Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-91/2022 20.07.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 19 nömrəli qərarı ilə ona təyin olunmuş yaşa görə güzəştli şərtlərlə əmək pensiyası ləğv edilmişdir. O, ərizə ilə müraciət etmiş və həmin qərarın surətini rəsmi olaraq poçt vasitəsilə 31 yanvar 2022-ci il tarixdə almışdır. İddiaçı bildirir ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 19 nömrəli qərarı qanunsuz və əsasssızdır. Həmin qərarda göstərilənlər həqiqəti əks etdirmir və qərar lazımi qaydada araşdırma aparılmadan qəbul olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək mübahisələndirilən qərarın qanunsuz və əsassız olduğundan ləğv edilməli olduğu qənaətinə gəlmişdir. İddiaçı yuxarıda sadalananları nəzərə alaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. 31 mart 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı iddia qaldırdığını, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsinə heç bir etirazının olmadığını bildirərək, bu barədə yazdığı 31 mart 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 2- 1(122)-91/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin əsl cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bundan sonra işin hazırlıq icraatına başlanaraq məhkəmənin 31 mart 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya qarşı 20 aprel 2022-ci il tarixli, 06/117 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1961-ci il tarixdə anadan olmuş, Culfa rayonu, Xanağa kəndində yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 25 yanvar 2019-cu il tarixli, 08 nömrəli qərarına əsasən 07 oktyabr 2018-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 178,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci tarixdən qüvvədə olan və “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997-cı il tarixdən başlayaraq 01 avqust 2000-ci il tarixədək hər il altı ay artırılaraq 57 yaş müəyyən olunmuşdur. 57 yaşına çatmış kişilərə "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb edilən tam əmək stajının (istər ümumi, istərsə də xüsusi) əvvəlki qanunvericiliyin qüvvədə olduğu müddətdə, yəni 2006-cı il yanvarın 1-dək qazanılması tələb olunur. Əks halda ona Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsinə yol verilmir. Eyni zamanda 2017-ci il iyulun 1-dən güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinə əməl edilməsini də nəzərə almaq lazımdır. Beləliklə, 2006-cı il yanvarın 1-dək ümumi və xüsusi stajını toplamış şəxs pensiya yaşına 2017-ci il iyulun 1-dən sonra çatdıqda həm də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmamalıdır. İddiaçının 57 yaşının tamam olduğu 07 oktyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. İddiaçının pensiya yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra tamam olduğu üçün ona 2017-ci ilin iyulun 1-dən sonra həm də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 30 il 4 ay 5 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı 21278,16 manat, 01 yanvar 2006-cı il tarixdən 01 oktyabr 2018-ci il tarixədək isə 1868,73 manat olmaqla, cəmi 23146,89 manat məbləğində pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablaması aşağıdakı qaydada aparılmışdır: 64 yaş (2018-ci ilin oktyabr ayında Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) — 57 yaş (güzəştli şərtlərlə yaş həddi) = 84 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 228 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); pensiya kapitalı 23146,89 : 228 = 101,52 < 116,27 (2018-ci ilin oktyabr ayı üçün əmək pensiyasının minimum məbləği). X4 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı 01 yanvar 2006-cı il tarixədək 30 il 4 ay 5 gün iş stajına əsasən formalaşan pensiya kapitalı ilə 01 yanvar 2006-cı il tarixdən 01 oktyabr 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə imkan verən kapitaldan az olduğu üçün onun pensiyası Fondun Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə Culfa rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 08 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirərək hazırkı iddia tələbinin “012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın əsassız dayandırıldığı 01 yanvar 2022ci il tarixdən bərpa edilməsi” tələbi olduğunu bildirərək, həmin tələb üzrə işə baxılmasını xahiş etmiş və bu barədə yazdığı 08 iyun 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 08 iyun 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, iddia tələbi qeyd olunan formada icraata qəbul edilmiş və məhkəmənin 08 iyun 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanan 09 iyun 2022-ci il tarixli, 06/216 nömrəli məktubdan görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş, Culfa rayonu, Xanağa kəndində yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 08 nömrəli qərarına əsasən 07 oktyabr 2018-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 178,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən, onun 2006-cı il yanvar ayının 1-dək 34 il 9 gün ümumi, 24 il 3 ay xüsusi iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının 2 №-li Siyahısının "XXİV Səhiyyə və Sosial Təminat İdarələri" bölməsində 22600000-1754a kodu altında (Tauna qarşı idarələrdə məşğul olan işçilər) göstərilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 28 iyun 2022-ci il tarixli, 2-1(122)-91/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 20 iyul 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, uzun illər əmək fəaliyyəti ilə məşğul olduğunu, zərərli işlərdə işlədiyini, 57 yaşının tamam olduğu 2018-ci ilin oktyabr ayından ona pensiya təyin olunduğunu, sonradan onun pensiyasının dayandırıldığını, fond tərəfindən çağırılaraq hər hansı icraat aparılmadığını, fonda müraciət etdiyini, bundan sonra 20 dekabr 2021-ci il tarixli qərarın ona təqdim edildiyini, həmin qərarı 31 yanvar 2022-ci il tarixdə aldığını, pensiyasının minimum pensiya təminatına imkan verən pensiya kapitalı olmadığına görə kəsildiyini, qərarda cavabdeh inzibati orqan tərəfindən istinad edilən pensiya kapitalı məsələsinin ona şamil edilmədiyini, onun pensiya hüququnu 2006-cı ilin 1 yanvar tarixinədək qazandığını, ümumi və xüsusi stajının tamamlandığını, sonradan 2017-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş qanunvericilik normasının ona tətbiq edilməməli olduğunu, bu halın hüquqlarını və qanunla qorunan maraqlarını pozduğunu, fond tərəfindən ona ötən illər ərzində ödənilmiş pul vəsaitinin geri tələb edildiyini, həmin pul vəsaitinin onun təqsiri üzündən ödənilmədiyini, həmin pul vəsaitinin geri qaytarılması barədə hər hansı bir razılığının olmadığını bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, fondun audit şöbəsi tərəfindən yoxlama aparıldığını, həmin yoxlama nəticəsində iddiaçının yaşının 2018-ci ilin oktyabr ayında tamamlandığının, ona görə də 2017-ci ilin iyul ayının 1dən qüvvəyə minmiş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının ona tətbiq edilməli olduğunun müəyyən edildiyini, pensiya kapitalının hesablanması zamanı pensiyanın minimum pensiya təminatına imkan vermədiyinin aşkarlandığını, bundan sonra müvafiq audit yoxlaması əsasında şöbə tərəfindən müvafiq qərar qəbul edildiyini, iddiaçının pensiyasının ləğv edildiyini, iddiaçının əmək kitabçasının mübahisələndirilmədiyini, güzəştli şərtlərlə pensiya hüququna imkan verən ümumi və xüsusi stajı ilə bağlı mübahisənin olmadığını, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçının güzəştli iş stajı hesab edilən taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablandığını bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına qərarın və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1961-ci il tarixdə Culfa rayonu, Xanağa kəndində doğulmuşdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığı üçün İddiaçı yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş: - İlkin olaraq cavabdeh qismində məhkəmənin sərəncamına cavab olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan etirazla eyni məzmunlu 17 mart 2022-ci il tarixli, 01/148 nömrəli məktubdan görünür ki, iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunmuşdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanan 19 may 2022-ci il tarixli, 06/182 nömrəli məktubdan görünür ki, vətəndaş İddiaçı 01 yanvar 2006-cı il tarixədək olan 30 il 4 ay 5 gün sığorta stajına əsasən formalaşan pensiya kapitalı (30 x 306 x 2.2924 (07 oktyabr 2018-ci il indeksi) + (4 x (306/12) x 2.2924 (07 oktyabr 2018-ci il indeksi) = 21278,06 manat olmuşdur; 01 yanvar 2006-cı il tarixdən 01 oktyabr 2018-ci il tarixədək isə 1855,74 manat olmaqla, cəmi (21278,06+1855.74) = 23133.80 manat məbləğində pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 64 yaş (2018-ci ilin oktyabr ayında Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə yaş həddi) = 84 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı) = 228 ay (gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı); pensiya kapitalı 23133,80 : 228 = 101,46 < 116,27 (2018-ci ilin oktyabr ayı üçün əmək pensiyasının minimum məbləği 116.27). 2018-ci ilin oktyabr ayında əmək pensiyasının minimum məbləği üçün tələb olunan pensiya kapitalı 26509,56 (116,27 x 228) manat təşkil edir. - 03 may 1983-cü il tarixli, əmək kitabçasının surətindən görünür ki, İddiaçı Culfa rayon taun əleyhinə məntəqədə xx.xx.1982-xx.xx.1982-ci illərdə dezinfektor, 02.10 1982xx.xx.1983-cü illərdə ocaqçı, Naxçıvan Maarif Nazirliyinin təsərrüfat hesablı təmir-tikinti sahəsidə xx.xx.1983-xx.xx.1983-cü illərdə 3-cü dərəcəli fəhlə, Culfa rayon taun əleyhinə məntəqədə xx.xx.1983-xx.xx.1995-ci illərdə dezinfektor, X7 Kontorunda xx.xx.1995xx.xx.1999-cu illərdə 3-cü dərəcəli çilingər vəzifələrində işləmişdir. - Fondun Culfa rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 012594 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25 yanvar 2019-cu il tarixli, 08 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2018-ci il tarixdən hər ay 178,60 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 25 yanvar 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə güzəştli əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işləmədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 05 yanvar 2019-cu il tarixli, 23 nömrəli arayışdan görünür ki, 1961-cı il təvəllüdlü Culfa şəhər sakini İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 yanvar 2019-cu il tarixli, 13 nömrəli arayışdan görünür ki, İddiaçı 1976-1979-cu illərdə Culfa rayon C.Cabbarlı adına sovxozda işləmiş və aylar üzrə müəyyən əməkhaqqı almışdır. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 yanvar 2019-cu il tarixli, 12 nömrəli arayışdan görünür ki, Culfa Rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon Taun əleyhinə məntəqənin sənədlərinə baxdıqda İddiaçı xx.xx.1982-ci il tarixli, 63 nömrəli əmrlə işə girməsi, xx.xx.1982-ci il tarixli, 111 nömrəli əmrlə işdən azad olunması, xx.xx.1982-ci il tarixli, 63 nömrəli əmrlə işə girməsi, xx.xx.1983-cü il tarixli, 17 nömrəli əmrlə işdən azad olunması, xx.xx.1983-cü il tarixli, 125 nömrəli əmrlə işə girməsi, xx.xx.1995-ci il tarixli, 11 nömrəli əmrlə işdən azad olunması əmr kitabında qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 21 yanvar 2019-cu il tarixli, 13/23 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X5 Birliyi-Culfa rayon Qaz İstismar İdarəsinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi haqqında məlumat yoxdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 29 yanvar 2019-cu il tarixli, 18 nömrəli arayışdan görünür ki, İddiaçı ssn **********190 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 4 il 7 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1868,73 manat pensiya kapitalı vardır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 06/174 nömrəli arayışdan görünür ki, İddiaçı ssn **********190 DSMF Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 4 il 7 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1855,74 manat pensiya kapitalı vardır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının ona şamil olunmadığını bildirərək, həmin qərarın ləğv olunmasını və pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, aparılan audit yoxlamasından sonra iddiaçıya minimum pensiya təminatına imkan verən pensiya kapitalının şamil olunduğunu, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum pensiya təminatına imkan vermədiyindən pensiyasının ləğv edilməsi qərara alınmış, bu məqsədlə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 24-cü maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sığorta stajına daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinin 3-cü abzasına əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxxx 1961-cı ildə anadan olmuş, 1976-cı ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, 1983-cü ildən başlayaraq əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1982-xx.xx.1982-ci illərdə və xx.xx.1983-xx.xx.1995-ci illərdə Culfa rayon taun əleyhinə məntəqədə dezinfektor vəzifəsində işləmişdir. Qanunun tələbinə əsasən xüsusi iş stajı hesab olunan həmin dövr ikiqat ölçüdə hesablanmışdır. 07 oktyabr 2018-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. Bunu nəzərə alaraq ona 25 yanvar 2019-cu il tarixli, 08 nömrəli qərara əsasən 07 oktyabr 2018-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının olması müəyyən edilmişdir. Sonradan 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərar qəbul edilərək iddiaçının pensiyası ləğv edilmişdir. Qərarın qəbul edilməsinə səbəb iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olması və buna görə də ona həmin tarixdən qüvvədə minmiş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının şamil edilməsidir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Qeyd olunan müddəanın tələbləri iddiaçıya münaibətdə tətbiq edilmiş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən onun pensiya işi ləğv edilmişdir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. 012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsi;
2. təyin edilmiş pensiyanın əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməsi. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı ona xx.xx.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə səbəb olan 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsidir. Bu baxımdan hazırkı mübahisə xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə təyin edilir. Başqa sözlə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi, həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2.İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 34 il 9 gün ümumi və 24 il 3 ay xüsusi iş stajı mövcuddur. Belə ki, araşdırma zamanı iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında XXİV hissədə “Səhiyyə və Sosial Təminat İdarələri" bölməsində 22600000- 1754a kod altında Tauna qarşı idarələrdə məşğul olan işçilər vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixədək 34 il 9 gün ümumi və 24 il 3 ay xüsusi iş stajına malik olması və xx.xx.1982-xx.xx.1982-ci illərdə və xx.xx.1983xx.xx.1995-ci illərdə Culfa rayon taun əleyhinə məntəqədə işlədiyi dezinfektor vəzifəsinin qeyd olunan koda uyğunluğu cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş 09 iyun 2022-ci il tarixli, 06/216 nömrəli məktubda da öz təsdiqini tapmışdır. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixədək 34 il 9 gün ümumi və 24 il 3 ay güzəştli iş stajının olduğu sübuta yetirilmiş və bu hal cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmişdir. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən yeganə məsələ iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmaması ilə bağlıdır. İddiaçının ümumi və xüsusi iş stajını mübahisələndirməyən cavabdehin qənaətinə görə, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir və odur ki, iddiaçının pensiya işi ləğv olmuşdur. Bununla bağlı nəzərə almaq lazımdır ki, əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Cavabdehin imtinasında istinad etdiyi tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543- VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı ona həmin Qanunun 9.8-ci maddəsinə istinadən xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaranmış və həmin Qanunda minimum pensiya təminatına imkan verən pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı barədə mövcud qanunvericiliyin tələbi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələbi əsassızdır və iddiaçıya qarşı həmin tələbi irəli sürməklə onun pensiyasının ləğv edilməsi barədə qərar qəbul etməkdə cavabdeh haqlı sayıla bilməz və iddiaçı cavabdeh inzibati orqanın 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi birinci hissəsinə əsasən həll edildiyindən bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarın ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsi deməkdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya 25 yanvar 2019-cu tarixli, 08 nömrəli qərar əsasında təyin edilmiş pensiya dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsada, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və 012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarının ləğv edilməli və təyin edilmiş pensiya əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilməlidir.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilir. 012594 saylı pensiya işi üzrə pensiyanın ləğv edilməsi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 20 dekabr 2021-ci il tarixli, 19 nömrəli qərarı ləğv edilir. İddiaçı təyin edilmiş pensiya əsassız dayandırıldığı 01 yanvar 2022-ci il tarixdən bərpa edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV