Məhkəmə qərarları › İş №2-1(122)-92/2020

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-92/2020

22.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-92/2020 22.12.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı “1983, 1984, 1985, 1986, 1987, 1988, 1991 və 1992-ci illərin iş stajının nəzərə alınması, sığorta stajına daxil edilməsi və əmək pensiyası almaq hüququ yarandığı gündən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 1993-cü il tarixli, 93 nömrəli əmrlə bugünə qədər Şərur RMX-nın Xanlıqlar kənd HA-da sanitar kimi işlədiyini və əməkhaqqı almasını nəzərə alaraq, 1993, 1994, 1995, 1996 və 1997-ci illərdə orta aylıq əməkhaqqının hesablanaraq həmin illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1963-cü ildə Şərur rayonunun Vərməziyar kəndində doğulmuşdur. Orta məktəbi bitirib, mart 1987-ci ildən may 1988-ci il tarixədək “Naxçıvan MSSR-nin 40 illiyi” adına sovxozda fəhlə kimi işləmişdir. May 1991-ci ildən mart 1992-ci il tarixədək isə Şərur Rayon İstehsalat Kombinatında işləmişdir. xx xxxx 1993-cü il tarixli, 93 nömrəli əmrlə Şərur RMX-nın Xanlıqlar kənd HA-da sanitar kimi işə qəbul olunmuşdur və bugünə qədər orada işləyir. Lakin onun 1993, 1994, 1995, 1996 və 1997-ci illərdə əmək haqqı almağı barədə Şərur RMX-sı tərəfindən dövlət arxivinə əməkhaqqı cədvəlləri təhvil verilmədiyindən həmin illərin stajı onun pensiyasına daxil edilmir. İddiaçı Şərur RMX-nın Xanlıqlar kənd HA-da sanitar kimi işlədiyi barədə əmək kitabçasında qeydlərin, arxiv arayışının və Şərur RMX-nın xx xxxx 2020-ci il tarixli arayışını Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə təqdim etsə də, həmin illərin stajının onun pensiyasına daxil olunmasından imtina olunmuşdur. O, xx xxxx 1993-cü il tarixli, 93 nömrəli əmrlə bugünə qədər Şərur RMX-nın Xanlıqlar kənd HA-da sanitar kimi işlədiyini və əməkhaqqı aldığını təsdiq edəcək sənədləri başqa yolla ala bilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı göstərilənlərə əsasən məhkəmədən xx xxxx 1993-cü il tarixli, 93 nömrəli əmrlə bugünə qədər Şərur RMX-nın Xanlıqlar kənd HA-da sanitar kimi işlədiyini və əməkhaqqı almasını nəzərə alaraq, 1993, 1994, 1995, 1996 və 1997-ci illərdə orta aylıq əməkhaqqının hesablanaraq həmin illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə göndərilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli ərizə təqdim edərək məhkəmədən ilkin olaraq xx xxxx 1993-cü il tarixli, 93 nömrəli əmrlə bugünə qədər Şərur RMX-nın Xanlıqlar kənd HA-da sanitar kimi işlədiyini və əməkhaqqı almasını nəzərə alaraq, 1993, 1994, 1995, 1996 və 1997-ci illərdə orta aylıq əməkhaqqının hesablanaraq həmin illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyini, iddia tələbini dəqiqləşdirərək hazırki tələbinin “1983, 1984, 1985, 1986, 1987, 1988, 1991 və 1992-ci illərin iş stajının nəzərə alınması, sığorta stajına daxil edilməsi və əmək pensiyası almaq hüququ yarandığı gündən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin üzərinə qoyulması” olduğunu bildirmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2-1(122)-92/2020 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı məhkəməyə xx xxxxxx 2020-ci il tarixli ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb, qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin nümayəndəsi X10 izahat verərək İddiaçı 1993, 1994, 1995, 1996 və 1997-ci illərdə orta aylıq əməkhaqqının hesablanaraq həmin illərin sığorta stajına daxil edilməsi tələbi ilə orqana müraciət etdiyini, orqan tərəfindən həmin tələbin icrasından imtina edildiyini, hazırki tələb üzrə 1983, 1984, 1985, 1986, 1987, 1988, 1991 və 1992-ci illərin iş stajının arxiv arayışı ilə təsdiq olunduğunu, lakin əmək kitabçasında öz əksini tapmadığını bildirib, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. xx xxxxxxx 2020-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində iştirak edən X7 ifadə verərək Şərur rayonu, Xanlıqlar kəndində yaşadığını, İddiaçı Şərur rayonu, Vərməziyar kəndindən olduğunu, lakin Xanlıqlar kəndinə gəlin gəldiyini, onların ikisinin də 1993-cü ilin iyun ayında X4 işə girdiklərini, əmrlərinin təxminən 3-4 noyabrda verildiyini, sonra Naxçıvan şəhərindən gəlib xəstəxananın işçilərini ixtisara saldıqlarını, İddiaçı uşağı xəstə olduğuna görə onu ixtisara salmadıqlarını, özünün işdən azad olunduğunu, 14-15 il İddiaçı ilə eyni xəstəxanada işlədiklərini, onun hər gün işə gedib-gəldiyini, 4 ay analıq məzuniyyətində olub, sonra işə qayıtdığını bildirdi. xx xxxxxxx 2020-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində iştirak edən X6 ifadə verərək İddiaçı kəndlərinin sakini olduğunu, o vaxt ailə qurub, Xanlıqlar kəndinə gəlin getdiyini, 1980-ci ildən X2 tibb bacısı vəzifəsində işlədiyini, İddiaçı isə X2 xidmətçi kimi işə qəbul olunduğunu bildirdi. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - Şərur Rayon Mərkəzi X8 Şəxsi tərəfindən İddiaçı verilən xx xxxxxx 2020-ci il tarixli, 4/73 nömrəli arayışdan məlum olur ki, o, həqiqətən xx xxxx 1993-cü il tarixdən Şərur RMX-nın Xanlıqlar kənd HA-da bugünədək 1.0 oklad sanitar vəzifəsində işləyir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanan xx xxxxxx 2020-ci il tarixli, 08/598 nömrəli məktubdan aydın olur ki, İddiaçı xx xxxx 2020-ci il tarixli ərizəsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon Şöbəsində baxılmışdır. Onun nəzərinə çatdırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə müvafiq olaraq 5 və daha çox uşağı doğub onları 8 yaşınadək tərbiyə etmiş, xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək 56 yaş 06 ayı tamam olmuş qadınlara bu qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində, yəni fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Təqdim edilən sənədlər həmin qanunun 21.1-ci maddəsinə uyğun olaraq araşdırılarkən məlum olmuşdur ki, İddiaçı 23 il 10 ay sığorta stajı vardır. Ona görə də haliyədə yaşa görə əmək pensiyası təyin olunması qanunamüvafiq deyil. - ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1993-cü ildən Şərur RMX-nın Xanlıqlar kənd HA-da sanitar vəzifəsində işləyir. - Şərur Rayon İcra Hakimiyyəti Xanlıqlar kənd X12 üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 382 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonunun Xanlıqlar kəndində qeydiyyatda durur. - Şərur Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilən xx xxx 2020-ci il tarixli, 05/188 nömrəli arxiv arayışından məlum olur ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Şərur Rayon Mərkəzi Xəstəxanasının əmr kitablarında İddiaçı xx xxxx 1993-cü il tarixli, 93 nömrəli əmrlə həmin tarixdən X4 0.5 ştat vahidi sanitarka, 0.5 ştat vahidi xadimə təyin edilməsi göstərilmişdir. - Şərur Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilən xx xxx 2020-ci il tarixli, 05/188a nömrəli arxiv arayışında onun Şərur Rayon İstehsalat Kombinatında işlədiyi və 1991, 1992-ci illər ərzində aylar üzrə aldığı əməkhaqqı cədvəli göstərilmişdir. - Şərur Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilən arxiv arayışında İddiaçı “Naxçıvan MSSR-in 40 illiyi” adına sovxoz və X2 1987, 1988, 1989, 2000-2005-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı cədvəli və arayışın qeyd hissəsində X3 1993, 1994, 1995 və 1996-cı illərə aid əməkhaqqı cədvəllərinin Şərur Rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1963-cü ildə doğulmuşdur. - xx xxxx 2020-ci il tarixli, 24941 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün “xxxx” ASC-nin Şərur filialının AZ21NABZ******************** nömrəli hesabına 10 (on) manat dövlət rüsumu ödəmişdir. - Şərur Rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il tarixli, 10/318 nömrəli arxiv arayışından aydın olur ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Şərur Rayon Mərkəzi Xəstəxanasının əmr kitablarında X2 1.0 ştat vahidi sanitarka İddiaçı xx xxxxxxxx 1993-cü il tarixli, 146 №-li əmrlə xx xxxxxxxx 1993-cü il tarixdən seriya 56787, 061120 nömrəli bülletenlə doğuş üzrə məzuniyyətə buraxılması göstərilmiş, lakin məzuniyyətdən qayıtması əmri müşahidə edilməmişdir. Şərur RMX-nın əmr kitablarında X2 1.0 ştat vahidi mücavir İddiaçı xx xxxxxxxx 1995-ci il tarixli, 138 №-li əmrlə xx xxxxxx 1995-ci il tarixdən seriya 52528, 024759 nömrəli bülletenlə doğuş üzrə məzuniyyətə buraxılması, xx xxxxxx 1996-cı il tarixdə doğuş üzrə məzuniyyət müddəti qurtardığından xx xxxxxx 1996-cı il tarixli, 8 №-li əmrlə işdə hesab edilməsi və həmin tarixdən uşağı körpə olduğundan 1 (bir) il müddətinə öz hesabına məzuniyyətə buraxılması göstərilmişdir. İddiaçı işə qayıtması əmri müşahidə edilməmiş, lakin 1998-ci ilin iyul ayından etibarən əməkhaqqı alması arxiv sənədlərində qeyd olunmuşdur. Şərur RMX-nın əmr kitablarında X2 1.0 ştat vahidi sanitarka İddiaçı xx xxxxxx 2000-ci il tarixli, 90 №-li əmrlə xx xxxxxx 2000-ci il tarixdən seriya 52523, 085813 nömrəli bülletenlə xx xxxxxx 2000-ci il tarixədək doğuş üzrə məzuniyyətə buraxılması, xx xxxxxx 2000-ci il tarixli, 147 №-li əmrlə xx xxxxxx 2000-ci il tarixdə doğuş üzrə məzuniyyət müddəti qurtardığından işdə hesab edilməsi və uşağı körpə olduğundan 1 (bir) il müddətinə - xx xxxxxx 2001-ci il tarixədək öz hesabına məzuniyyətə buraxılması göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsi tərəfindən məhkəməyə ünvanlanan xx xxxxxxxx 2020-ci il tarixli, 08/727 nömrəli məktubdan məlum olur ki, Şərur rayonu Xanlıqlar kənd sakini İddiaçı xx xxxx 2020-ci il tarixdə ərizə ilə müraciət etmiş, beş uşaqlı ana olduğunu və ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsi tərəfindən İddiaçı müraciətinə baxılmış, onun təqdim etdiyi sənədlər araşdırılmış və müraciəti qanunvericiliyə uyğun olaraq şöbə tərəfindən yazılı olaraq cavablandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən 23 il 10 ay sığorta stajı öz əksini tapmışdır. İddiaçı iddiasında qeyd etdiyi 1993, 1994, 1995, 1996 və 1997-ci illər üzrə sığorta stajı əmək kitabçasında olduğu halda arxiv sənədlərində öz əksini tapmamışdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Azərbaycan Respublikasının Hüquqi aktların Dövlət Reyestrində xx xxxxxx 2017-ci ildə **********0017 nömrə ilə qeydiyyata alınmış Normativ Hüquqi akt olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həmin dövrlər sosial sığorta stajına daxil edilir. Belə ki, İddiaçı sığorta stajı ilə bağlı yuxarıda sadalanan hallar mövcud deyil. Əlavə olaraq bildirilir ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı beş uşağı olduğu, onların doğum tarixlərinin iddia ərizəsində qeyd edilən illərlə üst-üstə düşdüyünü və buna görə də 1993-1997-ci illərdə analıq məzuniyyətində olduğu üçün həmin illər əmək kitabçasında öz əksini tapsa da, adına əməkhaqqı hesablanmadığı üçün iddiaçının sığorta stajına daxil edilə bilməz. İddiaçı pensiya təyin olunarkən 1993, 1994, 1995, 1996 və 1997-ci illərin sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununa zidd olduğu üçün həmin illərin sığorta stajına daxil edilməsi mümkün deyildir. - Şərur Rayon Dövlət Arxivi tərəfindən Arzumanova (Əsgərova) Tükaz Müseyib qızına verilən xx xxxxxxx 2020-ci il tarixli, 10/323 nömrəli arxiv arayışında İddiaçı “Naxçıvan MSSR-in 40 illiyi” adına sovxozda, İstehsalat Kombinatında və X2 1981, 1983- 1988, 1991, 1992, 1998-2005-ci illər ərzində aylar üzrə aldığı əməkhaqqı cədvəli və arayışın qeyd hissəsində Tükaz Əsgərovanın 1982-ci ildə “Naxçıvan MSSR-in 40 illiyi” adına sovxozda əməkhaqqı almasının arxiv sənədləri ilə təsdiq olunmadığı, kənd xəstəxanalarının, o cümlədən X3 1997-ci ilədək olan əməkhaqqı kitablarının Şərur Rayon Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - Şərur Rayon Dövlət Arxivi tərəfindən Arzumanova (Əsgərova) Tükaz Müseyib qızına verilən xx xxxxxx 2020-ci il tarixli, 11/333 nömrəli arxiv arayışından məlum olur ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan keçmiş “Naxçıvan MSSR-in 40 illiyi” adına üzümçülük sovxozunun əmr kitablarındakı xx xxxxxx 1983-cü il tarixli, 109 №-li əmrdə X1 həmin tarixdən Əsgərova Sevnazın briqadasına fəhlə qəbul edilməsi, başqa işə getdiyindən xx xxxx 1988-ci il tarixli, 115 №-li əmrlə ərizəsinə əsasən işdən azad edilməsi göstərilmişdir. Şərur Rayon İstehsalat Kombinatının (Trikotaj) əmr kitabları Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Şərur Rayon Mərkəzi Xəstəxanasının əmr kitablarındakı xx xxxx 1993-cü il tarixli, 95 №-li əmrdə İddiaçı həmin tarixdən X4 0.5 ştat vahidi sanitarka, 0.5 ştat vahidi isə mücavir vəzifəsinə qəbul edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsi tərəfindən İddiaçı sığorta stajı hesablanarkən Şərur Rayon Dövlət Arxivi tərəfindən Arzumanova (Əsgərova) Tükaz Müseyib qızına verilən xx xxxxxxx 2020-ci il tarixli, 10/323 nömrəli və xx xxxxxx 2020-ci il tarixli, 11/333 nömrəli arxiv arayışlarında öz əksini tapmış 1983, 1984, 1985, 1986, 1987, 1988, 1991 və 1992-ci illərin iş stajı nəzərə alınmalı və həmin dövrlər sığorta stajına daxil edilməlidir. Belə ki, İddiaçı xx xxxxxx 1983-cü il tarixdən xx xxxx 1988-ci il tarixədək Əsgərova Sevnazın briqadasında fəhlə işləməsi faktı Şərur Rayon Dövlət Arxivində mühafizə olunan keçmiş “Naxçıvan MSSR-in 40 illiyi” adına üzümçülük sovxozunun əmr kitabları ilə təsdiq olunur. Həmçinin İddiaçı 1991-ci ilin may ayından 1992-ci ilin mart ayına kimi Şərur Rayon İstehsalat Kombinatında işləməsi həmin illərə aid əməkhaqqı cədvəlləri ilə öz təsdiqini tapır. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən İddiaçı əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajı hesablanarkən həmin dövrlər nəzərə alınmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, hər hansı səbəbdən işlədiyi dövrün əmək kitabçasında qeyd olunmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu, qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Belə bir halın mövcudluğu iddiaçının təqsiri ilə əlaqədar olmadığından onun hüquqlarını məhdudlaşdırmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ona münasibətdə ödənildiyindən, 1983-1988, 1991 və 1992-ci illərdə işləməsi və əməkhaqqı alması faktı arxiv arayışları ilə təsdiq olunduğundan həmin müddətin sığorta stajına daxil edilməklə əmək pensiyası almaq hüququ yarandığı gündən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bu Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu Qanununun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin Siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinə qarşı 1983, 1984, 1985, 1986, 1987, 1988, 1991 və 1992-ci illərin iş stajının nəzərə alınması, sığorta stajına daxil edilməsi və əmək pensiyası almaq hüququ yarandığı gündən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin üzərinə qoyulması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1983, 1984, 1985, 1986, 1987, 1988, 1991 və 1992-ci illərin iş stajının nəzərə alınması, sığorta stajına daxil edilməsi və əmək pensiyası almaq hüququ yarandığı gündən hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur Rayon Şöbəsinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar