Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-915/2024 04.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 164-cü və 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 164-cü və 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Ordusunda xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Heydər Əliyev adına AAHM-də kursant qismində, xx.xx.2007-ci il tarixdən zabit qismində və xx.xx.2023-cü il tarixdən N nömrəli hərbi hissədə polkovnik-leytenant hərbi rütbəsində 2-ci məharət dərəcəsində hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-bölmə rəisi vəzifəsində xidmət edir. O, ilk dəfə xx.xx.2023-cü il tarixdə AR Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin xx.xx.2023-cü il tarixli, 1973 nömrə ilə qeydiyyata alınmış raportuna hərbi hissə komandiri tərəfindən icra olunması üçün dərkənar qoyulsa da, bu günə kimi icra olunmayaraq müraciəti cavabsız və nəticəsiz qalmışdır. Azərbaycan Ordusunda 16 il zabit kimi xidmət etdiyini nəzərə alıb, xx.xx.2024-cü il tarixdə Müdafiə nazirinin müavini X3 Komandanına ehtiyata buraxılmağı barədə məktub yazaraq xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, 666 nömrə ilə qeydiyyata alınmış məktubla X3 X2 üzrə müavini vəzifəsini icra edən Rəhim Cəfərov tərəfindən ona cavab yazılaraq Azərbaycan Ordusunda xidmətini davam etməyi tövsiyyə edilmiş və onun ehtiyata buraxılmağından imtina olunmuşdur. İmtinanı qanunsuz və əsassız hesab edir. Belə ki, bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən, o cümlədən X1 birləşmə və hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. Hesab edir ki, onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 164-cü və 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiası əsassız hesab edilir: İddiaçı iddia ərizəsində xx.xx.2003-cü il tarixdən Azərbaycan Ordusunda xidmət etdiyini, xx.xx.2023-cü ildə N nömrəli həbi hissə komandirinə raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etdiyini bildirmişdir. xx.xx.2024-cü ildə eyni məzmunlu Müdafiə Nazirinin müavini-X3 Komandanına müraciət etmiş, xx.xx.2024-cü ildə onun müraciəti cavablandırılaraq Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyac, onun xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alınaraq həqiqi hərbi xidmətdə qalaraq xidmətinə davam etməsi tövsiyə olunmuşdur. Bildirilir ki, Müdafiə Nazirliyi Azərbaycan ordusunda zabit heyətinə olan tələbatı nəzərə alıb ixtisaslı və təcrübəli zabitlərin gənc yaşda ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmir. İddiaçı iddiasının təmin edilməməsini məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 04 iyun 2024-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X4 məhkəməyə dəftərxana vasitəsilə 03 iyun 2024-cü il tarixdə daxil olmuş ərizə göndərərək 04 iyun 2024-cü il tarixə təyin olunmuş iclasda xidməti zərurətlə əlaqədar iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - N nömrəli hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini-bölmə rəisi polkovnik-leytenat İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 26 dekabr 2023-cü il tarixli raportdan aydın olur ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü və 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq hərbi geyim forması daşımaq hüququ verilməklə öz arzusu ilə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - İddiaçı tərəfindən tərəfindən Müdafiə nazirinin müavini-X3 Komandanına ünvanlanmış 19 fevral 2024-cü il tarixli şikayət ərizəsindən aydın olur ki, o, uzun müddət xidmət edən bir zabit kimi ehtiyata buraxılmağına köməklik göstərilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən polkovnik-leytenat İddiaçı ünvanlanmış 27 fevral 2024-cü il tarixli, 666 nömrəli məktubdan məlum olur ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alıb, komandanlıq onun həqiqi hərbi xidmətdə qalıb xidmət etməyini tövsiyə etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N mart 2024-cü il tarixli, 54 nömrəli arayışdan aydın olur ki, polkovnik-leytenant İddiaçı, həqiqətən, xx.xx.2007-ci il tarixdən Azərbaycan Ordusunda zabit qismində, xx.xx.2023-cü il tarixdən isə N nömrəli hərbi hissədə xidmət edir. - N dekabr 2018-ci il tarixdə verilmiş, MN seriyalı, ******* nömrəli şəxsi vəsiqənin təsdiq edilmiş surətinin 9-cu səhifəsindən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0413 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsinə təyin edilmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1984-cü ildə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 160-cı maddəsinə əsasən dinc dövrdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları aşağıdakı qaydada həyata keçirilir: ... zabitlər (ali rütbəli zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən buraxılırlar. 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsinin: - 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - 121-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - 122-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - 123-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. -14.3-ci maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının əsas hüquqi marağı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasıdır. Göründüyü kimi, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılmaq hüququ nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı bəndinə əsasən hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu xx.xx.2023-cü il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində təqvim hesabı ilə 16 ildən artıq zabit kimi xidmət etmiş İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. İddiaçı N nömrəli hərbi hissənin komandirinə və Müdafiə nazirinin müavini-X3 Komandanına raportla müraciət edərək Azərbaycan Ordusunda ehtiyata buraxılması barədə vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alaraq onun həqiqi hərbi xidmətdə qalıb xidmət etməyini tövsiyə etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın hüquqi mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olmuşdur. Çünki qanunvericiliyin yuxarıda qeyd olunan normalarında yuxarı komandanlığın hərbi qulluqçunu ehtiyata buraxmamaq kimi diskression səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazda irəli sürülən arqumentə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin komandirinə ünvanlanan raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə də cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar (gəlinən nəticə) həmin səlahiyyətin məqsədinə uyğun olmamış, bununla da, “İnzibati icraat haqqında” Qanunun 11 və 14-cü maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, iddiaçının öz arzusu ilə vəzifəsindən azad olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olmasına baxmayaraq, hərbi qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə hazırki mübahisə üzrə riayət olunmaması, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinasının qanunazidd olması və iddiaçının hüquqlarını pozması iş üzrə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 164-cü və 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 164-cü və 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-915/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-915/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver