Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-905/2025 05.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X15 Heydər oğlunun sədrliyi, X16 oğlunun katibliyi, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "onun pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2024-cü il tarixdən əmək pensiyası hüququ yaranmış, lakin məlumatsızlığına görə sənədləri hazırlayıb cavabdehə təqdim etməsi 2025-ci ilin fevral ayına çəkmişdir. Ona əmək pensiyası ödənilməsi isə 2025-ci ilin fevral ayından başlamışdır. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, təsərrüfatla bağlı ödəniş sistemdə görünməsinə baxmayaraq ondan qəbz tələb olunur. 14 aprel 2025-ci il tarixdə isə cavabdeh onun müraciəti ilə əlaqədar imtinaedici inzibati akt qəbul etmişdir. İddiaçı göstərilənlərə əsasən cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu üzərinə onun hüququ yaranan gündən təyin olunan günə qədər aralıqda olan (05.20xx-xx.2025) tarixlərdə toplanmış kapitalın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə “onun pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi” kimi baxılıb qərar verilməsini xahiş etmişdir. Məhkəmənin 16 sentyabr 2025-ci il tarixli, 2-1(122)-905/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 20 oktyabr 2025-ci il tarixdə iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı etirazını onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1965-ci il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 16 sentyabr 2025-ci il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. İddiaçıya X1 sisteminin "Pensiya" altsistemi tərəfindən 26 yanvar 2025-ci il tarixində avtomatlaşdırılmış (proaktiv) qaydada 320 manat məbləğində çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. JN-520 nömrəli, (KOD ********) Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 02 noyabr 1999-cu il tarixli, 28 nömrəli qərarına əsasən, 0.74 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. X1 sisteminin "Sığorta" altsistemində İddiaçı fərdi şəxsi hesabında 2009-cu ilin yanvar ayında SUN:**********3 nömrə ilə xeyrinə 72 manat pensiya kapitalı olduğu görünür. Lakin pensiya kapitalının ona məxsus olmağına dair təsdiqedici sənəd təqdim edə bilmədiyi üçün ona hüququnun yarandığı 15 may 2024cü il tarixindən 31 yanvar 2025-ci il tarixinədək ötən dövr məbləğinin ödənilməsi mümkün olmamışdır. İddiaçının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun arxivində saxlanılan pay torpağına görə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş qəbzləri araşdırılarkən İddiaçı adına heç bir ödəniş qəbzlərinə rast gəlinməmişdir. Həmçinin iddiaçı X1 Sisteminin "Sığorta" altsisteminin "Sığortaedənlərin reyestri" bölməsində "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və "Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmamışdır. Cavabeh qeyd olunanlara əsasən İddiaçı "onun pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi tələbi”nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 05 dekabr 2025-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. İddiaçı tərəf məhkəməyə 05 dekabr 2025-ci il tarixli teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etirazda yazılanlara uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sədərək rayon Dəmirçi kəndində yaşayan İddiaçı ünvanlanmış 14 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-H-3964/2025 nömrəli məktubdan məlum olur ki, Fondun arxivində saxlanılan pay torpağından ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş qəbzləri araşdırılarkən adına heç bir ödəniş qəbzlərinə rast gəlinməmişdir. - İddiaçı fərdi şəxsi hesabından çıxarışdan məlum olur ki, 2009-cu ilin yanvar ayı üzrə onun 72 manat pensiya kapitalı vardır. - JN-520, KOD 10200088 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının 02 noyabr 1999-cu il tarixli, 28 nömrəli qərarına əsasən X4 və onun ailə üzvləri İddiaçı, X7, X6, X8 və X5 adına kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.74 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 iyun 2025-ci il tarixli, 3-17-9-1/2-7437/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı X1 sisteminin “Pensiya” altsistemi tərəfindən avtomatlaşdırılmış (proaktiv) qaydada çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunduğundan onun adına pensiya işi açılmamışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 iyul 2025-ci il tarixli, 3-17-9-1/2-9174/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı X1 sisteminin “Pensiya” altsistemi tərəfindən 26 yanvar 2025-ci il tarixində avtomatlaşdırılmış (proaktiv) qaydada 320 manat məbləğində çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Qeyd olunan məbləğ 2025-ci ilin iyul ayı daxil olmaqla İddiaçı ödənilmişdir. İddiaçı X1 sisteminin “Sığorta” altsistemində fərdi şəxsi hesabında 2009-cu ilin yanvar ayında SUN:**********3 nömrə ilə xeyrinə ödənilmiş 72 manat pensiya kapitalının ona məxsus olmağına dair təsdiqedici sənəd təqdim edə bilmədiyi üçün ona hüququnun yarandığı 15 may 2024-cü il tarixindən 31 yanvar 2025-ci il tarixinədək ötən dövr məbləğinin ödənilməsi mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 noyabr 2025-ci il tarixli, 3-17-9-1/2-14339/2025 nömrəli məktubdan məlum olur ki, vətəndaş İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsinin sifarişi əsasında 19 iyul 2006-cı il tarixində **********681 nömrəli sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılmışdır. İddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi 13 oktyabr 2010-cu il tarixində **********3 uçot nömrəsi ilə qeydiyyata alınmışdır. Vətəndaşa X1 sisteminin “Pensiya” altsistemi tərəfindən 26 yanvar 2025-ci il tarixində avtomatlaşdırılmış (proaktiv) qaydada çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin olunduğundan onun adına pensiya işi açılmamışdır. İddiaçıya əmək pensiyası təyin olunması barədə “Pensiya” altsistemindən çıxarışlar iş materiallarına əlavə edilmişdir. Qeyd olunan çıxarışlardan məlum olur ki, İddiaçı pensiya hüququ 15 may 2024-cü il tarixdən yaranmışdır. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə, Şərur rayon Dəmirçi kəndində doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3.Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.2.10. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu: - 3.0 və 3.0.1. Dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması prinsipləri əsasında təşkil edilir. - 4.1- ci maddəsinə görə fərdi uçot sığortaçı tərəfindən elektron qaydada aparılır. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemi haqqında Əsasnamə” 2.3 və 2.3.6. “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. 2.3 və 2.3.8. “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, istinad edilən qanun normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının əsas hüquqi marağı pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ona ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh isə X1 Sisteminin "Sığorta" altsistemində İddiaçı fərdi şəxsi hesabında 2009-cu ilin yanvar ayında SUN:**********3 nömrə ilə xeyrinə 72 manat pensiya kapitalı olsa da, həmin pensiya kapitalının ona məxsus olmağına dair təsdiqedici sənəd təqdim edə bilmədiyi üçün ona hüququnun yarandığı 15 may 2024-cü il tarixindən 31 yanvar 2025-ci il tarixinədək ötən dövr məbləğinin ödənilməsinin mümkün olmadığını, eləcə də, iddiaçının X1 Sisteminin "Sığorta" altsisteminin "Sığortaedənlərin reyestri" bölməsində "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və "Pay torpaq mülkiyyətçisi” kimi uçota alınmadığını bildirərək, iddiaçının müraciətinin təminindən imtina etmişdir. İlk növbədə diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadı) İş materiallarından aydın olur ki, İddiaçı 26 yanvar 2025-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən çox uşağı olan ana kimi əmək pensiyası təyin edilmişdir. Nazirliyin X1 sisteminindən əldə edilmiş elektron sənəddən aşkar görünür ki, qeyd olunan hallar "Pensiya" altsistemində öz əksini tapmış, buna baxmayaq cavabdeh heç bir hüquqi əsas olmadan həmin məbləği iddiaçıya ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır. Belə ki, iddiaçının pensiya hüququ 15 may 2024-cü il tarixdən (59 il 6 ay) yaransa da, ilk olaraq ona 2025-ci ilin fevral ayında yanvar-fevral aylarının müvafiq günləri üzrə 342 manat pul ödənilmişdir. Həmçinin cavabdeh iddiaçının fərdi şəxsi hesabında olan 72 manat məbləğində pensiya kapitalının ona məxsus olmasına dair təsdiqedici sənəd təqdim edə bilmədiyindən ona hüququnun yarandığı tarixindən 31 yanvar 2025-ci il tarixinədək ötən dövr məbləğinin ödənilməsinin mümkün olmadığı əsası ilə çıxış etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, 2009-cu ilin yanvar ayında SUN:**********3 nömrə ilə İddiaçı adına olan ödənişə görə ondan təsdiqedici sənəd (qəbz) tələb olunması və bu əsasla ona qeyd olunan dövr aralığında pensiya ödənilməsindən imtina olunması ağlabatan sayıla bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş 06 noyabr 2025-ci il tarixli arayışdan da məlum olur ki, 19 iyul 2006-cı il tarixdə **********681 nömrə ilə iddiaçı Sosial Sığorta Şəhadətnaməsi ilə təmin edilmiş, eləcə də kənd təsərrüfatına yararlı torpaq mülkiyyətçisi kimi 13 oktyabr 2010-cu il tarixdə **********3 uçot nömrəsi ilə qeydiyyata alınmış və tərəfindən həmin torpaq sahəsinə görə 72 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Məhkəmə nəticə etibarı ilə cavabdehin əsas gətirdiyi arqumentləri qəbul etmir. Əksi qanunverici tərəfindən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən “qazanılmış hüquq” konsepsiyasına, ədalət və hüquqi müəyyənlik prinsiplərinə zidd olardı. Nəticə etibarı ilə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmaqla Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin müddəalarını kobud şəkildə pozmuşdur. Buna görə də iddiaçı pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğlərinin ona ödənilməsini tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "onun pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrlər üzrə ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi vəzifəsi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-905/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-905/2025
05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver