Məhkəmə qərarları › İş №2-1(122)-93/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-93/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-93/2022 05.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 30 sentyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 30 sentyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 30 sentyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 2022-ci ilin yanvar ayı üçün ona təyin edilmiş pensiya məbləğinin ödənilmədiyini öyrənmiş və bununla bağlı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu”na ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq pensiyasının “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarına əsasən ləğv edildiyi bildirilmiş və müvafiq qərar 01 mart 2022-ci il tarixdə ona təqdim edilmişdir. Həmin qərarda ona təyin edilmiş pensiyanın kəsilməsinə səbəb olaraq xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən fərdi hesabın sığorta hissəsində formalaşan pensiya kapitalının cəminin əmək pensiyasının minimum məbləğinə çatmadığı, buna görə də pensiya işinin ləğv edildiyi göstərilmişdir. Həmçinin ümumi və xüsusi iş stajı Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na münasibətdə yoxlanılmışdır. Halbuki, ümumi və xüsusi iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 və 2 nömrəli siyahısı üzrə yoxlanılmalı idi. İddiaçı bir sıra maddi hüquq normalarına istinad edərək hesab edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun yaşa görə güzəştli şərtlərlə pensiya hüququ qazanan şəxsə pensiya təyin edilən zaman “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” şərti tətbiq edilmir. Bundan başqa, iddiaçı qeyd edir ki, ümumi və xüsusi iş stajı üzrə işlədiyi dövrə aid əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. İddiaçı qeyd olunan xüsusatları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 70.1 və 70.3-cü maddələrini rəhbər tutaraq, İddiaçı 30 sentyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 14 mart 2022-ci il tarixli, 2-1(122)-93/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 04 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, 27 avqust 1963-cü il tarixdə anadan olmuş, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 30 sentyabr 2020-ci il tarixli, 264 nömrəli qərarına əsasən 27 may 2020-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq 200,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının 543-VQD nömrəli Qanunu ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun iddiaçıya şamil edilə bilməsi üçün onun 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Həmin Qanunun 9.8-ci maddəsində güzəşt yalnız yaşa və staja görə müəyyən edildiyindən sözügedən Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan və "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla, Qanunun 9.8-ci maddəsinin şərtlərinə əsasən 01 yanvar 2006-cı il tarixədək güzəştli və ümumi iş stajı tamamlanmış şəxslərin "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən edilmiş yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinin "b" bəndində nəzərdə tutulmuş 55 yaş həddi 01 avqust 1997-ci il tarixdən başlayaraq, 01 avqust 2000-ci il tarixədək hər il altı ay artırılaraq 57 yaş müəyyən olunmuşdur. Qanununun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi, o şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki, 57 yaşına çatmış olsun; bu şəxs 01 yanvar 2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan versin. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün deyil. Qeyd olunur ki, 1992-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında da bu nəticəyə gəlinərək qeyd olunub ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. X8 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı təqdim etdiyi sənədlərdə 1984-2006-cı il tarixlərdə Culfa rayon X9 əmək fəaliyyəti ilə məşğul olduğu "balon doldurucu" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmasada, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Siyahısında qeyd olunmayan "balon doldurucusu" peşəsi ilə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bu cür işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız vətəndaşın əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Sözügedən siyahıda "balon doldurucu" peşəsi nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir. 11 dekabr 2017-ci il tarixdə təsdiq olunmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavə kimi nəzərdə tutulmuş "Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlər Siyahısı"nın 2.4.1-ci bəndinə əsasən "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Vətəndaşın 2019-cu ildə ona pensiya təyin edilməsi üçün təqdim etdiyi sənədlər içərisində güzəştli şərtlərlə işləməsinə dair iş yerindən arayış yoxdur. Beləliklə də, İddiaçı xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğinə çatmadığından və xüsusi iş stajı (12 il 6 ay) olmadığından onun pensiyası Fondun Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarına əsasən ləğv edilmişdir. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı "İddiaçı 30 sentyabr 2020-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 21 iyul 2022-ci il tarixli, 2-1(122)-93/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 05 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, uzun illər zərərli işlərdə çalışdığını, 2020-ci ilin may ayında 57 yaşının tamam olduğunu, güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün Fondun Culfa rayon şöbəsinə müraciət etdiyini, sənədlərinin yoxlanıldığını, onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olduğunun bildirildiyini, bütün lazımi sənədləri toplayaraq Fondun Culfa rayon şöbəsinə təqdim etdiyini, həmin tarixdən pensiya almağa başladığını, sonradan 2022-ci ilin yanvar ayından pensiyasının ödənilmədiyini, onun müvafiq müraciətlərindən sonra pensiyanın Fondun Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarı ilə kəsildiyinin ona məlum olduğunu, həmin qərarın 01 mart 2022-ci il tarixdə ona təqdim edildiyini, qərarda pensiyanın kəsilməsinə əsas kimi işlədiyi balondoldurucu vəzifəsinin Nazirlər Kabinetinin müvafiq siyasında olmamasının və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiya təminatına imkan verməməsinin göstərildiyini, qeyd olunan arqumentlərlə razılaşmadığını, əgər düzgün deyildisə 2020-ci ildə ona pensiya təyin etməməli olduqlarını, həmin qərar əsasında ötən illər ərzində ona ödənilmiş pul vəsaitinin geri tələb edildiyini, bununla bağlı hər hansı razılığının olmadığını, bu halın onun günahı üzündən baş vermədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X4 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, fondun audit şöbəsi tərəfindən yoxlama aparıldığını, həmin yoxlama nəticəsində iddiaçının xüsusi iş stajını formalaşdıran balondoldurucu vəzifəsinin Nazirlər Kabinetinin Siyahısında öz əksini tapmadığını, iddiaçıya 01 yanvar 2006-cı il tarixədək pensiya təyin edildiyindən həmin vəzifənin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərar ilə təsdiq edilmiş Siyahı üzrə yoxlanıldığını, lakin həmin vəzifənin qeyd olunan Siyahıda öz əksini tapmadığı kimi iş yerindən də güzəştli iş arayışının verilmədiyini, həmçinin iddiaçının 57 yaşı 2017-ci il iyul ayının 1-dən sonra tamamlandığından ona həmin vaxtdan qüvvəyə minmiş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının tətbiq edildiyini, bütün bunlar əsasında audit yoxlamasının nəticəsi olaraq iddiaçının xüsusi iş stajının təsdiqlənmədiyini və pensiya kapitalının hesablanması zamanı pensiyanın minimum pensiya təminatına imkan vermədiyinin aşkarlandığını, bundan sonra müvafiq audit yoxlaması əsasında şöbə tərəfindən mübahisələndirilən qərarın qəbul edildiyini, iddiaçının pensiyasının ləğv edildiyini bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına fondun qərarının surətini, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətlərini, qeydiyyat yeri barədə arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından qismən əsaslı olduğundan iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş İddiaçı 2006-cı il tarixədək xüsusi iş stajı (12 il 6 ay) olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün xx.xx.1963-cü il tarixdə anadan olmuş, Culfa rayonu, Yaycı kəndində yaşayan İddiaçı xx.xx.2020-ci il tarixdə 264 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4100 manat 27 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - 09 fevral 1981-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət keçmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Culfa rayon “X13”nda İİ dərəcəli fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək İİ dərəcəli çilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək İİİ dərəcəli balon doldurucu, xx.xx.1988ci il tarixdən xx.xx.1998-ci il tarixədək İİ dərəcəli balon doldurucu, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Darıdağ firmasında fəhlə, xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək maşınist, xx.xx.2007-ci il tarixdən Culfa rayon "xxxx" ASC-də maşınist vəzifəsinə təyin olunmuşdur. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1963-cü il tarixdə Culfa rayonu, Yaycı kəndində doğulmuş və Culfa rayonu, Yaycı kəndində yaşayır. - Culfa Rayon İcra Hakimiyyətinin Yaycı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2022-ci il tarixli, 126 nömrəli arayışdan görünür ki, İddiaçı Culfa rayonu, Yaycı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş: - X3 Qrupunun Culfa rayon X13 məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğularına cavab olaraq ünvanlanmış 14 may 2022-ci il tarixli, 05/22 nömrəli, 04 iyul 2022-ci il tarixli, 07/22 nömrəli və 12 iyul 2022-ci il tarixli, 08/22 nömrəli eyni məzmunlu məktublardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli siyahıları araşdırılaraq müəssisədəki mövcud vəzifə və peşələrə uyğun gələn hissələr seçilərək (siyahılar əlavə olunur) baxılması üçün məhkəməyə təqdim olunmuş və gələcəkdə əməkdaşların pensiya təminatı hüququndan istifadə etmələri üçün siyahılardakı istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müəssisənin fəaliyyətinə şamil olunub-olunmaması haqqındakı məlumatın göndərilməsi xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq ünvanlanmış 01 iyun 2022-ci il tarixli, 02/74 nömrəli məktubdan görünür ki, Culfa "X12 Zavodu"nun sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mövcud olmadığından İddiaçı işləməsi haqqında məlumat yoxdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən Culfa rayon “X13” MMC-yə ünvanlanmış sorğuya həmin müəssisə tərəfindən verilmiş 07 aprel 2022-ci il tarixli, 01/22 nömrəli məktubdan görünür ki, “X13” MMC-də 27 oktyabr 2007-ci il tarixdən sənədlər saxlanıldığından 1992-2006-cı illərə aid məlumat yoxdur. İddiaçı pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 sentyabr 2020-ci il tarixli, 264 nömrəli qərarının surətindən görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2020-ci il tarixdən 200 manat pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 30 sentyabr 2020-ci il tarixli ərizədən görünür ki, Culfa rayonu, Yaycı kəndində yaşayan İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ərizədə hazırda X9 işlədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsi tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli, 557 nömrəli arayışdan görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək ordu sıralarında hərbi xidmət keçmişdir. - 10 oktyabr 1981-ci il tarixli, 405 nömrəli attestatın surətindən görünür ki, İddiaçı yanvar 1981-ci ildə Tədris-istehsalat kombinatını bər-bər sənəti üzrə bitirmişdir (təhsil müddəti 5 ay olmaqla). - Culfa rayon X13 MMC tərəfindən verilmiş 26 sentyabr 2020-ci il tarixli, 10/20 nömrəli arayışdan görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı X3 Qrupunun Culfa rayon “X13” MMC-də 16 iyul 1984-cü ildən aşağıdakı vəzifələrdə işləmişdir: xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək İİ dərəcəli fəhlə (işə qəbul olunma haqqında 16 iyul 1984-cü il tarixli, 31/k nömrəli əmr); xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək İİ dərəcəli çilingər (işə qəbul olunma haqqında 12 oktyabr 1984-cü il tarixli, 52/k nömrəli əmr); xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək İİİ dərəcəli balon doldurucu (işə qəbul olunma haqqında 02 fevral 1987-ci il tarixli, 4/k nömrəli əmr); xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək İİ dərəcəli balon doldurucu (işə qəbul olunma haqqında 01 avqust 1988-ci il tarixli, 23/k nömrəli əmr); Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 143 nömrəli sərəncamına əsasən Azminsu birliyinə qəbul edilmişdir; Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 63 nömrəli sərəncamına əsasən X6 özəlləşməsi ilə əlaqədar 26 fevral 1998-ci il tarixdən işdən azad edilmiş (26 fevral 1998-ci il tarixli, 4/k nömrəli əmr); xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Darıdağ firmasında fəhlə qəbul edilmiş (işə qəbul olunma haqqında 03 mart 1998-ci il tarixli, 02 nömrəli əmr); xx.xx.2001-ci il Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Nazirliyinin 13/M saylı və 29 yanvar 2001-ci il tarixli, 2/4 saylı əmrini əsas tutaraq 02 fevral 2001-ci il tarixdə X1 əmr kitabında yenidən təsdiq olunmuş və maşınist təyin edilmiş; xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinı uyğun olaraq Culfa rayon "xxxx" ASC-də maşınist vəzifəsinə təyin olunmuşdur (17 oktyabr 2007-ci il tarixli, 03 nömrəli əmr). Arayışın qeyd hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aid olduğu göstərilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən xüsusi iş stajının olduğunu və minimum pensiya təminatına imkan verən pensiya kapitalının ona şamil olunmadığını bildirərək, həmin qərarın ləğv olunmasını və pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, aparılan audit yoxlamasından sonra iddiaçıya minimum pensiya təminatına imkan verən pensiya kapitalının şamil olunduğunu, iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum pensiya təminatına imkan vermədiyindən və iddiaçının xüsusi iş stajı müvafiq qanunvericilik normalarına əsasən təsdiq edilmədiyindən onun pensiyasının ləğv edilməsi qərara alınmış, bu məqsədlə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. - 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Mübahisəli hüquq münasibətlərinin mövcud olduğu zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarın 4-cü bəndinin 3-cü abzasın əsasən işçiləri güzəştli pensiya hüququ verən iş yerlərinə təyin etdikdə onların əmək kitabçalarında müvafiq qeydiyyat aparsınlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxx 1963-cü ildə anadan olmuş, 1981-ci ildə hərbi xidmət keçməyə başlamış, 1983-cü ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 27 may 2020-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. Bunu nəzərə alaraq ona 30 sentyabr 2020-ci il tarixli, 264 nömrəli qərara əsasən 27 may 2020-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının olması müəyyən edilmişdir. Sonradan 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərar qəbul edilərək iddiaçının pensiyası ləğv edilmişdir. Qərarın qəbul edilməsinə səbəb iddiaçının 01 yanvar 2006-cı il tarixədək xüsusi iş stajının mövcud olmaması və yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olması, buna görə də ona həmin tarixdən qüvvəyə minmiş “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” müddəasının şamil edilməsidir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. İddiaçı 30 sentyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi;

2. təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı ona xx.xx.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə səbəb olan 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarın ləğv edilməsidir. İş materiallarına əlavə edilmiş qərarın mətnindən aydın olur ki, mübahisələndirilən qərarda iki məsələ öz əksini tapmışdır:

1. İddiaçı xx.xx.2020-ci il tarixdə 264 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi;

2. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4100 manat 27 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması. Bununla bağlı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq surətdə təyin edilir. Bu baxımdan hazırkı mübahisə xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Həmin Qanuna əsasən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası o halda təyin olunur ki, şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi, həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. Mübahisələndirilən qərarda öz əksini tapmış birinci məsələ ilə bağlı məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi 57 yaş həddi və 25 il ümumi iş stajı barədə məhkəmə onu qeyd edir ki, bunlar məsələnin mübahisə doğurmayan hallarına aiddir. Belə ki, iş materiallarından və cavabdeh inzibati orqanın nümayəndəsinin izahatlarından da aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajına malik olmuşdur. Bu güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinin İ elementinin ödənilməsi deməkdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinin tələblərinin İİ elementi ondan ibarətdir ki, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. İddiaçının 1984-2006-cı il tarixlərdə Culfa rayon X9 işlədiyi və iddiaçının xüsusi iş stajını formalaşdıran “balondolduran” vəzifəsi barədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin vəzifə Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında mövcud olmamışdır. Bununla belə, məhkəmə tərəfindən X11 Qazı Zavodunun hazırkı hüquqi varisi olan X3 Qrupunun Culfa rayon “X13” MMC-yə ünvanlanan sorğularla İddiaçı 1984-2006-cı illərdə həmin müəssisədə işləməsi, “balondolduran” vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aid edilib– edilməməsi və bu barədə arayışın məhkəməyə təqdim olunması xahiş edilsə də, həmin sənədlərin mövcud olmadığı və vətəndaşın 1984-2006-cı illərdə işləməsini təsdiq etməyin mümkün olmadığı bildirilmişdir. Nəzərə alınmalıdır ki, əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələb etdiyi halda iddiaçının əmək kitabçasında onun işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən iş yerlərinə aid edilməsi barədə qeydin olmaması və “şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış”ın alınmaması işin mübahisəli halları ilə bağlı qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Şəxsin işlədiyi peşələrin Siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İddiaçının işlədiyi “balondolduran” vəzifəsinin xüsusi şərtlərlə pensiya hüququ verən peşələrə aid edilməsi barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə tərəfindən İPMnin 12-ci maddəsinin tələblərinə əsasən aparılan araşdırmalar nəticəsində də iddiaçının istinad etdiyi kodlarla təsnifləşdirilmiş vəzifə ilə iddiaçının işlədiyi “balondolduran” vəzifəsi arasında uyğunluq müəyyən edilə bilməmişdir. İddiaçı xüsusi iş stajına daxil edilməsini tələb etdiyi “balondolduran” vəzifəsi nə əvvəllər qüvvədə olmuş Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahılarda, nə də ki hazırda qüvvədə olan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda öz əksini tapmadığı və həmin halın X11 Qazı Zavodunun arayışı əsasında təsdiqlənmədiyi üçün onun Culfa Darıdağ X9 1984-2006-cı illərdə işlədiyi balondolduran vəzifəsi xüsusi iş stajı kimi qəbul edilə bilməz və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən düzgün olmamışdır. Belə ki, qanunvericilikdə 12 il 6 ay xüsusi iş stajı tələb edildiyi halda hazırkı vəziyyətdə iddiaçının xüsusi iş stajı tam olaraq ödənilmir. Qanunvericiliyin mənası baxımından qeyd edilməlidir ki, hazırkı işin hallarına hüquqi qiymət verərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qanunvericinin tələb etdiyi xx.xx.2006-cı il tarixədək 12 il 6 ay xüsusi iş stajını toplaya bilməmişdir. Bu baxımdan iddiaçının əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya hüququ yaranmamış olur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarı İddiaçı xx.xx.2020-ci il tarixdə 264 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi hissəsində əsaslı olduğundan ləğv edilməməlidir. Qərarda öz əksini tapmış ikinci məsələ isə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4100 manat 27 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4100 manat 27 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması hissəsində əsassız olduğundan ləğv edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər arqument isə iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası təminatına imkan verməməsi ilə bağlıdır. Həmin məsələ ilə bağlı qeyd edilməlidir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya hüququ yaranmış olsaydı, qeyd olunan məsələnin məhkəmə tərəfindən şərh olunması zərurəti yaranmış olardı. Lakin iddiaçının xüsusi iş stajı ödənilmədiyindən bu hal onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu həyata keçirməsinə imkan vermir. Buna görədə pensiya kapitalı ilə bağlı məhkəmənin hüquqi mövqeyini bildirməsi zərurəti ortaya çıxmır. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarının ləğv edilməsindən asılıdır. Mübahisələndirilən qərar iddiaçıya xx.xx.2020-ci il tarixdə 264 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi hissəsində ləğv edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tələbin birinci hissəsinə münasibətdə İddiaçı 30 sentyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsinə dair “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4100 manat 27 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması hissəsində ləğv edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdə 264 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi hissəsində ləğv edilməməli və tələbin təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi hissəsi əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilir. Cavabdehin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 4100 manat 27 qəpik məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması hissəsində ləğv edilir. İddia qalan hissədə (cavabdehin 08 fevral 2022-ci il tarixli, 11 nömrəli qərarının İddiaçı xx.xx.2020-ci il tarixdə 264 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2022-ci ilin yanvar ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində) rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar