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Sədərək ərazisindən başlayaraq, bütünlüklə Naxçıvan Muxtar Respublikasının sərhəd bölgələrində gedən döyüşlərdə iştirak etmişdir. Şərur rayon hərbi komissarlığının tapşırığı və göstərişi ilə bütun döyüşlədə döyüş yoldaşları ilə çiyin-çiyinə durub vuruşmuşdur. Xüsusilə 1990-1991-ci illərdə Şərur rayon hərbi komissarlığınin göstərişi və tapşırığı əsasında döyüşlərdə iştirak etmişdir. Məhz buna görə Şərur rayon hərbi komissarlığının onun hərbi biletində möhürlə təsdiq olunmuş xüsusi qeyd də vardır. Onun döyüşlərdə iştirakı ilə bağlı döyüş yoldaşları X16, X5 və X6, 1990- 1991-ci illərdə onunla birgə vuruşduqlarını təsdiq edən, Şərur rayon 2 saylı notariat ofisinin təsdiq etdiyi ərizə də sübut kimi qiymətləndirilə bilər. Eyni zamanda həmin döyüş yoldaşları, X5-044768 saylı, X16-046402 saylı və X17 oglu-082713 saylı müharibə veteranı vəsiqəsinin almışlar. Bundan əlavə 5 iyun 2001-ci il tarixdə Yengicə kənd sakinləri olan 1.X13, 2.X14, 3.X15, 4.X4, 5.X10 imzaları ilə təsdiq olunmuş akt da onun döyüş bölgələrində onlarla birlikdə iştirak etməyi təsdiq olunmuşdur. Bu haqda döyüşlərdə iştirak etmiş yoldaşları ilə foto şəkilləri də var. Bütun bu faktlar onun müharibədə iştirak etməyini təsdiq edir və ona görə də ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş edir. Amma bütün bu faktlara baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2025-ci il tarixli məktubunda, arxivdə saxlanılan əmrlər kitabında 1990-1991-ci illərin əmr kitabında İddiaçı haqqında məlumatın olmaması qeyd olunur. Bu məlumatlar eynilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətdə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarənin Şərur rayon söbəsinin 11 aprel 2025-ci il tarixli ona ünvanlanmış məktubunda da qeyd edilmişdir. O, hesab edir ki, aidiyyatı olan təşkilatlar ona imtina verib, amma hüquqi qüvvəsi olan əsas sənədləri nəzərə almayıb, Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanmayan, araşdırma aparmadan müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edib. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən müharibədə iştirak etməyi ilə bağlı faktın təsdiq edilməsi, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuşdur. Sonradan iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 16 oktyabr 2025-ci il tarixə təyin edilmiş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmiş, bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 fevral 2026-cı il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı 1991-1992-ci il tarixlərdə Sədərək döyüşlərində iştirak etməsində nə hərbi komissarlığın (səfərbərlik xidmətinin), nə də rayon icra hakimiyyətinin rolu olduğunu, onun döyüşlərə göndərilməsi (getməsi) ilə bağlı heç bir siyahının tərtib edilmədiyini, yalnız kənd əhalisinin toplanaraq döyüşə getdiklərini qeyd edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Şərur rayon Yengicə kənd sakini İddiaçı ünvanlanmış 11 aprel 2025-ci il tarixli, 3-43-68/2-427-2025 nömrəli məktubdan məlum olur ki, onun xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idərəsinin rəisi tərəfindən xidmət illəri ilə bağlı N saylı hərbi hissəyə sorğu edilmiş və N saylı hərbi hissədən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-25-210/2-1206/2025 №-li arxiv arayışına əsasən 1991- 1992-ci illərin “Nizami hissə üzrə əmrlər kitabı”nda döyüşlərdə iştirakı və xidmət keçməyi barədə məlumat olmadığından ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün tələb olunan sənədləri aidiyyəti üzrə komissiyaya göndərməyi imkan xaricindədir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisinə ünvanlanmış 18 aprel 2025-ci il tarixli məktubdan görünür ki, X12 Komitəsinin Arxivdə saxlanılan 1991-1992-ci illərin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. - 05 iyun 2001-ci il tarixdə Yengicə kənd sakinləri tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, İddiaçı 1990-1992-ci illərdə Sədərək rayonunun döyüş bölgələrində könüllü olaraq iştirak etmişdir. - 06 may 2025-ci il tarixli, **********226 notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X16, X5 və X1 Nazim Sultan oğlunun 1990-1992-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə onlarla bir yerdə iştirak etdiyini bildirmişdirlər. - НЭ seriyalı, ******* nömrəli hərbi biletin surətinin 7-ci səhifəsində İddiaçı 1990-1991ci illərdə Sədərək uğrunda gedən döyüşlərində yaxından iştirak etdiyi qeyd olunmuşdur. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1958-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Şərur rayonunun, Yengicə kəndində yaşayan vətəndaş İddiaçı ünvanlanmış 01 oktyabr 2025-ci il tarixli, 3-43-90/2-Z-135xx-xx/2025/C-7653 nömrəli məktubdan məlum olur ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü ilmayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdəiştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Yuxarıda göstərilən qanunvericiliyin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına dair təsdiqedici hüquqi sənədlər olmadığından, ona "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi məsələsinə Xidmətin "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası"nda baxılması hazırda mümkün olmamışdır. Bununla belə, döyüş əməliyyatlarında iştirakın sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 noyabr 2025-ci il tarixli, 3-43-75/2-34458/2025 nömrəli məktubdan aydın olur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əlavə olaraq bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir. - Şərur Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 noyabr 2025-ci il tarixli, 5-28/2-1700/2025 nömrəli məktubdan məlum olur ki, Şərur Rayon İcra Hakimiyyətinin arxivində son 5 ilin sənədləri saxlanıldığından İddiaçı özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirakı barədə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 dekabr 2025-ci il tarixli, 3-25-210/2- 4515/2025 nömrəli məktubdan görünür ki, X12 Komitəsinin Arxivdə saxlanılan 1991-1992ci illərin "Nizami hissə üzrə əmrlər kitabı"nda İddiaçı haqqında məlumat yoxdur. İddiaçı döyüşlərdə iştirak etməsi barədə fotoşəkili məhkəməyə təqdim etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Hazırki işin hallarına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mümkün olmayacağı bildirilmişdir. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, hərbi qulluqçu olmayan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Lakin yuxarıda istinad olunan Əsasnamədən göründüyü kimi, bu hüquq yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar və hərbi biletdə yazılan qeydlər səxsin döyüşlərdə iştirakını sübut edən digər müvafiq sənədlərlə (nizami hüssə üzrə əmrlərdən çıxarışlarla) birgə təqdim edildiyi hallarda müharibə veteranı adının verilməsi üçün əsas hesab oluna bilər. Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və qanuni əsaslarla ehtiyata buraxılması, döyüşlər zamanı yaralanması travma alması barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilmədiyindən, döyüşlərdə iştirakı barədə məlumat olmadığından iddia sübuta yetirilmiş sayıla bilməz. İddiaçının Sədərək döyüşlərində iştirakı barədə özünümüdafiə dəstələrinin siyahısında olması faktı öz təsdiqini tapmamışdır. İddiaçı bununla bağlı sübutları məhkəməyə təqdim etməmiş və əksinə 27 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında onun Sədərək döyüşlərində iştirak etməsi, döyüşlərə göndərilməsi barədə rayon icra hakimiyyətinin və o dövrdə fəaliyyət göstərən hərbi komissarlığın heç bir rolu olmadığını, döyüşlərə göndərilməsi barədə heç bir siyahının tərtib edilməməsini, onun adının heç bir siyahıda olmadığını israrla qeyd etmişdir. Beləliklə məhkəmə qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də qeyd olunur ki, müharibə veteranı adını və müvafiq veteran vəsiqəsini almaq üçün şəxs döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş (hərbi xidmətə qəbul və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmış) olmalıdır. Hazırkı işdə də iş materiallarında olan hərbi biletin surətinin 7-ci səhifəsində İddiaçı 1990-1991-ci illərdə Sədərək uğrunda gedən döyüşlərində yaxından iştirak etdiyi qeyd edilsə də, özünümüdafiə dəstələrinin tərkibində (siyahılarda) olması və döyüş bölgəsində iştirak etməsinin təsdiq edilməsi barədə sübutlar olmadığından qanunvericiliyin tələbi baxımından İddiaçı “müharibə veteranı” adı və vəsiqənin verilməsi qanunaziddir. Belə ki, iddiaçı məhkəmə iclasları zamanı verdiyi izahatlarda ona məxsus hərbi biletin 7-ci səhifəsində olan qeydin döyüşlərdə iştirak etdiyi vaxtda deyil, 2001-ci il tarixdən sonra aparıldığını təsdiq etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, döyüşlərin getdiyi dövrdə və ya atəşkəs imzalandığı tarixdə (1994-cü ildə) deyil, təxminən 7 (yeddi) il sonra iddiaçının hərbi biletində onun Sədərək döyüşlərində iştirak etməsi barədə aparılmış qeydin hansı əsasla və ya hansı məqsədlə aparılmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 5 iyun 2001-ci il tarixdə onun döyüşlərdə könüllü iştirakı barədə tərtib edilmiş akta münasibətdə qeyd edir ki, akt rəsmi dövlət orqanları tərəfindən deyil, iddiaçının qonşuları tərəfindən iddiaçının idda etdiyi döyüşlərdə iştirak etdiyi tarixdən 9 (doqquz) il sonra tərtib edilmişdir. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçının hərbi biletinin 7-ci səhifəsində onun Sədərək uğrunda gedən döyüşlərdə iştirak etdiyi tarix kimi 1990-1991-ci illər qeyd edildiyi halda, 5 iyun 2001-ci il tarixli onun döyüşlərdə könüllü iştirakı barədə qonşular tərəfindən tərtib edilmiş aktda döyüşlərdə 1990-1992-ci illərdə iştirak etdiyi qeyd edilmişdir ki, eyni məsələ barədə fərqli sənədlərdə müxtəlif tarixlərin qeyd edilməsi halı iddiaçının döyüşlərdə iştirakı faktını şübhə altında qoymuşdur. Məhkəmə iddiaçı tərəfindən onun Sədərək uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə sübut kimi təqdim etdiyi bir ədəd fotoşəkilə münasibətdə qeyd edir ki, həmin fotoşəkilin hansı ərazidə (döyüşlərin getdiyi və ya digər), hansı tarixdə, hansı şəraitdə çəkilməsini və ümumiyyətlə, iddiaçının həmin fotoşəkildə olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, 25 dekabr 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Lakin iddiaçı adının döyüşlərə göndərilməsi barədə yerli icra hakimiyyətləri tərəfindən təsdiq edilmiş siyahılarda olması, döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırılması zamanı da həmin sübutları əldə etmək mümkün olmamışdır. İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Şərh edilən hallar isə iddiaçının “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsinə mane olur. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İddiaçının hərbi biletində onun Sədərək döyüşlərində iştirak etdiyi qeyd edilsə də, məhkəmə hesab edir ki, həmin məlumatın mövcudluğu belə iddianın təmin edilməsi üçün zəruri digər faktın mövcud olmadığı həqiqətini dəyişdirmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən hərbi biletlərdə nəzərdə tutulmuş qeydlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, başqa sözlə digər sübutlarla təsdiq edidiyi halda sübut kimi əsas götürülə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Buna görə də qeyd olunan qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-876/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-876/2025
27.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver