Məhkəmə qərarları › İş №2-1(122)-933/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-933/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-933/2023 06.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X2 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdeh2 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" X3 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X3 Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə və Cavabdeh2 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Rüstəm-Zal" ATSC-nin yenidən təşkil olunaraq "xxxx" MMC kimi qeydiyyata alınması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 17 oktyabr 2023cü il tarixə təyin edilmiş, iddiaçı tərəfə yardım məktubu ünvanlanmışdır. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək “Rüstəm-Zal" X3 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin Cavabdeh2 4 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə yenidən yardım məktubları ünvanlanaraq inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı növbəti məhkəmə iclası 06 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh2 4 saylı Ərazi Vergilər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçının vəkili və nümayəndəsi ilə bilavasitə iddianın mümkünlüyünə dair hüquqi dəyərləndirmə aparılmış, iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin yenidən dəqiqləşdirilməsindən imtina etdiyini bildirib, verilmiş tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 10.0. və 10.0.1-ci maddələrinə əsasən bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdır. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti 13.2.4-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. 24.1.7-ci maddəsinə əsasən kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmağa və bununla bağlı məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə bu Məcəllənin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. 5.1-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 12-ci bəndinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 15.2-ci bəndinə əsasən tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olubolmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin müəyyən olunmuş halları ilə təsdiq olunmur. İddiaçının əsas hüquqi marağı "xxxx" X3 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin Cavabdeh2 4 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmasıdır. Mövcud hüquq sisteminə aid hüquq sahələrində (mülki hüquqda və s.) “hüquq qabiliyyəti” və “fəaliyyət qabiliyyəti” fərqli institutlar kimi müəyyən olunmuş və onların hər biri özünəməxsus müvafiq mahiyyət və məzmun daşıyır. Yəni, hüquq qabiliyyəti – hüquqlara malik olmaq və vəzifələr daşımaq” qabiliyyəti olduğu halda, “fəaliyyət qabiliyyəti” - “şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək” qabiliyyətidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı "xxxx" X3 Cəmiyyəti qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçməsinə dair sənədləri məhkəməyə təqdim etməmiş, vergi ödəyicisinə verilmiş VÖEN məlumat bazasında aşkar edilməmiş, əvvəllər fəaliyyət göstərməsinə dair təsis sənədlərinin kserosurəti məhkəməyə təqdim edilmiş, iddia ərizəsi dövlət reyestrində qeydiyyata alınmamış hüquqi şəxsin möhüründən istifadə edilməklə, onun sədri tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı da hüquqi şəxsin müvafiq icra hakimiyyəti orqanında aparılmış qeydiyyatını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçını, "xxxx" ATSC-nin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsini tələb etmək hüququna sahib subyekt kimi qiymətləndirmək, yəni onu, subyektiv hüququn elementlərindən biri olan “inzibati orqandan müəyyən hərəkətlərin edilməsi (öhdəliyin icrasını) tələb etmək” hüququnun sahibi kimi qəbul etmək mümkün deyildir. Belə olan halda da, cavabdeh tərəfindən iddiaçının həmin cəmiyyət üzərində hər hansı hüququnun pozulması və onun hüquqları sferasına müdaxilə imkanı da istisna olunduğundan iş üzrə inzibati orqanını cavabdehliyi də yaranmır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X1 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Bununla da, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Sadalanan normaların tələbləri və işin yuxarıda qeyd edilən hallarından da müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtləri ödənilmir. Odur ki, məhkəmə iddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdeh2 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" X3 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" X3 Cəmiyyətinin Cavabdeh2 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xxxx" X3 Cəmiyyətinin vergi ödəyicisi kimi qeydiyyatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar