Məhkəmə qərarları › İş №2-1(122)-880/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-880/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-880/2024 14.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Yusifov Araz Ərrəhman oğlunun katibliyi, iddiaçı X2, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X2 Cavabdehnə qarşı “mərhum əri X3 istifadəsinə ayrılmış Babək rayonunda yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 100000 (yüz min manat) kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X3 istifadəsinə ayrılmış Babək rayonunda yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 100000 (yüz min manat) kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Babək rayon XDM İcraiyyə Komitəsəsinin 1993-cü il qərarı ilə Kərimbəyli kənd müstəqil “Aygün” kiçik müəssisəsinin nizamnaməsi qeydiyyatdan keçirilməklə onun fəaliyyət göstərməsinə icazə verilmişdir. Buna müvafiq olaraq “Aygün” kiçik müəssisəsi ilə bağlı rəy tərtib edilmiş və onun Nizamnaməsi təsdiq olunmuşdur. “Aygün" kiçik müəssisəsinə Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin 19 mart 2003-cü il tarixli lisenziyası verilmişdir. Həmin yanacaq doldurma məntəqəsi iddiaçının mərhum həyat yoldaşı X8 tərəfindən tikib istifadəyə verildikdən sonra heç bir səbəbi olmadan, ona heç bir kompensasiya ödənilmədən sökülmüşdür. Bağırov Vaqif xx.xx.2012-ci ildə vəfat etmiş və bu barədə ölüm akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. Onun qanuni varisi kimi iddiaçı çıxış edir. Bununla bağlı o, Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh 02 mart 2023-cü il tarixli, 5-22/2-108/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, ərizədə qeyd olunan məsələ mübahisəli olduğundan araşdırılması üçün məhkəməyə müraciət edilməlidir. O da məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 avqust 2024cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı X4, iddiaçının vəkili və nümayəndəsi Vəkil 14 may və 24 iyun 2024-cü il tarixlərdə yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbində qeyd edilmiş Babək rayonunda yerləşən qeyri-yaşayış sahəsinin X3 mülkiyyətində olmasını təsdiq edən sənədlər, həmin qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarını təsdiq edən sənədlər, həmçinin iddiaçının X3 vərəsəsi olmasını təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin, iddia ərizəsinə sənədlərin əsli və ya təsdiq olunmuş surətləri əlavə edilməli olduğu halda, iddiaçı tərəfindən bu tələbə əməl edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Babək rayonunda yerləşən qeyri-yaşayış sahəsinin X3 mülkiyyətində olmasını təsdiq edən sənədlərin, həmin qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin, həmçinin iddiaçının X3 vərəsəsi olmasını təsdiq edən müvafiq sənədlərin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün təkrarən iddiaçıya, onun vəkili və nümayəndəsinə 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçıya, onun vəkili və nümayəndəsinə məhkəmənin yardım məktublarının lazımi qaydada göndərilməsinə baxmayaraq, yardım məktubunda qeyd olunan məsələlərə hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia tələbini müdafiə etdiyini, mərhum X3 onun həyat yoldaşı olduğunu, hazırda onun vərəsəsi qismində çıxış etdiyini, Babək rayon XDM İcraiyyə Komitəsəsinin 1993-cü il qərarı ilə Kərimbəyli kənd müstəqil “Aygün” kiçik müəssisəsinin nizamnaməsi qeydiyyatdan keçirilməklə onun fəaliyyət göstərməsinə icazə verildiyini, lakin sonradan heç bir kompensasiya ödənilmədən söküldüyünü, müvafiq mülkiyyət sənədlərinin olmadığını, müəssisənin fəaliyyətinə icazə verilməsi ilə bağlı lisenziyanın olduğunu bildirərək, iş materiallarına əlavə edilmiş sənədlər əsasında işə baxılması, iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddiaçı X2 mərhum X3 arvadı kimi vərəsə olduğunu, X6 məxsus qeyriyaşayış sahəsinin qanunsuz olaraq söküldüyünü, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, texniki passport kimi sənədlərinin olmadığını bildirərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 iddiaçının həmin qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədinin olmadığını bildirərək, iddiaçının mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - Cavabdeh X4 ünvanlanmış 02 mart 2023-cü il tarixli, 5-22/2-108/2023 nömrəli məktubdan görünür ki, qeyd olunan obyektin qanunsuz sökülməsi ilə bağlı Cavabdehndə hər hansı Sərəncam və ya inzibati akt yoxdur . - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 25 iyun 2023-cü il tarixli, 04/415 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində “Aygün” kiçik müəsissəsinin adına daşınmaz əmlak qeydiyyata alınmamışdır. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 03 avqust 1964-cü ildə doğulmuşdur. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı mərhum ərinin “Aygün” kiçik müəssisəsinə verilmiş lisenziya əsasında tikib istifadə etdiyi yanacaq doldurma məntəqəsinin qanunsuz olaraq söküldüyünü və buna görə də ona vurulmuş ziyanın ödənilməsini tələb edir. İddiaçı tərəfindən iş materiallarına müvafiq sənədlər əlavə edilsə də, həmin sənədlər əsasında iddiaçının mərhum əri X3 qeyd edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ təsdiq edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qanunvericilikdə birbaşa nəzərdə tutulduğu halda, iş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubunda iddiaçının mərhum ərinin həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun olmaması öz təsdiqini tapır. İddiaçının mərhum ərinin həmin daşınmaz əmlak üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyi kimi iddiaçı da əlavə hər hansı sübutunun və sənədinin olmadığını, mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdir. Həmçinin iş materiallarından iddiaçının mərhum ərinin vərəsəsi olmasını təsdiq edən hər hansı sübut (vərəsəlik şəhadətnaməsi, arayış və s.) mövcud deyildir. Bununla da, iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçının mərhum ərinin mülkiyyət hüququna malik olmaması iddiaçının da onun vərəsəsi qismində həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçı X4, onun vəkili və nümayəndəsi Vəkil məhkəmə tərəfindən müvafiq yardım məktubları göndərilmiş, söküldüyünü iddia etdiyi yanacaq doldurma məntəqəsinin onun mərhum ərinin mülkiyyətində olmasını sübut edən müvafiq sənədlərin məhkəməyə təqdim etməsi təklif olunmuş lakin buna baxmayaraq, iddiaçı mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sübutunun olmadığını və mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X2 Cavabdehnə qarşı “mərhum əri X3 istifadəsinə ayrılmış Babək rayonunda yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 100000 (yüz min manat) kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı X2 Cavabdehnə qarşı “mərhum əri X3 istifadəsinə ayrılmış Babək rayonunda yerləşən qeyri-yaşayış sahəsinin tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının dəyəri olan 100000 (yüz min manat) kompensasiyanın Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar