Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-88/2020 30.09.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “İddiaçı barəsində Cavabdehndə qeyd olunmuş 29 iyul 1968-ci il tarixli, 13 nömrəli ölüm aktı qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində Cavabdehndə qeyd olunmuş 29 iyul 1968-ci il tarixli, 13 nömrəli ölüm aktı qeydinin ləğv edilməsi və sistemdəki ölüm qeydinin silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1965-ci ildə Şahbuz rayonu, Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olmuşdur. 1972-1982-cı illərdə həmin kənddə orta məktəbdə oxumuşdur. 1983-cü ildə Azərbaycan Tibb Universitetinə qəbul olunub 1988-ci ildə həmin universiteti bitirmişdir. 1989-cu ildə tibbi xidmət leytenantı rütbəsi ilə hərbi bilet almışdır. İddiaçı həmçinin 1990-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşdə Şahbuz rayonunun Şada kəndində yaralandığını, 3-cü qrup əlil olduğunu, 1993-cü ildə evləndiyini, birgə nikahdan iki uşağının olduğunu bildirmişdir. Bu ilin iyul ayında şəxsi işi ilə əlaqədar Notariat ofisinə müraciət edərkən, sistemdə onun 1968-ci ildə ölməyinin qeyd olunduğu, ona görə də onunla heç bir əməliyyat apara bilmədikləri bildirilmişdir.Bu faktla bağlı iddiaçı 17 iyul 2020-ci il tarixdə Cavabdehnə bu yanlışlığı aradan qaldırmaq tələbi ilə müraciət etmişdir. Sistemə baxıldıqda onun haqqında bu qeydlərin yazıldığı aşkar olunmuşdur: 1) 1965-ci ildə doğulub; 2) 1968-ci ildə ölüb; 3) 1993-cü ildə nikaha daxil olub; 4) 1995-ci ildə ata olub; 5) 1998-ci ildə ata olub. İddiaçı bildirir ki, bu qeydlərdən də göründüyü kimi onun haqqında məlumatlar sistemə yazılarkən səhlənkarlığa yol verilmişdir. Həmçinin iddiaçı onu da qeyd edir ki, Rəsul adlı bir qardaşı 1967-ci ildə doğulub, 1968-ci ildə isə ölmüşdür. O, qeydiyyat şöbəsində qardaşı haqqında qeydin yoxlanılmasını istəyərkən onun ölümü haqqında qeydinin olmadığı məlum olmuşdur. İddiaçı buradan belə nəticəyə gəlmişdir ki, sistemə məlumatlar daxil edilərkən onun ölüm aktı iddiaçının adına yazılmışdır. Bu yanlışlığı aradan qaldırmaq tələbinə Cavabdeh tərəfindən ona cavab olaraq verilən 17 iyul 2020-ci il tarixli, 97 nömrəli məktubda bu məsələ ilə bağlı onların səlahiyyətinin olmadığı bildirilərək məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Ona görə də iddiaçı məhkəmədən İddiaçı barəsində Cavabdehndə qeyd olunmuş 29 iyul 1968-ci il tarixli, 13 nömrəli ölüm aktı qeydinin ləğv edilməsi və sistemdəki ölüm qeydinin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla Cavabdehnə göndərilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə 15 sentyabr 2020-ci il tarixli ərizə ilə müraciət edərək Cavabdehnə qarşı “İddiaçı barəsində Cavabdehndə qeyd olunmuş 29 iyul 1968-ci il tarixli, 13 nömrəli ölüm aktı qeydinin ləğv edilməsi və sistemdəki ölüm qeydinin silinməsi” barədə iddia qaldırdığını, iddia tələbini dəqiqləşdirərək hazırki tələbinin “İddiaçı barəsində Cavabdehndə qeyd olunmuş 29 iyul 1968-ci il tarixli, 13 nömrəli ölüm aktı qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” olduğunu bildirmişdir. Məhkəmənin 15 sentyabr 2020-ci il tarixli, 2-1(122)-88/2020 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 30 sentyabr 2020-ci il tarixə təyin olunmuşdur. Cavabdeh şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilsə də, Cavabdeh məhkəmədən işə nümayəndəsinin iştirakı olmadan baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən Cavabdehndə qeyd olunmuş 29 iyul 1968-ci il tarixli, 13 nömrəli ölüm aktı qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İddiaçı izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli, 223513 nömrəli çıxarışdan görünür ki, İddiaçı Şahbuz rayonunun Kükü kəndində 24 iyul 1968-ci ildə ölmüşdür. Bu barədə 29 iyul 1968-ci il tarixdə ölüm kitabının 13-cü səhifəsində qeydiyyat aparılmışdır. Ölüm səbəbi kimi peritonit göstərilmişdir. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanan 17 iyul 2020-ci il tarixli, 97 nömrəli məktubdan məlum olur ki, İddiaçı ərizəsində göstərilən xüsusatlar tərəflərindən araşdırılmış və müəyyən olunmuşdur ki, -.07.1968-ci il tarixli, 13 nömrəli akt qeydində onunla bağlı ilkin ölüm aktı mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2011-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 63.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən ölüm haqqında akt qeydinin qeydiyyat şöbəsi tərəfindən ləğv edilməsi qanuna zidd olduğundan mümkün deyil. İddiaçı ölüm haqqında akt qeydinin ləğv olunması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. - 05 yanvar 1989-cu il tarixli, 134966 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1989-cu ildə N saylı hərbi hissədə N gün hərbi təlim keçmiş, tibbi xidmət leytenantı rütbəsi almışdır. - 21 oktyabr 1993-cü il tarixli, 269711 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı X1 ilə 21 oktyabr 1993cü ildə nikaha daxil olmuşdur. - Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 07 may 2003-cü il tarixli, 072794 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı hərbi əməliyyat keçirilən zonada olması ilə əlaqədar üçüncü qrup əlildir. - 28 iyun 1988-ci il tarixli, 018864 nömrəli diplomun təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstituna daxil olmuş, 1988-ci ildə həmin institutu farmasiya ixtisası üzrə bitirmişdir. - Şahbuz Rayon Polis Şöbəsi tərəfindən 13 iyun 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 1965-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Yuxarı Remeşin kəndində doğulmuş İddiaçı ünvan 2 ünvanında yaşayır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 08 sentyabr 2020-ci il tarixli, 129 nömrəli məktubdan aydın olur ki, vətəndaş İddiaçı ölüm aktının ləğv edilməsi haqqında yazdığı 17 iyul 2020-ci il tarixli ərizəsində qeyd olunub ki, vətəndaş 2 saylı Naxçıvan şəhər XNO-nə müraciət etdiyi zaman, onun adına sistemdə ölüm aktı tərtib olunduğu məlum olmuşdur. Bu ərizə əsasında Cavabdeh tərəfindən Azərbaycan Respublikasının “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və məlum olmuşdur ki, həqiqətən də Şahbuz rayon Kükü kənd XDSİK-si tərəfindən 29 iyul 1968-ci il tarixdə 13 nömrəli aktla vətəndaşın adına ölüm aktı tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2011-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 63.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən ölüm haqqında akt qeydinin qeydiyyat şöbəsi tərəfindən ləğv edilməsi qanuna zidd olduğundan mümkün deyil. Bu barədə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməsi vətəndaşa izah olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4 və 1.7-ci bəndlərinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Həmin Qaydanın 8.1, 8.6, 8.14 və 8.15-ci bəndlərində nəzərdə tutulmuşdur ki, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. İşin hallarından məlum olur ki, ölüm haqqında məlumat akt kitabında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılmalı olduğu halda, İddiaçı adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. İddiaçı barəsində Azərbaycan Respublikasının “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 1968ci il tarixli, 13 nömrəli ölüm akt qeydi olmasına baxmayaraq, sonradan həmin sistemdə iddiaçı barəsində 1993-cü il tarixdə nikah, 1995 və 1998-ci il tarixdə isə ata olması barədə qeydlər aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı İddiaçı barəsində Cavabdehndə qeyd olunmuş 29 iyul 1968ci il tarixli, 13 nömrəli ölüm aktı qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbi əsaslı olduğundan təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 58.1, 58.7, 68, 69, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində Cavabdehndə qeyd olunmuş 29 iyul 1968-ci il tarixli, 13 nömrəli ölüm aktı qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-88/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-88/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver