Məhkəmə qərarları › İş №2-1(122)-900/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-900/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-900/2025 07.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “13 iyul 1999-cu il tarixli, 06 saylı Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-048A torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mərhumə anası X5 mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 1999-cu il tarixli, 06 saylı Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-048A torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mərhumə anası X5 mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 07 avqust 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin iddiaçı tərəfə 01 iyul 2025-ci il tarixli yardım məktubu ünvanlanaraq, iddia tələbinin məzmununa əsasən 13 iyul 1999-cu il tarixli, 06 saylı Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-048A torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mərhumə anası X5 mülkiyyət hüququnun qeydə alınmasını tələb edilsə də, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş həmin şəhadətnamə X1 və 5 nəfərdən ibarət digər ailə üzvlərinin adına paylı mülkiyyət şəklində tərtib edilmişdir. Hazırki vəziyyətdə tələbin icrasının mümkünlüyü yalnız X1 və 5 nəfərdən ibarət digər ailə üzvlərinin adına tərtib edilmiş JN-048A torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsinə əsas olmuş müvafiq qərarın mübahisələndirilməsindən asılıdır. Həmin qərarın mübahisələndirilməsinə münasibətdə isə iddia müddəti ötürüldüyündən iddianın mümkünlüyü məsələsi ortaya çıxmışdır. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin dəqiqləşdirilməsi və məhkəmə tərəfindən qeyd olunan mümkünlük şərtlərinə münasibət bildirilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin İPM-nin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş və məhkəmənin yardım məktubunda qeyd olunan hallarla bağlı hər hansı münasibət bildirilməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı və yardım məktubuna münasibət bildirməsindən asılı olmayaraq məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı 13 iyul 1999-cu il tarixli, 06 saylı Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-048A torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mərhumə anası X5 mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. İddiaçının tələbi ilə bağlı qeyd edilməlidir ki, mübahisəli şəhadətnaməyə baxış keçirərkən məlum olmuşdur ki, həmin şəhadətnamə əsasında Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli, 06 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi X2, X8, X3, X4, X6 və X7 paylı mülkiyyətinə verilmişdir. Göründüyü kimi, iddiaçının mərhum anası X5 adına qeydə alınmasını tələb etdiyi mülkiyyət ilə 6 nəfərin paylı mülkiyyətinə verilmiş daşınmaz əmlak eynilik təşkil edir. Hazırki vəziyyətdə iddiaçının tələbinin təmin olunması üçün, ilk öncə, JN-048A torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsinə əsas olmuş inzibati akt mübahisələndirilməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin inzibati aktın ləğvinə və ya dəyişikliyinə nail olmalıdır. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə qaldırılmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçının qeyd olunan hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixinədək itirdiyi də nəzərə alınmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı uzun zaman kəsiyində mübahisələndirmə imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində bu imkandan yararlanmamış, mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı müddətə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Qeyd edilən məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli, 2-1(102)-384/2024 nömrəli qərarında öz əksini tapmışdır. Həmçinin hazırki iş üzrə cavabdeh qismində tanınmış Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq səlahiyyətə malik olması məsələsi mübahisəli olduğundan bununla bağlı iddiaçı tərəfə müvafiq yardım məktubu ünvanlanmasına baxmayaraq, iddiaçı tərəf həmin məsələyə hər hansı münasibət bildirməmişdir. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçı tərəfə məhkəmə tərəfindən yardım edilmiş, iddianın mümkünlüyü məsələsinin müzakirə ediləcəyi diqqətə çatdırılmışdır. Məhkəmə qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsindən çıxış edərək iddiaçı tərəfə müvafiq yardım məktubu ünvanlayaraq iddianın mümkünlük məsələsinə baxılacağını diqqətə çatdırsa da, məktubda qeyd olunan hallar aradan qaldırılması mümkün olmadığından məhkəmə tərəflərin bununla bağlı münasibət bildirilməsindən asılı olmayaraq mümkünlük məsələsinə baxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “13 iyul 1999-cu il tarixli, 06 saylı Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-048A torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mərhumə anası X5 mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “13 iyul 1999-cu il tarixli, 06 saylı Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-048A torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mərhumə anası X5 mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar