Məhkəmə qərarları › İş №2-1(122)-893/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-893/2025

08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-893/2025 08.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X1 Heydər oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən çayxana binasından əldən çıxmış fayda (qazanc) olaraq 2023-cü ilin fevral ayından 2025ci ilin aprel ayınadək hər ay 3000 manat olmaqla 26 ay aylıq qazancı olaraq 78000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin fevral ayında mülkiyyətində olan Babək rayon ərazisində yerləşən qeyri-yaşayış sahəsinin-çayxana binasının sökülməsinə digər çayxana binası hazır olanadək hər ay qazancı olan 3000 (üç min) manat pul ödənilməsi şərtilə razılaşmışdır. Onun tək gəlir yeri olan çayxana binası sökülmüş, lakin gəliri (qazancı olan) 3000 manat ödənilməmişdir. Bununla bağlı bir neçə dəfə Cavabdehnə müraciət etsə də, onun çayxana binasının əvəzində sahəsi 280 kv.m olan 2 mərtəbəli çay evi tikildiyi qeyd edilmişdir. Onun mülkiyyətində olan çayxana binası söküləndən qısa zaman sonra yeni çayxana binasının tikilib veriləcəyi barədə söz verilsə də bu günədək həmin bina onun istifadəsinə verilməmişdir. İddiaçı qeyd olunanlara əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən çayxana binasından əldən çıxmış fayda (qazanc) olaraq 2023-cü ilin fevral ayından, 2025-ci ilin aprel ayınadək hər ay 3000 min manat olmaqla 26 ay aylıq qazancı olaraq 78000 min manat kompensasiya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 08 avqust 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin “onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən çayxana binasından əldən çıxmış fayda (qazanc) olaraq 2023-cü ilin fevral ayından 2025-ci ilin aprel ayınadək hər ay 3000 manat olmaqla 26 ay aylıq qazancı olaraq 78000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 08 avqust 2025-ci il tarixli, 2-1(122)-893/2025 tarixli protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - Cavabdeh tərəfindən Babək şəhər sakini İddiaçı ünvanlanmış 12 may 2025-ci il tarixli, 5-22/2-İ-145-xx-xx/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı məxsus sahəsi 30,9 kv.m olan çayxana sökülərək yerində Şəhidlər abidə-memorial kompleksi tikilmiş və həmin obyektin əvəzində isə ümumi sahəsi 280 kvadratmetr olan 2 mərtəbəli çay evinin tikintisi onunla razılaşdırılmış şəkildə başa çatdırılmışdır. - Cavabdeh tərəfindən Babək şəhər sakini İddiaçı ünvanlanmış 23 sentyabr 2024-cü il tarixli, 5-22/2-İ-278-36-181/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı məxsus sahəsi 30,9 kvadratmetr olan çayxana sökülərək yerində Şəhidlər abidə memorial kompleksi tikilmiş və həmin obyektin əvəzində isə ümumi sahəsi 280 kvadratmetr olan 2 mərtəbəli çay evinin tikintisi onunla razılaşdırılmış şəkildə başa çatdırılmışdır. Tikinti işləri başlamazdan əvvəl obyektin tikintisi başa çatdıqdan sonra təmir işlərinin İddiaçı özü tərəfindən aparılacağı bildirilmişdir. - 10 mart 2023-cü il tarixli aktın surətindən məlum olur ki, Babək rayonu, Babək şəhər sakini İddiaçı adına olan **********79-06301 reyestr nömrəli qeyri yaşayış binasına verilmiş texniki pasportda olan 152.97 kv.m torpaq sahəsinin əvəzləşdirilməsi ilə bağlı müraciətə yerində baxış keçirilmiş, qeyri yaşayış binasını təsdiq edən sənədlər hazırlanarkən vətəndaşın istifadə etdiyi qeyri-yaşayış binasına 2231 inventar nömrəli texniki pasport verildiyi müəyyən olunmuşdur. Lakin Babək şəhərində Şəhidlər xiyabanın genişləndirilməsi və abadlaşdırılması ilə bağlı qeyri-yaşayış binası sökülərək torpaq sahəsi ictimai etiyaclar üçün geri qaytarılmışdır. Bununla bağlı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Babək rayon Natariat Ofisində təsdiq edilmiş razılıq ərizəsi nəzərə alınaraq həmin torpaq sahəsinin ləğv edilərək Babək şəhər bələdiyyəsinə əvəzinə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 152.97 kv.m əvəzləşdirilərək sənədləşdirilməsi uyğun hesab olunmuşdur. Qeyd olunanlar vətəndaşa izah olunmuş, vətəndaş gələcəkdə heç bir iddiasının olmayacağını bildirmiş, sənədlərin faktiki vəziyyətə uyğun hazırlanması uyğun hesab edilmişdir. - Babək rayon Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 08 iyul 2025-ci il tarixli, 134 nömrəli məktubla göndərilmiş xx.xx.2023-cü il tarixli, 8İ-712 nömrəli ərizənin surətindən məlum olur ki, İddiaçı məxsus olan, Babək şəhərində yerləşən Naxçıvan MR DƏTMDX-nin xx.xx.2022-ci il tarixli, 2231 inventar nömrəli texniki pasportunda göstərilmiş, **********79-06301 reyestr nömrəli qeyri-yaşayış kafe binasının yerləşdiyi 152.97 kv/m torpaq sahəsi olan yerdə Dövlət rəhbərliyinin göstərişi ilə Şəhidlər Xiyabanı salınacağı bildirilmiş və kafe binasına başqa sahədə yer ayrılıb, binanın tikilməsinə göstəriş verilmişdir. Qısa müddət ərzində KMK-nın işçiləri tərəfindən binanın sökülməsi təmin edilmişdir. İddiaçı həmin torpaq sahəsinin Babək bələdiyyəsinin mülkiyyətinə qaytarılmasını və əvəzində Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi ilə əvəzləşdirilməsini xahiş etmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 iyul 2025-ci il tarixli, 04/370 nömrəli məktubdan məlum olur ki, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə İddiaçı adına ünvan 3 ünvanında ümumi sahəsi 26,92 m2 olan qeyri-yaşayış binası (kafe) qeydiyyata alınmışdır. Babək şəhərində Şəhidlər Xiyabanının genişləndirilməsi və abadlaşdırılması ilə əlaqədar qeyri-yaşayış binası sökülmüş və binanın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan eyni ölçülü digər torpaq sahəsi ilə əvəzləşdirilmiş, İddiaçı xx.xx.2023-cü tarixli ərizəsi əsasında qeyri-yaşayış binasına dair onun adına aparılan ********** nömrəli hüquqların qeydiyyatı ləğv olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı onun mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən çayxana binasından əldən çıxmış fayda (qazanc) olaraq 2023-cü ilin fevral ayından 2025ci ilin aprel ayınadək hər ay 3000 manat olmaqla 26 ay aylıq qazancı olaraq 78000 manat kompensasiya ödənilməsinə nail olmaqdan ibarətdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, ünvan 3 ünvanında ümumi sahəsi 26,92 m2 olan qeyri-yaşayış binası (kafe) İddiaçı mülkiyyətində olmuşdur. Babək şəhərində Şəhidlər Xiyabanının genişləndirilməsi və abadlaşdırılması ilə əlaqədar həmin qeyri-yaşayış sahəsnin köçürülməsi zərurəti yaranmışdır. Bir mərtəbəli çayxana binası iddiaçının razılığı və iştirakı ilə sökülmüş, binanın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olan digər 152 m2 torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Sökülmüş obyektin əvəzində isə layihələndirilməsi və tikinti-quraşdırma işləri bünövrədən Cavabdeh tərəfindən icra edilərək, birinci mərtəbəsi 121 m2 olan, ikinci mərtəbəsi isə 117 m2 olan qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahələr təmirsiz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Sonradan iddiaçı podratçı "xxxx" MMC ilə 14.836 manat dəyərində müqavilə bağlayaraq həmin obyektin mərtəbə sayını bir mərtəbə də artırmışdır. Göründüyü kimi iddiaçı tərəfindən həmin obyektin bir mərtəbəsinə çəkilən xərc nəzərə alındıqda adi hesablama aparılmadan da cavabdehin həmin obyektin inşasına çəkdiyi xərcin sökülən obyektin dəyərinə mütənasib olması açıq-aşkardır. Həmçinin İddiaçı mülkiyyətində olmuş çay evinin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən ona hər ay 3000 manat (üç min manat) ödənilməsi barədə iddiaçı ilə cavabdeh orqan arasında hər hansı şifahi və ya yazılı razılaşma məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, eləcə də iddiaçının 2023-cü ilin fevral ayından 2025-ci ilin aprel ayınadək qeyd olunan məbləğin ödənilməməsi ilə bağlı əvvəllər də hər hansı müraciəti olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Lakin digər çayxana binası hazır olanadək Cavabdeh tərəfindən ona hər ay qazancı olan 3000 (üç min) manat pul ödəniləcəyi barədə tərəflər arasında hər hansı razılaşma olmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya təmin etdiyi imkanlar nəzərə alındıqda, cavabdeh inzibati orqanın hazırkı mübahisə ilə bağlı hərəkəti (hərəkətsizliyi) qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi ilə bağlı olmadığından iddiaçıya kompensasiya ödənilməsi öhdəliyi də yaranmamışdır. Beləliklə, İddiaçı Cavabdehnə qarşı "onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən çayxana binasından əldən çıxmış fayda (qazanc) olaraq 2023-cü ilin fevral ayından 2025-ci ilin aprel ayınadak hər ay 3000 manat olmaqla 26 ay aylıq qazancı olaraq 78000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı "onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən çayxana binasından əldən çıxmış fayda (qazanc) olaraq 2023-cü ilin fevral ayından 2025ci ilin aprel ayınadak hər ay 3000 manat olmaqla 26 ay aylıq qazancı olaraq 78000 manat kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar