Məhkəmə qərarları › İş №2-1(122)-91/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-91/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-91/2025 08.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun 10 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (215 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X3 komandanının)) onun N nömrəli hərbi hissə komandirinə N sentyabr 2022-ci il tarixli və 14 oktyabr 2023-cü il tarixli raportlarının, N nömrəli hərbi hissə komandirinə (X3 komandanına) 28 sentyabr 2022-ci il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun N sentyabr 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli və 14 oktyabr 2023-cü il tarixli raportlarına əsasən “N nömrəli hərbi hissənin rabitə bölməsi rəisinin X1 üzrə köməkçisi vəzifəsindən”, “kapitan” hərbi rütbəsindən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20N-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Məktəbinə qəbul olunmuş, 24 iyun 2012-ci ildə həmin Ali Məktəbi bitirmiş, ona Azərbaycan Respublikası Müdafiə nazirinin həmin tarixli, 0197 nömrəli əmri ilə “leytenant” zabit hərbi rütbəsi verilmişdir. Bundan sonra o, bir il müddətində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ixtisas hazırlığı keçmişdir. Müdafiə nazirinin müvafiq əmrinə əsasən 23 iyun 2013-cü ildən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə rabitə bölüyünün avtomatlaşdırılmış idarəetmə taqımının komandiri, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə Qarnizon rabitə qovşağında və X1 bölməsinin mühəndisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli həmin hərbi hissənin rabitə bölüyünün X1 taqımının mühəndisi, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissənin rabitə bölük komandirinin müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2019-cu il tarixdə o, Naxçıvan Qarnizonunda dislokasiya olunmuş N nömrəli hərbi hissəyə rabitə bölüyünün komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə isə N nömrəli hərbi hissədə rabitə bölməsi rəisinin avtomatlşdırılmış idarəetmə sistemləri üzrə köməkçisi vəzifəsinə təyin olunmuş, halhazırda həmin vəzifədə xidmət edir. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 26 noyabr 2019-cu il tarixli, 090r nömrəli əmri ilə ona növbəti “kapitan” hərbi rütbəsi verilmişdir. Hərbi xidmətdə əldə etdiyi nailiyyətlərə görə xidmət etdiyi müddətdə bir neçə dövlət təltifinə layiq görülmüşdür. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli, 098t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, 26 iyun 2018-ci il tarixli, 0163t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley, 26 iyun 2019-cu il tarixli, 0157t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarına layiq görülmüşdür. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası 17 may 2002-ci il tarixli, 330 İİQ №-li Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamədə göstərilmişdir ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər, “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə verilir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda) zabit rütbəsində 10 ildən artıq müddətdir ki, qüsursuz xidmət edir. O, N sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə müvafiq olaraq komanda üzrə tabelikdə olduğu N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvəllərdə hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportu N nömrəli hərbi hissədə qeydiyyata alınsa da, hərbi hissə komandirinə təqdim edilsə də o, heç bir qanuni əsas və səbəb olmadan onun ehtiyata buraxılmağı üçün təqdimatı yuxarı komandanlığa göndərməmiş, müraciətini cavabsız qoymuşdur. Bu səbəbdən o, 28 sentyabr 2022-ci il tarixdə Müdafiə nazirinin müavini – X3 komandanı Kərəm Mustafayevə eyni məzmunda raportla müraciət etmişdir. Onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq istəyi haqqında müraciətinə Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri (215 nörməli hərbi hissənin komandiri, N nömrəli hərbi hissə komandiri (Müdafiə nazirinin müavini - X3 komandanı)) tərəfindən qanunamüvafiq qaydada baxılmir, müraciətində qeyd olunan qanuni və əsaslı hüququ təmin edilmir. 10 ildən artıq zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi Silahlı Qüvvələrdə xidmət etməyinə baxmayaraq, Müdafiə Nazirliyin müvafiq vəzifəli şəxsləri (N nömrəli hərbi hissənin komandiri və Müdafiə nazirinin müavini – X3 komandanı (N nömrəli hərbi hissənin komandiri) tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş ehtiyata buraxılmaq hüququ təmin edilməmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələblərinə müvafiq olaraq tədbirlər görülməmiş, ehtiyata buraxılmağı ilə bağlı yuxarı komandanlığa təqdimatın göndərilməsi təmin edilməmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (215 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X3 komandanının)) onun N nömrəli hərbi hissə komandirinə N sentyabr 2022-ci il tarixli və 14 oktyabr 2023-cü il tarixli raportlarının, N nömrəli hərbi hissə komandirinə (X3 komandanına) 28 sentyabr 2022-ci il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun N sentyabr 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli və 14 oktyabr 2023-cü il tarixli raportlarına əsasən “N nömrəli hərbi hissənin rabitə bölməsi rəisinin X1 üzrə köməkçisi vəzifəsindən”, “kapitan” hərbi rütbəsindən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdeh orqandan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı 20 və 28 sentyabr 2022-ci il tarixlərdə N nömrəli hərbi hissə komandirinə raportla müraciət edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, onunla aparılmış söhbət nəticəsində fikrini dəyişərək xidmətinə davam etmək qərarına gəlmişdir. Belə ki, İddiaçı 28 sentyabr 2022-ci il tarixdən 16 oktyabr 2023-cü il tarixədək ehtiyata buraxılması ilə bağlı təkrar raport yazmamış, heç kimə və heç bir orqana şikayət etməmiş, həmçinin ehtiyata buraxılmasının təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İddiaçının onunla qərəzli münasibət aparılması barədə dedikləri həqiqətə uyğun deyil. İddiaçı 12 oktyabr 2023-cü ildə Naxçıvan Qarnizonu Hərbi Polis Şöbəsinin rəisinə qarşı kobudluq və hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətlər etdiyi üçün barəsində “şərəf məhkəməsi”ndə dinlənilməsi qərara alınmış və 17 oktyabr 2023-cü ildə məhkəmə təyin edilmişdir. Lakin, İddiaçı məhkəmə zalında məhkəmə heyətinə və zalda olan digər hərbi qulluqçulara hörmətsizlik və saymamazlıq edərək məhkəmə zalını özbaşına tərk etmiş, yuxarı rəislərin tapşırıqlarına və geri qayıdaraq məhkəmədə iştirak etməsi göstərişinə məhəl qoymamışdır. Etdiyi əmələ görə hərbi rütbəsi intizam cəzası qaydasında 25 oktyabr 2023-cü ildə bir pillə aşağı salınmışdır. Törətdiyi kobud intizam pozuntusuna görə barəsində intizam xarakterli tədbir görüldüyündən və işinə “şərəf məhkəməsi”ndə baxılması qərara alındığından onun 14 və 16 oktyabr tarixli raportlarının icrası təxirə salınmışdır. Barəsində tətbiq olunmuş intizam tənbehindən sonra, yəni törətdiyi hərbi qulluqçuya yaraşmayan nalayiq hərəkətə görə 25 oktyabr 2023-cü ildə hərbi rütbəsi bir pillə aşağı- “baş leytenant” hərbi rütbəsinə salındıqdan sonra onunla ehtiyata buraxılması üçün sənədləşmə aparılmasına cəhd edilmiş, lakin İddiaçı sənədləşmənin aparılmasından imtina etmişdir. Bu səbəbdən də onun “baş leytenant” rütbəsi daşıdığı halda tələbinə uyğun olaraq “kapitan” hərbi rütbəsində ehtiyata buraxılması üçün yuxarı Komandanlığa təqdim olunması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının əsassız hesab olunaraq təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. 27 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxslərinin (215 nörməli hərbi hissə komandirinin və N nömrəli hərbi hissə komandirinin (X3 komandanının)) onun N nömrəli hərbi hissə komandirinə N sentyabr 2022-ci il tarixli və 14 oktyabr 2023-cü il tarixli raportlarının, N nömrəli hərbi hissə komandirinə (X3 komandanına) 28 sentyabr 2022-ci il tarixli raportunun əsasında ehtiyata buraxılmağı barədə təqdimatın yuxarı komandanlığa göndərilməməsində ifadə olunan hərəkətsizliyinin qanunsuz hesab olunması, onun N sentyabr 2022-ci il tarixli, 28 sentyabr 2022-ci il tarixli və 14 oktyabr 2023-cü il tarixli raportlarına əsasən “N nömrəli hərbi hissənin rabitə bölməsi rəisinin X1 üzrə köməkçisi vəzifəsindən”, “kapitan” hərbi rütbəsindən Azərbaycan Respublikası ”Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə iddia qaldırdığını bildirib, iddia tələbini dəqiqləşdirirərək "onun 10 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını xahiş edib bu barədə yazdığı 27 yanvar 2025-ci il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 27 yanvar 2025-ci il tarixli, 2-1(122)-91/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası N sentyabr 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasından iştirak etməmişdirlər. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Rabitə bölmə rəisinin AİS üzrə köməkçisi kapitan İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 14 oktyabr 2023-cü il tarixli raportdan aydın olur ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi 10 ildən artıq xidmət etməyini nəzərə alıb Azərbaycan Respublikası 03 oktyabr 1997-ci il tarixli, 377-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndi ilə ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - N nömrəli hərbi hissənin rabitə bölmə rəisinin AİS üzrə köməkçisi kapitan İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirinin müavini-X3 Komandanına ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli raportdan aydın olur ki, o, 20 və 26 sentyabr 2022-ci il tarixlərdə xidmət etdiyi və tabelikdə olduğu hərbi hissə komandirinə raportla müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi 10 ildən artıq müddətdə xidmət etdiyini nəzərə alıb, Azərbaycan Respublikası 03 oktyabr 1997-ci il tarixli, 377-İQ №-li Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" (öz arzusu ilə) bəndi ilə ehtiyata buraxılmağı haqda yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasıni xahiş etmişdir. Hərbi hissə komandiri tərəfindən qanuna müvafiq qaydada baxılıb cavab verilmədiyindən Azərbaycan Respublikası İntizam nizamnaməsinin 1N-112-ci maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək birbaşa X3 Komandanına müraciət etmək məcburiyyətində qalaraq. "Vətəndaşların müraciətləri haqqında" Qanunun və İntizam nizamnaməsinin tələblərinə müvafiq olaraq müraciətinə baxılmasını və nəticəsi barədə ona rəsmi məlumat verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1989-cu ildə doğulmuşdur. - 25 iyun 2012-ci il tarixdə verilmiş, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin surətindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2012-ci il tarixli, 0197 nömrəli əmri ilə “leytenant” zabit hərbi rütbəsi verilmiş, Müdafiə nazirinin müvafiq əmrinə əsasən 23 iyun 2013-cü ildən xx.xx.2014-cü il tarixədək N nömrəli hərbi hissədə rabitə bölüyünün avtomatlaşdırılmış idarəetmə taqımının komandiri, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə AİS bölüyünün X1 bölməsinin mühəndisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli həmin hərbi hissənin rabitə bölüyünün X1 taqımının mühəndisi, xx.xx.2019-cu il 2 tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissənin rabitə bölük komandirinin müavini vəzifəsində xidmət etmiş, X3 Komandanın xx.xx.2019-cu il tarixli, 0136 nömrəli əmrilə N nömrəli hərbi hissədə rabitə bölməsi rəisinin köməkçisi vəzifəsinə təyin olunmuşdur. - Medal vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli, 098t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, 26 iyun 2018-ci il tarixli, 0163t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley, 26 iyun 2019-cu il tarixli, 0157t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarına layiq görülmüşdür. - İddiaçı ilə aparılmış xx.xx.2023-cü il tarixli söhbət vərəqəsindən aydın olur ki, o, Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndi ilə tərxis olunmasına köməklik edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N sentyabr 2025-ci il tarixli, N nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 160-cı maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. Azərbaycan Respublikası Silahlı X2: - 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - 121-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - 122-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - 123-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Ordusunda 10 ildən artıq müddətdə xidmət etdiyi üçün həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılmaq hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvim hesabı ilə təxminən 13 ildən artıq xidmət etmiş İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. İddiaçı xidmət etdiyi hərbi hissənin komandirinə və Müdafiə nazirinin müavini-X3 Komandanına raportla müraciət edərək Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin iddiaçının müvafiq raportları cavabsız qalmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskression səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazda irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə də cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında gəlinən nəticə həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olmasına baxmayaraq, hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə hazırki mübahisə üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması iş üzrə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun 10 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı 10 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyini nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar