Məhkəmə qərarları › İş №2-1(122)-91/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-91/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-91/2020 07.09.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili X2 iştirakları ilə, cavabdeh Naxçıvan Şəhəri 2 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Şəhəri 2 saylı Notariat Ofisinə qarşı “Naxçıvan şəhəri 2 saylı notarius tərəfindən qəbul edilmiş 04 avqust 2020-ci il tarixli qərarın ləğv edilməsi, 27 may 2019-cu il tarixində vəfat etmiş mərhum anası X1 miras qalmış əmlakdan ona çatan payın notarial qaydada qəbul edilməsi və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilərək qanunvericiliyə uyğun olaraq payın müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə iddianın mümkünlüyünü yoxlayaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri 2 saylı notarius tərəfindən qəbul edilmiş 04 avqust 2020-ci il tarixli qərarın ləğv edilməsi, 27 may 2019-cu il tarixində vəfat etmiş mərhum anası X1 miras qalmış əmlakdan ona çatan payın notarial qaydada qəbul edilməsi və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilərək qanunvericiliyə uyğun olaraq payın müəyyən olunması öhdəliyinin cavabdeh Naxçıvan Şəhəri 2 saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 07 sentyabr 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili X3 iddianı müdafiə edərək mübahisəyə inzibati məhkəmədə baxılmalı olduğunu bildirib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, notariusun hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li qərarının 8-ci maddəsində göstərilir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddəsinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Beləliklə, qeyd olunanlara əsasən İddiaçı cavabdeh Naxçıvan Şəhəri 2 saylı Notariat Ofisinə qarşı “Naxçıvan şəhəri 2 saylı notarius tərəfindən qəbul edilmiş 04 avqust 2020-ci il tarixli qərarın ləğv edilməsi, 27 may 2019-cu il tarixində vəfat etmiş mərhum anası X1 miras qalmış əmlakdan ona çatan payın notarial qaydada qəbul edilməsi və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilərək qanunvericiliyə uyğun olaraq payın müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası inzibati məhkəmədə deyil, ümumi məhkəmədə baxılmalı olduğundan mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər hansı bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən məhkəmə, İddiaçı cavabdeh Naxçıvan Şəhəri 2 saylı Notariat Ofisinə qarşı “Naxçıvan şəhəri 2 saylı notarius tərəfindən qəbul edilmiş 04 avqust 2020-ci il tarixli qərarın ləğv edilməsi, 27 may 2019-cu il tarixində vəfat etmiş mərhum anası X1 miras qalmış əmlakdan ona çatan payın notarial qaydada qəbul edilməsi və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilərək qanunvericiliyə uyğun olaraq payın müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80, 81, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Şəhəri 2 saylı Notariat Ofisinə qarşı “Naxçıvan şəhəri 2 saylı notarius tərəfindən qəbul edilmiş 04 avqust 2020-ci il tarixli qərarın ləğv edilməsi, 27 may 2019-cu il tarixində vəfat etmiş mərhum anası X1 miras qalmış əmlakdan ona çatan payın notarial qaydada qəbul edilməsi və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilərək qanunvericiliyə uyğun olaraq payın müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. İddiaçıya “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar