Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-88/2023 17.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 və üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X5 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X5 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2- 1(122)-88/2023 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati işə cəlb edilmişdir. Bundan sonra işin hazırlıq icraatı davam etdirilmiş və şifahi icraat qaydasında hazırlıq iclası 17 mart 2023-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X7 məhkəməyə təqdim edilmiş iddiaya qarşı etiraza uyğun izahat verərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X6 mərhum həyat yoldaşı Rəşidə Vəliyeva ilə 2006-cı ilin yay fəslində evləndiyini, həmin ilin dekabr ayında Şərurda indi yaşadıqları evə köçdüklərini, Rəşidə xanımın həmin evə qeyd olunduğundan köhnə qeydiyyatı yenisi ilə əvəz etmək üçün sənədlərin hazırlandığını, 21 iyun 2016-cı ildə Şərur Rayon Polis Şöbəsinə ərizə verdiyini, həmin vaxt xəstələnərək açıq ürək əməliyyatı keçirən Rəşidə xanım üçün maddi vəsaiti olmamasından rüsum ödəyə bilmədiyini, Rəşidə xanım vəfat etdikdən sonra rüsum ödədiyini və onun adına yeni sənəd çıxardığını, bundan sonra Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən evin onun adına keçməsi haqqında çıxarış verildiyini bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarını nəzərdə keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Həmin Qərarın 17-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. İddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı 20 dekabr 1996-cı il tarixli, 3M/07 nömrəli bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X5 adına aparılmış qeydiyyatın ləğv edilməsini tələb edir. İddiaçı həmin qeydiyyatın əsassız olduğuna istinad edir. Cavabdeh inzibati orqan isə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyinə istinad edərək iddiaçının tələbindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı toplanmış və tədqiq olunmuş sübutlar onu deməyə əsas verir ki, Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzil X5 adına daşınmaz əmlakın dövlət reyestrində 20 dekabr 1996-cı il tarixli, 3M/07 nömrəli bağışlama müqaviləsi əsasında aparılmışdır. İnzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrdə daşınmaz əmlakın dövlət reyestri ilə bağlı mübahisələr araşdırılarkən, ilk öncə, həmin qeydiyyatın aparılmasına əsas olmuş faktlar aydınlaşdırılmalıdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsası mülkihüquqi əqdlər (alqı-satqı, bağışlama müqaviləsi və ya vərəsəlik) təşkil edirsə, həmin qeydiyyatla bağlı mübahisələr həll edilməzdən öncə, müvafiq qeydiyyatın aparılmasına əsas olmuş əqdlər mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Digər halda daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydiyyatın əsasını inzibati akt təşkil edirsə, həmin qeydiyyatla bağlı mübahisələrdə, ilk öncə, müvafiq inzibati akt inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Əgər qeydiyyatın aparılmasının əsasını həm mülki əqdlər, həm də inzibati akt təşkil edərsə, bununla bağlı mübahisələr aidiyyəti üzrə məhkəmələrdə mübahisələndirilə bilər. Hazırkı iş üzrə iddiaçının tələbindən aydın olur ki, Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzil X5 adına daşınmaz əmlakın dövlət reyestrində 20 dekabr 1996-cı il tarixli, 3M/07 nömrəli bağışlama müqaviləsi əsasında aparılmışdır. Qanunvericiliyə əsasən bağışlama müqaviləsi mülki-hüquqi əqd hesab olunduğundan, ilk öncə, iddiaçı tərəfindən həmin əqd mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İş materiallarına əlavə edilmiş: - Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Şərur rayon 2 saylı notariat ofisinə, X3 və Naxçıvan Muxtar Respublikası Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və aparılmış qeydiyyatın ləğvi” tələbinə dair iddası rədd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022ci il tarixli, 2(108)-30/2022 nömrəli qətnaməsindən görünür ki, Şərur Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(110)-380/2021 nömrəli qətnaməsindən İddiaçı və onun vəkili və nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(102)-4615/2022 qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2(108)-30/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş müvafiq əqdi mübahisələndirmiş, iş birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində baxılmış və iddia rədd edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə qeydiyyatın aparılmasının əsasını mülki-hüquqi əqd təşkil etdiyindən həmin əqd mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İddiaçı tərəfindən həmin əqd artıq mübahisələndirildiyindən və qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud olduğundan hazırkı iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddianın mahiyyətini araşdırmaqdan ibarətdir. Bununla bağlı İddiaçı məhkəmə iclasında yardım edilmiş, iddia tələbinin mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticə barədə xəbərdar edilmişdir. Buna baxmayaraq İddiaçı hüquqlarının ona aydın olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X5 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində Şərur şəhəri, Heydər Əliyev prospekti, 37 saylı evin 48 saylı mənzili üzrə X5 adına aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-88/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-88/2023
17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver