Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-911/2025 19.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinə qarşı "cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 bələdiyyəsinin sədri seçilmişdir. Bələdiyyə 4 kəndi əhatə edir. X1 2 saylı məktəbdə direktor işləyir. Bələdiyyə ilə heç maraqlanmır. X5 bələdiyyəyə namizədliyini verən vaxt öhdəlik ərizəsi yazaraq həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyini öhdəsinə götürmüşdür. Ancaq bələdiyyə sədri məktəb direktoru kimi əvvəlki vəzifəsini davam edir. Cavabdeh öhdəliyə əməl etmir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 19 sentyabr 2025-ci il tarixə təyin edilmişdir Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq iddia tələbinin dəqiqləşdirilməsi və cavabdeh inzibati orqan tərəfindən hüquqlarının hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Həmçinin iddia ərizəsinin surəti iddianın mümkünlüyü məsələsinə münasibət bildirilməsi üçün cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinə göndərilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsi iddiaya dair məhkəməyə ünvanlanan 19 iyun 2025-ci il tarixli, 24 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, “Bələdiyyələrin status haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilir ki, əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur. Əmək haqqı bələdiyyə tərəfdən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətlərini həyata keçirən istehsal və ya xidmət, eləcə də elmi, təhsil və yaradıcılıq fəaliyyəti dayandırılmır. Qanunvericiliyə görə öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Bələdiyyə sədri Nadir Tağıyev öz səlahiyyətlərini daimi əsasla bələdiyyədə icra etmədiyindən onun əsas iş yeri bələdiyyə sayılmır və bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı almır. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirib, ona göndərilən yardım məktublarından xəbərdar olduğunu, hazırki tələb üzrə subyektiv hüququnun olduğunu hesab etdiyini, həmçinin bələdiyyə sədrinin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinin nümayəndəsi X5 əsas iş yerinin məktəb olduğunu, bələdiyyə sədri kimi əməkhaqqı almadığını bildirərək məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: “Bələdiyyələrin status haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.2-ci maddəsinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Elmi, yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə işləyə bilməz. Əmək haqqı bələdiyyə tərəfindən ödənilməyən bələdiyyə üzvü öz səlahiyyətini həyata keçirərkən istehsal və ya xidmət fəaliyyətini dayandırmır. Bələdiyyə üzvü bələdiyyənin və tərkibinə seçildiyi daimi komissiyanın iclasları zamanı daimi iş yerində orta əmək haqqı saxlanılmaqla öz istehsal və ya xidmət vəzifəsini yerinə yetirməkdən azad edilir. 2-1-ci maddəsinə əsasən başqa əsas iş yeri olan bələdiyyə üzvü (sədr və onun müavinləri daxil olmaqla) öz səlahiyyətlərini daimi əsasla icra etmək və əmək haqqını bələdiyyədən almaq üçün bələdiyyəyə yazılı müraciət edir. 2-2-ci maddəsinə əsasən bələdiyyə sədri bu maddənin 2-1-ci hissəsinə əsasən müraciət etmiş bələdiyyə üzvünün öz səlahiyyətlərini daimi əsasla icra etməsinə bələdiyyəyə ehtiyac olduqda, 5 gün müddətində bu barədə bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürənə yazılı bildiriş göndərir. 2-3-cü maddəsinə əsasən bələdiyyə üzvünün əsas iş yeri üzrə işəgötürən bu maddənin 2-2-ci hissəsində nəzərdə tutulan bildirişi aldığı tarixdən 5 gün müddətində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq bələdiyyə üzvü ilə əmək müqaviləsinə xitam verir və bu barədə bələdiyyəyə yazılı məlumat verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmunundan aydın olur ki, iddia tələbi aydın ifadə olunmamışdır. Belə olan halda məhkəmə tərəfindən cavabdehə qarşı iddiaçının konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, iddiaçı X4 bələdiyyəyə namizədliyini verən vaxt öhdəlik ərizəsi yazaraq həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyini öhdəsinə götürdüyünü, ancaq məktəb direktoru kimi əvvəlki vəzifəsini davam etdirdiyini bildirsə də, qeyd olunan halların onun hüquqlarını və qanunla qorunan maraqlarını hansı qaydada pozduğunu təsdiq edən sübatları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı öz pozulmuş hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi ilə bağlı deyil, X4 vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş: ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdən Yaycı kənd 1 №-li tam orta məktəbin müəllimləri sırasından azad edilərək Yaycı kənd 2 №-li tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Culfa rayonunun Yaycı bələdiyyəsinin 18 fevral 2025-ci il tarixli, 01 nömrəli ilk iclasının protokolundan aydın olur ki, bələdiyyənin ilk iclasına bələdiyyə sədri və katibi seçilənədək sədrlik etmiş İddiaçı çıxış edərək bələdiyyə üzvü 1961-ci il təvəlüdlü, ali təhsilli, Yaycı kənd 2 nömrəli tam orta məktəbinin direktoru işləyən X4 Culfa rayonunun Yaycı bələdiyyəsinin sədri vəzifəsinə seçilməsini təklif etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia tələbi üzrə cavabdeh qismində Culfa rayon Yaycı Bələdiyyəsi göstərilsə də, hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı inzibati orqan kimi bələdiyyənin fəaliyyəti ilə bağlı olmamaqla, bələdiyyənin sədri X4 vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsindən ibarətdir. Yuxarıda adı çəkilən Plenum qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X8 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun mövcud olmasını, həmçinin cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsi tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Beləliklə, sadalanan normaların tələblərinə və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtləri ödənilmir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinə qarşı "cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Culfa rayon Yaycı Bələdiyyəsinə qarşı "cavabdehlik öhdəliyinə əməl olunması və vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-911/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-911/2025
19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver