Məhkəmə qərarları › İş №2-1(122)-929/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-929/2025

18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-929/2025 18.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X1 Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən ona məxsus 0.1437 (ölçü hektarla) torpaq sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən ona məxsus 0.1437 (ölçü hektarla) torpaq sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 18 avqust 2025ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı 05 iyun 2025-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, iddia tələbinin məzmununda Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən 0.1437 (ölçü hektarla) torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə də, iş materiallarında olan MH seriyalı, ******* nömrəli Çıxarışda həmin torpaq sahəsinin 2/9 hissəsinin ona, 7/9 hissəsinin isə X3 da daxil olmaqla paylı mülkiyyətdə olduğu qeyd edilmişdir. Mübahisəli torpaq sahəsi paylı mülkiyyətdə olduğundan hazırki iddia tələbinə digər mülkiyyətçilərin münasibəti, hətta paylı mülkiyyətçi olan X1 həmin ünvandan qeydiyyatdan çıxarılmasının mümkünlüyü məsələsi mübahisəli olaraq qalmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Kəngərli Rayon İcra Hakimiyyətinin Qıvraq Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, 444 nömrəli arayışda Kəngərli rayonu, Qıvraq qəsəbəsində qeydiyyatda olan şəxslər sırasında X1 adı qeyd edilməmişdir. Bu hal isə həmin şəxsin qeyd edilən ünvanda qeydiyyatda olmasına şübhə yaranmasına səbəb olmuşdur. Çünki həmin şəxsin Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən 0.1437 (ölçü hektarla) torpaq sahəsində qeydiyyatda olmasını sübut edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbində qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş və əks halda iddia tələbinin İPM-nin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayılacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmənin yardım məktubunu almış, Kəngərli Rayon İcra Hakimiyyətinin Qıvraq Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 iyun 2025ci il tarixli, 474 nömrəli arayışı məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərarın 2.3,12,13 və 17-ci bəndləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı X1 Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən 0.1437 (ölçü hektarla) torpaq sahəsindən qeydiyyatdan çıxarılmasını tələb edir. İş materiallarının məcmu halında tədqiqi onu deməyə əsas verir ki, X3 İddiaçı gəlinidir və nikah münasibətlərinin pozulmasını sübut edən hər hansı sənəd iş materiallarında mövcud deyil. İddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən 0.1437 ha torpaq sahəsi paylı mülkiyyətdədir və pay hüququna malik olan şəxslərdən biri də X2r (1/9, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2018). Göründüyü kimi iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X3 torpağın paylı mülkiyyətçilərindən biridir və mülkiyyətçinin qeydiyyatdan çıxarılması tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilə bilməz. İddiaçının hüquqi marağının təmin edilməsi üçün hazırda müvafiq ümumi məhkəməyə müraciət edilərək, paylar naturada müəyyənləşdirilməli və ya X1 payı məhkəmə qərarı əsasında kompensasiya edilməklə iddiaçı tərəfindən alına bilər. Bu halda X1 iddiaçının mülkiyyətinə münasibətdə hər hansı tələb hüququ mövcud olmadığından onun qeydiyyatdan çıxarılması məsələsi də mümkün sayılaraq, bu istiqamətdə müvafiq araşdırma aparıla bilər. Lakin hazırki vəziyyətdə iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Məhkəmə qanunvericiliyin tələbinə əsasən yardım etmək vəzifəsindən çıxış etmiş, iddiaçı tərəfə müvafiq yardım məktubu ünvanlayaraq iddianın mümkünlük məsələsinə baxılacağını diqqətə çatdırmışdır. Həmçinin məhkəmə iclasında da şifahi qaydada iddiaçıya yardım edilmişdir. Hazırki vəziyyətdə iddianın mümkünsüzlüyünə əsas olmuş hallar aradan qaldırılması mümkün olmadığından məhkəmə tərəflərin bununla bağlı münasibət bildirməsindən asılı olmayaraq mümkünlük məsələsinə baxmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmənin yuxarıda qeyd edilən yardımlarını nəzərə alaraq, aidiyyəti üzrə ümumi məhkəməyə iddia qaldırmaq hüququna malikdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “X1 Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən ona məxsus 0.1437 (ölçü hektarla) torpaq sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “X1 Kəngərli rayonu, Qıvraq qəsəbəsində yerləşən ona məxsus 0.1437 (ölçü hektarla) torpaq sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar