Məhkəmə qərarları › İş №2-1(122)-930/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-930/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-930/2024 04.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X1 Heydər oğlunun sədrliyi, İbrahimov Əli Allahverdi oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı Mehtiyeva (Əliyeva) Aidə Nazim qızının cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "2004-cü ildə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş, Şərur şəhəri, Şah İsmayıl küçəsində (H.Əliyev prospekti), 2 №-li tam orta məktəbin qarşı tərəfində, piyada yolunun kənarında 109.5 kv.m torpaq sahəsi üzərində iddiaçının şəxsi vəsaiti hesabına tikilmiş üç mərtəbədən ibarət komission mağaza binasının yenidən bərpa olunması və ya söküntü nəticəsində iddiaçı Aidə Mehdiyevaya (Əliyevaya) dəymiş 300000 (üç yüz min) manat maddi zərərin alınaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Mehtiyeva (Əliyeva) Aidə Nazim qızı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2004-cü ildə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş, Şərur şəhəri, Şah İsmayıl küçəsində (H.Əliyev prospekti), 2 №-li tam orta məktəbin qarşı tərəfində, piyada yolunun kənarında 109.5 kv.m torpaq sahəsi üzərində iddiaçının şəxsi vəsaiti hesabına tikilmiş üç mərtəbədən ibarət komission mağaza binasının yenidən bərpa olunması və ya söküntü nəticəsində iddiaçı Aidə Mehdiyevaya (Əliyevaya) dəymiş 300000 (üç yüz min) manat maddi zərərin alınaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 04 iyun 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı Mehtiyeva (Əliyeva) Aidə Nazim qızına və cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubu ünvanlanaraq söküldüyünü iddia etdiyi mağaza binasının onun mülkiyyətində olmasını sübut edən müvafiq sənədlərin məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar iddiaçının vəkili və nümayəndəsi Vəkil diqqətinə bilavasitə çatdırılmış, həmin halların aradan qaldırılması təklif olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirib hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsində söküldüyünü iddia etdiyi mağazanın yenidən bərpa olunması və ya söküntü nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi tələbini irəli sürsə də, həmin mağaza binasının onun mülkiyyətində olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Hazırkı mübahisə üzrə həm də nəzərə almaq lazımdır ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Nəzərə alınmalıdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə də, sadalanan normaların tələblərinə və işin qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərti ödənilməmişdir. Odur ki, məhkəmə iddiaçı Mehtiyeva (Əliyeva) Aidə Nazim qızının cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı "2004-cü ildə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüş, Şərur şəhəri, Şah İsmayıl küçəsində (H.Əliyev prospekti), 2 №-li tam orta məktəbin qarşı tərəfində, piyada yolunun kənarında 109.5 kv.m torpaq sahəsi üzərində iddiaçının şəxsi vəsaiti hesabına tikilmiş üç mərtəbədən ibarət komission mağaza binasının yenidən bərpa olunması və ya söküntü nəticəsində iddiaçı Aidə Mehdiyevaya (Əliyevaya) dəymiş 300000 (üç yüz min) manat maddi zərərin alınaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar