Məhkəmə qərarları › İş №2-1(122)-9/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-9/2020

14.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-9/2020 14.02.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, X5liyi, İddiaçı iştirakı ilə, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X7 iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X7 Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak onun adınadır. X8 2006-cı ildə X11 ilə ailə həyatı qurmuşdur. O, Ceyhunu da öz övladı sayaraq onu mülkiyyətində olan evə qeydiyyata salmışdır. Onlar arasında olan nikah 16 iyul 2018-ci il tarixli Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra onlar arasında heç bir münasibət qalmamışdır. Bu səbəbdən də ona yad olan bir insanın onun mülkiyyətində olan evdə qeydiyyatda qalmasını istəmir. Cavabdehə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq ona məxsus evin qeydiyyatından çıxmamışdır. İddiaçı qeyd edir ki, X7 öz atasının adına Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 2, 39 saylı mənzil vardır. Bundan əlavə olaraq X7 öz adına da daşınmaz əmlak olmuşdur. Lakin sonra onun qızı ilə münasibətləri pisləşdiyi üçün boşanma olduğu zaman qızına heç bir pay çatmasın deyə 05.10.2017-ci il tarixdən ünvan 2 ünvanında 600 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 94.42 m2 üç otaqlı fərdi yaşayış evini birinci nikahdan olan övladı X6 adına keçirmişdir. Ceyhun İsfəndiyarovun yaxın ailə üzvlərinin yəni qızı və atasının adına daşınmaz əmlak olduğu halda nəyə görə o keçmiş qayınanasının mülkiyyətində olan evdə qeydiyyatda qalmalıdır? “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən o, ilkin olaraq X9 qeydiyyatdan çıxarılması üçün Daxili İşlər orqanına müraciət etmişdir. Cavab olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02.09.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndinə əsasən, yaşayış yeri dəyişdikdə-yəni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan mərhum edildikdə; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatını aparan orqanın məlumatı əsasında; məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması mümkün olduğundan həmin şəxsin Naxçıvan şəhəri, N.Naxçıvani, 21 nömrəli evin ünvanından çıxarılması barədə ərizənin icra edilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və 33-cü maddələrinə əsasən məhkəmədən X7 Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, 21 evin qeydiyyatından çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(087)-135/2019 nömrəli qərardadı ilə X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 fevral 2020-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmiş, lakin Naxçıvan Şəhər Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan işə baxıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X7 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş və üçüncü şəxs həmin ünvanda yaşamadığından məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Odur ki, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırki iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, tоplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı 09 dekabr 2019-cu il tarixli, 7/3737-M-1431 nömrəli məktubundan görünür ki, X7 Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 dekabr 2019-cu il qeydiyyat tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/38 nömrəli reyestr kitabının 7434 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 7 ünvanı İddiaçı adına 15 noyabr 2019-cu il tarixdə 4412 inventar nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 iyun 2019-cu il tarixli, 01/0625 nömrəli arayışından görünür ki, İddiaçı Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 iyun 2019-cu il tarixli, 01/0624 nömrəli arayışından görünür ki, X4 şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 iyun 2019-cu il tarixli, 01/0620 nömrəli arayışından görünür ki, X1 şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 iyun 2019-cu il tarixli, 01/0615 nömrəli arayışından görünür ki, X3 şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20 avqust 1950-ci ildə Naxçıvan Muxtar Respublikası, ünvan 9 ünvanında yaşayır. İş materiallarında olan 03 iyul 2019-cu il tarixli, TT**********17310 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün ******************** nömrəli hesaba 10 (on) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 10 iyul 2019-cu il tarixli, 353 nömrəli məktubundan görünür ki, Naxçıvan şəhəri, Atabəylər məhəlləsi, bina 2-də yerləşən 39 nömrəli mənzil X10 adınadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 10 iyul 2019-cu il tarixli, 354 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X6 adına 20 oktyabr 2017-ci il tarixdə Naxçıvan şəhər 1-ci Dövlət Notariat Kontorunun 05 oktyabr 2017-ci il tarixli, 4ə-420 nömrəli bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanında 600 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 94.42 m2 olan 3 otaqlı fərdi yaşayış evinin qeydiyyata alındığı bildirilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 dekabr 2019-cu il tarixli, 01/1069 nömrəli və 27 yanvar 2020-ci il tarixli, 01/0126 nömrəli arayışlarından görünür ki, X2 şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, X7 Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanında qeydiyyatda olması, qeydiyyatın formal xarakter daşıması öz təsdiqini tapdığından hazırki iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquqları vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyinin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə görə yaşayış yerini dəyişdikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan evdən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Məhkəmənin qənaətinə görə konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55 saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Məhkəmə, qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev 21 İddiaçı tam mülkiyyətində olduğundan, 3-cü şəxs X11 həmin evdə qeydiyyatda olsa da, həmin evdə yaşamadığından qeydiyyatın formal xarakter daşıması, eləcə də onun həmin evdə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh və ya 3-cü şəxsin özü tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, 3-cü şəxsin iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı X7 Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq, İnzibati Prosessual Məcəllənin 2.2.2, 33.1, 68, 69, 75, 81-ci və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia tələbi təmin edilir. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, ev 21 ünvanının pasport qeydiyyatından X7 çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar