Məhkəmə qərarları › İş №2-1(122)-923/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-923/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-923/2024 14.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Yusifov Araz Ərrəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli raportuna əsasən, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı və Müdafiə nazirinin müavini-X3 Komandanının xx.xx.2024-cü il tarixli, 018 nömrəli əmrinin ona aid olan hissəsində dəyişiklik edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixdən Azərbaycan Ordusunda, hazırda N nömrəli hərbi hissədə polkovnik-leytenant rütbəsində, hərbi hissə komandirinin birinci müavini - qərargah rəisi vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq “hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə təqdimatı X2 qərargahına göndərilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Onunla eyni vaxtda ehtiyata buraxılmaları ilə bağlı təqdimatları X2 qərargahına göndərilən zabitlərdən bəziləri ehtiyata buraxıldığından, hərbi hissədə Ordu Qərargahından və Müdafiə Nazirliyindən hər hansı bir məlumat almaq hüququ olmadığından ehtiyata buraxılacağını düşünmüşdür. xx.xx.2023-cü il tarixli raportundan sonra komandanlığın ona qarşı qərəzli münasibətlərinin artmış, mütəmadi olaraq ona intizam cəzaları verilmişdir. Bu cəzalardan Müdafiə nazirinin müavini - X3 Komandanının 16 fevral 2024-cü il tarixli, 018 nömrəli əmri ilə verilmiş “Vəzifəsinə tam uyğun olmaması barədə Xəbərdarlıq” cəzası ilə razı deyil. 10-xx.xx.2023-cü il tarixlərdə hərbi hissədə Naxçıvan Qarnizonu Hərbi Polisi tərəfindən yoxlama aparılmış, yoxlamanın nəticəsinə əsasən, qoşun xidmətinin təşkilində ciddi nöqsanlara yol verən şəxslər daha yüngül intizam cəzaları ilə cəzalandırılmasına baxmayaraq, ona qarşı olan qərəzli mövqe özünü göstərərək ona həmin cəzanın verilməsinə gətirib çıxarmışdır. Həmin əmrdə göstərilənlərə əsasən, guya o, bölmələrdə döyüş növbətçiliyinin və qarovul xidmətinin təşkilinə və aparılmasına, informasiya təhlükəsizliyinə riayət olunması hallarının pozulmasına şərait yaratdığına, silah döyüş sursatı və digər maddi vəsaitlərin düzgün qorunub saxlanmasına və istismarına zəif nəzarət etdiyinə görə cəzalandırılmışdır. Buna baxmayaraq, göstərilənləri yerinə yetirməyən məsul şəxslərə ona nisbətən daha yüngül cəzalar verilmişdir. Raportunun cavablandırılmadığını və mənə qarşı olan qərəzli münasibəti görərək o, xx.xx.2024-cü il tarixdə komanda üzrə yuxarı instansiyaya - N nömrəli hərbi hissə komandirinə (Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - X3 Komandanına) şikayət ərizəsi ilə müraciət etmişdir, ancaq müraciətinə N nömrəli hərbi hissə tərəfindən N nömrəli, xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, xidmət dövründə əldə etdiyi bilik və bacarığını nəzərə alaraq, komandanlıq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını məqsədə uyğun hesab etməməsi ilə əsaslandırılmışdır. İddiaçı imtinanı qanunsuz və əsassız hesab edir. Ona qarşı qərəzli münasibətlər X3 tərəfindən N nömrəli, xx.xx.2024-cü il tarixli ona verilən cavab məktubunun sadəcə süründürməçilik olduğunun sübutudur. Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin bütün hərbi hissələrindən zabitlərin ehtiyata buraxılması müntəzəm olaraq həyata keçirilir. Onun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hüququ kobud şəkildə pozulur. İddiaçı yuxarıda göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı və Müdafiə nazirinin müavini - X3 Komandanının xx.xx.2024-cü il tarixli, 018 nömrəli əmrinin ona aid olan hissəsində dəyişiklik edilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunmağı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin orqanın iddiaya qarşı yazdığı yazılı etirazı 21 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, polkovnik-leytenant İddiaçı iddia ərizəsində xx.xx.2001-ci il tarixdən Azərbaycan Ordusunda xidmət etdiyini, xx.xx.2023-cü ildə N nömrəli hərbi hissə komandirinə raport yazaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etdiyini bildirmişdir. xx.xx.2024-cü ildə eyni məzmunlu ərizə ilə Müdafiə Nazirinin müavini-X3 Komandanına müraciət etmiş, xx.xx.2024-cü ildə onun müraciəti cavablandırılaraq, Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyac, onun xidmət dövründə əldə etdiyi bilik və bacarığı nəzərə alınaraq həqiqi hərbi xidmətdə qalaraq xidmətinə davam etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq, iddiaçı ərizəsində raport yazdıqdan sonra ona qarşı qərəzli münasibət olduğunu, Hərbi Polis tərəfindən aparılmış yoxlamanın nəticəsinə görə Müdafiə nazirinin müavini-X3 Komandanının 16 fevral 2024-cü il tarixli, 018 nömrəli əmri ilə ona “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verildiyini, həmin cəzanın onun əməlinə görə ağır cəza olduğunu bildirərək əmrin ona aid hissəsinin ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan xüsusatla bağlı bildirilir ki, 13 fevral 2024-cü ildə Naxçıvan Qarnizonu Hərbi Polisi tərəfindən N nömrəli hərbi hissənin daimi dislokasiya məntəqəsində və döyüş mövqelərində döyüş növbətçiliyinin və qoşun xidmətinin təşkili yoxlanılarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət, Qarnizon və Qarovul Xidmətləri Nizamnamələrinin tələblərinin pozulması hallarına yol verilməsi aşkar olunmuşdur. Bu nöqsanlardan bir çoxu hərbi hissənin qərargah rəisi polkovnik-leytenant İddiaçı cavabdehlik daşıdığı sahələrdə aşkarlanmışdır. Belə ki, Qarnizon və Qarovul Xidmətinin təşkilində, kargüzarlıqda, “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimatın tələblərinin icrasında, “Günün nizam qaydaları”nın yerinə yetirilməsində, sutkalıq naryadın xidmətində, Şəxsi heyətin uçotunda, “Axşam yoxlanışı kitabı”nın aparılmasında, silah və sursatın uçotu və saxlanmasında nöqsanlar olmuş, 1 hərbi qulluqçunun xidmət yerində qadağan olunmuş smartfon tipli mobil telefon istifadə etdiyi aşkar olunmuşdur. Bölmələrdə döyüş növbətçiliyinin və qarovul xidmətinin təşkilinə və aparılmasına, informasiya təhlükəsizliyinə riayət olunması hallarının pozulmasına şərait yaratdığına, silah, döyüş sursatı və digər maddi vəsaitlərin düzgün qorunub saxlanılması və istismarına zəif nəzarət etdiyinə görə Müdafiə nazirinin müavini-X3 Komandanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək polkovnik-leytenant İddiaçı həmin Nizamanmədə nəzərdə tutulmuş “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası elan etmişdir. Belə ki, Azərbaycan respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 67-ci maddəsində zabitlərə verilən intizam cəzalarının növləri qeyd olunmuşdur: 67. Zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. Komandirlərin tabeliklərində olan zabitlərə, generallara və admirallara intizam cəzaları vermə hüquqları isə 73-cü maddədə qeyd olunmuşdur: 73. Korpus komandirinin, qoşun növü komandanının: 1) Zabitlərə: a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; b) kiçik zabitləri hauptvaxtda saxlanmaqla 7, baş zabitləri 3 sutkayadək həbs etmək; v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək; 2) generallara və admirallara məzəmmət, töhmət və şiddətli töhmət elan etmək hüququ vardır. Müdafiə nazirinin müavini-X3 Komandanı da həmin Nizamnamə ilə ona verilmiş səlahiyyətlərdən istifadə edərək tabeliyində olan polkovnikleytenant İddiaçı xidmətində yol verdiyi nöqsanlara görə “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası elan etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 70 və 71-ci maddələrində briqadanın qərargah rəisinin cavabdeh olduğu sahələr və vəzifələri göstərilmişdir: 70. Briqada qərargahı rəisi sülh və müharibə dövründə: briqadanın bölmələrinin idarə olunmasının təşkilinə və saxlanmasına; briqadanın döyüşə və səfərbərliyə hazırlığına; briqadanın döyüş və ictimai-siyasi hazırlığının planlaşdırılmasına; qərargahın və briqadanın idarə edilməsini təmin edən bölmələrin hazırlanmasına; qərargahın və bilavasitə ona tabe olan bölmələrin şəxsi heyətinin hərbi intizamına və tərbiyəsinə; briqadanın şəxsi heyətinin, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının uçotunun vəziyyətinə cavabdehdir. Qərargah rəisi briqada komandirinə tabedir, onun birinci müavinidir. O, briqadanın bütün şəxsi heyətinin birbaşa rəisidir. 71. Briqada qərargahı rəisinin vəzifəsidir: qərargahın işini təşkil edib ona gündəlik rəhbərlik etmək; qoşun və xidmət növləri rəislərinin işlərini əlaqələndirmək; briqada bölmələrindəki həqiqi vəziyyəti və durumu, həmçinin onlara verilmiş tapşırıqların yerinə yetirilməsinin gedişindən daim xəbərdar olmaq; briqada komandirinin göstərişi ilə briqadanın döyüş və ictimai-siyasi hazırlıq planını işləyib hazırlamaq, onun yerinə yetirilməsinə nəzarət etmək; səfərbərlik planını işləyib hazırlamaq və bu işi görməyə icazə verilmiş şəxslərin səfərbərlik işinə rəhbərlik etmək; briqada komandirinə bilavasitə tabe olan vəzifəli şəxslər və qərargah zabitləri ilə bölmələrin və xidmətlərin vəziyyətini yoxlama planını işləyib hazırlamaq; briqadada rabitəni təşkil etmək və briqadanın şəxsi heyəti tərəfindən gizli idarəetmə tələblərinin həyata keçirilməsinə nəzarət etmək; briqada qərargahı zabitləri ilə məşğələlər aparmaq, tabor qərargahlarının və briqadanı idarəetmə bölmələrinin hazırlığına rəhbərlik etmək, həmçinin briqadanın rabitə vasitələrinin vəziyyətini və döyüşə hazırlığını yoxlamaq; zabitlərin, gizirlərin, bölmələrin başçavuşlarının, həmçinin qərargahdakı bütün çavuşların və qərargaha bilavasitə tabe olan bölmələrin işgüzarlığını və mənəvi keyfiyyətlərini bilmək; briqada bölmələrinin döyüş və ictimai-siyasi hazırlığının uçotunu aparmaq; briqadada qarovul xidmətinin və daxili xidmətin hazırlanmasının yerinə yetirilməsini təşkil etmək və ona nəzarət etmək; naryada getməzdən qabaq briqada növbətçisinə, nəzarət-buraxılış məntəqəsi növbətçisinə və briqada qərargahı növbətçisinə, həmçinin ezamiyyətə gedən bölmə komandirlərinə (komanda rəislərinə) təlimat vermək və bu bölmələrin (komandaların) zəruri olan hər şeylə təmin olunmasını yoxlamaq; briqadanın tarixi formulyarını aparmaq; bilavasitə tabeliyində olan bölmələrdə silahların, döyüş texnikasının və digər texnikanın, cihazların, rabitə vasitələrinin və əmlakın sayını, onların vəziyyətini və saxlanma qaydalarına əməl edilməsinin üç ayda bir dəfədən az olmayaraq yoxlanmasını təşkil etmək. Qeyd olunanlardan da görünür ki, polkovnik-leytenant İddiaçı verilmiş cəza tam qanuni və əsaslı olmuşdur.Bundan başqa bildirirəm ki, Müdafiə Nazirliyi Azərbaycan ordusunda zabit heyətinə olan tələbatı nəzərə alıb ixtisaslı və təcrübəli zabitlərin gənc yaşda ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmir. Məhkəmənin 21 iyun 2024-cü il tarixli, 2-1(122)-923/2024 nömrəli qərardadı ilə İddiaçı 21 iyun 2024-cü il tarixli ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin müavini X3 Komandanının xx.xx.2024-cü il tarixli, 018 nömrəli əmrinə aid olan hissəsində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” hissəsində iş üzrə icraata xitam verilmiş, digər hissə -“31 avqust 2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması” hissəsində isə baxılması davam etdirilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 21 iyun 2024-cü il tarixli, 2-(122)-923/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmiş və şifahi məhkəmə baxışı iclası 14 avqust 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına raportu, məktubu, imtina məktubunu, şəxsiyyət vəsiqəsini surətini, qəbzləri əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - 24 fevral 2023-cü il tarixli Müdafiə nazirinin müavini-X3 Komandanına ünvanlanmış məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində N nömrəli hərbi hissə komandirinə raportla müraciət edib “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən 10 ildən artıq zabit kimi xidmət etməyini nəzərə alıb öz arzusu ilə onun Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixində öz arzusu ilə ehtiyata buraxılmağı barədə təqdimat hərbi hissədən X4 qərargahına göngərilmişdir. Lakin bugünədək heç bir nəticə olmamışdır. Buna görə iddiaçı onun Azərbaycan Ordusunda 10 ildən artıq xidmət etməyini nəzərə alıb onun “ Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmasına köməklik göstərilməsini xahiş etmişdir. - 30 avqust 2023-cü il tarixli N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış raportdan görünür ki, İddiaçı “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq (hərbi geyim forması daşımaq hüququ verilməklə) Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - N nömrəli hərbi hissə tərəfindən polkovnik-leytenant İddiaçı ünvanlanmış 08 mart 2024-cü il tarixli, 794 nömrəli məktubdan görünür ki, onun xx.xx.2024-cü il tarixində Müdafiə nazirinin müavini-X3 Komandanına ünvanladığınız məktununa baxılaraq, hazırda Azərbaycan Ordusunun kadr zabit heyətinə olan ehtiyacı, xidmət dövründə əldə etdiyi bilik və bacarığını nəzərə alıb komandanlıq onun həqiqi hərbi xidmətdə qalıb xidmət etməsini tövsiyə edir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1984-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, polkovnik-leytenant İddiaçı xx.xx.2001-ci tarixdən Azərbaycan Ordusunda kursant, xx.xx.2005-ci il tarixdən zabit qismində, xx.xx.2021-ci il tarixdən isə N nömrəli hərbi hissədə xidmət etmişdir. - İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi barədə ərizədən görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda Həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı və Müdafiə nazirinin müavini - X3 Komandanının xx.xx.2024-cü il tarixli 018 nömrəli əmrinin ona aid olan hissəsində dəyişiklik edilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə iddiasının təmin edilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirəcəyinə aşağıdakı hallar dəlalət edir. Onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j" bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda Həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı iddiası məcburetmə, Müdafiə nazirinin müavini - X3 Komandanının xx.xx.2024-cü il tarixli 018 nömrəli əmrinin ona aid olan hissəsində dəyişiklik edilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə iddiası isə mübahisələndirmə icraatıdır. İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məcəllənin 33-cü maddəsi məcburetmə haqqında iddiadır. 33.1-ci maddəyə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. O, xx.xx.2024cü il tarixli iddia ərizəsində mübahisələndirmə və məcburetmə iddiaları olduğu və Məcəllənin 37-ci maddəsinə əsasən, iddiaları eyni cavabdehə yönəldiyindən və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğundan iki iddia tələbini bir iddiada birləşdirməyi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 60cı maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin sənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırması barədə qərardad qəbul edir. Bütün sadalananları nəzərə alıb, iddiaçı məhkəmədən Azərbaycan Respublikası İnzibati Prosessual məcəlləsinə əsasən iddiasının təmin edilməyini və cavabdehdən müvafiq sənədləri tələb etməyi xahiş etmişdir. - İddiaçının xx.xx.2024-cü il tarixli Müdafiə Nazirliyinin nümayəndəsinin etirazına qarşı etirazından görünür ki, o, xx.xx.2001-ci il tarixdən Azərbaycan Ordusunda xidmət etdiyindən xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissə komandirinə raportla müraciət edib “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə ethiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasın xahiş etmişdir. xx.xx.2024-cü il tarixədək raportu ilə bağlı təqdimatı ordu qərargahına, yəni N nömrəli hərbi hissə komandirinə göndərildiyindən başqa heç bir quruma müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə onunla eyni vaxtda raportla ehtiyata buraxılmaq üçün müraciət edən hərbi qulluqçulardan bəzilərinin ethiyata buraxıldığını görüb, o da eyni məzmunlu raportla Müdafiə nazirinin müavini - X3 Komandanı cənab general-polkovnik Kərəm Mustafayevə müraciət etmişdir. Göstərilən qurumdan ona cavab məktubu gəlmiş və həmin məktubda onun hərbi xidmət dövründə əldə etdiyi bilik bacarıq nəzərə alınaraq onun hərbi xidmətdə qalaraq xidmətini davam etdirməsi tövsiyə olunmuşdur. Bunun da nəticəsi olaraq o, İnzibati Məhkəməyə müraciət etmişdir. Bundan əlavə, o, Azərbaycan Ordusundan ehtiyata buraxılmaq üçün müraciət etdiyindən ona qarşı yuxarı komandanlıq tərəfindən qərəzli münasibət bəslənmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə ehtiyata buraxılması ilə bağlı müraciət etdikdən sonra, demək olar ki, hər ay ona qarşı olan qərəzli münasibətin nəticəsi olaraq intizam qaydasında əsassız cəzalar verilmişdir. Hərbi Polis tərəfindən aparılan yoxlamanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixli, 018 nömrəli əmri ilə ona “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verilmişdir. Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinə əsasən zabitlərə: -məzəmmət; -töhmət; -şiddətli töhmət; -hauptvaxta saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; - vəzifəsinə tam uyğun olmamaları barədə xəbərdarlıq; - aşağı vəzifəyə keçirmə; - hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. Göründüyü kimi, vəzifəsinə tam uyğun olmamaları barədə xəbərdarlıq intizam cəzası hauptvaxtda saxlanılmaqla həbs cəzasından da ağır intizam cəzasıdır. 10xx.xx.2023-cü il tarixlərdə hərbi hissədə Naxçıvan Qarnizonu Hərbi Polisi tərəfindən yoxlama aparılmış, yoxlamanın nəticəsinə əsasən, qoşun xidmətinin təşkilində ciddi nöqsanlara yol verən şəxslər daha yüngül intizam cəzaları ilə cəzalandırılmasına baxmayaraq, ona qarşı olan qərəzli mövqe özünü göstərərək ona həmin cəzanın verilməsinə gətirib çıxarmışdır. Həmin əmrdə göstərilənlərə əsasən, guya o, bölmələrdə döyüş növbətçiliyinin və qarovul xidmətinin təşkilinə və aparılmasına, informasiya təhlükəsizliyinə riayət olunması hallarının pozulmasına şərait yaratdığına, silah döyüş sursatı və digər maddi vəsaitlərin düzgün qorunub saxlanmasına və istismarına zəif nəzarət etdiyinə görə cəzalandırılıb. Halbuki göstərilənləri yerinə yetirməyən məsul şəxslərə ona nisbətən daha yüngül cəzalar verilmişdir. Müdafiə Nazirliyinin nümayəndəsi etirazında onun, yəni hərbi hissənin qərargah rəisinin bölmələrdə döyüş növbətçilyinin və qarovul xidmətinin təşkilinə və aparılmasına, informasiya təhlükəsizliyinə riayət olunması hallarının pozulmasına şərait yaratdığına, silah, döyüş sursatı və digər maddi vəsaitlərin düzgün qorunub saxlanılması və istismarına zəif nəzarət etdiyinə görə Müdafiə nazirinin müavini - X3 Komandanı Azərbaycan Respublikası İntizam Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək ona həmin nizamnamədə nəzərdə tutulmuş ən ağır cəzalardan birini vermişdir. Yuxarıdan göründüyü kimi o, vəzifə borcunda göstərilənlərin hər hansı birinin pozulmasına görə cəzalandırılmayıb. Həmin yoxlama zamanı hərbi hissədə döyüş növbətçiliyinin aparılmasına heç bir nöqsan aşkar olunmamış, qarovul xidmətinin təşkilində və aparılmasına aşkar olunan nöqsanların onun vəzifə borcuna heç bir aidiyyəti olmamış, silah, döyüş sursatı və digər maddi vəsaitlərin qorunub saxlanılması və istismarına nəzarət onun vəzifə borcuna aid olmamış, hərbi hissənin daimi yaşayış məntəqəsindən təqribən 50 km kənarda olan bölmədə bir hərbi qulluqçunun informasiya təhlükəsizliyini pozaraq xidmət yerinə qadağan olunmasına baxmayaraq smartfon tipli mobil telefon gətirdiyinə görə ona digər zabitə verilən intizam cəzasına bərabər intizam cəzası verilmiş və onun göstərilən nöqsanların yaranmasına şərait yaratdığı göstərilmişdir. Hərbi hissənin qərargah rəisi briqadanın şəxsi heyətinin, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının uçotunun vəziyyətinə cavabdehdir. Aparılan yoxlama nəticəsində göstərilən maddi vəsaitlərin uçotunun vəziyyətində heç bir nöqsan aşkar olunmamışdır. Hərbi hissədə xidmət edən bütün zabit, gizir və MAHHX HQ-lar Azərbaycan Respublikası Müdafiə nazirinin 10 dekabr 2019-cu il tarixli, 010 nömrəli qərarının müvafiq maddələri ilə tanış olub və təlimat almışdır. Hərbi qulluqçuların hər biri aldığı təlimatla bağlı imzaları ilə tanış olmuşlar. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun Hərbi Qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi)” qaydaları haqqında əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il, 02 nömrəli qərarının 1.12-ci bəndinə əsasən, “Vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzası almış hərbi qulluçular malik olduğu məharət dərəcəsi hərbi qulluqçuya verilmiş intizam cəzası müvafiq qaydada götürüldükdə bərpa olunduğu göstərilmişdir. Zabitlərin malik olduğu 2-ci məharət dərəcəsinə görə vəzifə maaşının 15%-i miqdarında əmək haqqlarına əlavə olunur. O də ehtiyata buraxılarkən malik olduğu məharət dərəcəsinə görə ehtiyatda olan zaman aldığı təqaüdə malik olduğu məharət dərəcəsinə görə 15% əlavə olunur. Qeyd olunanlardan görünür ki, Müdafiə Nazirliyinin nümayəndəsinin etirazı əsassızdır. Ona verilən “vəzifəsinə tam uyğun olmama barədə xəbərdarlıq” intizam cəzası onun əmək haqqının 15% miqdarında azalmasına səbəb olubdur. Bu da ehtiyatda olarkən alacağı təqaüdün miqdarının azalmasına gətirib çıxaracaqdır. Ona “vəzifəsinə tam uyğun olmama barədə xəbərdarlıq" intizam cəzası vermiş bir şəxsin onun ethiyata buraxılmağını məqsədəuyğun hesab etməyərək ixtisaslı və təcrübəli zabitin gənc yaşda ehtiyata buraxılmamasını istəyir. Göstərilənlər bir-biri ilə bir yerə sığmayan tələblərdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, o, iddiasının təmin edilib onun barəsində ədalət mühakiməsini həyata keçirərək ədalətli qərar verilməsini xahiş etmişdir. İddia ərizəsinin məznmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı xx.xx.2005-ci il tarixdən zabit kimi həqiqi hərbi xidmət etdiyinə istinad edərək, qanunvericiliyin normalarına əsasən onun xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunmağı barədə qərar qəbul edilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının tələbindən imtina edərək, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacını nəzərə alaraq İddiaçı ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmir. Məhkəmə iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, hazırki mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması tələbi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Həmçinin bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.9-cu maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarından biri də öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmələridir. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin: - 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. - 121-ci maddəsinə əsasən komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. - 122-ci maddəsinə əsasən verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. - 123-cü maddəsinə təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Cavabdeh inzibati orqan öz imtinasını onunla əsaslandırır ki, hazırda Azərbaycan Ordusunda kadr zabit heyətinə olan ehtiyacı, xidmət dövründə əldə etdiyi bilik və bacarıqları nəzərə alaraq İddiaçı ehtiyata buraxılması məqsədəuyğun deyil. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazın əsası kimi göstərilən hala hüquqi qiymət verərək hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddiaçının hüququnu pozan hal kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə xidmət etdiyindən onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmaq hüququ vardır. Qanunvericilikdə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş şəxslərin öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması hüququ və bu hüququn məhdudlaşdırılması halları nəzərdə tutulmuşdur. İşin hallarına hüquqi qiymət verilərkən hazırki vəziyyətdə qanunvericiliklə bu hüququn məhdudlaşdırılması üçün əsas olan halların hər hansı birinin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə İddiaçı xidmət dövründə əldə etdiyi bilik və bacarığı, Azərbaycan Ordusunda kadr zabit heyətinə ehtiyac yaranması ilə bağlı cavabdeh orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sadalanan hallara əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılması hüququnun həyata keçirilməsinə maneə ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 14, 33, 58, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. İddiaçı xx.xx.2023-cü il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar